Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Referendumla əlaqədar
BƏYANATI
Bakı şəhəri, 27 sentyabr 2016-cı il
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Referendumun daha ədalətli və demokratik keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 3000 müşahidəçi ilə 65 DSK üzrə monitorinqi təşkil edib. Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə seminarlar keçirilmiş, “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili” və Konstitusiyaya əlavə və dəyişiklər edilməsi ilə bağlı Referendum (26 sentyabr 2016-cı il) -“Müşahidəçilər üçün yaddaş” kitabçaları nəşr edilmişdir.
Assosiasiya 26 avqustda “İlkin hesabat”, 21 sentyabrda isə “Uzunmüddətli Müşahidənin Aralıq Hesabatı”nı ictimaiyyətə təqdim edib. (Hesabatlar və digər nəşrlərlə www.avciya.az saytında tanış olmaq olar.)
Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10-00, 12-00, 15-00, 17-00 və 19-00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib. Bundan başqa assosiasiya Referendum günü saat 21-00 Referendumun nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə bildirib. Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olmuş, bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar istisna olmaqla elə bir ciddi qanun pozuntusu qeydə alınmamışdır. Referendum günü qeydə alınmış bəzi texniki çatışmazlıqlar cox az sayda məntəqələri əhatə etdiyindən Referendumun nəticələrinə təsir etmək gücündə olmamışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Referendumun Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq şəffaf və ədalətli keçdiyini, ictimai-siyasi mühitinin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir. Assosiasiya Referendumun Azərbaycan Respublikasının dövlət müstəqiliyinin qorunması, dövlət təhlükəsisliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərəhələ olduğunu bəyan edir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)