1917-ci ilin oktyabrında Rusiyada çevriliş baş verdi. Bolşeviklər hakimiyyətə gəldilər. Bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da çoxhakimiyyətlilik yarandı.
Sovetlər, Milli Şuralar və Müvəqqəti hökumətin orqanları arasında hakimiyyət uğrunda mübarizə qızışdı. Bolşevik Rusiyası Almaniya bloku ölkələri ilə Brest-Litovskda sülh bağladı. Rus-türk cəbhəsi dağıldı. Dinc türk əhaliyə qarşı törətdikləri soyqırımlara görə cəzasız qalmayacaqlarından qorxaraq rus ordusu ilə geri çəkilən erməni silahlı dəstələri yaranmış şəraitdən istifadə edərək məqsədlərini reallaşdırmaq üçün hərəkətə keçdilər. Onlar Anadoluda və Cənubi Azərbaycanda etdikləri kütləvi qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında və Cənubi Qafqazın digər ərazilərində törətdilər.
1917-ci ilin noyabrında Bakıda elan edilmiş sovet hökuməti əksinqilabi ünsürlərlə mübarizə şüarları altında 1918-ci ilin mart ayında bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. İdeoloji fərqlərə baxmayaraq, Daşnaksütyun Partiyası bolşeviklərlə birgə hərəkət edirdi. Bakı ilə yanaşı, Azərbaycanın Şirvan, Qarabağ, Zəngəzur, Naxçıvan, Quba, Lənkəran və digər bölgələrində minlərlə azərbaycanlı yalnız dini-etnik mənsubiyyətinə görə kütləvi surətdə məhv edildi. Həmin ərazilərdə mülki əhali qırıldı, kəndlər yandırıldı, tarixi-milli mədəniyyət abidələri dağıdılaraq məhv edildi.
Tiflisdə yaradılmış Transqafqaz Seymi qırğınların qarşısını ala bilmədi. Böhran daha da dərinləşdi. Kəskin ziddiyyətlər ucbatından Transqafqaz Seymi dağıldıqdan sonra 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bütün müsəlman şərqində ilk dəfə olaraq Azərbaycan xalqı cümhuriyyət idarə üsulunu qurdu. Elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 4 mln. 617 min 671 nəfər idi. Onun 75,4%-ni entik azərbaycanlılar təşkil edirdi. Ölkənin ərazisi 113895, 97 kv. km. idi.
Mayın 28-də Qafqazda heç bir zaman mövcud olmayan Ermənistanın da dövlət müstəqilliyi elan edildi. Yeni yaradılan dövlət Ararat Respublikası adlandırıldı. “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı tarixi arayışda Ermənistan Respublikasının Yeni Bəyazit, İrəvan və Aleksandropol qəzaları hesabına yaradıldığı yazılırdı. Azərbaycanlılara məxsus ərazilərdə yaradılan həmin respublikanın ərazisi 9 min kv. km idi. Lakin qısa müddət ərzində təcavüzkarlıq hərəkətləri nəticəsində Ararat Respublikasının ərazisi xeyli genişləndirildi. Ermənistanın ərazisi barədə məlumat verən Tiflisdəki ABŞ konsulu Smit Vaşinqtona dövlət katibinə göndərdiyi 1918-ci il 15 iyul tarixli teleqramında yazırdı: “Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə, sərhədləri isə Dilicandan sənub-qərbdə Alagözə, oradan isə Eçmiədzinin cənubundan İrəvanın şərqinə, oradan da Sevan gölünə qədərdir”.
Ermənilər az sonra əsassız ərazi iddialarına düşdülər. Erməni bolşevik xadimi Anastas Mikoyan 1919-cu ildə “Erməni imperializmi haqqında” adlı məqaləsində yazırdı ki, erməni xalqı üçün təəccüblü və tragikomediya olmasa da, özünün spesifikliyi, irticaçı xarakteri və məzmunu ilə erməni imperializmi mövcuddur. O, Ermənistanın faktiki olaraq İrəvan quberniyasının ərazisini əhatə etdiyini, burada müsəlman əhalinin ermənilərdən bir qədər az olduğunu, ermənilərin əhalinin nisbətən böyük kütləsini təşkil etdiyi yeganə ərazi olduğunu qeyd edirdi.
Yeni yaradılan Ararat Respublikasının paytaxtı yox idi. Erməni Milli Şurası Azərbaycana müraciət edərək İrəvan şəhərinin paytaxt kimi verilməsini xahiş etdi. Müraciət Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilən iclasında müzakirə edildi. Məsələ üzrə çıxış edən Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Erməni Milli Şurası ilə bu barədə aparılan danışıqlar barədə məlumat verərək ermənilərin dövlətinin yaradılması üçün onlara siyasi mərkəzin lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyini, İrəvanın güzəştə gedilməsinin qaçılmaz olduğunu söylədi. Müzakirələrin sonunda keçirilən səsvermə nəticəsində İrəvanın ermənilərə paytaxt kimi verilməsinin lehinə 16 nəfər, əleyhinə 1 nəfər səs verdi. 3 nəfər isə bitərəf qaldı (sənəddə belə yazılmışdır. Bu isə 20 nəfər edir. – M.Q).
İrəvanı paytaxt kimi aldıqdan sonra da Ermənistan sakitləşmədi. Erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları amansızlıqla həyata keçirməyə başladılar. İngilis nümayəndəsi P.Koks 1918-ci il 30 oktyabr tarixində Tehrandan Londona göndərdiyi teleqramında həmin ilin mart ayında Cənubi Qafqazda 180 azərbaycanlı kəndinin dağıldığını və azərbaycanlıların öldürüldüyünü yazırdı.
“Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı arayışdan aydın olur ki, 1918-ci ildən Ermənistanda hökmranlıq edən Daşnaksütyunun 30 aylıq hökmranlığı dövründə (may 1918-ci il – noyabr 1920-ci il) azərbaycanlı əhalinin 60%-i yer üzündən silinmiş, Ermənistanın bütün türk əhalisi qanundankənar elan edilmiş, Ermənistan ərazisində yaşayan azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə Daşnaksütyunun ölkəni erməniləşdirmək ideyasını həyata keçirmiş, digər milli azlıqları təqib etməklə ölkədə milli qırğını qızışdırmışdı. Daşnak hökuməti erməni millətindən olmayanları hakimiyyət orqanlarına yaxın buraxmamaq barədə dekret də vermişdi.
1918-1920-ci illərdə Ermənistanda əhalinin milli tərkibi zorla dəyişdirildi. Daşnaksütyunun hakimiyyəti illərində ölkədə bütövlükdə əhali 35,5% azalmışdı. Ermənistanda türklər əgər 1918-ci ildə 260 min nəfər idisə, 1920-ci ildə 60 min qalmış və ya 77%, kürdlər 25 min nəfər idisə, 0,5 min nəfər qalmış və ya 98%, yezidi kürdlər (sənəddə yezidlər yazılmışdır. – M.Q.) 8 min nəfər idisə, 5 min nəfər qalmış və ya 40% azalmışdılar. Ruslar həmin müddət ərzində 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7%, digər millətlərin sayı isə 7 mindən 4 min nəfərə düşmüş və ya 43% azalmışdı.
Erməni silahlı dəstələri kütləvi qırğınları Azərbaycanın yuxarı Qarabağ bölgəsində də törətdilər. Daşnak hökumətinin baş naziri işləmiş O.Kaçaznuni nəinki Qarabağ və Qazaxda, eyni zamanda, Ermənistan daxilində də yerli azərbaycanlı əhali ilə bir sıra qanlı döyüşlərin aparıldığını sonralar 1923-cü ildə Buxarestdə etdiyi və kitabça kimi çap olunmuş nitqində də etiraf edirdi.
Azərbaycanlılara qarşı törədilən qırğınlar qonşu ölkələrin rəsmi qurumlarının da diqqətindən kənarda qalmamışdı. Belə ki, erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlar barədə İran xarici işlər naziri Etela-ül-Mülk 1919-cu il oktyabrın 21-də P.Koksa göndərdiyi məktubunda “Britaniya hökumətinin ermənilər tərəfindən İrəvan, Naxçıvan, Kars və eləcə də bütün Ermənistanın sərhəd bölgələrində törədilən vəhşiliklərdən və soyğunçuluqdan xəbərdar olduğuna şübhə etmədiyini” yazır, “böyük dövlətlərin nümayəndələrini ermənilərin vəhşi təcrübəsinin şahidi olduqları üçün onlara qarşı tədbir görməyə və cəzalandırmağa qərar vermələri”ni xahiş edirdi.
Sovetləşdirildikdən sonra Gürcüstan Fövqəladə Komissiyasının rəsmi sənədlərində də erməni silahlı dəstələrinin törətdikləri qırğınlar barədə məlumat verilirdi. Yazılırdı ki, Daşnaksütyun yad qüvvəni məhv etmək üsulunu təkrar etdi, Kars vilayətində 80 kəndi yer üzündən sildi.
1920-ci ildə Cənubi Qafqaz bolşevik Rusiyası tərəfindən işğal edilərək sovetləşdirildi. Ermənistanda hakimiyyətə gələn bolşeviklər daşnaklardan fərqlənməyən bir siyasət yeritməyə başladılar. Ermənistanın təcavüzkarlıq siyasəti yeni bir mərhələyə qədəm qoydu.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əmələ gəlmiş Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti yaratmamışdır. Tarixi təhlil göstərir ki, münaqişənin kökləri çarizm tərəfindən ermənilərin Azərbaycan ərazilərinə, xüsusən indiki Dağlıq Qarabağa köçürülməsinə gedib çıxır. İsti dənizlərə və əlverişli strateji mövqelərə sahib olmağa çalışan çar Rusiyası İran və Türkiyə ilə apardığı müharibələrdə qalib gəlib Şimali Azərbaycanı özünə ilhaq etdikdən sonra həmin ölkələrdən erməniləri məqsədləri naminə Azərbaycan ərazilərinə yerləşdirdi. Ermənilərin Cənubi Qafqaza, əsasən də Azərbaycan ərazilərinə kütləvi köçürülməsi XIX əsrin 20-30-cu illərindən başlayaraq 1917-ci ilədək davam etdirildi. Ermənilərin yerləşdirilməsi regionda sosial, milli, dini ziddiyyətləri kəskinləşdirdi. Xalqlar arasında düşmənçilik toxumları səpildi. Özlərinə mövqe qazanan ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1906-1907-ci illərdə ermənilərlə azərbaycanlılar arasında ilk qırğınlar törədildi. Köçürülmədə xüsusi bir mərhələni I Dünya müharibəsi illəri təşkil edir. 1918-1920-ci illərdə Azərbaycan ərazilərində Ararat (Ermənistan) Respublikası yaradıldı. Ermənistanda terror və soyqırım dövlət siyasəti səviyyəsinə qaldırıldı. Cənubi Qafqaz bolşeviklər tərəfindən işğal edilib sovetləşdirildikdən sonra sovet Rusiyası çarizm dövründə yeridilən ermənilərin yerləşdirilməsi siyasətini davam etdirdi.
Musa Qasımlı
Millət vəkili, tarix elmləri doktoru, professor
http://jurnal.meclis.gov.az