Xaricdə təhsil almaq hər bir tələbənin arzusudur. Amma nəzərə almaq lazımdır ki, xaricdə təhsil alan tələbə həm də təmsil etdiyi ölkənin vətəndaşlarının simasıdır. 1905.az saytının bu dəfəki müsahibləri xaricdə təhsil alan 3 azərbaycanlı tələbədir. Onlardan biri hazırda Azərbaycana tətilə gəlsə də digər iki həmyerlimiz hələ ki, dərslərinə təhsil aldıqları ölkədə davam edirlər.
Elnur Quliyev- Fransada Qərbi Bretan Universitetinin kommersiya ve sosial fakültəsinin 2013-cü il məzunudur. 5 ildir Fransadadır.
Adil Əliyev–Bir ildir Çindədir. Hazırda Pekin şəhərində biznes və jurnalistika ixstisası üzrə magistratura təhsili alır. Adil bakalavr təhsilini isə Misirdə tərcümə (ərəb-ingilis dili) ixtisası üzrə alıb.
Lətifə Bəyəliyeva- İsveçin Lund şəhəri nəzdində fəaliyyət göstərən Lund Universiteti, Tibb fakültəsinin 3-cü kurs tələbəsidir. Məlumat üçün deyək ki, Lətifə Bəyəliyeva orta məktəb təhsilinin son 2 ilini İsveçdə başa vurub.
Xaricdə təhsil alan hər 3 tələbəmizə təhsil üçün niyə məhz Fransa, Çin və İsveç ölkələrini seçdikləri sualını verdikdə onlar olduqları ölkədə təhsil aldıqlarından çox məmnun qaldıqlarını və ölkə seçimində xüsusi bir səbəbin olmadığını, qismətin belə gətirdiyi dedilər.
– Təhsil aldığınız ölkədə tələbələrin Azərbaycan haqqında təsəvvürləri necədir? Azərbaycanı tanıyırlarmı?
Elnur: Bəli, tanıyırlar. Ümumilikdə tanıyanlar tanımayanlardan daha çoxdur. Xüsusən,Avroviziya musiqi yarışmasından sonra mənə deyirdilər ki, çox gözəl şəhəriniz var və s. Əlbəttə, tanımayanlar, Azərbaycanın təxminən harada yerləşdiyini deyənlər də var.
Adil: Bilirsiniz, Çin çox böyük ölkədir və əhalisinin sayı da hamımıza məlumdur. Ona görə çoxluq Azərbaycanı tanıyır, yoxsa tanımır sualına cavab vermək bir az mənim üçün çətindir. Amma oxuyan tələbələr, əlbəttə, tanıyırlar. Eyni sözü məsələn, Misir haqqında deyə bilmərəm. Baxmayaraq ki, Misirdə Azərbaycan səfirliyi çox yaxşı fəaliyyət göstərir, istər tədbirlər olsun, istər tələbələrə münasibət, təşkilatçılıq və s. Ancaq Misirdə Azərbaycanı tanıyan azdır. Hər halda, mən gördüklərimi deyirəm.
Lətifə: Deyərdim ki, Azərbaycanı İsveç və ümumilikdə Skandinaviyada ən çox tanıdan şəxslər Nobel qardaşları olublar. Bunun da uzun tarixçəsi var, bilirsiniz. Çox təəssüf ki, İsveçdə Azərbaycanı daha çox keçmiş SSRİ dövlətinin tərkibində olan bir dövlət kimi tanıyırlar. Bizim mədəniyyətimiz haqqında o qədər məlumatları yoxdur.
Xaricdə olan ermənilər bizimlə daha çox dost olmağa meyl göstərirlər
– Bəs, Ermənistanı necə? Biz həmişə erməni lobbisinin güclü olması barədə eşidirik. Bu doğrudan da belədirmi? Ermənistanı, erməniləri tanıyırlar?
“Erməni lobbisinin ən güclü olduğu ölkə Fransadır” deyimini nəzərə alsaq, mövzu ilə bağlı ilk olaraq Elnuru dinlədik.
Elnur: Mən artıq 5 ildir Fransadayam. Və bura gəlməzdən əvvəl həmişə eşitmişəm ki, Fransa ermənipərəst ölkədir və Fransada erməni lobbisi çox güclüdür. Ölkədə erməni təbliğat maşını daim fəaliyyətdədir. Ancaq bura gələndən bir müddət sonra bütün deyilənlərin, eşitdiklərimin bir mif olduğunu gördüm. Düşünürəm ki, bunun səbəbi 60-70-ci illərdə Fransaya köçüb gəlmiş ermənilər və burada doğulan erməni əsilli fransızların yaratdıqları miflərdir. Güman ki, onların da əksəriyyəti dövlət orqanlarında çalışırlar və daim öz ölkələrini təbliğ edirlər və kənardan da belə bir mənzərə yaranır ki, Fransa ermənipərəst ölkədir. Ermənistanı demək olar ki, tanımırlar. Fransanın ermənipərəst dövlət olması fikri ilə razı deyiləm, çünki belə bir hala rast gəlməmişəm.
Adil və Lətifənin fikrincə isə ermənilərin xaricdə özlərini tanıtma üsullarından biri və ən əsası saxta adlardan istifadə etməkdir.
Adil: İlk öncə 4 il yaşadığım Misir haqqında danışmaq istərdim. Bəli, Misirdə erməniləri tanıyırlar. Ermənilərin Qahirədə Mədəniyyət mərkəzləri var və təbliğat maşınları güclü işləyir. Bizim konflikt barədə məlumatı olanlar da var. Ancaq sizə deyim ki, Misirdə çox az erməni görmüşəm. Onu da qeyd etməliyəm ki, Misirdə azərbaycanlılar fəaldırlar. Bizim ölkələr arası əlaqələrimiz də çox yaxşıdır. Məsələn, Misirdə Azərbaycan adına küçə var. Ümumiyyətlə, Misirdən Azərbaycana gəlib təhsil alan tələbə çoxdur.
Ancaq eyni sözü Pekin haqqında deyə bilmərəm. Pekin böyük şəhərdir bura hər ölkədən investorlar gəlir, obyektlər açır, biznes layihələr həyata keçirirlər. Mütləq şəkildə burada hər ölkə nümayəndəsi rast gəlmək olar. Ancaq tələbələrə gəldikdə mən Pekində Ermənistandan olan tələbəyə rast gəlməmişəm. Ola bilər ki qısa müddətdir burdayam. Çox güman ki, onlar başqa şəhər və universitetlərdə təhsil alırlar.
Lətifə: Düşünürəm ki, ermənilərin xaricdə özlərini tanıtma üsullarından biri və ən əsası yalnış adlardan istifadədir. Mənim, məsələn, başıma gəlib, bir fransalı qız fransız adı və soyadı ilə, Ermənistanı müdafiə edirdi. Halbuki o heç fransıza bənzəmirdi. İsveç soyadlı çox erməni də çox görmüşəm. Onlar öz niyyətlərini ancaq bu üsulla həyata keçirirlər. Ermənilərlə qarşılaşıb-qarşılaşmamağa gəldikdə isə şəxsən mən gördüyüm əksər ermənilər bizimlə dost olmağa çalışıblar. Mövzu siyasət olanda söhbətdən uzaqlaşıblar. Bunu tək İsveçdə yox, Rusiya və Türkiyədə olan ermənilər haqqında da deyə bilərəm.
Adil: Lətifə ilə tamamilə razıyam. Adətən xaricdə olanda ermənilər çalışırlar ki, bizimlə dost olsunlar. Ola bilər ki, dost olmaqda hər hansı çirkin məqsədləri var. Bunu bilmirəm. Ermənilərlə qarşılaşanda və mövzu siyasətdən, Dağlıq Qarabağdan düşəndə onlar daha çox sualdan və tarixi mövzulardan yayınırlar. Misirdə kursa gedirdim. Sinfimizdə ermənilər də var idi. Onlar oxumağa gəlmişdilər və çox fəal idilər. Siyasi söhbətlərimiz də olmuşdu. Ancaq mövzudan yayınmağa çalışırdılar. Lakin Misirdə erməni az görmüşəm. Düşünürəm ki, bunun da səbəbi var. Çünki bir dəfə universitetdən müəllimlərdən biri demişdi ki, adətən biz erməni və azərbaycanlı tələbələri bir qrupa salmırıq. Çünki düşünürük ki, eyni qrupda konflikt yaşana bilər.
