Fevralın 7-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
AZƏRTAC xəbər verir ki, elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Qeyd edək ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 5 fevral tarixli Sərəncamına əsasən, Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klınçenko qeyd edib ki, Ukrayna xalqı Azərbaycana və Prezident İlham Əliyevə növbəti humanitar yardıma görə minnətdarlığını bildirir: “Bu humanitar yardım həqiqətən də ukraynalıların həyatını xilas edir. Bundan başqa, bu yaxınlarda Davos Forumunda Prezident Volodimir Zelenski və Prezident İlham Əliyev arasında görüş oldu. Bu görüş dövlətlərarası strateji əməkdaşlığımızın və münasibətlərimizin yüksək səviyyədə olduğunu göstərir”.
Onun sözlərinə görə, Azərbaycan və Ukrayna arasında iqtisadi əlaqələr bundan sonrada inkişaf edəcək.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3,3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.