Hörmətli xanımlar və cənablar!
Hörmətli konfrans iştirakçıları!
Möhtərəm qonaqlar!
Mən Azərbaycan Respublikasında belə bir mötəbər konfransın keçirilməsini çox yüksək qiymətləndirirəm. Üç gün müddətində konfrans iştirakçılarının apardığı işləri, müzakirələri Azərbaycan Respublikasının həyatı üçün çox əhəmiyyətli hesab edirəm. Konfransın iştirakçılarına və təşkilatçılarına öz hörmət və ehtiramımı bildirirəm.
Konfrans indi dünya ictimaiyyətini çox maraqlandıran və dünya ictimaiyyəti üçün, xüsusən Azərbaycan Respublikası, xalqımız üçün çox əhəmiyyətli olan bir mövzuya həsr olunmuşdur – qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələləri. Bunlar indi dünyada gedən ictimai-siyasi proseslər üçün çox mühüm məsələlərdir və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu konfransın keçirilməsi ilə əlaqədar təşəbbüs göstərmiş və konfransın təşkil olunmasını təmin etmiş Birləşmiş Millətlər Təşkilatına, onun Qaçqınlar Üzrə Ali Komissarlığına, BMT-nin Azərbaycandakı nümayəndəliyinə, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə və Azərbaycan Respublikasının Ali Sovetinə təşəkkürümü bildirirəm.
Bəşər tarixində qaçqınlar məsələsi həmişə mühüm bir problem olmuşdur. Ancaq XX əsrin ortalarında, ikinci dünya müharibəsi bitəndən sonra bu məsələyə beynəlxalq təşkilatlar xüsusi münasibət göstərmişdir. Birləşmiş Millətlər Təşkilatının 1961-ci ildə qaçqınlarla əlaqədar xüsusi qərar qəbul etməsi və 1967-ci ildə qaçqınların statusunu müəyyən etmək haqqında qəbul olunan qərarlar bu məsələyə daha dərin, ətraflı münasibətin təzahürüdür.
BMT-nin bu mühüm və məşhur qərarlarından sonra dünyada, Yer kürəsinin qaçqınlarla əlaqədar olan regionlarında, ayrı-ayrı ölkələrdə çox işlər görülmüş, böyük təcrübə əldə olunmuşdur. İndi BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı çox yüksək səviyyədə fəaliyyət göstərir, bu məsələlərlə məşğul olur. Bu, cəmiyyət, insanlar üçün, hər bir insan üçün və insan hüquqlarının qorunması üçün çox əhəmiyyətli proseslərdir, tədbirlərdir. Bugünkü konfrans da həmin tədbirlərin tərkib hissəsidir.
Dünya Birliyinin, bəşəriyyətin bir hissəsi kimi, Azərbaycan xalqı, müstəqil Azərbaycan Respublikası BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı yaranandan indiyədək gördüyü işləri yüksək qiymətləndirir. Mən bu gün bir daha buna öz münasibətimizi bildirirəm. Ümidvar olduğumuzu bildirmək istəyirik ki, BMT, onun Qaçqınlar Üzrə Ali Komissarlığı bundan sonra daha böyük işlər görəcəkdir. Çünki son illər ərzində dünyada qaçqınlar problemi daha da kəskinləşib, qaçqınların sayı daha da artıb. Dünyanın bir çox regionlarında qaçqınlar problemi böyük bəlalara, xalqların, insanların, ölkələrin faciələrinə gətirib çıxarıbdır. Ona görə də indi bu, ümumbəşəri, ümumdünyəvi problemlərin içərisində ən mühüm problemlərindən biridir.
Azərbaycan xalqı, müstəqil Azərbaycan Respublikası son illərdə öz həyatında, tarixində bu problemlərlə üzləşmişdir. Həmin problemlər indi Azərbaycan Respublikasının həyatında yaranan çətinliklərin, gərginliklərin əsas səbəblərindən biridir. Ona görə də bu problemlər bizim üçün daha yaxındır, onlara münasibət bizim üçün daha böyük əhəmiyyətdir kəsb edir. Həmin məsələyə bizim xüsusi marağımız var və bu problemin ardıcıl surətdə həll olunması Azərbaycan Respublikasının bu gün və gələcəyi üçün çox əhəmiyyətlidir.
