Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, son 20 ildə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar 6,1 milyard dollar məbləğində vəsait xərclənib.
Bunun 2,5 milyard dolları Dövlət Neft Fondunun vəsaitidir. Təkcə bu vəsait hesabına respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və hündür mərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 210 min nəfər bu qəsəbələrə köçürülüb. Bunlarla yanaşı, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız da var, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun mərhələli şəkildə tədbirlər həyata keçirilir. Azərbaycanda bu sahədə görülən tədbirlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilib.