Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə ömür sürmüşlər.
Yerli şəraitə “uyğunlaşmağı”, güclülərə “xidmət göstərməyi” yaxşı bacaran bu “alət millət” daim xəyanətkarlıq, satqınlıq “nümunəsini” də ortaya qoyub. Onların bu xislətlərindən yararlanmağa çalışan güclü dövlətlər zaman-zaman “xidmət”lərindən bəhrələnmişlər. Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına belə, kömək göstərərək lazımi şərait yaratmışlar. Sonralar ermənilər “Böyük Ermənistan” xülyasına düşərək ərazilərini genişləndirməyə başlamış, “erməni soyqırımı” mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış və qəddarlaşmış, kütləvi qırğınlar törətmişlər. Belə soyqırımılarının hədəfi isə ilk növbədə azərbaycanlılar olmuşlar.
Yüz il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi soyqırımı isə qəddarlığı və amansızlığı ilə seçilmiş, Azərbaycanın əyalətlərinə də yayılmışdır. Yetmiş illik sovet dövründə erməni vəhşilikləri və soyqırımıları xalqdan gizlədilmiş, bu mövzuda danışmaq və yazmaq yasaq edilmişdir. Yalnız dövlət müstəqilliyi qazanılandan və ulu öndər Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayandan sonra keçmişdə törədilənlərə obyektiv siyasi qiymət verilmiş, 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş, tariximizin “ağ ləkələr”dən təmizlənmiş halda yazılmasına şərait yaradılmışdır.
Bu günlərdə dövlət başçısı cənab İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır. Sərəncamda erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu məqsədlə “Azərbaycan” qəzetində tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törədilən, hətta bu gün də müxtəlif formada davam edən soyqırımıları barədə aşkara çıxarılan faktlar, hadisələr əsasında sistemli şəkildə yazılar verilməsini nəzərdə tutmuşuq.
Rusiya imperiyasının süqutundan sonra onun milli ucqarlarında, o cümlədən Cənubi Qafqazda yaranmış dövlətlər arasında ən çox ziddiyyətlər qarşılıqlı sərhədlərin tanınmaması zəminində yaranmışdı. Buna əsas səbəb kimi Cənubi Qafqazda yaranmış yeni siyasi sərhədlərin ən azı, son 100 ildə formalaşmış regionun etnik və təsərrüfat xüsusiyyətlərini nəzərə alınmadığını göstərmək olar. Bundan başqa, mövcud olduqları dövrdə yeni cümhuriyyətlərin siyasi təşəkkülü, onların ərazilərinin təsbiti prosesi müxtəlif vaxtlarda Cənubi Qafqaz bölgəsi ətrafında yaranmış beynəlxalq konyunktura, böyük dövlətlərin münaqişə tərəflərinə təsir və proseslərə müdaxilə etmək imkanlarından asılı idi.
1918-ci il may-oktyabr aylarında bu prosesi bölgədə bərqərar olmuş türk-alman hegemonluğu müəyyən edirdi. Təsadüfi deyil ki, Cənubi Qafqaz respublikalarının ilkin sərhədlərini məhz 1918-ci ilin iyun ayının 4-də Batumda Osmanlı komandanlığının hər üç dövlətin nümayəndələri ilə ayrılıqda imzalanmış müqavilələri müəyyənləşdirmişdi. Lakin həmin müqavilələr daha çox Cənubi Qafqaz respublikalarının Türkiyə ilə sərhədlərini təsbit etmişdi. Respublikalar arasında isə qarşılıqlı sərhədlərin müəyyən olunmasında tərəflərin hər biri öz prinsiplərindən çıxış edirdi. Azərbaycan tərəfi sərhədlərin çəkilməsi məsələsində tarixi-etnik prinsipindən çıxış etdiyi halda, Ermənistan “ermənilər yaşadığı torpaqlar erməni torpağıdır” prinsipinə üstünlük verirdi. Ermənistan bu prinsipi hətta erməni əhalisinin sayca azlıq təşkil etdiyi və artıq Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olan bölgələrə də tətbiq etməyə çalışırdı.
