Aprelin 1-də Bakıda Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operator, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirir.
Tədbir uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf üçün humanitar minatəmizləmə fəaliyyətinin potensialı ilə 2030-cu ildə davamlı inkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa çalışan 16-cı Dayanıqlı İnkişaf Məqsədini araşdıracaq.
Bundan əlavə, məcburi köçkünlərin öz doğma yurdlarına “Böyük Qayıdış” adı ilə geri qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir ki, bu zaman Dayanıqlı İnkişaf Məqsədləri vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.
Konfrans Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti infrastrukturunun və potensialının gücləndirilməsi üzrə davamlı səylərə əsaslansa da, onun məqsədi həm də hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalar haqqında məlumatlılığı artırmaq və ölkə, Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma, bərpa işlərini həyata keçirdiyi üçün intensiv minatəmizləmə fəaliyyətlərindən əldə olunmuş ən yaxşı təcrübələri, öyrənilmiş dərsləri təklif etməkdir.
“Humanitar minatəmizləmə fəaliyyəti üzrə mükəmməllik laboratoriyası” kimi mövqe tutmaq məqsədi daşıyan Azərbaycan öz təcrübəsini dünya üzrə humanitar və inkişaf sahəsində fəaliyyət göstərən iş icraçıları ilə bölüşməyə, tərəfdaşlıq əlaqələrini gücləndirməyə və geniş əməkdaşlıq mexanizmləri yaratmağa çalışır.
BMTİP ilk dəfə 1993-cü ildə Kambocada Humanitar minatəmizləmə fəaliyyəti dəstəkləməyə başladığı andan etibarən minatəmizləmə fəaliyyətinin inkişafı barədə müzakirələrə daxil edilməsinin güclü tərəfdarı olub. O vaxtdan etibarən BMT-nin İnkişaf Proqramı 40-dan çox ölkədə minatəmizləmə fəaliyyəti üzrə proqramları dəstəkləyib və hazırda BMT-nin Minalarla Mübarizə Strategiyasına (2019-2023) uyğun olaraq, minatəmizləmə fəaliyyətinə yanaşmaların inkişafı üzrə aparıcı təşkilatı hesab edilir.
BMT-nin İnkişaf Proqramı 1999-cu ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına kömək edib və bu günədək onun işinə, o cümlədən 806 mindən çox mina və partlamamış hərbi sursatın təmizlənməsi, insanların evlərinə təhlükəsiz qayıtmasının təmin olunmasına dəstək göstərir. Bundan əlavə, BMTİP fövqəladə hallara cavab qruplarının təlimi, təchiz edilməsi və yerləşdirilməsi üçün maliyyə vəsaitinin təmin olunmasında da Agentliyə yardım edib.
Konfransda çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, Azərbaycan minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb. Minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması və sülhməramlı proseslərin gücləndirilməsi, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir. ANAMA münaqişə zonasında zəruri infrastrukturun, o cümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı qurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək deyib ki, minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir. Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək.
“Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi ərazilərin minalardan təmizlənməsindən asılıdır. İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox şəxs minaya düşərək həlak olub. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, bunun dəqiqliyi 25 faiz təşkil edir”, – deyə H.Hacıyev qeyd edib.
Konfransın nəticələri və tövsiyələri beynəlxalq inkişaf və humanitar minatəmizləmə ictimaiyyətinə təqdim olunacaq ki, bu da gələcək əməkdaşlığa zəmin yaradacaq.