Ramiz Sevdimalıyev,
BDU-nun beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru
Ermənistan silahlı qüvvələrinin ölkəmizin yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan cari ilin 27 sentyabrında özünümüdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Əks-hücum əməliyyatının əsas məqsədi işğala son qoyulması, mütəmadi olaraq Ermənistan tərəfindən intensiv artilleriya atəşinə məruz qalan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. İki dövlət arasında silahlı qarşıdurmanın səbəblərini və cəbhədə baş verənlərin mahiyyətini aydınlaşdırmaq məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edirik.
1. Ermənistanın işğalçı dövlət olması danılmazdır, bu fakt beynəlxalq sənədlərdə təsbit edilib.
Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonları da daxil olmaqla 20% ərazisi 30 ilə yaxındır ki, silahlı hücum nəticəsində Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi qətnamələrdə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin işğalı faktını təsdiqləmiş və bütün işğalçı erməni qüvvələrinin həmin ərazilərdən çıxmasını tələb etmişdir. BMT TŞ həmin 4 qətnamədə dəfələrlə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğunu təsbit etmişdir. Həmin qətnamələrdə eyni zamanda TŞ “Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmış ermənilər” ifadəsini istifadə etməklə erməni tərəfinin uydurduğu hər hansı “Dağlıq Qarabağ xalqı” anlayışının əsassız olduğunu vurğulamışdır.
Keçən dövr ərzində həmçinin BMT Baş Assambleyası, AŞPA, Avropa Parlamenti, ATƏT PA, İƏT və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələrdə də Azərbaycan ərazilərinin işğalı faktı təsbit edilmiş və işğalçı silahlı qüvvələrin qeyd-şərtsiz həmin əraziləri tərk etməsi tələb edilmişdir.
Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci ildə “Çıraqovlar və digərləri Ermənistana qarşı” işinə, 2016-cı ildə isə “Muradyan Ermənistana qarşı” işinə dair qəbul etdiyi qərarlarda vurğulanır ki, silahlı toqquşmalar başlanan andan Ermənistan bu prosesdə iştirakçı olduğunu və Azərbaycan ərazilərinin məhz Ermənistan tərəfindən işğal edilməsi faktını təsbit etmişdir.
2. ATƏT-in Minsk Qrupu psevdovasitəçiliklə məşğul olmuşdur.
1992-ci ilin mart ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair Minsk prosesinə start verilmişdir. Martın 24-də ATƏT-in (o vaxt ATƏM adlandırılırdı) Xarici İşlər Nazirləri Şurası vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün Minsk şəhərində sülh konfransının çağırılması barədə qərar qəbul etdi və ATƏT-in Minsk qrupu yaradıldı. Konfransda Minsk qrupunun üzvləri kimi ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Belarus, İsveç və Finlandiya,o cümlədən münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı nəzərdə tutulurdu. Sonradan Minsk qrupunun həmsədrlik institutu təsis edildi. Rusiya, ABŞ və Fransa 1997-ci ildən ATƏT-in Minsk qrupunun (ATƏT MQ) həmsədrləri kimi fəaliyyətə başladılar.
Həmin vaxtdan başlayaraq həmsədrlər dövri olaraq Azərbaycana və Ermənistana səfərlər etməyə, bəyanatlarla çıxış etməyə başladılar. İlk illərdə Azərbaycan cəmiyyətində həmsədrlərdən müəyyən gözləntilər var idi. Hər dəfə onların bölgəyə səfəri zamanı cəmiyyətin bütün təbəqələri həmsədrlərin hansı təkliflər paketi ilə gəldikləri ilə maraqlanırdı. Lakin zaman keçdikcə cəmiyyətdə ATƏT-in MQ həmsədrlərinin fəaliyyətilə bağlı məyusluq və inamsızlıq formalaşmağa bağladı. Azərbaycan cəmiyyəti başa düşdü ki, həmsədrlər psevdo, yəni yalançı vasiyəçilik missiyası ilə məşğuldurlar.
