İkinci dünya müharibəsində Azərbaycanın iştirakı məsələsinin araşdırılması müasir vətən tarixşünaslığında üç əsas istiqamətdə inkişaf edir:
Birincisi, vaxtilə qizli saxlanılmış arxiv sənədlərinin çap olunması sayəsində problemin mənbəşünaslıq bazası genişlənir;
İkincisi, Azərbaycanın müharibədə iştirakı ilə bağlı sovet tarixşünaslığında araşdırılmış mövzular yenidən nəzərdən keçirilir;
Üçüncüsü, problemin tədqiqat sahəsi genişlənir, əvvəllər üzərlərində qadağa qoyulmuş mövzular araşdırılır və müharibə dövrü ilə bağlı tariximizin “ağ ləkələri” silinir.
Etiraf etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İkinci dünya müharibəsinin tarixinin öyrənilməsinə maraq bir qədər azalmışdı. Bunun obyektiv səbəbləri var idi. Cəmiyyətdə sovet dövrünə münasibət birmənalı deyildi və bu dövrlə bağlı hər bir məsələni qaralamaq, orada ancaq qara səhifələr axtarmaq meyli var idi. Nəsillərin dəyişilməsinin və kütləvi şüurun sovet keçmişindən uzaqlaşmasının bu prosesə böyük təsiri olmuşdu. Azərbaycanın gənc nəsli üçün İkinci dünya müharibəsi artıq uzaq keçmiş idi. Onların yaddaşında bu dövr müharibəni görmüş və ondan əziyyət çəkmiş insanlardakı kimi emosional iz qoymamışdır.
Müstəqillik illərində Azərbaycan tarixçiləri İkinci dünya müharibəsinin hadisələrinə münasibətdə sovet tarixşünaslığında hakim mövqe tutmuş konsepsiyadan bir qədər uzaqlaşdılar. Tarixçilərimizin bir hissəsi hesab edir ki Azərbaycan SSR-in 1941-1945-ci illərdə sovet-alman müharibəsində iştirakına münasibətdə “Vətən müharibəsi” anlayışını istifadə etmək düzgün deyil. Həmin tarixçilərin əsas arqumentləri ondan ibarətdir ki faşist Almaniyası Azərbaycanı işğal etməmişdir, onun ərazisində hərbi əməliyyatlar aparılmamışdır və respublika SSRİ-in tərkibində olduğu üçün bu müharibəyə məcburən cəlb olunmuşdu. Lakin həmin əsərlərdə azərbaycanlıların faşizmə qarşı ön və arxa cəhbədə göstərdikləri misilsiz qəhrəmanlıqları haqqında gətirilmiş çoxsaylı nümunələr bir daha onu subut edir ki sovet vətəndaşı kimi bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı bununla vətəni qarşısında müqəddəs borcunu yerinə yetirdiyinə inanırdı [8;16].
Vətən tarixçilərinin digər hissəsinin fikrincə, Böyük Vətən müharibəsinin Azərbaycan xalqının taleyindəki əhəmiyyəti ilə bağlı hər hansı bir şübhə tarixlik prinsipi ilə ciddi ziddiyyət təşkil edir və tarixi keçmişi modernləşdirmək cəhdlərinin təzahürü kimi qiymətləndirilməlidir. Bu müəlliflər qeyd edirlər ki milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan SSR əhalisinin mütləq əksəriyyəti üçün müharibədə Sovet İttifaqının qələbəsinə verdikləri töhfə şüurlu zərurətdən irəli gəlirdi. Bu sərt dövrdə soydaşlarımızın davranışlarının motivasiyasına gəldikdə isə qeyd etmək lazımdır ki 1920-ci ildən 1941-ci ilə qədər, yəni Azərbaycanda sovet hakimiyyəti illərində yeni nəsil böyümüşdü. Bu nəsil sovet ideologiyası şəraitində formalaşmışdı, təhsil almışdı, işləmişdi və s. Buna görə həmin nəslin nümayəndələri müharibəyə Azərbaycanın deyil, məhz həmin böyük Sovet Vətənini müdafiə etmək üçün getmişdilər. Sovet hakimiyyətinin vətəndaşlarının milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabərliyi haqqında bəyanatlarının müharibə illərində böyuk səmərəsi oldu. [15].
