…1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi…
…Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi…
…Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər. Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi
göstərdi…