ATƏT-in MQ həmsədrləri öz fəaliyyəti dövründə bir dəfə də olsun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında olmasını dilə gətirmədilər, vasitəçilər kimi bitərəfli davranmaq imitasiyası ilə məşğul olaraq işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymadılar, bir dəfə də olsun Ermənistandan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağı tələb etmədilər, əksinə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağı iki ölkə arasında mübahisəli ərazi kimi təqdim etməyə çalışdılar, bununla da de-fakto işğalçı dövlətə dəstək vermiş oldular.
3. Ermənistan mütəmadi olaraq ATƏT MQ çərçivəsində danışıqlar prosesini pozaraq status-kvonu saxlamağa çalışmışdır.
Psevdovasitəçiliklə məşğul olmasına baxmayaraq, ATƏT MQ həmsədrləri təşkilatçılığı ilə münaqişə tərfləri olan Azərbaycan və Ermənistan arasında danışıqlar aparılmışdır. Bu danışıqlar ölkə prezidentləri və xarici işlər nazirləri səviyyəsində baş tutmuşdur.
Danışıqlar zamanı masada müxtəlif dövrlərdə, sonradan prinsiplər kimi formalaşdırılımış müəyyən təkliflər olub. Azərbaycan həmişə ATƏT MQ çərçivəsində aparılan danışıqlarda konstruktivlik nümayiş etdirərək real nəticələrin əldə edilməsinə çalışıb. Lakin hər dəfə müəyyən irəliləyişlərə nail olmaq ehtimalı yaranan kimi Ermənistan tərəfi bütün danışıqlar prosesini pozub, daim olaraq status-kvonu saxlamağa çalışıb. Ermənistan prezidenti Levon Ter-Petrosyan Azərbaycanla razılaşmağa nail olunmasının qaçılmaz olduğunu anlayan kimi o, istefaya məcbur edildi və bütün razılaşmalar pozuldu. Köçəryan hakimiyyətə gələndən sonra Ermənistan parlamentində terror aktı həyata keçirildi, Azərbaycanla razılaşmanın əldə olunmasına meylli siyasətçilər qətlə yetirildi və danışıqlara sıfırdan başlanıldı. Serj Sarkisyan Parisdə danışıqlarda müəyyən ümidlər yarandıqda müxtəlif bəhanələrlə danışıqları tərk etdi. Paşinyan baş nazir seçilərkən müəyyən ümidlər var idi. Lakin Paşinyan yenidən müxtəlif bəhanələr və təxribatlarla uzun illər ərzində yenilənmiş Madrid prinsipləri əsasında aparılan danışıqlar prosesini tamamilə pozdu. Ermənistanın baş naziri Paşinyanın “Qarabağ Ermənistandır – nöqtə”, müdafiə naziri Tonoyanın “Yeni müharibə – yeni ərazilər” bəyanatları, qondarma “DQR prezidentinin” Azərbaycan xalqının tarixi-mədəniyyət irsində xüsusi yeri olan Şuşa şəhərində inauqurasiya mərasimi keçirilməsi və bu qondarma qurumun “parlamentinin” Şuşaya köçürüləcəyinə dair bəyanatlar verərək Azərbaycan xalqının hissiyyatına toxunulması danışıqlar prosesinin pozulmasına yönəlmiş məqsədyönlü təxribatlar idi.
Eyni zamanda son illər ərzində Ermənistan tərəfi silahlı qüvvələrin təmas xəttində və işğal edilmiş ərazilərdən xeyli uzaqlarda Ermənistan-Azərbaycan sərhəddi boyunca yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutmaqda davam etmişdir.
Ermənistan 2020-ci ilin iyul ayında işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan xeyli aralı olan Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərmiş, sərhədyanı yaşayış məntəqələrini atəşə tutmuş, bu silahlı təxribat nəticəsində Azərbaycanın 1 nəfər general olmaqla 12 hərbçisi və 1 mülki vətəndaşı həlak olmuşdur. Bunun ardınca Ermənistan yeni cinayətlərə əl atmaqda davam etmiş, Azərbaycan ərazisinə təxribatçı-kəşfiyyat qrupu göndərmişdir. Daha sonra Ermənistan rəhbərliyi Beyrut dəniz limanında 4 avqustda baş vermiş partlayışdan sonra Livan ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsinə başlamış və bununla da, beynəlxalq humanitar hüquq normalarını kobud şəklidə pozmaqda davam etmişdir.
