1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş İstiqlal Bəyannaməsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan edərək, dilindən, dinindən, cinsindən, etnik və sosial mənşəyindən asılı olmayaraq, ölkə ərazisində yaşayan bütün insanlara bərabər hüquq verdi.
23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik dövlət, ilk parallmentli respublika oldu. Azərbaycanın dövlətçilik tarixində silinməz izlər qoyan, ölkənin ərazi bütövlüyü uğrunda davamlı olaraq mübarizə aparan, istiqlal bayrağını yüksəkliklərə qaldıran Azərbaycan Xalq Cümhuriyyətinin çağdaş tariximizə zəngin dövlətçilik təcrübəsi verdiyini əsas götürən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2867 nömrəli Sərəncam imzalamış və bu sənəddən irəli gələn başqa bir Sərəncamla isə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi sənədlər Arxivi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamını əsas götürərək, 2018-cı il oktyabrın 16-da “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasından” mövzusunda dəyirmi masa keçirmişdir. Dəyirmi masada respublikanın tanınmış ziyalıları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr üzrə Dövlət Komitəsinin katibi İsmayıi Axundov, professorlar İlham Məmmədzadə, Musa Quliyev, Güllü Yoloğlu, tarixçi-alimlər iştirak etmişlər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbiri açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsaslanaraq, arxivdə mühafizə olunan Cümhuriyyət tarixinə aid fondları zənginləşdirmək məqsədi ilə Ukrayna, Fransa, Çexiyadan qiymətli sənədlər gətirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində apardığı siyasəti bu sənədlər əsasında işıqlandıran Arxivin direktoru Elmira Ələkbərova cümhuriyyət carçılarının misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Dəyirmi masanın I hissəsində məruzəçilər – professor Anar İsgəndərli “AXC-nin Azərbaycan tarixində yeri”, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi sənədlər Arxivində mühafizə olunan sənədlər əsasında “AXC ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə”, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “AXC-nin dini-etnik tənzimləmə siyasəti”, tarix üzrə elmlər doktoru Lalə Hüseynova “Bakı Dövlət Universitetinin yaranma tarixindən”, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev “Ermənistan – Azərbaycan ərazi münaqişəsi ( Britaniya missiyasının nümayəndəsi Oliver Uordropun sənədləri əsasında)”, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov “Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyası ilə münasibətlərində neft amili” mövzularnda məruzələrlə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bir sıra aktual məsələlərini işıqlandırmışlar.
Dəyirmi masanın II hissəsində tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, tarixçi-tədqiqatçı Rizvan Hüseynov dəlillər və sübutlar əsasında erməni millətçilərinin Azərbaycanın maddi-mədəni irsinə qarşı apardıqları əsassız iddiaları auditoriyanın diqqətinə çatdırmışlar.
Filologiya üzrə fəlsəfə doktoru Lalə Osmanqızı, tarix üzrə fəlsəfə doktoru Əzizə Nəzərli, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov Azərbaycanı istiqlaliyyətə aparan keşməkeşli yollarını göstərmiş, Azərbaycan reallıqlarını diqqətə çəkmişlər.
Tədbirin sonunda məruzələrlə bağlı maraqlı müzakirələr keçmiş və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova Azərbaycan xalqının müstəqillik yollarının tarixi həqiqətlərini göstərən dəyirmi masa iştirakçılarına öz minnətdarlığını bildirmişdir.