Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı ilə dünya hərb tarixində yeni səhifə açıb. Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilərin, bu sahə üzrə mütəxəssislərin fikrincə, Azərbaycan XXI əsrdə müharibə aparmağın parlaq nümunəsini ortaya qoyub.
Bunu AZƏRTAC-a açıqlamasında ekspert, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.
A.Mirzəyev deyib: “Artıq beynəlxalq hərbi dairələrdə də belə bir yanaşma mövcuddur ki, bu müharibə 5-ci nəsil silahlarla təchiz olunan Azərbaycan Ordusu ilə 2-ci nəsil silahlara sahib Ermənistan silahlı qüvvələri arasında olan hərbi əməliyyatdır. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk saatından başlayaraq düşmənə ağır zərbələr endirir. Düşmənin çoxlu sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv edir. Onların sırasında S-300 raket kompleksi və hətta “Tor-2MK” tipli raket kompleksi də var. Döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər götürülüb – tanklar, piyadaların döyüş maşınları, eləcə də döyüş meydanında düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib.
Bu gün Azərbaycan Ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında aparır. Ordumuz “minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşür. Bu da onu göstərir ki, ordumuz 15 il müddətində hərbi büdcəsini əbəs yerə yüksələn xətt üzrə artırmayıb. Azərbaycan uzun illər ən müasir silahların alınması, pilotsuz uçuş sistemlərinin əldə edilməsinə xüsusi diqqət yetirib. Bu kimi addımlar bu gün bəhrəsini verir və sözdə deyil, artıq əməldə Azərbaycan Ordusu imkanlarını, döyüş qabiliyyətini sübut edir. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun döyüş taktikasını dünyanın ən güclü ordularından birinə sahib olan ABŞ da etiraf edir. ABŞ ordusunun Quru Qoşunlarının Baş qərargah rəisi, ordu generalı Ceyms MakKonvill mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycanın Qarabağda apardığı müharibə öyrənilməsi və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır. Amerika ordusunun rəsmisi açıq şəkildə bildirib ki, azərbaycanlıların taktikası dünyanın ordu təmsilçilərini tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir. Bununla belə Azərbaycan Ordusu tam hərbi qaydalara uyğun olaraq müharibə aparır.
“Azərbaycan Ordusu konvensional müharibə praktikasını əsas tutmaqla onu yeni elementlərlə – yüksək dəqiqlikli silahların tətbiqini genişləndirmək, “vertikal zərbə” taktikasına (döyüşün müqəddəratının həllində dronların rolu) üstünlük vermək, mülki əhaliyə və dinc infrastruktura heç bir zərər vurmamaq və dolayı fəaliyyətlər strategiyasından yalnız legitim hərbi hədəflər üçün istifadə etməklə zənginləşdirmiş oldu. Yüksək peşəkarlıqla öz vəzifəsini yerinə yetirən Azərbaycan Ordusu hərbi əməliyyatların lokal müharibə hüdudlarından kənara çıxmamağa, üçüncü dövlətlərin müdaxiləsinə yol verməməyə və döyüş zamanı beynəlxalq qaydalara və normalara əməl etməyə çalışır.
A.Mirzəyev bildirib ki, rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunu nəzərdə tutaraq bir ordunun başqa bir ordu ilə döyüşdə silahlardan bu qədər yüksək dəqiqliklə istifadə etməsi nümunəsinin dünyanın hələ görmədiyini qeyd edib. Hərbi ekspertin qənaətinə görə, hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından Azərbaycanın yürütdüyü əməliyyat dünya tarixində ilkdir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi döyüş meydanında belə miqyasda dronlardan istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut edir. Eyni zamanda, Azərbaycan PUA-lardan məharətlə istifadə etməklə canlı qüvvə itkisini də minimuma endirib. Azərbaycan hərbi uğurlar qazanmaqla, eyni zamanda, Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını da qoruyub saxlayır. Başqa sözlə, Qarabağda Azərbaycan Ordusunun apardığı müharibə dünya hərb tarixində yeni səhifənin açılmasını şərtləndirib.
“Dünyanın istənilən nöqtəsində baş verən müharibədə qələbənin təmin olunması üçün bir neçə vacib tələblər var: düşünən beyin və vuran əllərdən ibarət canlı qüvvə, müasir texniki imkanlar, davamlı hərbi təminat və əhval ruhiyyə… Bu tələblər təmin olunursa, döyüş meydanında uğur mütləq təmin edilir. Azərbaycan Ordusunda bunların hamısı var. Əlbəttə ki, bütün bu prosesə peşəkarlıqla liderlik edən Ali Baş Komandandır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ildən-ilə hərbi büdcəmiz məqsədyönlü şəkildə artırılıb. Nəticə isə göz önündədir. Bu gün döyüş meydanında hər bir vətəndaş formalaşdırılmış hərbi büdcənin bəhrəsini görür, özünün bu prosesdə bilavasitə iştirakına sevinir. Bu gün Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlıq səviyyəsi və qələbə əzmi o səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra edilir.
Azərbaycan Ordusu, şəxsi heyət heç bir çətinliklərdən qorxmur, döyüşmək üçün irəli atılır və düşmənin canlı qüvvəsini məhv edir. Məhz bunun nəticəsidir ki, döyüş bölgəsində minlərlə düşmən cəsədi qalıb. Hətta itkilərin çoxluğu səbəbindən qarşı tərəf öz cəsədlərinə də sahib çıxmaq istəmir. Bu gün Azərbaycan Ordusunun ən mühüm strateji yüksəklikləri ələ keçirib və bu, bizim üçün yeni imkanlar açır. Bu gedişlə qısa müddətdə düşmənin müqavimətinin tam olaraq qırılması və ərazilərimizin hamısının azad edilməsinin şahidi olacağıq”, – deyə Ayaz Mirzəyev bildirib.