Məhz buna görə də belə mötəbər konfransın Azərbaycanda keçirilməsi həm respublikamızın vəziyyətindən doğan zərurətdir, eyni zamanda ölkəmizdə qaçqınlar probleminin nə qədər kəskin bir səviyyəyə gəlib çatdığının BMT tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən artıq hiss edildiyini göstərir. Belə bir konfransın Azərbaycanda keçirilməsini BMT-nin, bütün beynəlxalq təşkilatların Azərbaycan Respublikasına, ölkəmizdə olan qaçqınlar probleminə göstərdiyi böyük qayğının təzahürüdür. Bu qayğıya, bu diqqətə, belə münasibətə görə mən bir daha hörmət və təşəkkürmü bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu mötəbər konfrans Azərbaycan Respublikasında qaçqınlar probleminin həll olunması üçün və ümumiyyətlə, ölkəmizin düşdüyü bu ağır vəziyyətdən çıxması üçün əməli nəticələr verəcəkdir.
Siz, konfrans iştirakçıları bu günlərdə həmin məsələlərin hüquqi aspektlərini, humanitar cəhətlərini, qaçqınların, məcburi köçkünlərin statusu ilə, bu barədə qanunvericilik prinsipləri ilə əlaqədar məsələləri həm respublika miqyasında, həm də beynəlxalq miqyasda təhlil etmisiniz. Mən bildiyimə görə, xüsusən qaçqınlara humanitar yardım məsələlərinə diqqətinizi cəlb etmisiniz, insan hüquqları problemlərini qaçqınlar problemi ilə əlaqədar müzakirə etmisiniz. Şübhəsiz ki, bunlar hamısı çox əhəmiyyətlidir. Biz bunları gələcək işlərimiz üçün yeni böyük bir addım hesab edirik və güman edirik ki, belə mühüm elmi, nəzəri, eyni zamanda praktiki təhlil və müzakirələrdən sonra bu sahələrdə ümumən dəyişiklik olacaq. Çünki Azərbaycanın timsalında BMT, onun Qaçqınlar Üzrə Ali Komissarlığı, beynəlxalq təşkilatlar, beynəlxalq hüquq orqanları yəqin ki, lazımi nəticələr çıxarıb bu barədə müəyyən yeni qərarlar qəbul edə bilərlər. Biz bunları böyük əhəmiyyətli hesab edirik. Ancaq bizim üçün ən mühüm cəhət ondan ibarət olacaqdır ki, bu konfransdan sonra bizim qaçqınlar probleminin həllində müəyyən dəyişikliklər, müəyyən müsbət nəticələr əldə edilsin.
Son illər, onilliklər ərzində dünyada qaçqınların və məcburi köçkünlərin sayı şübhəsiz ki, artmışdır. Bu, həm dövlətlər arasında gedən münaqişələr, həm də ayrı-ayrı regionlarda milli və etnik problemlərlə bağlı münaqişələr nəticəsində baş verir. Eyni zamanda bu, ayrı-ayrı qüvvələrin, ayrı-ayrı dövlətlərin, yəni bir dövlətin, bir qüvvənin o biri dövlətin, millətin hüquqlarını tapdalamaq, onların torpaqlarını ələ keçirmək, onlara qarşı zorakılıq etmək kimi hərəkətləri ilə əlaqədardır.
Azərbaycan xalqı son illər düşdüyü vəziyyətin bütün əzab-əziyyətini görərək, hiss edərək qaçqınlar probleminin bəşəriyyət üçün nə qədər ağır bir problem olduğunu dərindən dərk edir. Xalqımız dünyanın hər bir yerində qaçqınların, məcburi köçkünlərin vəziyyətini dərindən anlayır, onların çəkdiyi əzab-əziyyətləri öz əzab-əziyyətləri hesab edir. Dünyanın hər bir regionunda qaçqınların, məcburi köçkünlərin özünəməxsus xüsusiyyətləri var. Bunun həm səbəbləri, həm də qaçqınların düşdüyü vəziyyətlər cürbəcürdür və bəzən bir-birindən çox fərqlidir. Ancaq biz hesab edirik ki, Azərbaycan Respublikasının ərazisində olan qaçqınların, məcburi köçkünlərin vəziyyəti ən ağırdır, ən çətindir, ən dözülməzdir. Ölkəmizdə qaçqınların, köçkünlərin əmələ gəlməsi səbəbləri də başqa regionlardakından çox fərqlidir və bunlar hamısı Azərbaycan Respublikası üçün – kiçik bir ölkə, dövlət üçün olduqca çətin və ağır problemlər yaradır.
