Bu həftə Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Arxada qalan bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycan öz inkişaf yolu və əldə etdiyi yüksək iqtisadi göstəricilərlə dünya miqyasında fenomenə çevrilib. Bu inkişafın göstəriciləri həm də ölkəmizin kosmik kluba qoşulması, qlobal problemlərdən olan enerji təhlükəsizliyi, terrorizmlə mübarizə kimi məsələlərdə söz sahibinə çevrilməsidir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
Bütün uğurlar Dağlıq Qarabağ problemi şəraitində əldə olunub
Azərbaycan özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir, iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın çoxşaxəli inkişafının təmin olunması istiqamətində mühüm islahatlar aparılır. Lakin xüsusilə qeyd etməliyik ki, Azərbaycan özünün müasir müstəqil dövlətçilik tarixinə yazılan bütün uğurlarına hələ də davam edən Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağ problemi şəraitində nail olub.
Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. Bu təşkilatların müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan bütün dünyanın gözü qarşısında buna məhəl qoymur.
Bu müharibədə Azərbaycanın torpaqları işğal olunsa da, sonrakı dövrdə uduzan məhz Ermənistan olub. Öz təcavüzkar siyasətinin qurbanı olan Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadada qalıb və 22 il əvvəl necə idisə, indi də səfalət içində yaşayır. Əhalisi sürətlə azaldığından hətta orduya əsgər çağırışında hər il ciddi problemlərlə üzləşir. Bu günlərdə “Sputnik Azerbaydjan”a müsahibə verən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan status-kvonu dəyişməz saxlamaq istəyir: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? – Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransa – bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir”.
Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir
Danışıqlar prosesində Azərbaycanın tələbi beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarətdir. Bu, Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Hazırda ölkəmizin zəbt olunmuş torpaqlarının işğalına son qoymaqdan daha vacib vəzifəmiz yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt – nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə və burada ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyidir.
Dağlıq Qarabağ probleminin yoluna qoyulması ilə bağlı rəsmi Bakının təklifləri konstruktivdir. Bu ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar.
Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də bir daha aydınlıq gətirib: “Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət – biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur”.
Aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir. Bu hadisələrdən sonra status-kvonun dəyişməsinin vacibliyi tez-tez gündəmə gəlməyə başlayıb. Vəziyyətin konstruktiv məcrada dəyişməsi Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Ermənistan üçün daha vacibdir. Çünki status-kvonun dəyişməməsi cəbhə xəttində yeni toqquşmaları qaçılmaz edir. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, düşmənin aprel təxribatı təkrarlanmayacaq. Lakin yeni mümkün hərbi əməliyyatların Ermənistana baha başa gələcəyi şübhəsizdir. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri həmişə başa düşüblər. Ona görə apreldə baş verənləri təhlil edərək gələcəkdə Ermənistan üçün çətin olacağını başa düşdüklərindən son aylar status-kvonun dəyişdirilməsinin vacibliyini danışıqlar prosesində tez-tez səsləndirməyə başlayıblar.
Əsas məqsədimiz işğal olunmuş torpaqları düşməndən təmizləməkdir
Azərbaycan aprel döyüşlərindən sonra danışıqların substantiv əsaslarla davam etdirilməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirib. Substantiv danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir.
Lakin Ermənistan yenə də konstruktiv danışıqlar aparmaq əvəzinə təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. İşğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. Bu narahatlıq doğuran faktlar ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən bir daha təsdiq edilib.
Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, hissəsidir və həmişə də belə olacaq. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır. Beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də elə bunları tələb edir.
Digər tərəfdən, bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Apreldə dörd gün ərzində düşməni əzən, hərbi baxımdan xeyli sayda strateji yüksəklikləri, ümumən isə 2 min hektara qədər işğal altında olan ərazimizi azad edən Azərbaycan Ordusu isə inkişaf edən Azərbaycanın real mənzərəsidir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, Azərbaycan Ordusu bir çox məsələlərin həlli üçün ciddi potensiala malikdir. Bəli, Azərbaycan Ermənistan qarşısında böyük hərbi üstünlüyə malikdir. Müsahibədə qeyd olunduğu kimi, ordumuzun döyüş imkanlarının artırılması istiqamətində işlər davam edir. Çünki əsas məqsədimiz işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan” qəzeti, 21 oktyabr 2016