
Azərbaycan Rabatda 2025-ci il Diplomatlar Həmrəylik Xeyriyyə Bazarında uğurla təmsil olunub
AZƏRTAC xəbər verir ki, Mərakeş Krallığının Milli Kitabxanasında Diplomatik Klubun təşkilatçılığı ilə keçirilən 2025-ci il Beynəlxalq Həmrəylik Xeyriyyə Bazarı çərçivəsində Azərbaycanın Mərakeşdəki səfirliyi üçüncü dəfə ardıcıl olaraq iştirak edib və uğurlu təmsilçiliyi ilə seçilib.
Tədbirin rəsmi açılışı Mərakeş Kral ailəsinin üzvü, Şahzadə Lalla Məryəmin iştirakı ilə baş tutub. Şahzadə müxtəlif ölkələrin pavilyonlarını ziyarət edərək sərgilənən məhsullar, mədəniyyət nümunələri və xeyriyyə məqsədilə görülən işlərlə tanış olub.
Azərbaycan pavilyonu ziyarətçilərə milli mətbəximizin nümunələrini, ənənəvi əl işlərini, sənətkarlıq məhsullarını və ölkəmizin zəngin mədəni irsini əks etdirən suvenirləri təqdim edib. Təqdim olunan eksponatların rəngarəngliyi və yüksək səviyyədə təşkili pavilyonu tədbirin ən çox ziyarət edilən guşələrindən birinə çevirib.
2025-ci il Həmrəylik Bazarı Afrika, Avropa, Asiya, Amerika və Yaxın Şərqdən 40-dan çox ölkə və beynəlxalq təşkilatın iştirakı ilə keçirilib. Tədbirdə milli mədəniyyətlər, ənənəvi sənətkarlıq nümunələri, incəsənət işləri və milli mətbəxlərin təqdimatı üçün geniş imkan yaradılıb.
Bazardakı satışlardan əldə edilən bütün gəlir Mərakeşdə fəaliyyət göstərən və təhsil, səhiyyə, sosial rifah, xüsusən də kənd yerlərində qadınların vəziyyətinin yaxşılaşdırılması sahələrində çalışan qeyri-hökumət təşkilatlarına yönəldiləcək. Bu, səfirliklərin humanitar təşəbbüslərə verdiyi dəstəyi və diplomatik həmrəyliyin praktiki təzahürünü əks etdirir.
Azərbaycanın bu tədbirdə iştirakının əsas məqsədi ölkəmizin mədəni irsinin təşviqi, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin diplomatik dialoqa və humanitar təşəbbüslərə töhfə verməkdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