– Ümumiyyətlə, təhsil müddətinizdə hər hansı beynəlxalq seminar və ya konfranslarda iştirak etmisiniz? Həmin tədbirlərdə Ermənistanı təmsil edən nümayəndələrlə qarşılaşırsınızmı? Qarşılaşmısınızsa reaksiyalar necə olub?
Qatıldığımız seminarlarda ya Ermənistandan nümayəndə heyəti olmayıb, ya da mövzu siyasət olmadığından hər hansı konfliktlə qarşılaşmamışıq
Adil: Çox seminarlarda olmuşam. Ancaq qatıldığım seminar mövzuları adətən ərəb dili ilə bağlı olduğundan başıma belə bir hadisə gəlməyib. Ola bilər ki, bu həm də iştirak etdiyim seminarlarda erməni nümayəndələrin olmaması ilə bağlı olub, bilmirəm.
Elnur: Mən ermənilərlə qarşılaşsam da, getdiyim seminarlarda mövzu siyasət olmadığından Adil dediyi kimi onlarla heç vaxt konflikt yaşamamışam. Ancaq bizim konfliktlə qarşılaşan tələbələrimiz çox olub. Belə halları Parisdə, Lyonda və Strasburqda təhsil alan gənclərimizdən eşitmişəm.
Dağlıq Qarabağ mövzusu ilə bağlı erməni əsilli nümayəndə ilə konflikt yaşayan İsveçdə təhsil alan Lətifə isə provakasiyaya uğradığını deyir.
Lətifə: Mənim başıma gəlib. Və xoşagəlməz hadisə ilə nəticələnib. Təhsilimin ikinci ilində beynəlxalq assambleyada iştirak etmək üçün dəvət aldım. Müxtəlif ölkələrdən olan tələbələr öz ölkələri barədə məlumat verib, daxili və xarici siyasət, bir az da önəmli tarixi məsələlər haqqında danışıb, qloballaşan dünya üçün ideyalar səsləndirməli idilər. Bu an gözüm qarşıda oturan fransalı nümayəndə- Lüisin burnuna sataşdı.
Növbə mənə çatanda, Bir az Azərbaycanın iqlimindən, coğrafi mövqeyindən danışdıqdan sonra keçdim əsas məsələyə. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyini yenicə demişdim ki, bu Lüisə sanki elektro-şok verdilər. Dərhal yerindən qalxaraq, – Bu mövzu bugünkü müzakirələr üçün yersizdi, gəlin bunu bir kənara qoyaq, – dedi. Qarşımdakının Avropa mədəniyyətindən xəbəri olmayan biri olduğunu anladım, bu qız fransız deyildi. Getdikcə emosionallaşan nitqim məni daha yüksək səslə danışmağa sövq edirdi. Provakasiyaya uğradığımı hiss edəndə artıq gec idi. Bundan sonra biz rektorun otağına yollandıq. Rektor “Lüisin etirazından sonra sən onun sözünə əhəmiyyət verib, müəyyən açıqlama verə bilərdin. Qarşılıqlı hörmət hər şeydən önəmlidir, – dedi. Bu “qarşılıqlı hörmət” mövzusu xeyli uzandı və mənim iki aylıq təhsil təqaüdümdən cərimə tutulması ilə nəticələndi.
Yəqin ki, ermənilərlə qarşılaşan əksər tələbələrimizin başına bu və ya buna bənzər hadisələr gəlib.
Azərbaycanı neft ölkəsi kimi tanıyırlar
– Xaricdə təhsil alan azərbaycanlı tələbə vətəni təbliğ etmək istiqamətində hansı addımları atmalıdır və siz bu istiqamətdə hansı işlər görmüsünüz? Və gələcək planlarınız.