Azərbaycanın xəbərdarlığına baxmayaraq Ermənistan tərəfi təxribatlarını zəncirvari olaraq davam etdirmiş və gərginliyi ən yüksək həddə çatdırmışdır. Nəhayət, Ermənistan silahlı qüvvələrinin cari ilin 27 sentyabrında səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan özünümüdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı.
4. Azərbaycanın əks-hücum əməliyyatları beynəlxalq hüquqa uyğun şəkildə aparılır.
Azərbaycan əraziləri Ermənistanın silahlı hücumu nəticəsində işğal edilib və 30 ilə yaxındır ki, Ermənistan bu əraziləri işğal altında saxlayırdı. Odur ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Azərbaycan individual və ya kollektiv özünümüdafiə hüququna malikdir. Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını məhz özünümüdafiə hüququna istinad edərək başlamışdır və bu əməliyyatların əsas məqsədi işğala son qoyulması, mütəmadi olaraq Ermənistan tərəfindən intensiv artilleriya atəşinə məruz qalan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir.
Odur ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyatlar zamanı düşmənin işğal edilmiş ərazilərdə yerləşdirdiyi hərbi obyektlərini və silahlı qüvvələrini hədəf kimi seçmişdir. Hücumlar zamanı Azərbaycan beynəlxalq humanitar hüquq normalarına riayət edir və mülki əhalini hədəf kimi seçmir, mülki əhali ilə müharibə aparmır.
Əks-hücum əməliyyatı birmənalı şəkildə Azərbaycan silahlı qüvvələrinin müasir hərbi texnika, silah və sursatla təmin olunduğunu göstərdi, biz Azərbaycan ordusunun canlı heyətinin yüksək peşəkarlığa malik hərbçilərdən formalaşdırıldığının şahidi olduq. Qısa müddət ərzində Azərbaycan ordusu onlarla kənd və qəsəbəni, müxtəlif strateji yüksəklikləri azad edib, düşmənin yüzlərlə tank və zirehli qurğularını və digər texnikasını, komanda məntəqələrini, raketdən müdafiə sistemlərini məhv edib, onlarla tank və digər texnikasını, silah və sursatını hərbi qənimət kimi ələ keçirib, minlərlə düşmən əsgəri məhv edilib və əsir götürülüb. Ermənistan ordusu sıralarında ruh düşgünlüyü hökm sürür, fərarilik halları artmaqdadır.
Bunun əksinə olaraq Azərbaycan ordusu sıralarında yüksək mənəvi-psixoloji durum və ruh yüksəkliyi hökm sürür. Bu ruh yüksəkliyini şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, onlar Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi kimi tarixi missiyanı reallaşdırırlar. Azərbaycan əsgərləri öz torpaqlarımızın azad edilməsi uğrunda vuruşurlar.
Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəmi bir neçə gün ərzində Ermənistanın güclü ordusu olması barədə mifi alt-üst etdi və bu ölkənin, ümumiyyətlə qısa müddət ərzində belə müharibə aparmaq iqtidarında olmadığını açıqlığı ilə göstərdi.
5. Ermənistan humanitar atəşkəs barədə razılaşmanı pozdu.
Cəmi bir neçə gün davam edən döyüşlər göstərdi ki, Azərbaycan iqtisadiyyatı, təbii resursları, əhalinin sayı ilə yanaşı hərbi sferada da gücü Ermənistandan qat-qat güclüdür. Cəbhədə əldə edilmiş uğurları siyasi və diplomatik müstəvidə də davam etdirmək məqsədilə Azərbaycan xarici işlər naziri 8 oktyabrda Cenevrədə ATƏT MQ həmsədrlərini vəziyyətlə bağlı məlumatlandırdı, 9 oktyabrda isə Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşə qoşuldu.