Siz, konfrans iştirakçıları qaçqınlar, məcburi köçkünlər problemlərini, insan hüquqları problemlərini müzakirə edərkən bunları müəyyən qədər qruplaşdırmaq barədə, yəni qaçqınların ayrı, məcburi köçkünlərin isə ayrı bir statusu haqqında söhbətlər aparmısınız, bu da təbiidir. Respublikamızda həm qaçqınlar var, həm də məcburi köçkünlər var və bunların hamısının hüquqları, şübhəsiz ki, pozulub, tapdalanıbdır. Hüquq, status bir tərəfə, amma mənəvi, siyasi cəhətdən biz bunların hamısını qaçqın kimi qəbul edirik. Hesab edirik ki, respublikamızda qaçqın vəziyyətində yaşayan adamların hamısına qaçqın kimi münasibət göstərmək lazımdır.
Konfrans iştirakçılarına və xüsusən BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığına dünya miqyasında statistika daha yaxşı məlumdur, ancaq biz də bu məsələləri təhlil edərkən, müəyyən qədər müqayisə apararkən belə fikir deməyə əsasımız var ki, Azərbaycan Respublikası kimi kiçik bir ölkədə 7 milyonluq əhalinin bir milyondan çoxunun qaçqın vəziyyətində olması ən dəhşətli haldır. Bəlkə də dünyanın heç bir regionunda belə bir hala rast gəlmək mümkün deyildir.
Məlumdur ki, bizim respublikada bu qədər qaçqının olmasının səbəbi Ermənistanın, erməni millətçi dairələrinin Azərbaycan Respublikasına, Azərbaycanın ərazisinə qəsd etmək məqsədi ilə başladıqları əvvəl siyasi sonra isə hərbi əməliyyatların nəticəsidir. Bunların hamısı öz başlanğıcını 1988-ci ildən götürür. Ermənistanda yaşayan bütün azərbaycanlılar həmin il zorakılıq nəticəsində, onlara qarşı göstərilən təzyiq, təqiblər, ciddi təxribatlar və başqa fiziki əməliyyatlar nəticəsində, oradan məcburi çıxarılıb. Onlar Azərbaycana köçməyə məcbur olublar. Bundan sonra Axıska türklərinin bir qismi başqa regionlardan Azərbaycana köçüb. Azərbaycan ağır vəziyyətdə olduğu, özü Ermənistandan zorakılıqla çıxarılan qaçqınları qəbul etdiyi halda, başqa ölkələrdən, başqa regionlardan Axıska türklərini – bu qaçqınları da qəbul edib. Bundan sonra isə Azərbaycanın öz ərazisində öz vətəndaşları müharibə nəticəsində, Azərbaycana qarşı olan hərbi təcavüz nəticəsində yurd-yuvalarını tərk edib, qaçqın vəziyyətinə düşməyə məcbur olublar.
