1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqil federativ respublika elan edilməsi bu ziddiyyətləri aradan qaldırmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi və həmin gün gürcülər Gürcüstanın müstəqilliyini bəyan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Qızğın mübahisələrdən sonra Azərbaycanın dövlət müstəqilliyinin bəyan olunması haqda qərar və İstiqlal Bəyannaməsi qəbul edildi.
Müvəqqəti hökumət yaradıldı. Cümhuriyyət ilk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verdi. 16 iyun 1918-ci ildə Milli Şura və hökumət öz fəaliyyət mərkəzini Tiflisdən Gəncəyə keçirdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Nuru paşanın rəhbərliyilə Qafqaz İslam Ordusu Bakını Sentrokaspi Diktaturasının qalıqlarından azad etdi. 17 sentyabr 1918-ci ildə Azərbaycan hökuməti Bakıya köçdü. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
Müsəlman Şərqində ilk parlament respublikası — Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan Parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.
Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bolşevik-erməni talanlarından milləti xilas etmək üçün milli ordunun yaradılması Cümhuriyyətin ən böyük xidmətlərindən biri hesab edilməlidir. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının təcavüzü nəticəsində suveren Azərbaycan dövləti süqut etdi.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.176