Moskva görüşü 11 saat davam etdi və müzakirələrin nəticəsi olaraq tərəflər arasında razılaşma əldə edildi. Bu razılaşma faktiki olaraq iki prosesi əhatə edirdi: birinci proses humanitar məqsədlərlə atəşkəsi nəzərdə tuturdu, ikinci proses isə Azərbaycan və Ermənistan arasında ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlanılmasını nəzərdə tuturdu. Bundan əlavə, razılaşmada danışıqların formatının dəyişməzliyi, yəni Ermənistanın iddialarının əksinə olara danışıqların Azərbaycan və Ermənistan arasında aparılması təsdiq olunurdu.
Əlbəttə ki, hələ əvvəlcədən Ermənistanın əldə ediləcək danışıqları pozacağı barədə ehtimallar var idi. Belə ki, hazırda cəbhədəki uğursuzluq Ermənistan cəmiyyətində ciddi çaşqınlığa və pik həddə çatmış gərginliyə səbəb olub. Əsgər anaları hakimiyyətdən övladları barədə məlumatlar tələb edir, ölkədə iqtisadi-sosial durum acınacaqlı vəziyyətdədir. İşğalçı dövlətin siyasi elitası bir neçə qruplaşmaya parçalanıb, hətta “Qarabağ klanı” deyilən qruplaşma belə bölünüb. Hər qrup gələcək hakimiyyət uğrunda mübarizə haqqında düşünür. Baş nazir Paşinyan isə başını itirib və çıxılmaz bir vəziyyətə düşüb. Bu azmış kimi humanitar atəşkəs baş tutacağı halda cəbhə bölgəsindən Ermənistana minlərlə əsgər cəsədinin gətirilməsi gözlənilirdi və ölkədə hərc-mərcliyin yaranması qaçılmaz idi. Digər tərəfdən, atəşkəsə əməl edildiyi, danışıqlara başlanıldığı halda Ermənistan hakimiyyəti işğal edilmiş Azərbaycan ərazilərindən çıxmaq barədə qrafik təqdim etməli olacaqdı. Bu isə Ermənistanda xaosun yaranması və Paşinyanın sonu demək idi.
Doğrudan da, Moskva razılaşması əldə ediləndən bir saat belə keçməmiş Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan elan etdi ki, bizim əsas məqsədimiz “Dağlıq Qarabağın öz müqəddəratının təyin edilməsi hüququnun tanınması və reallaşdırılması, Dağlıq Qarabağda müstəqil dövlətin yaradılmasından” ibarətdir. Paşinyan və Mnatsakanyan 10 oktyabrda bu sərsəm iddialarla yenidən çıxış etdilər. Bu bəyanatlar bir mənalı şəkildə Ermənistan rəhbərliyinin heç müvəqqəti humanitar atəşkəsinə də razılaşmayacağından xəbər verirdi.
Həqiqətən, danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərindən əks-hücuma keçərək itirilmiş mövqeləri geri qaytarmağa calışırıdlar. Bu məqsədlə Ermənistan tərəfi azad edilmiş Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini yenidən ələ keçirmək üçün xüsusi təyinatlıları göndərmişdilər. Lakin Azərbaycan ordusu Erməstan qüvvələrinin bu həmlələrini müvvəffəqiyyətlə dəf etdi, xüsusi təyinatlıları isə pusquya salıb məhv etdi, düşmən ciddi itki verərək geri çəkilməyə məcbur edildi.
Beləliklə, Ermənistan tərəfinin cinayətləri və təxribatları nəticəsində humanitar məqsədli müvəqqəti atəşkəs başlamamış pozuldu. Lakin cəbhədə üzləşdiyi uğursuzluq düşmən tərəfi daha da quduzlaşdırdı…
6. Ermənistan müharibə cinayətləri törədir.
Azərbaycan özünümüdafiə hüququ çərçivəsində əks-hücüm əməliyyatlarına başladıqdan sonra cəbhədə sürətlə mövqelərini itirən Ermənistan yenidən ölkəmizin yaşayış məntəqələrini, mülki əhalini, sosial obyektləri mütəmadi olaraq intensiv artileriya atəşinə tutmağa başladı. Xüsusi olaraq əhalinin sıx yaşadığı şəhərlər və rayon mərkəzləri hədəf kimi seçildi. Azərbaycanın Gəncə, Tərtər, Naftalan, Goranboy, Ağcabədi, Bərdə, Mingəçevir və digər şəhərlərinə ciddi ziyan vurulub, mülki əhali arasında ölənlər və yaralananlar var.