Ermənistan ilə Azərbaycan arasında qarşılıqlı sərhədlərin tanınması yolunda ilkin addım kimi Batumda əldə olunmuş şifahi razılaşmaya əsasən, İrəvanın Ermənistana güzəşt edilməsi əvəzində sonuncunun Yelizavetpol quberniyasının dağlıq hissəsinə olan iddialarından əl çəkməsini hesab etmək olar. Lakin artıq konfrans bitdikdən sonra Ermənistan tərəfi burada əldə olunmuş razılaşmaların kifayət etmədiyini, onların Cənubi Qafqazın üç müstəqil dövləti üçün deyil, Zaqafqaziya Federasiyası üçün nəzərdə tutulduğunu bildirdi. 1918-ci il iyulun 8-də İstanbul konfransında Ermənistanın nümayəndə heyətinin rəhbəri A.Aqaronyan Ermənistanın xarici işlər naziri A.Ohancanyana göndərdiyi teleqramda qeyd edirdi ki, artıq Ermənistanın minimum sərhədlərinə Qarabağ, Zəngəzur, Sürməli, Dərələyəz, Naxçıvan, Şərur əraziləri daxil edilməlidir. Sonrakı hadisələr göstərdi ki, əslində, bu teleqramda öz əksini tapmış fikirlər 1918-1920-ci illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları üçün bir növ təlimat rolunu oynayırdı.
1918-1920-ci illərdə Ermənistan ilə Azərbaycan arasında ən çox mübahisəyə səbəb olan bölgələr arasında Qarabağ və Zəngəzur xüsusi yer tuturdu. Hələ İstanbul konfransına hazırlıq dövründə Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Rəsulzadə 1918-ci il avqustun 4-də xarici işlər naziri M.Hacınskiyə göndərdiyi teleqramda bildirirdi ki, Ermənistan nümayəndələri Osmanlı hökumətinə göndərdikləri xəritələrlə, statistik məlumatlarla zəngin olan çoxsaylı layihələrlə həmin ərazilərin əhalisinin 70 faizinin ermənilər olduğunu sübut etməyə çalışırlar. Bu dövrdə Ermənistan Qarabağ və Zəngəzur uğrunda fəal diplomatik səylərini həmin bölgələr ətrafında öz hərbi hissələrinin, o cümlədən Andranikın quldur dəstələrinin cəmləşməsi və bu ərazilərdə 1918-ci ilin yay-payız aylarında müsəlman əhalisinə qarşı apardığı etnik təmizləmə siyasəti ilə tamamlayırdı.
Qeyd etmək lazımdır ki, müstəqilliyini elan etmiş Azərbaycan hökuməti ilk dövrlərdə kifayət qədər hərbi qüvvəyə malik olmadığından və yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından ölkənin bir sıra regionları ilə hərtərəfli əlaqələr saxlamaq imkanından məhrum idi. Bunun nəticəsində Qarabağ və Zəngəzur bölgələrində yaşayan erməni əhalisi arasında separatçılıq meyilləri Ermənistanın təbliğatının qüvvətlənməsi nəticəsində daha məqsədəuyğun xarakter almış, onlar təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini yaratmaq istiqamətində fəal iş aparmağa başlamışdılar. Belə ki, 1918-ci il iyulun 22-də çağırılmış Qarabağ ermənilərinin I qurultayı bölgənin ermənilər yaşayan dağlıq hissəsini müstəqil siyasi-inzibati vahid elan etmiş və öz hökümətlərinin yaradılmasını bəyan etmişdilər. İkinci qurultaydan etibarən (15 sentyabr 1918-ci il) erməni separatçılarının yaratdıqları hökumət “erməni milli şurası” adlanmağa başlayır.
