Musa Qasımlı: … Azərbaycanlılara qarşı törədilmiş soyqırımın zirvə nöqtəsi 1918-ci il mart ayında Bakıda oldu. Daha sonra digər bölgələrdə davam etdirildi.
Bir neçə gün ərzində təkcə dinc əhali bolşevik, erməni-daşnak qüvvələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bizim arxiv sənədlərində soyqırıma məruz qalan əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu göstərilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir…
Solmaz Rüstəmova-Tohidi: …1918-ci il martın 29-da əlli nəfərə yaxın Azərbaycan hərbi qulluqçusunu tərksilah etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab tədbiri görməyə təhrik etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi yararlanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 70 %-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu və “Daşnaksütyun”un 3-4 minlik milli hissələri Bakıda dinc azərbaycanlı əhalini qırmağa başladı. Təkcə bir həftə ərzində 12 mindən artıq insan, silahsız türk-müsəlman əhali qətlə yetirildi. Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırıldı. Daha sonra növbə Quba, Kürdəmir və Lənkərana çatdı.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, yalnız Bakıda 11 min nəfər qətlə yetirilib. Mənim 1918-ci il qırğınları ilə bağlı kitablarımda həmin rəqəmlər var. Həmçinin, vurulmuş maddi zərəri də göstərmişəm. Bizim bəzi tədqiqatlarda düzgün olmayan rəqəmlər var. Məsələn, Qubada 167 kənd dağıdıldığı halda, çox yerdə 122 rəqəmi gedir. Yaxud Şamaxıda 7 min nəfərin öldürüldüyü bildirilir. Halbuki yalnız Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətlə yetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 min nəfərə yaxın azərbaycanlı öldürülüb…
Anar İsgəndərov: …1918-ci il soyqırımından danışanda biz daha çox Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə və araşdırdığı ərazilərə istinad edirik. Hərçənd Qərbi Azərbaycanda öldürülən insanların sayı, Şimali Azərbaycanda öldürülənlərdən qat-qat çoxdur. Əsas fərq isə o idi ki, Qərbi Azərbaycanda bu hadisələrdən əziyyət çəkən insanlara kömək edəcək kimsə olmayıb. Şimali Azərbaycanda heç olmasa, azərbaycanlılar bir-birilərinə dayaq dururdular. Qərbi Azərbaycandakı vəziyyətin ağırlığı isə Osmanlı ərazisində əllərində silah erməni dövləti yarada bilməyənlərin, silahsız azərbaycanlı əhaliyə divan tutması ilə şərtlənirdi. Bu baxımdan Qərbi Azərbaycanda törədilmiş qırğın daha dəhşətli idi. Qeyd edim ki, Qubada, Şamaxıda, Bakıda baş vermiş soyqırımla bağlı yazılar, əsərlər kifayət qədər çoxdur. Amma təəssüf ki, hələlik Qərbi Azərbaycanda baş vermiş soyqırımla bağlı yazılar azlıq təşkil edir. Düzdür, akademik nəşrlərdə Qərbi Azərbaycanda baş vermiş soyqırım məsələsi araşdırırlır.
Qeyd olunan tarixçilərin 1905.az portalına müsahibələri əsasında hazırlanıb (Musa Qasımlı: “1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb”, Solmaz Rüstəmova Tohidi: “Azərbaycan Demokratik Respublikasının sovet işğalı ilə əlaqədar 1918-ci il qırğınları ilə bağlı siyasi qərar verməyə vaxtı çatmayıb”, Anar İsgəndərov: “Ermənilər zavallı bir obraz yaradıblar və dünya onları müdafiə edir”)