
Martın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXVII Baş Məclisi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov təşkilati məsələlər barədə məruzə edib.
Mandat komissiyasının hesabatını komissiyanın sədri Niyaz Eyvazov təqdim edib. Təsdiq olunmuş hesabatdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisi açıq elan olunub və Dövlət Himnimiz səsləndirilib.
Sonra Cəmiyyətin prezidentinin seçilməsi prosesi təşkil edilib və Hesablama komissiyasının sədri İsa Qaraşov hesabatı Baş Məclisə təqdim edib.
Baş Məclis nümayəndələri tərəfindən təsdiq olunmuş protokola əsasən, Novruzəli Aslanov yenidən Cəmiyyətin prezidenti vəzifəsinə seçilib.
N.Aslanov göstərilən etimada görə təşəkkürünü bildirib.
AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev hesabat məruzəsi ilə çıxış edib, maliyyə komissiyasının üzvü Zakay Şayev isə maliyyə hesabatını təqdim edib.
Daha sonra hesabatlarla bağlı çıxışlar olunub, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir regional mərkəzlərinin koordinatorları və Cəmiyyətin veteranı Firuzə Əliyeva çıxış edib.
AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat verib.
Daha sonra AzQAC-ın 105 illik yubileyinə həsr olunan tədbir baş tutub. Bildirilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 105 il öncə, 1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis olunub. Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Missiyası Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir.
Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib və bununla da XXVII Baş Məclisi işini yekunlaşdırıb.