1918-ci ilin sonlarında “Dördlər ittifaqı”nın dünya müharibəsində məğlubiyyəti ilə regionda təqribən il yarım davam etmiş Antanta hegemonluğu dövrü başlayır. Onun bölgədə əsas təmsilçisi rolunda çıxış edən ingilis komandanlığı Ermənistan ilə Azərbaycan arasında Qarabağ və Zəngəzur ətrafında gedən ərazi münaqişəsinin həlli yolunda 1919-cu ilin yanvarında ilk konkret addım ataraq bu bölgələrin Azərbaycanın tərkibində qalmaq şərti ilə xüsusi siyasi-inzibati vahid – general-qubernatorluğa ayırır və doktor X.Sultanovu onun rəhbəri təyin edir. Əslində, bununla çar Rusiyası dövründə onun tərkibində olan və müxtəlif inzibati bölgülər nəticəsində tarixi inzibati-siyasi mənasını itirmiş “Qarabağ” anlayışı AXC dövründə əvvəlki mənasını yenidən özünə qaytardı. İngilis komandanlığının bölgənin məhz Azərbaycanın hüdudları çərçivəsində general-qubernatorluğa ayırması, onun kimə mənsub olmasından daha çox bu dövrdə ingilis qoşunlarının məhz Azərbaycanda yerləşdirilməsi, bu isə bölgəyə nəzarətin daha effektiv olacağı fikrindən irəli gəlirdi.
Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun onun başçısı təyin olunması yerli erməni separatçılarını və onlara dəstək verən Ararat Respublikası hökumətini xeyli təşvişə salmış, onların etirazlarına səbəb olmuş və fəallıqlarını artırmışdır. Belə ki, Ermənistan hökuməti özünün 21 yanvar 1919-cu il tarixli iclasında Qarabağın və Zəngəzurun ermənilər yaşayan dağlıq hissəsini ölkənin ayrılmaz hissəsi elan etmiş və həmin ərazilərdə müvəqqəti olaraq ali hakimiyyəti erməni milli şurasına tapşırmışdı. Ermənistan hökuməti bölgədə vəziyyətə nəzarət etmək üçün hətta ali komissar vəzifəsini təsis etmiş və bu vəzifəyə Arsen Şaxmazyanı təyin etmişdi.
Öz növbəsində, erməni milli şurası 1919-cu ilin fevralın 4-də Böyük Britaniyanın Bakıdakı qoşun hissələrinin komandanı Tomsona göndərdikləri müraciətdə Paris konfransının yekunlarına qədər Qarabağın və Zəngəzurun ermənilər yaşayan dağlıq hissəsində müvəqqəti erməni idarəçiliyinin yaradılması təklifi ilə çıxış edirlər. Həmin təklif əsasında 1919-cu il fevralın 19-21-də Qarabağ ermənilərinin IV qurultayında xüsusi sənəd qəbul olunmuşdu. Həmin sənədə əsasən, Zəngəzurun və Qarabağın ermənilər yaşayan hissəsinin idarə olunması üçün mərkəzi Şuşada yerləşən vilayət şurası təşkil olunmalı, onun tərkibinə yerli əhalidən 7 erməni və 3 azərbaycanlı daxil olmalı idi. Şuraya daimi üzv kimi Şuşadakı ingilis qoşunlarının nümayəndəsi seçilməli və bölgənin strateji yerlərində ingilis qoşunları yerləşdirilməli idi.
