Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qərargahda yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Ağdam şəhərində yerləşən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı ən son innovativ texnologiyalar əsasında tikilib.
Bir hektar sahəni əhatə edən qərargahın ərazisi düşərgə və inzibati hissədən ibarət olmaqla, inşası əsasən 6 komponent üzrə həyata keçirilib. Bunlar yaşayış, inzibati, sağlamlıq, iaşə, müasir düşərgə idarəetmə sistemi və alternativ enerji sahələridir.
Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksəkkeyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.
Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.
İnzibati ərazinin tam mərkəzində Bayraq Meydanı tikilib. Meydanın ətrafı abadlaşdırılıb, burada günəş enerjisi ilə qidalanan işıq dirəkləri quraşdırılıb. Ümumiyyətlə, günəş enerjisi düşərgə daxilində istifadə olunan əsas alternativ enerji mənbəyidir.