Respublika əhalisinin və təbii sərvətlərinin əhəmiyyətli hissəsinin qələbəyə böyük töhfəsi olmuşdu. 1 iyun 1941-ci il tarixinə 3,3 milyon əhalisi olan (7, v.2) Azərbaycan SSR-dən 600 mindən çox insan müharibə illərində ordu sıralarına çağrılmışdı, yəni respublikanın hər beşinci sakini. 300 mindən çox insan, yəni hər on nəfərdən biri cəhbədən geri qayıtmamışdı. Bununla yanaşı, son illərdə ölkə arxivlərindən tapılmış sənədləri və müharibə zamanı insan itkisi ilə bağlı sovet tarixçilərinin əsərlərində verilmiş çoxlu sayda qeyri-dəqiq məlumatları müqaisəli şəkildə nəzərdən keçirəndə Azərbaycandan orduya səfərbər olunanların və onların içərisində itkilərin sayı haqqında statistik məlumatların ciddi şəkildə dəqiqləşdirilməsi məsələsi ortaya çıxır*. Azərbaycan ərazisində hərbi əməliyyatlar aparılmasada, onun əhalisinin ümumi sayı ilə müqayisədə canlı itkiləri əraziləri müharibə meydanına çevrilmiş Böyük Britaniya, İtaliya, Fransa kimi böyük dövlətlərin, habelə Şərqi Avropanın bir sıra ölkələrinin (Macarıstan, Yuqoslaviya, Rumıniya, Bolqarıstan, Çexoslovakiya) itkilərini üstələmişdir.
Bu gün Azərbaycan tarixşünaslığında İkinci dünya müharibəsi dövrünə həsr olunmuş kifayət qədər mövzular var ki onların yenidən nəzərdən keçirilməsinə və araşdırılmasına ehtiyac var. Azərbaycan milli diviziyalarının yaranması tarixi və keçdikləri döyüş yolu, azərbaycanlıların Sovetlər İttifaqında və Avropa ölkərində partizan və müqavimət hərəkatında iştirakı, respublikamızın qələbəyə verdiyi töhfə həmin mövzular arasında xüsusi yer tutur.
1920-1938-ci illərdə Qırmızı Ordunun elə hissələri var idi ki onlar milli-ərazi prinsipi ilə formalaşırdı. İttifaq respublikaların yerli əhalisi milli-atıcı ərazi diviziyalarda xidmət edirdilər. Silahlı qüvvələrdə xidmət edən azərbaycanlılar əsasən respublika ərazisində yerləşən Orjonikidze adına 77-ci Azərbaycan dağ-atıcı diviziyada hərbi xidmət keçirdilər.
Ümumittifaq Kommunist bolşeviklər partiyasının Mərkəzi Komitəsinin və SSRİ Xalq Komissarları Sovetinin “Fəhlə və Kəndli Qırmızı Ordusunun milli hissələri və birləşmələri haqqında” 1938-ci il 7 mart tarixli xüsusi qərarı ilə milli hərbi birləşmələr ləğv edildi və ümummilli hərbi mükəlləfiyyət qaydası tətbiq olundu [21,s.382-383]. 1 sentyabr 1939-cu ildə “Ümumi hərbi xidmət haqqında” qanun qəbul edildi. Qanun hərbi xidməti sinfi və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların şərəfli vəzifəsi elan etdi. Milli prinsipdən çoxmillətli nizami orduya keçidlə bağlı Xalq Müdafiə komissarlığının 16 iyul 1940-cı il tarixli 0150 nömrəli qərarı ilə 77-ci diviziyanın adından “Azərbaycan” sözü götürüldü [22]. Bundan sonra, azərbaycanlılar, ölkənin digər millətlərinin əksər nümayəndələri kimi, başqa respublikalarda hərbi xidmət keçirdilər. Ümumi hərbi mükəlləfiyyətin tədbiqi gələcək ağır sınaqlar qarşısında azərbaycanlıların hərbi hazırlığının yaxşılaşdırılmasına kömək etməli idi. Bundan başqa respublikadan kənarda hərbi xidmət azərbaycanlıların rus dilini mənimsəməsi üçün faydalı ola bilərdi. Təcrübə göstərdi ki müharibə illərində bu problem böyük əhəmiyyət kəsb edirdi. Lakin bu yeniliklər çox gec qəbul edildiyi üçün müharibədən əvvəlki illərdə azərbaycanlıların böyük hissəsi hərbi vərdişlərə dərindən yiyələnə bilmədilər. Bu qüsur müharibə illərində özünü biruzə verdi. Müharibənin ilk aylarında Qırmızı Ordunun ağır məğlubiyyətləri Sovet rəhbərliyini milli hərbi hissələr ideyasına yenidən qayıtmağa məcbur etdi.