Dediyim kimi, indi Azərbaycanda bir milyondan artıq qaçqın var. Bu, qaçqın olmuş hər bir ailənin faciəsidir. Qaçqın vəziyyətinə düşmüş hər bir vətəndaşın faciəsidir. Bu, Azərbaycan xalqının, Azərbaycan Respublikasının faciəsidir. Şübhəsiz ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın düşdüyü bu vəziyyətə, ölkəmizin bu faciəli halına gərək daha diqqətli olsunlar. Daha da kömək etsinlər. BMT-nin, onun Qaçqınlar Üzrə Ali Komissarlığının, bütün beynəlxalq təşkilatların qaçqınlarla əlaqədar, Azərbaycana Ermənistan tərəfindən təcavüzlə əlaqədar, torpaqlarımızın işğal olunması ilə əlaqədar burada son illərdə apardığı fəaliyyəti mən yüksək qiymətləndirirəm və bu gün konfrans iştirakçıları qarşısında və dünya ictimaiyyəti qarşısında bütün bu təşkilatlara Azərbaycan xalqı adından, Azərbaycan Respublikası adından, öz adımdan xüsusi təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Ancaq eyni zamanda, həqiqət naminə, bütün beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin Azərbaycanda olan qaçqınların vəziyyətinə daha yaxından münasibət göstərməsi üçün bunu da bildirmək istəyirəm: təəssüf ki, Azərbaycanın belə vəziyyəti dünya ictimaiyyətinin bütün təbəqələrinə məlum deyil. Bəlkə də bizim bu barədə apardığımız işlərin zəif olduğuna görə, eyni zamanda, bəlkə də beynəlxalq təşkilatlar Azərbaycanın bu faciəli vəziyyətini o qədər də dərindən hiss etmədiklərinə görə Azərbaycan Respublikasında qaçqınlarla əlaqədar vəziyyətin və ümumiyyətlə, ölkəmizdə qaçqınlar probleminin belə kəskin olduğunu bilmirlər. Biz bunu mətbuatdan da görürük və ayrı-ayrı ölkələrdəki görüşlərdə də, danışıqlarda da hiss edirik. Bu, görülən işlərin müsbət tərəfi ilə yanaşı, bizim ümumi çatışmazlığımızdır, deyə bilərəm ki, bizim respublikanın qaçqınlar probleminə hələ lazımi diqqətin olmamasıdır.
Mən hesab edirəm ki, bu konfrans – ilk dəfə Azərbaycanda keçirilən çox səlahiyyətli, geniş tərkibi və mötəbər konfrans gərək Azərbaycanda münasibət nöqteyi-nəzərindən, dünya ictimaiyyətinin ölkəmizdəki qaçqınların vəziyyətini tam obyektiv bilməsi nöqteyi-nəzərindən bir dönüş nöqtəsi olsun. Bu baxımdan biz bu konfransın fəaliyyətdən, xarici ölkələrin, beynəlxalq təşkilatların burada iştirak edən nümayəndələrinin konfrans sonrakı fəaliyyətindən çox şey gözləyir, buna çox böyük ümid bəsləyirik.
Güman edirəm ki, Azərbaycanın düşdüyü vəziyyət konfransın işində dərindən təhlil olunmuşdur. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, əhalinin bu torpaqlardan qovulması, qaçqın düşməsi, onların nə qədər ağır vəziyyətdə olması təhlil edilmişdir. İşğal olunmuş ərazilərin dağıdılması, viran qoyulması halları artıq sizə məlumdur və yəqin ki, bunları təhlil etmisiniz. Azərbaycan Respublikasına bu baxımdan dəyən həm maddi, həm də mənəvi ziyan, tariximizə, mənəviyyatımıza, keçmişimizə dəyən zərər də sizə – konfrans iştirakçılarına məlumdur. Ona görə də mən rəqəmlər, yaxud ayrı-ayrı faktlar üzərində dayanmağa ehtiyac görmürəm.
1988-ci ildən sonra Ermənistan Respublikasının ərazisindən qovulan 200 mindən artıq azərbaycanlı, 50 mindən çox Axıska türkü, Dağlıq Qarabağın ərazisindən – doğma yurdlarından qovulmuş azərbaycanlılar və nəhayət, Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan zorakılıqla qovulmuş azərbaycanlılar birlikdə bir milyon qaçqınlar ordusu təşkil edir. Bunların indi Azərbaycanın başqa bölgələrində ağır şəraitdə yaşaması bir tərəfdən ölkəmizin nə qədər çətin, faciəli vəziyyətdə olduğunu, ikinci tərəfdən də Azərbaycan xalqının nə qədər dözümlü, dəyanətli olduğunu göstərir, qaçqın düşmüş, çox əzab-əziyyətlər çəkmiş, faciəli həyat keçirən bu adamların nə qədər mətanətli və nə qədər də insanpərvər olduğunu göstərir.
Müharibə şəraitində olan, sosial-iqtisadi böhran içərisində yaşayan və müəyyən səbəblərə görə iqtisadiyyatı inkişaf etdirmək, yaxud iqtisadiyyatı yaratmaq üçün imkanları tamamilə məhdudlaşan və xüsusən son zamanlar, demək olar, dəmiryol blokadası şəraitində olan Azərbaycanın belə böyük qaçqınlar ordusunu saxlamasının Azərbaycan Respublikası üçün, onun dövləti, hökuməti üçün və onun insanları üçün necə ağır vəziyyət yaratdığını təsəvvür etmək o qədər də çətin deyildir.