Ermənistan hakimiyyəti hətta çəkinmədən Azərbaycanın mülki əhalisini məqsədyönlü şəkildə hədəf seçdiklərini və ölkədə xaos yaratma istədiklərini açıq şəkildə bildirdilər. Belə ki, Ermənistanın keçmiş müdafiə naziri və Baş nazir Paşinyanın müşaviri Vaqarşak Arutunyan Rusiya televiziyasında açıq şəkildə bildirmişdir ki, biz əhali arasında panika yaratmaq məqsədilə yaşayış məntəqələrinə atəş açırıq. Eyni sözləri Paşinyan ingilisdilli “Hard Talk” verilişində də aparıcının sualını cavablandırarkən eyni sözləri demişdi.
Ermənistan tərəfi Moskva görüşü zamanı və həmin görüşdən sonra Azərbaycanın mülki əhalisinə hücumları daha da intensivləşdirdi, Gəncə və Mingəçevirə hücumları artırdı.
Ən dəhşətli hücumlardan biri oktyabrın 11-də Gəncə şəhərinin əhalinin söx məskunlaşdığı hissəsinə gecə saatlarında ballistik raketin atılması oldu. Bu hücum nəticəsində mülki əhali arasında 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 40-a yaxın insan ağır yaralandı, 3 uşaq hər iki valideynini itirdi. Oktyabrın 17 gecə saatlarında düşmənin silahlı qüvvələri öz çirkin əməlinə əl ataraq Gəncə şəhərinin yaşayış massivinə yenidən ballistik raketlə hücum etdi. Bu müdhiş cinayət nəticəsində 3-ü azyaşlı uşaq, 4-ü isə qadın olmaqla 14 mülki şəxs həlak oldu, 5 nəfəri azyaşlı uşaq, 20-si qadın olmaqla 50-dən artıq mülki şəxs ağır yaralandı. Raketlərin düşdüyü ərazilərdə yaşayış binaları darmadağın edildi, ətrafdakı yaşayış binalarına və sosial obyektlərə ciddi zərər vuruldu.
Gəncə əhalisinə qarşı olan bu hücumlar birbaşa Ermənistan hakimiyyətinin törətdiyi mühribə cinayətləridir və onların məsuliyyəti Baş nazir Paşinyanın üzərinə düşür. Mütəxəssislərin fikrinə görə, ballistik raket atılmamışdan əvvəl ona elektron tabloda hücum tapşırığı, hədəf seçilən məkanın koordinatları verilir və bu raketlər seçilmiş hədəfi dəqiqliklə vurur. Bundan əlavə belə raketlərin atılması barədə qərarı hər hansı bir komandir verə bilməz, belə qərarı yalnız ya müdafiə naziri, ya da siyasi rəhbərlik verə bilər. Beləliklə, aydındır ki, Gəncə əhalisinə raket hücumları məqsədyönlü şəkildə gecə saatlarında (əhali yatdığı vaxtlarda) həyata keçirilib və bu barədə göstərişi Ermənistanın ali rəhbərliyi verib. Bu birmənalı şəkildə müharibə cinayətləridir və Ermənistanın dövlət terrorizm siyasətinin təcəssümüdür.
Ermənistan tərəfi 15 oktyabr tarixdə ən müdhiş cinayətlərdən birinə də imza atdı — bu ölkənin silahlı qüvvələri Tərtər şəhərinin qəbirstanlığını artilleriya atəşinə tutdu və bu atəş nəticəsində dəfn mərasimində iştirak edən 4 nəfər mülki şəxs həlak oldu, 4 nəfəri isə yaralandı.
Ümumiyyətlə, 27 sentyabrdan 17 oktyabradək Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində 60 nəfər dinc sakin həlak olub, 270 nəfər yaralanıb, 1704 yaşayış evi, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt dağıdılaraq yararsız hala salınıb. Ermənistanın mülki əhaliyə hücumları davam etməkdədir, odur ki, bu məlumatlar hər an dəyişir.