Dövlət Müdafiə komitəsinin 11 avqust 1941-ci il tarixli qərarına əsasən Zaqafqaziya Hərbi dairəsində 15 piyada diviziyanın yaradılması nəzərdə tutulurdu – Gürcüstanda- 6, Azərbaycanda- 6, Ermənistanda isə 3. Ehtiyac olduqca, 1904-1895-ci və 1922-1923-cü illər təvəllüdlü vətəndaşların orduya çağırışı nəzərdə tutulmuşdu [20,v.151-153]. Beləliklə, milli hərbi hissələrin və birləşmələrin formalaşması prosesi başlandı. Azərbaycan SSR ərazisində ilk belə diviziyalar 1941-ci ilin avqustunda- 396-cı (Qusarda), 398-ci (Gəncədə), 400-cü (Yevlaxda), 402-ci (Xankəndində), 404-cü (Bakıda) – yaranmağa başlandı. 223-cü diviziya 1941-ci ilin oktyabrında, 416-cı və 271-ci diviziyalar isə 1942-ci ildə yaradıldı. Milli diviziyaların vaxtında formalaşması, yerləşdirilməsi və respublikanın daxili imkanları hesabına lazım olan hər bir şeylə təmin edilməsi üçün məsuliyyəti həmin hərbi hissələrə təhkim olunmuş Azərbaycan KP MK-nın katibləri, həmçinin bu birləşmələrin formalaşdığı bölgələrin partiya katibləri, eləcə də qonşu ərazilərin katibləri daşıyırdılar. Azərbaycan SSR-də milli diviziyaların təşkili heç də o demək deyildi ki, onun tərkibi yalnız azərbaycanlılardan ibarət olacaqdı. Ermənistandan və Gürcüstandan fərqli olaraq (həmin respublikalarda titul millətin nümayəndələri əhalinin orta hesabla 70-80% -ni təşkil edirdi) Azərbaycanda müharibə ərəfəsində respublika əhalisinin milli tərkibində azərbaycanlıların payı 58.4% təşkil edirdi [10,s.200]. Bu da öz növbəsində Azərbaycan hərbi hissələrinin milli tərkibinin formalaşmasına öz təsirini göstərdi və burada titul xalqın nümayəndələrindən əlavə ruslar, ukraynalılar, belaruslar, ermənilər, tatarlar, yəhudilər, gürcülər və s. vardı. Üstəlik, azərbaycanlıların milli hissələrə səfərbərliyi təkcə Azərbaycan SSR-də deyil, qonşu respublikalarda – Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan ASSR-də aparılmışdı.
1942-ci il dekabr ayının sonunda 77-ci diviziyada 7,966 nəfərdən 4,429 və ya 56% azərbaycanlı idi [4,v.111]; 1944-cü ilin aprelinə qədər isə həmin diviziyada 7,300 nəfərdən yalnız 898 və ya 12% azərbaycanlı vardı [5,v.204]. 1943-cü ilin aprelində 402-ci diviziyada 9.855 nəfərdən 5220 və ya 55% azərbaycanlı idi; 1942-ci ilin sentyabr ayına olan məlumata görə 271-ci diviziyanın tərkibində azərbaycanlılar 70% təşkil edirdilər [6,v.9]; Yarandığı dövrdə 416-cı diviziyada 11050 azərbaycanlı, 291 rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus, habelə digər millətlərin nümayəndələri vardı; 1943-cü ilin 1 yanvar tarixinə 223-ci diviziyada azərbaycanlıların payı 86,1%, 1943-cü ilin 1 iyul tarixinə 24.6%, 1944-cü ilin 1 yanvar tarixinə 19.4%, 1944-cü ilin 1 iyul tarixinə isə cəmi 11.2% təşkil edirdi [8].
Müharibə başlayandan sonra tələm-tələsik toplanmış milli diviziyaların şəxsi heyətinin xeyli hissəsi hərbi xidmət üçün yararsız idi: əsgərlərin böyük əksəriyyəti hərbi təcrübəsi və müasir hərbi texnika ilə tanış olmayan, orta təhsili belə olmayan insanlar idi. Üstə gəl milli hissələrin zabit korpusunun əsasən slavyan xalqlarının nümayəndələrindən ibarət olması burada xidmət edən insanların hərbi işə yiyələnməsini çətinləşdirirdi və beləliklə döyüş ehtiyatlarının hazırlanması prosesini ləngidirdi. Buna görə də şəxsi heyətlə öz ana dilində iş qurmaq vacib idi. Çağırışçılar arasında rus dilini yaxşı bilməyən və ya ümumiyyətlə bilməyən kifayət qədər əsgər vardı. Həmin illərin çoxsaylı arxiv sənədləri milli diviziyalarda əsasən slavyan millətindən olan komandirlərin qeyri-slavyan mənşəli əsgərlərə qarşı etinasız münasibətini subut edir. Bu hal xüsusilə müharibənin ilk illərində özünü biruzə verirdi. Rəhbər komanda heyəti arasında belə bir fikir geniş yer almışdır ki qeyri- slavyan millətindən olan kadrlar döyüşə bilmirlər və istəmirlər. Qafqaz xalqlarından olan əsgərlərə münasibətdə məkrli-istehza ləqəblərindən (qıvrımlı, qara rəngli və s.) istifadə geniş yer almışdı. Azərbaycanlıların, gürcülərin, ermənilərin , özbəklərin və digər qeyri-slavyan xalqlarının döyüş qabiliyyətinin aşağı olması haqqında fikirlər sıravi döyüşçülər arasındada yayılmışdı. Slavyan millətindən olmayan, xüsusən də rus dilini bilməyən döyüşçülərə qarşı münasibət bəzən qəbuledilməz dərəcədə təkəbbürlü və kobud idi. Bu münasibət isə haqlı olaraq qarşı tərəfin qəzəbinə səbəb olurdu [21,s.706]. Rus dilini yaxşı bilməyən azərbaycanlı əsgərlər bəzən qarşılarında qoyulan vəzifələri və onlara ünvanlanan əmrləri başa düşmürdülər. Bu isə qarşılıqlı ədavətə səbəb olurdu. Bu cür vəziyyət slavyan millətindən olan zabitlərin kobudluğu və tətbiq olunan cəzaların şiddəti ilə dahada mürəkkəbləşirdi. Buna görə də, qeyri-slavyan millətindən olan əsgərlər arasında, xüsusilə də müharibənin ilk illərində ölümdən xilas olmaq üçün fərarilik, özünü qəsdən odlu silahdan açılmış atəşlə yaralamaq və s. hallarına tez-tez rast gəlmək olardı.
Respublikanın faşizm üzərində qələbəyə verdiyi töhfə Azərbaycan tarixşünaslığında ən çox araşdırılmış mövzulardandır. Sovet tarixşünaslığından fərqli olaraq müasir Azərbaycan tarixçilərinin Böyük Vətən müharibəsi ilə bağlı əsərlərində Bakı neftinin Böyük dövlətlərin hərbi planlarında mövzusu mühüm yer tutur. Sovet tarixşünaslığında və hərbi xatirələrdə Bakının və onun neftinin İkinci dünya müharibəsinin nəticələrində həlledici rolu azaldılmışdı. Belə ki, çoxcildlik SSRİ tarixinin 10-cu cildində oxuyuruq ki müharibə dövründə ölkə üçün strateji xammalın çıxarılmasında əsas rol Ural, Sibir, Volqaboyu kimi bölgələrə məxsus idi [17, s.752] və SSRİ-nin əsas neft mərkəzi olan Bakı haqqında bir söz belə deyilmirdi. Lakin hərbi əməliyatların gedişatı onu göstərdi ki bu ilk növbədə neftin köməyi ilə hərəkətə gətirilən mühərriklər müharibəsidir. Neft olmasaydı bütün bu nəhəng texnika bir anda yararsız metal yiğıntısına çevriləcəkdir. Buna görə A.Hitlerin və onun ətrafının fikrincə 1942-ci ildə Şərqdə ikinci yay kampaniyası zamanı Qafqazın neft yataqlarının tutulması Sovet İttifaqı üzərində qələbənin açarı olmalı idi. Heç kimə sirr deyil ki müharibə ərəfəsində SSRİ-in neft hasilatının 71% Bakının üzərinə düşürdü, onun əsas ixracatçısı isə Almaniya idi (1940-cı ilə olan məlumata görə 75.2%) [13,s.38]. Avropada alman təcavüzünün genişlənməsində neft amilin rolu, İngiltərə və Fransa hökumətlərini 1940-cı ilin ortalarına qədər Bakının neft mədənlərinin bombalanması planını nəzərdən keçirmələrinə əsas səbəb olmuşdu [19,s.361-362,374-379]. Almaniyanın Sovet İttifaqına hücumundan sonra müharibə dövründə Bakı ordunun yanacaq tələbatının dörddə üçünü təmin edirdi. Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1941-ci ilin ikinci yarısından və 1942-ci ildə Azərbaycanda olan neft avadanlıqlarının, mühəndis və texniki heyətinin demək olar ki yarısı Bakı işğal olunduğu halda ölkənin neft problemini həll etmək üçün “İkinci Bakı”ya – Volqaboyu bölgələrə və Urala köçürüldü. Bu gün Azərbaycan tarixçiləri Bakı neftini Sovet İttifaqının müharibədə qələbəsini təmin edən ən vacib amil olmaqla yanaşı, faşist Almaniyasının SSRİ hücumunun əsas səbəblərindən biri hesab edirlər. Alman Reyxi üçün Bakı neftinin əhəmiyyəti Barbarossa planının iqtisadi bölməsi olan Oldenburg planında ( H. Geringin “Yaşıl qovluğu”) öz əksini tapmışdır. Burada neft Almaniyanın Sovet İttifaqına qarşı hərbi kampaniyasında əsas iqtisadi hədəfi kimi göstərilir [18, s.204]. 1941-ci ilin dekabrında Moskva yaxınlığında ağır məğlubiyyətdən sonra alman ordusunun yanacaq ehtiyatı tükənmişdir. 1942-ci ildə yeni hərbi kampaniyanı davam etdirmək üçün Almaniyaya yanacaq ehtiyatlarını bərpa etmək lazım idi. Buna görə 1942-ci ilin yaz kampaniyasının əsas istiqaməti kimi SSRİ-in əsas neft mərkəzləri seçilmişdi : Qroznı, Maykop və Bakı. Alman rəhbərliyi həm də Qafqaz vasitəsilə Yaxın Şərqin “böyük neftinə” çıxacağına ümid edirdi. 5 aprel 1942-ci ildə Hitler əsas məqsədi Qafqaz nefti olan 41 saylı Blau direktivini imzaladı. 23 iyul 1942-ci il tarixində Blau planının tərkib hissəsi kimi Edelveys planı təsdiq edildi [18,s.211]. Eyni vaxtda Stalinqrad şəhəri üzərinə başlanmış hücum alman qoşunlarının Qafqaza hücüm edən qüvvələrinin şimal-şərq cinahını qorumaq məqsədini daşıyırdı. Beləliklə, 1942-ci ildə faşist Almaniyasının yay hərbi kampaniyasının əsas məqsədi Stalinqradın tutulması deyil, Qafqaz nefti idi. Lakin nasist rəhbərliyində heç kəs təsəvvür edə bilməzdi ki ilk baxışdan hərtərəfli düşünülmüş bu plan Almaniyaya necə dözülməz itkilər gətirəcək. 1942-ci ilin iyulundan 1943-cü ilin oktyabrına qədər Qafqaq və Stalinqrad uğrunda gedən şiddətli döyüşlərdə, hər iki tərəfdən böyük itkilərə baxmayaraq, alman qoşunları məqsədlərinə çata bilmədilər. Beləliklə, İkinci dünya müharibəsinin ən vacib döyüşünü – Stalinqrad döyüşünü- əslində “Neft uğrunda böyük döyüş ” adlandırmaq olar. Buna görə də, bu gün Azərbaycanda Sovet İttifaqının Almaniya üzərində qazandığı qələbədə Bakı neftinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan neftçilərinin qəhrəmanlıq əməyi yalnız Bakı şəhəri qəhrəman şəhər adına layiq görüldüyü halda öz layiqli qiymətini alacağına inam var.