Elnur: Bacardığım qədər 5 il ərzində ölkəmi Fransada təbliğ etmişəm. Mənim musiqi savadım var və uşaqlıqdan musiqi ilə məşğulam. Düzdür, indi o qədər də vaxtım olmasa da, ancaq hərdən musiqiyə də vaxt ayırıram. Yadıma gəlir, bir dəfə Fransada tədbirdə idim. Və çıxış edənlər arasında mən də var idim. Ölkəmi həmin tədbirdə “Sarı gəlin” mahnısı ilə təmsil edirdim. İfamdan sonra mahnının Azərbaycan mahnısı olduğunu bir neçə dəfə vurğulamışdım.
Gələcək planlarım da çoxdur. Bunlardan biri olduğum şəhərdə və ya bu regionda Azərbaycanla bağlı bir qurumun yaranmasında həmtəsisçi olmaqdır. Çünki Kemperdə azərbaycanlılar azdır və bəlkə də buna görə Azərbaycan haqqında insanların o qədər də geniş informasiyası yoxdur. Əsas arzum, olduğum Kemper şəhərində ölkəmizlə bağlı bir tələbə cəmiyyətini qurmaqdır. Düşünürəm ki, belə bir cəmiyyət, qurum olarsa biz tələbələr də bir-birimizi daha yaxşı tanıyarıq, əlaqələrimiz daha geniş olar və ölkəni tanıtmaq istiqamətində hər hansı tədbirlər həyata keçirərik. Çünki Fransa böyük ölkədir və baxmayaraq ki azərbaycanlılar orada çox deyil, ancaq yenə də bizim əlaqələrimiz məhduddur.
Adil: Mən də digər tələbə yoldaşlarım kimi ölkəmin əsasən təhsil aldığım universitetdə prezentasiyalarda, tədbirlərdə bu və ya digər formada tanınması, təbliğatı istiqamətində əlimdən gələni etmişəm. Tanımayanlara tanıtmışam, bilməyənlərə bacardığım qədər nə isə öyrətməyə çalışmışam. Ancaq təbliğatın əsas forması düşünürəm ki, həm də davranışdır. Biz öz davranışımızla ölkəmizi xaricdə yaxşı təmsil etməyi də unutmalı deyilik. Bu, çox önəmlidir. Yaxşı tələbə öz davranışı ilə ölkəsi haqqında yaxşı rəy formalaşdıra bilər. Və təbliğatın ən əsas tərəflərindən biri də xaricdə olan tələbələrin aktiv olmasıdır. Biz çalışmalıyıq ki, aktiv olaq, çox tədbirlərdə iştirak edək. İştirak etdiyimiz hər tədbirlə biz ölkəmiz üçün nə isə etmiş sayılırıq.
Lətifə: Düşürəm ki, ən böyük təbliğat Adilin dediyi kimi, xaricdə olan azərbaycanlıların davranışıdır. Bu çox vacibdir. Biz öz mədəniyyətimizlə ölkəmiz haqqında müsbət rəy formalaşdıra bilərik. Bilirsiniz, mən çox görürəm bizim o qədər azərbaycanlı tələbələr var ki, özlərinin azərbaycanlı olduqlarını deyəndə onlar haqqında o qədər müsbət fikir formalaşır. Adam qürur duyur ki, ölkəmiz haqqında belə müsbət rəy formalaşdıran insanlarımız var. Bildiyiniz kimi Avropaya miqrant axını həddindən artıq çoxdur. İstər Afrikadan, istər Asiyadan. Və artıq avropalılarda afrikalılar, pakistanlılar, əfqanlar haqqında ümumi rəy formalaşıb. Biz çalışmalıyıq ki, azərbaycanlılar haqqında bu rəyi müsbət notda formalaşdıraq. Hələ ki mən gördüyüm qədər ölkəmizi neft ölkəsi, zəngin ölkə kimi tanıyırlar. Mən həmişə çalışıram sübut edəm ki, biz azərbaycanlıların siz avropalılardan heç bir fərqi yoxdur, biz sizdən aşağı deyilik. Və sizin də bizdən öyrənməli çox şey var.
Elnur: Lətifənin fikirləri ilə tam razıyam. Mənim azərbaycanlı olduğumu biləndə “siz neft ölkəsindən, petrol ölkəsindən gəlmisiniz” kimi reaksiyalar verirlər.
– Minnətdaram, hər birinizə təhsilinizdə və gələcək həyatınızda uğurlar arzu edirəm!
Aynur Hüseynova
1905.az