Hazırda Ermənistanın törətdiyi cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi üçün Azərbaycanın beynəlxalq tribunallara müraciət etməsinə kifayət qədər əsası var.
7. Nə üçün Azərbaycan ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə danışıqların bərpa edilməsinə razılaşdı?
Biz yuxarıda ATƏT-in MQ həmsədrlərinin öz fəaliyyəti dövründə psevdovasitəçilik missiyası ilə məşğul olduğunu və de-fakto işğalçı Ermənistanı dəstəklədiklərini qeyd etdik. Həmin dövrdə həmsədr ölkələr öz maraqları kontekstindən yanaşırdılar. Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya dünyanın böyük dövlətləri olmaqla yanaşı, həm də erməni diasporunun daha güclü olduğu ölkələrdir. Bundan əlavə həmsədr ölkələr hesab edirdilər ki, müəyyən müddət keçdikdən sonra Azərbaycan cəmiyyəti işğal altında olan əraziləri yaddan çıxaracaq və Azərbaycanın heç elə bir ordusu da yoxdur ki, həmin əraziləri azad etsin. Digər tərəfdən, həmsədr ölkələr vasitəçi kimi münaqişənin həlli ilə bağlı özlərini sanki monopolist hesab edirdilər.
Odur ki, işğaldan sonra yaranmış status-kvo ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti dövründə qorunub saxlanıldı. Status-kvonun saxlanılması isə birbaşa Ermənistanın maraqlarına uyğun idi.
Düzdür, Azərbaycan rəhbərliyinin səyləri nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də ciddi irəliləyişlər əldə edildi. Artq müəyyən müddətdən sonra Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sıralarında yer aldı. Həmin vaxtdan həmsədr ölkələr Azərbaycan dövlətinin tələbi ilə bəyan etməyə başladılar ki, münaqişə bölgəsində status-kvo dəyişdirilməlidir. Lakin praktikada heç nə dəyişmədi, əksinə, Paşinyan hakimiyyəti sistemli təxribatlar nəticəsində danışıqlar prosesini tamamilə pozdu.
Azərbaycan 27 sentyabrda əks-hücum əməliyyatlarına başladıqdan sonra isə həmsədr ölkələrdən biri olan Fransanın prezidenti Emmanuel Makron bildirdi ki, “Azərbaycan güc yolu ilə Dağlıq Qarabağı fəth etmək istəyir, biz buna yol verməyəcəyik”. O daha sonra Ermənistanın yanında olduğunu bəyan etdi, Avropa liderlərinə, Rusiya prezidentinə zəng edərək onları açıq-aşkar Azərbaycana qarşı birləşməyə çağırdı. Makron hətta ölkəmizə qarşı iftiradan belə çəkinməyərək, beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı və iddia etdi ki, guya “Azərbaycan tərəfindən Suriyadan gəlmiş cihadçılar vuruşur”.
Əlbəttə, Makron açıq şəkildə beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirdi, işğaçı dövləti dəstəklədi və birmənalı şəkildə münaqişə tərəfləri ilə bağlı neytrallığı pozdu. Odur ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəaliyyətini davam etdirməsi mümkünsüz göründü. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıqlamalarında bu məsələyə öz fikrini bildirdi və Makrondan Azərbaycan xalqından üzr istəməsini tələb etdi.
Odur ki, ölkəmizin XİN rəhbərinin Cenevrədə ATƏT MQ həmsədrləri ilə görüşü, əsasən də Moskvada üçtərəfli görüşə qatılması Azərbaycan cəmiyyətində narahatlıqla qarşılandı.
Moskva görüşü ərəfəsində Prezident İlham Əliyev çıxış edərək bildirdi ki, artıq heç bir status-kvo yoxdur, artıq ordunun təmas xətti yoxdur, yalnız sərhəd xətti var. Prezident eyni zamanda, heç kəsin ona təzyiq edə bilməyəcəyini bildirdi.