Ancaq tarix sübut etmişdir ki, Azərbaycan xalqı dözümlü xalqdır, çox ağır mərhələlərdən mətanətlə keçib gəlmiş, indi ən böyük nailiyyətə – milli azadlığa, öz müstəqilliyinə nail olmuşdur. Xalqımız bütün bu çətinliklərə də dözəcək, onlardan keçib gedəcək və bunların hamısının öhdəsindən gələcəkdir.
Mən bu gün konfrans iştirakçıları qarşısında Azərbaycan Respublikasında qaçqın düşmüş, ağır şəraitdə, əzab-əziyyət içərisində, çadırlarda yaşayan, bəzən hətta ərzaq malları almağa imkanı olmayan, ancaq dözən, xalqına, respublikasına, torpağına sədaqət hissi ilə yaşayan qaçqınların hamısına hörmət və ehtiramımı bildirirəm. Konfrans iştirakçıları adından, bu möhtəşəm salondan Azərbaycanda yaşayan qaçqınların hamısına salamımı çatdırıram və onları əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının dövləti qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Qara günün ömrü az olacaqdır. Onlar qaçqın vəziyyətindən çıxaraq, öz yerlərinə qayıdacaqlar, bütün bu ağır, əzab-əziyyətli günlər arxada qalacaqdır.
Bir milyondan artıq qaçqını dolandırmağın bütün çətinlikləri Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin üzərinə düşmüşdür. Bu, təbiidir, bizim doğma işimizdir və hər bir Azərbaycan vətəndaşı, birinci növbədə Azərbaycanın dövlət orqanları qaçqınlara qayğı göstərməyi, onların problemləri ilə məşğul olmağı özlərinin ən müqəddəs, ən şərəfli vəzifəsi hesab etməlidir. Güman edirəm ki, biz qaçqınlara qayğı, diqqət məsələsinin nə qədər mühüm olduğunu günü-gündən dərk edirik və həmin problemlərin həlli bundan sonra da bizim diqqət mərkəzimizdə olacaqdır.
Eyni zamanda konfrans iştirakçılarının və xüsusən xarici ölkələrdən gələn qonaqlarımızın qarşısında demək istəyirəm ki, qaçqınların yaşaması üçün, onlara müəyyən, minimum bir şərait yaradılması üçün bir çox dövlətlərin, beynəlxalq təşkilatların humanitar yardımları bizdən ötrü böyük köməkdir. Biz bunu yüksək qiymətləndiririk. Biz qaçqınlarla görüşərkən onlar da xarici ölkələrin, beynəlxalq təşkilatların bu xeyirxah, insanpərvər işlərini, humanitar köməyini çox yüksək qiymətləndirirlər. Ona görə bütün ölkələrə, bu ölkələrin başçılarına, beynəlxalq təşkilatlara, xarici ölkələrin ayrı-ayrı iş adamlarına, ümumiyyətlə, qaçqınlarımıza kömək edən, diqqət və qayğı göstərən təşkilatlara, qruplara, insanlara, dövlətlərə, hökumətlərə, ölkələrə qaçqınlar adından, öz adımdan, hörmət və ehtiramımı, təşəkkür və minnətdarlığımı bildirirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, konfransın materialları, qəbul etdiyi bəyanatlar, onun işi dünya ictimaiyyətini, ölkələri, beynəlxalq təşkilatları Azərbaycan qaçqınlarının vəziyyəti haqqında daha geniş məlumatlandırılacaq və bunun nəticəsində Azərbaycan Respublikasında olan qaçqınlara indən sonra hər cür yardım artacaqdır. Qaçqınlar belə ümidlərlə yaşayırlar. Arzu edirəm ki, bu ümidlər doğrulsun, Azərbaycan qaçqınları nə qədər ki, bu vəziyyətdədirlər – bundan sonra daha artıq yardım ala bilsinlər.
Güman edirəm ki, konfransın işi bir həqiqəti də göstərdi ki, Azərbaycan Respublikasında olan qaçqınların həm sayı, həm də indiki ağır vəziyyəti ilə müqayisədə onlara, Azərbaycan Respublikasına xarici ölkələr tərəfindən edilən humanitar yardım o qədər də yetərli deyildir. Arzu edirəm ki, bunlar nəzərə alınsın və güman edirəm, nəzərə alınacaq, Azərbaycan qaçqınlarına bundan sonra göstərilən humanitar yardımın miqdarı, keyfiyyəti daha da artacaqdır. Eyni zamanda biz heç də belə fikirdə deyilik ki, Azərbaycan həmişə qaçqınlar diyarı olacaqdır, ölkəmizdə həmişə qaçqınlar yaşayacaqdır. Mən əminəm ki, bu məsələlər həll olunacaq, birinci növbədə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən, Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad ediləcək, qaçqınların öz yerlərinə qayıtması üçün imkan yaranacaq və onlar ev-eşiklərinə, el-obalarına qayıdacaqlar. Ermənistan Respublikasından çıxarılmış qaçqınlar da – əgər haqq-ədalət varsa, əgər dünyanın beynəlxalq təşkilatları hər şeyi doğrudan da ədalətli edə bilərlərsə, – onlar da öz evlərinə qayıdacaqlar. Axıska türkləri artıq 50 ildir ki, öz yerlərindən didərgin düşmüşlər. Bu qədər vaxt keçməsinə, bir neçə nəsil meydana gəlməsinə baxmayaraq, onlar yenə də öz torpaqlarına qayıtmaq istəyirlər. Biz bu arzuların da yerinə yetməsinə tərəfdarlıq, eyni zamanda o vaxtacan onları öz ölkəmizdə saxlamağa hazırıq.
Şübhə yoxdur ki, gələcək tarixi proseslər, dünyada gedən tarixi, ictimai-siyasi dəyişikliklər XX əsrdə ayrı-ayrı ölkələrin sərhədlərinin pozulması, insanların öz yerlərindən qovulması, böyük sayda adamların bir yerdən başqa yerə məcburən köçürülməsi kimi halların qarşısını alacaq, həyat hər şeyi öz yerinə qoyacaqdır. Azərbaycanlılar əsrlər boyu yaşadıqları ərazilərdə məskunlaşacaqlar, öz yerlərinə qayıdacaqlar. Azərbaycan xalqı bu ümidlərlə yaşayır, yaşayacaq və əgər bu, bizim nəsillərə nəsib olmasa da, gələcək nəsillər buna nail olacaqdır.
Ancaq indi bizim qarşımızda duran vəzifə Azərbaycanın 1988-ci ildən indiyə qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsidir, Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları əsasında tanınmış, qəbul olunmuş sərhədlərinin toxunulmazlığının, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Bu məsələlərin həll edilməsi bizdən ötrü, Azərbaycan Respublikası üçün ən ümdə vəzifədir və biz həmin məsələnin həlli ilə məşğul oluruq, bundan sonra da tam qətiyyətlə məşğul olacağıq.
Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında altı ildən artıq gedən müharibədə altı aydır ki, atəşkəs rejimi yaranmışdır və davam edir. Bu müddətdə biz respublikanı müharibə şəraitindən çıxarmaq, müharibəyə son qoymaq üçün, münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün bir çox təşəbbüslər etmişik, bir çox tədbirlər görmüşük, danışıqlar aparmışıq. Danışıqlar, təşəbbüslər prosesi davam edir və bu gün də, sabah da, gələcəkdə də bununla məşğul oluruq və olacağıq. Çalışırıq ki, respublikamızın ərazi bütövlüyünün təmin olunması şərtləri ilə bu məsələ həll edilsin. Bunun üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmalı, həmin ərazilərdən qaçqın düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdırlar. Bu ərazilər dedikdə biz Dağlıq Qarabağın ətrafında olan rayonları, o cümlədən Şuşa və Laçın rayonlarını nəzərdə tuturuq. Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunması, şübhəsiz ki, təmin olunmalıdır. Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilməlidir. Ancaq bütün bunlar ən mühüm şərt daxilində – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin edilməsi və ölkəmizin didərgin düşmüş vətəndaşlarının hər birinin öz yerinə qayıtması şərti ilə həll edilməlidir. Biz çalışırıq bu məsələni həll edək və bunların hamısı qaçqın vəziyyətində yaşayan bir milyon vətəndaşın həyatı, aqibəti, bu günü və gələcəyi ilə bağlı həll edilməlidir.
Konfransın mövzusu insan hüquqları məsələsidir. İnsan hüquqları indi dünyada demokratik proseslərin hər yerdə bərqərar olunması üçün əsas prinsiplərdən biridir. Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq, daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin. Bugünkü konfransda yəqin müqayisə etmək mümkün olardı ki, əgər bir adamı sözdən məhrum edirlərsə və ya o, müəyyən məhdudiyyətlərə məruz qalırsa, onun hüquqları pozulur: ancaq bir milyon insan – azərbaycanlı öz yerindən, yurdundan qovulmuşdur, evini, əmlakını itirmişdir, dədə-babalarının qəbirlərindən məhrum olmuşdur, əsrlər boyu yaşadığı yerlərdən məhrum olmuşdur. Bəs bu, insan hüquqlarının kütləvi surətdə, dəhşətli şəkildə pozulması deyilmi?
Biz ayrı-ayrı ölkələrdə ayrı-ayrı şəxslərin, fərdlərin insan hüquqlarının pozulmasının digər ölkələrdə böyük siyasi xadimlər tərəfindən, yaxud da ölkələrin parlamentlərində və ya yüksək beynəlxalq təşkilatlarda pislənməsinin və bu hüquqların qorunması üçün lazımi tədbirlər görülməsinin şahidi olmuşuq. Bu, həqiqətən demokratiyanın, insan hüquqları haqqında Helsinki aktının qorunmasıdır. Belə olan halda bir milyon vətəndaşın – azərbaycanlının hüquqlarının kütləvi surətdə pozulması haqqında nə üçün həyəcan təbili vurulmur, nə üçün hay-küy qalxmır, nə üçün bu, parlamentlərdə müzakirə olunmur? Beynəlxalq təşkilatlar nə üçün bu barədə öz cəsarətli fikirlərini bildirmirlər? Bunu anlamaq mümkün deyildir.
Mən bu fürsətdən istifadə edərək, bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edirəm, inkişaf etmiş demokratik ölkələrin parlamentlərinə, dövlət başçılarına müraciət edirəm, dünyada demokratiya yolunda fədakar fəaliyyət göstərən məşhur ictimai-siyasi xadimlərə müraciət edirəm, dünyadakı bütün insanlara, bəşəriyyətə müraciət edirəm və bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulmasının bəyan edərək bu hüquqların bərpa olunmasına dəvət edirəm. Güman edirəm ki, bu konfransı təşkil edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi Üzrə Ali Komissarlığı, BMT-nin, beynəlxalq təşkilatların nümayəndələri mənim səsimi bütün dünyaya, öz təşkilatlarına çatdıracaqlar. Mən bu konfransın əsas nəticələrindən birini də Azərbaycan vətəndaşlarının, bir milyondan artıq azərbaycanlının hüquqlarının tapdalanmasının dünyada aşkar olunması hesab edirəm və onların hüquqlarının bərpa olunmasına dəvət edirəm. Ümidvaram ki, konfrans özünü bu vəzifəsini də yerinə yetirəcəkdir.
Konfransın işi sona çatır. Konfrans müvəffəqiyyətlə keçdiyinə görə və onun nəticələrinə böyük ümid bəsləyərək sizin hamınızı bu tədbirin uğurla sona çatması münasibətilə təbrik edirəm, beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər Təşkilatına və bu konfransın bütün digər təşkilatçılarına bir daha öz təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikasının ərazisində yaşayan bir milyondan artıq qaçqına hörmət və ehtiramımı bildirirəm, onların hamısını bağrıma basıram, dözümlülüyünə, dəyanətinə, vətənpərvərliyinə görə öz torpaqlarına, dövlətinə sədaqətinə görə onlara təşəkkür edirəm. Əmin edirəm ki, onlar bu ağır vəziyyətdən çıxacaqlar, müstəqil Azərbaycan Respublikasının bütün vətəndaşları öz taleyinin, öz hüquqlarının sahibi olacaqdır. Sağ olun.
“Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) – Azərnəşr, Bakı – 1998, 2-ci cild, səh. 502-510