…Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir…
…15 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və tammiqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə on minlərlə insane həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Lakin 1992-ci il
fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı sovet alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır…
…Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş
düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyribərabər döyüşdə igidliklə vuruşaraq, əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər…