“Təxmini hesablamalara görə Azərbaycanda 3000 nəfərdən çox insan mina və partlamamış hərbi sursatların qurbanı olub”.
APA-nın xəbərinə görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, Azərbaycanda mina qurbanlarının sayı ilə bağlı konkret rəqəm söyləmək çox çətindir: “Təxmini hesablamalara görə, ölkədə mina qurbanı olan 3000 nəfərdən 500-ü həyatını itirib, yerdə qalan 2500 nəfər isə sağdır”.
Təşkilat sədrinin sözlərinə görə, birlik tərəfindən indiyə kimi 8 regionda mina qurbanlarına psixoloji və hüquqi yardımlar göstərilib: “Mina qurbanlarına iqtisadi imkanların yaradılması ilə bağlı layihə Tovuz, Tərtər və Füzuli rayonlarını əhatə edib. Çünki bu üç rayonda partlamamış hərbi sursat və mina qurbanlarının sayı daha çoxdur. Tovuz, Tərtər və Füzuli rayonlarında müvafiq olaraq iqtisadi vəziyyəti ağır olan 3 mina qurbanına yardımlar göstərilib”.
H. Səfixanov Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatının kasetli silahlara dair son hesabatı barədə də ətraflı məlumat verib. O qeyd edib ki, kasetli silahların qadağan olunmasına dair Konvensiyanı 119 ölkə imzalayıb: “102 ölkə ratifikasiya prosesini başa çatdırıb. Cənubi Qafqaz ölkələrinin daxil olduğu 76 dövlət hələlik konvensiyaya qoşulmayıb. Hesabat dövründə iki dövlətin ərazisində – Suriyada hökumət qüvvələrinin və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə kasetli silahlardan istifadə etməsi faktı qeydə alınıb”.
Təxmini hesablamalara görə, 33 ölkədə 56 min insan bu silahların qurbanı olub. Hesabatda bildirilir ki, ərazisinin bir hissəsi başqa ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün Azərbaycan bu konvensiyaya qoşula bilmir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi qeydə alınmayıb. Hesabatda 2016-ci ilin aprel döyüşlərindən sonra iki ərazidə partlamamış M095 DPICM və 9M55K tipli kasetli silaha rast gəlinməsi öz əksini tapıb.
“Kasetli silahların özəlliyi ondan ibarətdir ki, onlar istifadə olunduqdan sonra özünü mina kimi aparır”, – deyə H. Səfixanov vurğulayıb.