Bu fikir İstanbulda “Qaçqınlar və miqrantlar problemi” mövzusunda keçirilən beynəlxalq konfransda səslənib.
Noyabrın 5-də İstanbulda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) və Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə “Qaçqınlar və miqrantlar problemi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda ölkəmizi Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları Məlahət İbrahimqızı və Sahibə Qafarova təmsil edirlər.
Əvvəlcə bu ilin iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd hadisələrini, həmçinin dünyadakı qaçqın və miqrant problemlərini əks etdirən sənədli filmlər göstərilib.
Konfransın rəsmi açılışında AKP-nin sədri, Türkiyənin Baş naziri Binəli Yıldırım, ICAPP-ın baş katibi Çanq Eui-Yonq və digər rəsmi şəxslər çıxış ediblər. Çıxışlarda dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə Yaxın Şərq bölgəsində mövcud olan münaqişələrin, silahlı qarşıdurmaların və terror aktlarının normal insan həyatına göstərdiyi mənfi təsir, bu problemlər səbəbindən qaçqınların sayının artması, miqrantların qarşılaşdığı çətinliklər və digər məsələlər haqqında danışılıb.
Konfrans çərçivəsində keçirilən panel iclasda çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə məlumat verib. O deyib ki, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdəndir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu günədək 54 uşaq və 323 qadının taleyindən xəbər yoxdur və işğalçı tərəf beynəlxalq hüquqazidd olaraq həmin insanlar barədə heç bir məlumat vermir. M.İbrahimqızı, həmçinin Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının öz yurdundan qaçqın və məcburi köçkün düşməsi, bu qəbildən olan insanların yerləşdirilməsi üçün dövlətimizin həyata keçirdiyi tədbirlər barədə danışıb.
ICAPP-da təmsil olunan siyasi partiyaların nümayəndələri qaçqınlıq həyatına son qoyulması, miqrantların hüquqlarının qorunması, qaçqın və miqrantlara qarşı zorakılıq hallarının qarşısının alınması və s. məsələlərlə bağlı dünya ictimaiyyətinə çağırışlar ediblər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın Daimi Komitəsinin üzvüdür.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova noyabrın 6-da konfrans çərçivəsində keçiriləcək panel iclasda çıxış edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri