Tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli: “…İlk yerləşmələr məhz Osmanlı-Səfəvi müharibələri zamanı baş verdi. Amma geniş surətdə ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsi ilə bağlıdır. Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə müqaviləsinin isə 12-ci maddəsinə uyğun olaraq ermənilər kütləvi şəkildə işğal edilmiş Azərbaycan torpaqlarına köçürüldü. Professor Kərim Şükürovun belə bir ifadəsi var: “Türkmənçay müqaviləsi erməniləri bir xalq kimi xilas etdi”. Osmanlı arxivlərindən əldə etdiyimiz sənədlərdə də bu ölkədən külli miqdarda ermənin ərazimizə köçürülməsindən bəhs edir. Bütün bu sənədlər sübut edir ki, Azərbaycan ərazisinə ermənilər məcazi mənada desək, “dünən” gəliblər”.
Tarix elmləri doktoru, professor Kərim Şükürov: “…Ermənilər bu bölgəyə gəlmədirlər. Ermənilərin bu əraziyə 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq köçürülürdülər. Şopen də bu məsələləri qeydə alıb. Düzdür, köhnədən yaşayan ermənilər və yeni gələn ermənilər yazmaqla, Şopen səhvə yol verib. Çünki “köhnədən yaşayan ermənilər” əslində daha əvvəlcə gələn ermənilər idi. Rusiya 1801-ci ildən başlayaraq çalışırdı ki, bu bölgədə ermənilərin mövqelərini gücləndirsin. Rusiya tutduğu bölgələrə erməniləri cəlb edirdi. Bu da bizim tarixşünaslıqda az diqqət yetirilən məsələlərdən biridir. Ona görə də ermənilər Naxçıvana birmənalı olaraq gəlmə ünsürlərdir. Əslən erməni olan Lazarevin rəhbərliyi ilə köçürmə komitəsi yaradılmışdı. Həmin Lazarevin ermənilərə müraciəti də bizim əlimizdə var. Qlinka soyadlı müəllifin ermənilərin köçürülməsi haqqında kitabı var. Qriqoryevin kitabında isə ermənilərin Cənubi Azərbaycanın hansı bölgələrindən Naxçıvana köçürülmələri haqqında məlumatlar var.”
Azərbaycan MEA-nın müxbir üzvü İlyas Babayev: “…Ermənilərin Yaremyan soyadlı məşhur bir alimləri var. Yeremyan mənimlə söhbətləri zamanı danışırdı ki, Ermənistanda onu sevmirlər. Mən çox təəccübləndim, çünki həqiqətən böyük alim idi. Səbəbini soruşanda bildirdi ki, çünki o, Qarabağda ermənilərin yox, albanların yaşadığını bildirir. Mən bildirdim ki, axı bunu yalnız siz yox, çoxları, o cümlədən də akademik Orbeli də yazır. Bu, artıq sübut olunmuş faktdır. Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb. Ermənilər Qarabağa yalnız rus işğalından sonra gəliblər. Həmin dövrdə aparılmış siyahıyalmalar da bunu sübut edir. Hələ XX əsrin əvvəllərində çap olunmuş hərbi xəritələrə də baxsaq, görərik ki, coğrafi toponimlərin 90 faizindən çoxu Azərbaycan dilindədir.”
Adları yuxarıda qeyd edilmiş tarixçilərin 1905.az portalına müsahibələri əsasında (Güntəkin Nəcəfli: “Rusiya Osmanlını məhv edə bilsəydi, tarixdə heç vaxt erməni dövləti olmayacaqdı”, , Kərim Şükürov: “Sisiyanovun Tiflisdə başsız bədəni dəfn olundu”, İlyas Babayev:”Qafqaz Albaniyası dövründə Qarabağ ərazisində ermənilər yaşamayıb”) hazırlanıb.
15 dekabr 2014-cü il