Azərbaycanın müharibə illərində gündəlik həyatı mövzusu sovet tarixçilərinin tədqiqatlarında çox zəif araşdırılmışdı. Müharibə illərində SSRİ-də əhalinin və müxtəlif təyinatlı dövlət müəssisələrinin təxliyəsi prosesində Azərbaycan SSR-in yeri və rolu, ittifaqın işğal olunmuş bölgələrindən respublikaya köçürülmüş əhalinin taleyi, məskunlaşdıqları yeni ərazilərdə vəziyyəti kimi problemlər tarixcilərimizin maraq dairəsindən kənarda qalmışdır. 26 sentyabr 1941-ci ildə Dövlət Müdafiə Komitəsi tərəfindən əhalinin təxliyəsi ilə bağlı qərar qəbul edildikdən sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin nəzdində köçürmə şöbəsi yaradıldı; Ümumittifaq Təxliyə Şurasının 26 dekabr 1941-ci il tarixli fərmanı ilə N. Allahverdiyev onun Azərbaycan SSR-də nümayəndəsi təyin edildi. Müharibə illərində Azərbaycan SSR-in dəmir və liman yolları ölkənin şərq bölgələrinə mülki şəxslərin və texnikanın təxliyəsini həyata keçirən mühüm nəqliyyat qovşağı olmuşdular. İnsanlar, müxtəlif sosial və sənaye müəssisələrinin sökülmüş avadanlıqları Bakıya və buradan tranzitlə ölkənin şərq bölgələrinə göndərilirdi. Yerli partiya və sovet hakimiyyət orqanları təxliyə olunan vətəndaşlara böyük qayğı göstərir, onların yerləşdirilməsini, iş, paltar, yemək və s. ehtiyaclarını təmin edirdilər. Burada təxliyə üçün cavabdeh olan müxtəlif orqanların verdiyi məlumatları arxiv sənədləri əsasında nəzərdən keçirək. Yalnız 1942-ci il iyulun 19-dan 24-dək 453603 nəfər Bakı limanı vasitəsilə Krasnovodska təxliyə edilmişdi [1,v.12]. Eyni məlumatlara görə, 1941-1942-ci illərdə təxliyə olunan insanlardan Azərbaycan SSR-də yerləşdirilənlərin ümumi sayı 23120 nəfər idi [2,v.20]. Azərbaycan SSR-in Xalq Komissarları Soveti yanında təxliyə olunan əhalinin təsərrüfatının yerləşdirilməsi şöbəsinin müdiri G. Ayrapetov tərəfindən hazırlanmış arayışdan məlum olur ki 1943-cü ilin noyabr ayında cəbhə bölgəsindən təxliyə edilmiş 502.144 nəfərdən 450.586 nəfər Krasnovodska köçmüş, 21.577 nəfər Azərbaycan SSR-də yerləşdirilmişdir, 30031 nəfər isə qeyri-mütəşəkkil qaydada əsasən Gürcüstan SSR və Ermənistan SSR köçmüşdü [3,v.29]. Və nəhayət, Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin katibi Sultan Qafarzadənin və respublikanın Xalq Daxili İşlər komissarı Mir Teymur Yaqubovun 25 yanvar 1944-cü il tarixli arayışına əsasən 25 sentyabr 1943-cü il tarixinə olan məlumata görə Azərbaycan SSR-də 19670 nəfər ( 9191 rus, 2459 ukraynalı, 127 belarus, 6852 yahudi, 602 erməni, 74 tatar, 365 nəfər digər millətlərin nümayəndələri) təxliyə edilmiş vətəndaş vardı [7,v.27]. Respublikada yerləşən təxliyə olunmuş vətəndaşların sayının ildən-ilə azalması onların alman işğalından azad edilmiş yaşayış yerlərinə tədricən qayıtması ilə bağlı idi.
