28 aprel 1920-ci ildə Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin RSFSR ilə qarşılıqlı etimad və tanınmağa əsaslanan ittifaq bağlamaq barədə müraciətinə cavab olaraq, mayın 5-də V.İ.Leninin RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə göndərdiyi teleqramda müstəqil Azərbaycan SSR-in tanınması bəyan edildi. Sovet Rusiyasının 11-ci ordusunun gücü ilə qurulmuş Azərbaycan hökumətinin müstəqilliyinin tanınması formal xarakter daşıyırdı. Azərbaycan SSR-in nəinki siyasi fəaliyyəti, eləcə də iqtisadiyyatı və xüsusilə xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesi Rusiyanın burada olan nümayəndələri tərəfindən idarə olunurdu. Azərbaycan SSR-in 1922-ci il dekabrın 30-da BirinciÜmumittifaq Sovetlər qurultayında yaranan SSRİ dövlətinə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası tərkibində daxil olması onun onsuz da məhdudlaşdırılan hüquqlarının tamamilə Mərkəzin sərəncamına keçməsi demək idi. Azərbaycan bir sıra dövlətçilik atributlarını, o cümlədən bayraq, gerb, himn və konstitusiyasını qoruyub saxlamasına baxmayaraq, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirmişdi.
Bunula belə, 1920-30-cu illərdə Azərbaycan xalqının qəhrəman əməyi ilə neft sənayesində böyük yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri əmələ gəlmiş, elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş, kənd təsərrüfatı dirçəlmişdir. Azərbaycan ellikcə savadlanmış, orta ümumtəhsil məktəblərinin, xəstəxana və poliklinikaların, ali və orta ixtisas məktəblərinin, elmi tədqiqat və mədənimaarif müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmişdi. 1940-1950-ci illərdə Azərbaycan iqtisadiyyat və mədəniyyətin yeni yüksəliş mərhələsinə qədəm qoydu. Lakin 1960-cı illəri Azərbaycan SSR-də tənəzzül illəri kimi xarakterizə etmək olar. Yalnız Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyuldu. Azərbaycan KP MK-nın birinci katibi kimi Heydər Əliyevin rəhbərliyi ilə respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 1970-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur.
Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə bu illər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur. 1987-ci ildən başlayaraq erməni separatçıları tərəfindən ortaya atılan qondarma Dağlıq Qarabağ problemi respublikanın inkişafı yolunda yeni əngələ çevrildi. Bu problem Azərbaycan xalqı tərəfindən elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı, vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına
yönəldilmiş bir cəhd kimi qəbul olundu. Sərhədlərinin toxunulmazlığı müxtəlif səviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə təsdiq edilsə də, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən siyasət mərhələ-mərhələ həyata keçirilirdi. Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Baş verən hadisələr fonunda bütün SSRİ ərazisində mərkəzdənqaçma tendensiyasının məntiqi yekunu olaraq 1991-ci ildə Azərbaycan 71 il sonra yenidən öz müstəqilliyinə qovuşdu.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.190