…Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir…
…Bir qrup erməni millətçi-separatçı qüvvələrin 1988-ci ildə Dağlıq Qarabağda başladığı avantürist hərəkat təkcə Xocalı soyqırımına deyil, eyni zamanda Azərbaycan və erməni xalqları arasında on ildən artıq davam edən qanlı münaqişəyə, Qafqaz bölgəsində etnik konfliktlərə və digər ağır nəticələrə gətirib çıxarmışdır. İndi beynəlxalq ictimaiyyət separatist hərəkətlərin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük təhlükə olduğunu anlayır və buna qarşı ciddi etiraz səsini qaldırır. Hazırda beynəlxalq və regional tədbirlərdə bu hərəkətlər pislənir və müvafiq siyasi- hüquqi qiymətini alır…
…Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkarların gec-tez öz layiqli cəzalarına çatacağı labüddür…