Əslində, bu sənədlər göstərir ki, erməni separatçıları Qarabağ və Zəngəzuru etnik prinsip əsasında bölərək, bu ərazilərin bir hissəsini Azərbaycandan ayırmaq, bölgədə yerləşən ingilis qoşunlarından isə ayırıcı qüvvə kimi istifadə etmək istəyirdilər. İngilis qoşunlarının bölgədəki nümayəndələrinin ilk vaxtlarda ziddiyyətli bəyanatları ermənilərin bu məqsədlərinin həyata keçməsi üçün real zəmin yaratmışdı. Belə ki, ingilis qoşunlarının Şuşadakı nümayəndəsi mayor Mak-Mossen 1919-cu il martın 12-də erməni milli şurasına göndərdiyi məktubunda göstərir ki, Sultanov general-qubernator vəzifəsini müvəqqəti tutur və mübahisəli bölgələrin bu və ya digər tərəfə mənsub olduğunu Sülh konfransı təyin edəcək. Öz növbəsində, general Tomson 1919-cu il martın 25-də İrəvanda olarkən bəyan etmişdir ki, Azərbaycan hökuməti tərəfindən yaradılmış Qarabağ general-qubernatorluğu müvəqqəti haldır və hazırda orada Azərbaycan qoşunlarının və idarəçiliyinin olması gələcəkdə bu ərazinin ona mənsubiyyətini həll etmir. İngilis komandanlığının bu cür mövqeyi erməni separatçılarını ruhlandırır və onların hökumət əleyhinə fəaliyyətinin fəallaşmasına şərait yaradırdı. Erməni milli şurasının nümayəndələri cavab məktublarında ingilislərin bu mövqeyini yüksək qiymətləndirərək onları erməni xalqının himayəçisi və maraqlarının əsas müdafiəçisi kimi göstərirdilər.
Bölgədə yaranan nisbi sakitlikdən istifadə edən erməni milli şurası diplomatik və hərbi hazırlıq səylərini də artırırdı. Bununla bağlı, ilk növbədə, Ermənistan hökumətinə böyük ümidlər bağlanırdı. Erməni milli şurası tərəfindən 1919-cu il martın 17-də və 19-da Ermənistan hökumətinə və onun bölgəyə təyin etdiyi ali komissarına göndərdikləri geniş məktublarda aşağıdakı əsas məsələlər qoyulurdu: 1. Ermənistan hökuməti bütün vasitələrdən istifadə edərək müttəfiq dövlətlərlə danışıqlarda Qarabağ qubernatorluğunun ləğvinə nail olmalıdır; 2. Qarabağ ermənilərinin nümayəndəsinə Avropaya getməsinə və Sülh konfransında iştirak edən Ermənistan nümayəndə heyətinin tərkibinə daxil olmasına şərait yaradılmalıdır; 3. Bölgədə hərbi hissələrin təşkili üçün vahid komandanlığın yaradılması, təcrübəli komandirlər, böyük sayda hərbi ləvazimat və pul tələb olunurdu. Bununla bağlı Ermənistan hökuməti qarşısında məsələ qoyulurdu ki, Andranikin Zəngəzurdan çıxarılmasına imkan verilməməlidir və onun dəstələrinin Qarabağa keçməsinə nail olunmalıdır. Qeyd etmək lazımdır ki, general-qubernator X.Sultanovun fəaliyyətinin ilk dövrlərində qarşısında duran mühüm məsələlərdən biri də Andranikin silahlı dəstələrinin Zəngəzur və digər bölgələrdə yaratdığı ciddi təhlükəni birdəfəlik aradan qaldırmaq idi. Sənədlərdən aydın olur ki, Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvanda və Zəngəzur bölgələrində dinc əhaliyə qarşı vəhşiliklər törədən Andranikin quldur dəstələri nəhayət ki, 1919-cu ilin yazında bu bölgələrin hüdudlarını tərk etdilər.
1919-cu il aprelin 3-də ingilis qoşunlarının Şuşadakı nümayəndəsi general Şatelvort xüsusi əmri ilə Azərbaycan hökuməti tərəfindən yaradılmış Qarabağ general-qubernatorluğunun bölgədə ali hakimiyyət orqanı olduğunu təsdiq etmiş və onun əmrlərinin bütün əhali üçün məcburi olduğunu bildirmişdir. Burada xüsusilə vurğulanırdı ki, general-qubernator Sultanovun qanuni fəaliyyəti bölgədə yerləşən ingilis komandanlığı tərəfindən tam dəstəklənəcək.
