Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfərləri çərçivəsində Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Stansiyada görülən işlər barədə qonaqlara məlumat verilib, tikintidə xarici şirkətlərin də iştirak etdiyi bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində Qələbədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.
Sonra diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir.
Xatırladaq ki, Kəlbəcərə səfərləri çərçivəsində diplomatlar bundan əvvəl Suqovuşan və Sərsəng su anbarlarında olublar.