Prezident bu çıxışı ilə bir tərəfdən əhalini narahat olmamağa çağırdı, digər tərəfdən isə ATƏT-in Minsk Qrupu həmsədrlərinə mesaj vermiş oldu ki, artıq münaqişənin həlli ilə bağlı sizin monopoliyanıza son qoyuldu, sizin fəaliyyətinizə alternativ var – bu, Azərbaycan ordusunun güçü və torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu isə o anlama gəlir ki, danışıqlar prosesi baş tutsa, artıq güclü tərəf və cəbhədə konkret uğurlar əldə etmiş tərəf kimi şərti Azərbaycan irəli sürəcək və həmsədrlər texniki funksiyaları yerinə yetirən vasitəçilərə çevriləcəklər. Azərbaycanın isə bir şərti var: işğalçı qüvvələr Azərbaycan torpaqlarından dərhal çıxmalıdırlar.
8. Türkiyə Azərbaycanın yanındadır.
Hələ 20 əsrin sonlarında Ermənistanın Dağlıq Qarabağ və digər ərazilərimizə silahlı təcavüzü başlanandan Türkiyə Azərbaycana hərtərəfli dəstək vermişdir. Hazırda Türkiyə dünyanın güclü dövlətləri sırasında yer alır, qlobal məsələləri həll etməyi bacaran güc mərkəzinə çevrilməkdədir.
Cəbhədə Azərbaycan əks-hücum əməliyyatlarına başlayandan sonra, Türkiyə birmənalı şəkildə beynəlxalq hüquq normalarını dəstəklədiyini, Azərbaycana öz ərzilərini işğaldan azad etməsi üçün istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar müxtəlif beynəlxalq tribunadan Azərbaycana dəstəklərini ifadə etdilər.
Bundan əlavə, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür, Cənubi Qafqaz dövlətləri olan Azərbaycanla müttəfiqlik və Gürcüstanla strateji tərəfdaşlıq əlaqələri var, regionla həmsərhəd olan ölkədir.
Türkiyə istənilən fürsətdən istifadə edərək Ermənistanın işğala son qoymasını tələb edir və baş verən hadisələri diqqət mərkəzində saxlayır. Müdafiə naziri Hulusu Akar hətta, hər hansı üçüncü tərəfin münaqişəyə qatılacağı halda Türkiyənin də birbaşa Azərbaycan tərəfdən münaqişəyə müdaxilə edəcəyini bildirib.
9. Azərbaycanın döyüş taktikası dünyada maraq doğurur.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan mülki əhali ilə müharibə aparmır, onu hədəf seçmir, Azərbaycanın Ermənistan ərazisində hədəfləri yoxdur.
Doğrudan da diqqət verdikdə görürük ki, Azərbaycan kontaktsız hərbi əməliyyatlara üstünlük verir, hədəf olaraq düşmənin hərbi sistemləri, artilleriya qurğuları, raketdən müdafiə sistemləri seçilir və müasir PUA-larla vurulurlar. PUA-lardan istifadə etməklə Azərbaycan minimal itkilər verməklə düşmənin işğal altında saxladığı ərazilərdə yerləşdirdiyi hərbi sistemlərinin, artilleriya qurğularının və zirehli texnikasının, raketdən müdafiə sistemlərinin böyük əksəriyyətini, 30 il ərzində nəzarətdə saxladığı ərazilərdə qurduğu eşelonlaşmış hərbi istehkamları məhv etmiş, qısa bir müddət ərzində strateji yüksəklikləri azad etmiş, döyüş cəbhəsində üstünlüyü ələ keçirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın məqsədi maksimum nəticə, minimum itki verməkdir. Azərbaycan PUA-lar vasitəsilə hücumlara üstünlük verməklə faktiki olaraq süni intellektdən istifadə taktikasını seçmiş oldu. Azərbaycan təcrübəsi gələcək müharibələrin hansı vasitələrlə aparılacağı barədə mülahizələrə yol açdı.
Beynəlxalq mətbuat ölkəmizin müasir PUA-lardan istifadə etməklə döyüş taktikasına diqqət yetirir və aparıcı dövlətlərə Azərbaycanın bu təcrübəsini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirlər.