Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 10 noyabr 2020-ci ildə bəyanatın imzalanması Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsini rəsmiləşdirdi. Bununla da müharibənin hərbi fazası başa çatdı, münaqişənin uzunmüddətli həllinə nail olundu və bölgədə yeni dövr başladı – bölgədə dinc yanaşı yaşamaq üçün əsas yaradıldı.
Bəyanata əsasən Azərbaycanın Kəlbəcər rayonu 15 noyabradək (sonradan bu müddət Rusiya tərəfinin xahişi ilə 25 noyabradək uzadıldı), Ağdam rayonu 20 noyabradək, Laçın rayonu da 1 dekabr tarixinədək bir güllə atılmadan işğaldan azad edilərək Azərbaycana qaytarıldı. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm, uzun illər bu tarixi qələbənin sevincini yaşamaq arzusunda olmuş xalqımızı təbrik edirəm.
Bu tarixi və misli görünməmiş hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində apardığı xarici və daxili siyasətin, Ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu diplomatiyanın qələbəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilmiş Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan xalqının Ali Baş Komandanımız və Ordumuz ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amillər oldular.
Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı altında Ordumuz BMT TŞ, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etmiş olduğu və uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarlarını həyata keçirdi, Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi.
Məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, Azərbaycan Ordusunun professionallığı və rəşadəti sayəsində cəmi 44 gün ərzində düşmən ordusunun hərbi texnikası və şəxsi heyəti darmadağın edildi, Azərbaycan əraziləri işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Tarixdə indiyədək qısa müddət ərzində düşmən ordusunun məhv edilməsi ilə bağlı belə bir hadisə olmamışdı.
Azərbaycan Ordusunun müharibə zamanı müasir texnologiyalar əsasında hazırlanmış silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – Azərbaycan Ordusunun hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi. Hazırda dünyanın aparıcı dövlətlərinin generalları və səlahiyyətli hərbi ekspertləri Azərbaycanın istifadə etdiyi taktikanı öyrənir və öz ölkələrinin ordularında tətbiqi istiqamətində işlərə başlamışlar.
Azərbaycan Ordusunun bu ildırım sürətli qələbə taktikasına Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev komandanlıq edərək Yenilməz Sərkərdə və Xilaskar Prezident kimi tarixə düşmüşdür. Odur ki, Yenilməz Sərkərdəmiz və Xilaskar Prezidentimiz İlham Əliyev öz adını Azərbaycan xalqının tarixinə əbədi olaraq yazmışdır.
Azərbaycanın sevincini və kədərini həmişə bizimlə birgə bölüşən, daima bizi dəstəkləyən və bizimlə bir yerdə olan, Azərbaycana Can Azərbaycan deyən Böyük Türk xalqına öz minnətdarlığımı bildirirəm.
Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yenilməz Sərkərdə cənab İlham Əliyev!
Yaşasın rəşadətli Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Elxan Süleymanov,
AVCİYA prezidenti