Noyabrın 4-də Azərbaycandakı dini konfessiyalar Zəfər Günü ilə bağlı bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə keçirilən və Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.
Bəyanatı təqdim edirik.
“Biz – Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan xalqının yaddaşına, dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm gün – Vətən müharibəsində Zəfərin beşinci ildönümü ərəfəsində dünya ictimaiyyətinə müraciət etməkdən şərəf duyuruq. Dünya miqyasında haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirən Vətən müharibəsindəki tarixi Zəfərin doğurduğu qürur və əzəmət olduqca böyükdür. Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə “Qarabağ Azərbaycandır” ideyası ətrafında səfərbər olan Azərbaycan xalqı ən ülvi arzularını gerçəkləşdirdi. Azərbaycan dövləti müdrik siyasi idarəçilik, liderinin qətiyyəti, Ali Baş Komandanın yenilməz sərkərdəliyi, qəhrəman zabit və əsgərlərdən ibarət şanlı Ordusunun rəşadəti sayəsində bu uğura imza ata, beynəlxalq hüququn ona verdiyi haqqı öz qüvvəsi hesabına reallaşdıra bildi. Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Haqq mübarizəsinin qalibiyyət dastanı kimi dünya tarixi səhifələrinə daxil olmuş möhtəşəm Zəfər Günü bayramının sevinc və şərəfini daşımağa Azərbaycan xalqının tam haqqı vardır.
Azərbaycan öz ərazilərinin 30 il davam etmiş işğalına son qoymaqla təkcə ərazi bütövlüyünü bərpa etmədi, xalq-dövlət birliyinin yüksək nümunəsini, daxili monolitlik, milli-mənəvi vəhdət örnəyi göstərdi. Vətən müharibəsində Qələbəmizin qüvvətverici amilləri – dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli vəhdət, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və Vətənin mənafeləri naminə birlik idi. Azərbaycan xalqı Zəfəri böyük qurbanlar bahasına əldə etmişdir. Qazandığımız Zəfərdə hər bir azərbaycanlının payı vardır. Allah-taala bu mübarizədə canından keçmiş minlərlə şəhidlərimizə rəhmət eləsin! Uca Allah sağlamlığını itirmiş qəhrəman qazilərimizə şəfa bəxş etsin! Vətən müharibəsində bütün xalqımız, bütün etnik qrupların, bütün dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib zəfərə yetişdilər. Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələri Azərbaycanın haqq işi uğrunda bizimlə çiyin-çiyinə cəbhədə vuruşdular, dünyaya bizimlə birgə haqq səsimizi ucaltdılar. Şəhid övladlarımızı birlikdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, bizim yaşam tərzimiz, multikultural dəyərlərimizin təntənəsidir.
Qarabağ Zəfəri dünya tarixində epoxal əhəmiyyətli qələbələr silsiləsindəndir. Bu Zəfər beynəlxalq hüququn xalqın iradəsi ilə həyata keçirilməsinin təzahürü, güclü, müdrik liderin qalibiyyət manifesti oldu. Bu manifest bu gün də davam edir – Azərbaycanın səsi Vaşinqton Sülh Sammitindən, Yaxın Şərq Sülh Zirvəsindən gəlir. Azərbaycan Prezidenti qlobal siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atır, dünyanın sülh gündəliyində ön sıralardadır. Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxarət duyuruq ki, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləri, yüksək səviyyəli dövlət-din münasibətləri sayəsində, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dünya miqyasında multikultural dəyərlərin təşviqi sahəsində unikal fəaliyyəti ilə Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir olunur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri bununla fəxr edir, Uca Yaradana xoş gedən sülh və ədalət prinsiplərinin bərqərar olması, müqəddəs dəyər olan insan həyatının xilası naminə bütün fəaliyyətlərə rəvac arzulayır, Azərbaycan Prezidentinin bu yolda bütün səy və əməllərinə xeyir-dualar diləyirik.
Məhz Prezident İlham Əliyev rəhbərliyi ilə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrinin aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının bərpası, məhv edilmiş mədəni-mənəvi irs abidələrimizin yenidən inşası bizi hədsiz sevindirir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi qürurlandırır. Biz, Azərbaycan dindarları Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Azərbaycan Prezidentinin ölkəmizdə və bölgədə davamlı sülh, əmin-amanlıq və tərəqqini təmin edən müdrik siyasi dəst-xətini hər zaman dəstəkləyir, Uca Yaradandan xeyir-dualar diləyirik.
Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin 5-ci ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! Uca Yaradanımız Öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!
Bakı şəhəri, 4 noyabr 2025-ci il.
Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından:
Sədr:
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Üzvlər:
Milix Yevdayev
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti
Aleksandr Şarovski
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Robert Mobili
Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri”.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
