1991-ci il oktyabrın 18-də “Müstəqillik haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlandı.
Həmin dövrdə əvvəl SSRİ, daha sonra isə Rusiya hərbi-siyasi dairələrinin köməyilə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlar keçirirdi. Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi ölkənin iqtisadi və siyasi maraqlarına, suveren dövlət hüquqlarının təmin olunmasına cavab vermirdi. Yaranmış böhranlı vəziyyətdə xalqın təkidli tələbi ilə iqtidar Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti ilə bir sıra ərazilərin ermənilərin əlinə keçməsinə yol vermiş hərbi müxalifəti neytrallaşdırdı. Vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısı alındı. Orduda ciddi islahatlar həyata keçirildi. Faktiki olaraq ordu yenidən quruldu. Heydər Əliyev dövlətin xarici siyasətini xalqın maraqlarını, dünyada baş verən ciddi dəyişiklikləri, beynəlxalq sistemin sürətlə qloballaşması ilə əlaqədar yeniləşməsini nəzərə alaraq praqmatik əsasda qurdu. Qonşu dövlətlərlə münasibətlər nizama salındı. Ölkə bir çox beynəlxalq qurumlara daxil oldu, Paris Xartiyasına, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. 1995-ci ildə Azərbaycan dövləti keyfiyyətcə yeni mərhələyə daxil oldu. Həmin il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Elə həmin gün respublikada ilk demokratik parlament seçkiləri keçirildi.
Respublikada azad siyasi fəaliyyət, plüralizm təmin edildi. İnsan və vətəndaş hüquq və azadlıqlarının, söz, fikir və mətbuat azadlığının təmin edilməsi, senzuranın ləğv olunması haqqında prezident fərmanları verildi. Məhkəmə islahatı keçirildi. Şərqdə ilk olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi. Bazar iqtisadiyyatının inkişafına, investisiyaların cəlb olunmasına aid mühüm qanunlar qəbul edildi, əsaslı islahatlar keçirildi. Xarici investisiyaların cəlb olunması üçün “açıq qapı” siyasəti, neft strategiyası işlənib hazırlandı və uğurla həyata keçirildi. 1994-cü il sentyabrın 20-də aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Həmin dövrdən başlayaraq, böyük şirkətlərin Azərbaycana marağı artdı, xarici sərmayə qoyuluşlarına və iqtisadi artım sürətinə görə Azərbaycan dünya liderləri sırasına çıxdı. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər qan tökülmədən, qırğın və dağıntılara yol vermədən, dinc vasitələrlə həll etmək xəttini götürmüşdü. Onun siyasi uzaqgörənliyi və iradəsi sayəsində ATƏT-in Lissabon sammitində (1996, dekabr) Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən tanındı və müdafiə olundu. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədar
münaqişənin həlli uzanır. Çağdaş Azərbaycan bu gün-XXI yüzillikdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün regionun lider dövlətidir.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.206