İngilis komandanlığının bu qətiyyətli mövqeyi erməni separatçıları üçün gözlənilməz oldu. Buna cavab olaraq 1919-cu il aprelin 23-24-də çağırılmış Qarabağ ermənilərinin V qurultayında qəbul olunmuş qətnamədə polkovnik Şatelvortun tələblərinə açıq etiraz bildirildi və erməni əhalisinin Azərbaycanın tərkibində hər hansı bir quruma tabe olmayacağı bəyan edildi.
Buna baxmayaraq, general Şatelvortun Qarabağa səfərinin yekunlarına dair hazırladığı və Ermənistanın xarici işlər naziri A.Xatisova 1919-cu il mayın 3-də Tiflisdə təqdim olunmuş hesabatda qeyd olunurdu ki, onun hökumətinin nümayəndəsi Şaxmazyan Zəngəzurda Azərbaycan əleyhinə qoşun topladığı üçün qubernatorluğu tərk etməlidir. Eyni tələb ilə mayın 5-də general Tomson çıxış edir. O, Şaxmazyan kimilərini Qarabağda yaranmış kövrək sabitliyin pozulmasında günahlandıraraq, Ermənistan hökumətinin rəhbəri Xatisovdan onun geri çağrılmasını tələb etmişdir. Əks halda, Tomson Şaxmazyanın həbs olunacağını və səhra məhkəməsinə veriləcəyini bildirirdi. 1919-cu il may ayının sonunda Ermənistanın Qarabağ və Zəngəzurda nümayəndəsi təyin olunmuş A.Şaxmazyan və Ermənistanın Şuşadakı ingilis hərbi missiyası yanında nümayəndəsi M.Arzumanyan ingilis zabitlərinin müşayiəti ilə Azərbaycan ərazisini tərk etmişdilər.
Beləliklə, Ermənistanın Qarabağı və Zəngəzuru etnik prinsip əsasında bölərək, bu yolla ermənilər yaşayan əraziləri Azərbaycandan ayıraraq burada müvəqqəti erməni idarəçiliyinin yaradılmasını istəyirdi, bölgədə yerləşən ingilis qoşunlarından isə ayırıcı qüvvə kimi istifadə etmək planlarının iflasa uğramasına baxmayaraq, ingilis komandanlığı bölgələrin gələcək mənsubiyyəti məsələsində Ermənistanın mövqeyindən çıxış edərək bunun Paris konfransında həllinə tərəfdar idi. Sonuncu fikir 1919-cu il avqustun 22-də Qarabağ ermənilərinin cağırılmış fövqəladə VII qurultayında Azərbaycan hökuməti ilə bağlanmış müqavilənin şərtlərində də öz əksini tapmışdır. 26 maddədən ibarət olan müqavilənin Azərbaycan hökuməti üçün ən vacib məqamları bunlar idi: 1.Qarabağın dağlıq hissəsində Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında yaşayan ermənilər özlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının sərhədləri daxilində hesab edirlər (maddə 2); 2. Azərbaycan hökuməti erməni nümayəndələri vasitəsilə erməni milli şurasının fəaliyyətinə nəzarət edir (maddə 14); 3. Hazırkı müqavilə hər cür vəziyyətdə: mühasirə, hərbi və digər hallarda qüvvədə qalır (maddə 26).
