2019-cu ildə Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili” kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru tarix elmləri doktoru İbrahim Kazımbəyli, rəyçiləri isə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru, professor Anar İskəndərov, tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.
Kitab haqqında fikirlərini “1905.az” portalı ilə bölüşən müəllif bildirir ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı 2017-ci ildə “Cumhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma yazı müsabiqəsi keçirilərkən, o da bu proyektə qoşulub. “O zaman bu işə mən də öz töhfəmi vermək istədim və uşaq xeyriyyəçi cəmiyyətlərinin işini araşdırmağa başladım. Siyasi sənədlər arxivində oldum, “Azərbaycan”, “Kaspi” kimi qəzetləri araşdırmağa başladım. Daha sonra Respublika Dövlət Arxivində çalışdım. Işimi bitirdikdən sonra müsabiqədə mükafata da layiq görüldüm. Amma sonra bu mövzunu geniş şəkildə araşdırmağa başladım. Araşdırma apararkən çoxlu sayda tanış olmayan simalara, adlara rast gəldim. Məsələn, AXC dövründə Səhiyyə naziri olmuş həkim-pediatr Yevsey Gindesin, Himayədarlıq naziri polyak əsilli Viktor Klenevskinin, “Mərkəzi Ev Komitəsi”nin (Sentrodom) fəaliyyəti mənə çox maraqlı gəldi.”
Müəllif qeyd edir ki, Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi ilk dəfə AXC hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra Fətəli xan Xoyskinin 1918-ci ilin iyunun 17-də formalaşdırdığı ikinci hökumət kabinetində təsis edilib və Xudadat bəy Rəfibəyli də nazir təyin olunub. Lakin 1918-ci il oktyabrın 6-da hökumətin tərkibində dəyişikliklər edilib və bu zaman Himayədarlıq və Xalq Səhiyyəsi Nazirliyi ayrılaraq iki müstəqil qurum şəklində fəaliyyət göstərməyə başlayıb, Himayədarlıq naziri Musa bəy Rəfiyev, Xalq Səhiyyəsi naziri isə Xudadat bəy Rəfibəyli təyin edilib. Həmin il dekabrın 26-da üçüncü kabinet təşkil ediləndə Himayədarlıq naziri Rüstəm bəy Xoyski, Xalq Səhiyyə naziri isə Yevsey Gindes olub. 1919-cu il aprelin 14-də Nəsibbəy Yusifbəylinin təşkil etdiyi dördüncü Hökumət kabinetində Himayədarlıq naziri Slavyan-Rus cəmiyyətindən olan V.Klenevski, Daşnaksütyun Partiyasının üzvü Abram Dastakov isə Xalq Səhiyyəsi naziri təyin edilib. Və nəhayət, 1919-cu il dekabrın 24-də beşinci hökumət təşkil olunanda Himayədarlıq və Xalq Səhiyyəsi nazirlikləri yenidən birləşib və Musa bəy Rəfiyev AXC-nin bu sahədə son naziri olub. Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyinin fəaliyyəti barədə kitabda geniş məlumat verilib.
Bundan başqa, müəllif həmçinin bu nazirlik ilə sıx əməkdaşlıq edən komitələrdən söhbət açır: “Himayədarlıq Nazirliyi Mərkəzi Ev Komitəsi ilə sıx əməkdaşlıq edib. Çar hökuməti dövründə bu komitələr əhalini yaşadığı yer üzrə qeydiyyata almaqla məşğul idilər. 1918-ci ildə bu yerli komitələr mərkəzləşirdirilib və Mərkəzi Ev Komitəsi yaradılıb. Mərkəzi Ev Komitəsi ən böyük xeyriyyə təşkilatı idi. 1918-ci ilin sentyabrında yaranan Komitəyə sədr A.K.Leontoviç seçilib, sonrakı ildə isə sədr Əlibəy Qulubəyov olub. Amma təşkilat Cümhuriyyətin süqutu ilə öz fəaliyyətini dayandırıb. Leontoviçin həyatı isə çox faciəli olub. Ailəsi, yəni 3 yaşlı oğlu və həyat yoldaşı 1918-ci il mart soyqırımı zamanı Bakıda həlak olub. Özü isə AXC süqut etdikdən sonra bolşeviklər tərəfindən Vladivastokdan Bakıya gətizdirilib denikinçi adı altında güllələnib”.
Xeyriyyə təşkilatları mövzusuna toxunan Ş.Bağırova “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rolunu xüsusi olaraq qeyd edir və bu kimi xeyriyyə cəmiyyətlərinə Himayədarlıq Nazirliyinin də yardım etdiyini bildirir.
Üçüncü kabinetdə Xalq Səhiyyəsi naziri olmuş Yevsey Gindesin fəaliyyətini araşdıran müəllif onun xeyriyyəçiliklə məşğul olduğunu, Azərbaycanda pediatriyanın əsasını qoyduğunu nəzərə çatdırır. “Onun himayəsi və nəzarəti altında fəliyyət göstərən “Uşaqları mühafizə liqası”, “Uşaqlara yardım fondu”, “Uşaq ölümü ilə mübarizə cəmiyyəti”, xəstə uşaqlar üçün yaratdığı “bir damla süd” mətbəxi Y.Ginnesin gördüyü işlərin kiçik bir hissəsi olub”.
Azərbaycanlı kadrlar mövzusuna toxunan müəllif həmin dövrdə BDU-nun tibb fakültəsində bir nəfər azərbaycanlının belə olmadığını qeyd edir. Bildirir ki, Mərkəzi Ev Komitəsi müsəlmanları çətinliklə sıralarına dəvət edə bilmişdi. Vaxtında təşkilatlanma işləri getmədiyindən, onları bu komitəyə cəlb etmək çox çətin idi.
Müəllif Azərbaycan Xalq Cümhuriyyətinin görünməyən tərəflərini də qeyd edərək sosial vəziyyətin ağırlığını dilə gətirir: “Kitabda gigiyena məsələsinə də toxunmuşam. O dövrdə Bakı şəhəri faktiki olaraq epidemiya mərkəzinə çevrilib, vəba xəstəliyi, “İspanka” qripi, yatalaq və s. xəstəliklər yayılıb. Şəhərə gələn qaçqınlar da özləri ilə müxtəlif xəstəliklər gətiriblər”.
Ümumiyyətlə, monoqrafiyada AXC dövründə himayədarlıq və səhiyyənin təşkili, bu sahələrdə fəaliyyət göstərən rəsmi və qeyri-hökumət təşkilatlarının fəaliyyəti geniş araşdırılıb.
Mehman İbrahimov, 1905.az