Azərbaycan tarixçilərinin sovet dövründə senzuraya məruz qalmış və ya “ağ ləkələr” hesab olunan mövzulara müraciət etməsi, o cümlədən azərbaycanlı hərbi əsirlərin taleyi, onların alman ordusunun milli legionlarında xidmətinə dair tədqiqat işləri bu gün geniş ictimai maraq doğurur. Sovet müəllifləri bu cür mövzulara yalnız səthi toxunurlar və ya onlardan tamamilə yan keçirdilər. Çünki əks halda alman ordusunun sürətli hücumu və Qırmızı Ordunun geri çəkilməsi, hərbçilər arasında fərarilik halları, kütləvi əsir və səfərbərliyin acınacaqlı nəticələri, nəhayət, ölkə və respublika rəhbərlərinin bu çətin dövrdə necə davrandıqları kimi “sürüşkən” mövzulardan qaçmaq mümkün olmayacaqdı. Müharibə illərində həm alman ordusunda, həm də Almaniyanın işğal etdiyi ərazilərdə faşislərlə əməkdaşlıq edən sovet vətəndaşlarının, həmçinin SSRİ-dən olan siyasi mühacirlərin sayı heç də az deyildi. Həmin dövrdə təxminən 25-35 min azərbaycanlı [12,s.404] alman ordusunun legion hissələrində xidmət etmişdir. Azərbaycanlılardan ibarət ilk 8 batalyon 1942-1943-cü illərdə Polşa ərazisində yaradılmısdı [12, s. 368]. 1943-cü ilin may ayına qədər Ukrayna ərazisində daha 6 batalyon yaranmışdı [12, s.370]. Sovet vətəndaşlarının (hərbi əsirlərin, işğal olunmuş ərazilərdə qalmış mülki əhalinin) və siyasi mühacirətin almanlarla əməkdaşlığının əsas səbəblərini ümumiləşdirən tarixçilər aşağıdakı nətəcələrə gəlirlər: 1. SSRİ xalqlarına azadlıq verəcəyini vəd edən faşist Almaniyasının anti-kommunist təbliğatının güclü təsiri; 2.Əsirlərin çətin, qeyri-insani şəraiti, almanlarla işbirliyinin yaşamaq üçün yeganə imkan olması. 3.Əsirləri “vətən xainləri” elan etmiş Stalin rejimi tərəfindən onlara qarşı hazırlanmış repressiyalar; 4.1920-30-cu illərdə yaşanan məhrumiyyətlərə, əzablara və repressiyalara görə sovet vətəndaşlarının Kommunist Partiyası və Sovet hakimiyyətini bağışlamaq istəməməsi; 5. “Sovet xalqının mənəvi və siyasi birliyini” təbliq edən kommunist ideologiyasının sovet cəmiyyətində mövcud olan parçalanmanın gizlətməyə çalışması [14,s.148-152]. Azərbaycanlıların alman ordusunun milli legionlarında xidmət etməsi, habelə bəzi mühacir liderlərinin müharibə illərində faşist Almaniyası hökuməti ilə işbirliyi onların hərəkətlərində daha çox nəyin olduğunu – xəyanət və ya vətənlərinin bolşevizmdən azad etmək və itirilmiş müstəqilliyini bərpa etmək istəyi? Bu məsələlərdə Azərbaycan tarixçilərinin fikirlər hələ də qütbləşir.
Müasir Azərbaycan tarixşünaslığında Azərbaycana vahid tarixi ərazi, azərbaycanlılara isə “bölünmüş xalq” kimi konseptual baxış formalaşmışdı. Bu konsepsiya çərçivəsində İkinci dünya müharibəsi dövründə Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının öyrənilməsi problemi Azərbaycan tarixşünaslığında yeni bir səhifədir. 1939-cu ildə Ukraynada və Belarusiyada “bölünmüş xalqların birləşməsi” şüarı altında Sovet rəhbərliyinin həyata keçirdiyi sərhədlərin genişləndirilməsi siyasəti 1941-1946-cı illərdə Cənubi Azərbaycanda da sınaqdan keçmişdi. Lakin SSRİ rəhbərliyi azərbaycanlıların milli hisslərindən öz məqsədləri üçün istifadə etmişdir. Sovet rəhbərliyinin Cənubi Azərbaycanın taleyinə münasibəti, ilk növbədə, Şərqə doğru daha dərin nüfuz etmək strateji planları, İran və ərəb ölkələrinin zəngin yanacaq və enerji ehtiyatlarına nəzarət etmək istəyi ilə müəyyən edilirdi. Məhz buna görə Cənubi Azərbaycanda böyuk dövlətlər arasında başlanmış qarşıdurma Azərbaycan tarixşünaslığında haqlı olaraq “soyuq” müharibənin ilk əlamətləri kimi qiymət almışdı. Bunun nəticəsində SSRİ, ABŞ və Böyük Britaniya müttəfiqlərdən rəqiblərə çevrildilər. İran Azərbaycanında apardığı siyasətin iflasa uğraması nəticəsində Sovet İttifaqı “soyuq” müharibədəki ilk döyüşünü uduzdu. Stalinin Cənubi Azərbaycanda milli azadlıq hərəkatını öz imperialist və ekspansionist siyasətinin silahı kimi istifadə etmək cəhdi XX əsrdə yenidən öz hüquqları uğrunda mübarizəyə qalxmış xalqın qanlı faciəsi ilə sona çatdı [11].
Beləliklə, bu qısa məqalədə tarixşünaslığımızda Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə bağlı mövcud olan bəzi yeni yanaşmalar və baxışlar üzərində dayanmağa çalışdıq. Lakin mövzu ilə bağlı böyük sayda sənədlər dünyanın müxtəlif ölkələrinin arxivlərində saxlanılır və onlar hələdə Azərbaycan tədqiqatçıları üçün əlçatmazdır. Bu sənədlərin elmi dövriyyəyə cəlb edilməsi bu vaxta qədər araşdırılmış bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı, tarixçilərimizin yeni mövzuların seçimində imkanlarını artırardı.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
- Azərbaycaan Respublikasının Dövlət Arxivi (ARDA), fond 2449, siyahı 1, iş 28
- ARDA, fond 2449, siyahı 1, iş 31
- ARDA, fond 2449, siyahı 1, iş 76
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA),fond 1, siyahı 26, iş 330
- ARPİİSSA, fond 1, siyahı 26, iş 338
- ARPİİSSA, fond 1, siyahı 27, iş 92
- ARPİİSSA, fond 1, siyahı 29, iş 685
- Азербайджан в период войны 1941-1945 гг. Сборник статей. Баку, 2008.
- Буниятов З.М., Зейналов Р.Э. От Кавкза до Берлина. Баку, 1990 ; https://ru.wikipedia.org/wiki/223-я_стрелковая_дивизия_(2-го_формирования); https://ru.wikipedia.org/wiki/402-я_стрелковая_дивизия
- Всесоюзная перепись населения 1939 года: Основные итоги / Под ред. Ю.А.Полякова. Москва, 1992.
- Гасанлы Дж.П. Азербайджанский кризис и начало «холодной войны» (1941- 1946). Москва, 2006.
- Дробязко С.И., Романько О.В., Семенов К.К. Иностранные формирования Tpeтьего рейха. Москва, 2011.
- Иголкин А. А. Советская нефтяная политика в 1940-м-1950-м годах. Москва, 2009.
- Исмаилов Э.Р. Очерки истории России советского периода. Москва, 2008.
- Исмаилов Э.Р. Очерки по истории Азербайджана. Москва, 2010.
- История Азербайджана. Учебник для 11 класса. Баку, 2014.
- История СССР с древнейших времен до наших дней, т. Х. Москва, 1973.
- Мурадалиева Э. Кровь земная – нефть Азербайджана и история. Баку, 2007.
- Органы Государственной безопасности СССР в Великой Отечественной войне. Т.1, Книга первая (ноябрь 1938-декабрь 1940). Сборник документов. Москва,1995.
- Российский Государственный Архив Социально-Политической Истории (РГАСПИ), фонд 644, опись 1, дело 6.
- ЦК ВКП (б) и Национальный вопрос. Книга 2, 1933-1945. Москва, 2009.
- https://ru.wikipedia.org/wiki/77-я_горнострелковая_дивизия
* 1939-1943-cü ilin oktyabr ayına kimi Azərbaycan SSR-dən Qırmızı Orduya 569,357 nəfər çağrılmışdı. Bunlardan 368 276 nəfəri azərbaycanlı idi. (ARPİİSSA, fond 1, siyahı 29, iş 685, vərəq 6)
İlqar Niftəliyev
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Fotoşəkil Mod.gov.az saytından götürülüb.