Bu müqavilə Ermənistan hökumətinin etirazına səbəb olmuşdur. Ermənistanın baş naziri A.Xatisov 1919-cu il 28 avqust bəyanatında bildirirdi ki, 22 avqust razılaşması ermənilər tərəfindən ingilis qoşunlarının bölgəni tərk etdiyi şəraitdə özlərini qorumaq üçün məcburiyyət qarşında qəbul edilmişdi. Bundan başqa, Ermənistanın xarici işlər nazirliyi özünün Gürcüstandakı nümayəndəsi qarşısında 1919-cu il sentyabrın 16-da göndərdiyi tam məxfi təlimatda general Şatelvortun və digər ingilis zabitlərinin Qarabağdakı fəaliyyəti və ümumiyyətlə, ingilislərin Qarabağ məsələsinin həllində tutduğu mövqe haqqında geniş məruzənin hazırlanması məsələsini qoyurdu. Təlimatdan göründüyü kimi, bu sənədlər Parisdə olan erməni nümayəndə heyətinə çatdırılmalı idi. Eyni zamanda, avqustun 28-də Qarabağ ermənilərinin iki nümayəndəsi Arzumanov və Melik Osipovun imzası ilə Ermənistanın Azərbaycandakı səfirliyinə göndərilən teleqramda ABŞ-ın yenicə Ermənistana təyin olunmuş ali komissarı V.Haskel qarşısında Qarabağda Amerika general-qubernatorluğunun yaradılması məsələsi qaldırılmışdır. Lakin avqustun 28-də Bakıya gəlmiş V.Haskel Azərbaycan hökumətinin rəhbərliyi ilə görüşündən sonra ərazi məsələləri ilə bağlı sentyabrın 1-də irəli sürdüyü planında Qarabağ və Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdır.
Bunlarla yanaşı, Qarabağ və Zəngəzur məsələsi 1919-cu ildə Azərbaycanın və Ermənistanın iştirakı ilə cağırılmış bir neçə konfransda əsas müzakirə mövzusu olmuşdu. Bu dövrdə Azərbaycan rəsmiləri verdikləri bəyanatlarda Ermənistan ilə sərhəd münaqişəsinin birdəfəlik həllində maraqlı olduqlarını bildirmişdilər. 1919-cu il oktyabrın 13-də AXC xarici işlər naziri M.Cəfərov Ermənistanın Azərbaycanda diplomatik nümayəndəsi T.Bekzadyanla görüşü zamanı bildirmişdi ki, əvvəl keçirilən Zaqafqaziya konfranslarının təcrübəsi Ermənistanın verdiyi vədlərə və əldə olunmuş razılaşmalara əməl etmədiyini göstərir. 1919-cu il noyabrın 23-də Tiflisdə tərəflər arasında hərbi əməliyyatların dayandırılması və məsələlərin sülh yolu ilə həll olunması razılaşmasının Ermənistan tərəfindən pozulmasını, sonuncunun qeyri-konstruktiv mövqeyini bir daha sübut edirdi. 1919-cu ilin dekabrın 14-dən 21-dək Bakıda keçirilmiş növbəti sülh konfransı zamanı Azərbaycan tərəfinin sərhəd münaqişələrinin həlli üçün Cənubi Qafqaz respublikalarının konfederasiyasının yaradılması təklifinə Ermənistan etiraz edərək demarkasiya xətti haqqında ilkin sazişin bağlanmasını üstün tutdu. Əslində, Ermənistanın məsələnin həllindən boyun qaçırması Parisdə davam edən danışıqlarla sıx bağlı idi. Ermənistan ümid edirdi ki, onun nümayəndələrinin böyük dövlətlər qarşısında irəli sürdüyü memorandumda öz əksinə tapmış, Qarabağ və Zəngəzur da daxil olmaqla Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı maksimum ərazi iddiaları tezliklə öz müsbət həllini tapacaq.
Lakin sonrakı hadisələr, yəni, böyük dövlətlər tərəfindən yeni yaranmış Cənubi Qafqaz respublikaları arasında olan ərazi ixtilafların aradan qaldırılmasına dair müəyyən vahid xəttin seçilə bilməməsi, digər tərəfdən isə gündən-günə şimaldan artmaqda olan Sovet Rusiyasının hərbi təzyiqi regionu yeni geosiyasi hüdudlara parçalanması təhlükəsi qarşısında qoymuşdu. 1920-ci ilin aprelində Şimali Azərbaycanın sovetləşməsi Antantanın Cənubi Qafqazda hegemonluğuna son qoydu. Bu andan etibarən Ermənistan-Azərbaycan ərazi münaqişəsində aparıcı subyektə bolşevik Rusiyası çevrilir.
İlqar Niftəliyev,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan.-2018.-11 fevral.-№32.-S.5.