Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir.
İlham ƏLİYEV
Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoymuş, lakin sovet rejiminin və bolşevik ideologiyasının mövcud olduğu illərdə irsi, şəxsiyyəti unutdurulmağa cəhd edilən yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, sovetoloq, diplomat, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Ceyhun Hacıbəyli xalqımızın tarixində və taleyində intibah dövrü kimi dəyərləndirilən XX əsrin əvvəllərində yetişən görkəmli xadimlərlə bir sırada durur. Azərbaycan istiqlal mücadiləsi və mətbuatı tarixində mühüm xidmətləri olan Ceyhun Hacıbəyli haqqında daha dolğun təəssürat yaratmaq üçün onun həyatı, fəaliyyəti və yaradıcılıq yolunu xronoloji ardıcıllıqla izləyək.
Şuşadan başlanan yol
Ceyhun bəyin təvəllüd tarixi ilə bağlı müxtəlif mənbələrdə fərqli tarixlərə təsadüf edilir. Onun vəfatı ilə əlaqədar Münhendə nəşr olunan “Naşe obşeye delo” adlı mühacir qəzetinin 1962-ci il 21 oktyabr tarixli 157-ci nömrəsində oxuyuruq: “C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada (Azərbaycan) anadan olmuşdur. Orta təhsilini Şuşa və Bakının realnı məktəblərində almış, sonra Peterburq Universitetinə daxil olaraq hüquq fakültəsini bitirmişdir. Daha sonra o, Parisin Sorbonna Universitetində Ali Texniki Məktəbdə oxumuşdur”. Salman Mümtaz adına Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində C.Hacıbəylinin fondunu işləyən arxeoqraf A.Aslanov sənədin müqəddimə hissəsində yazır ki, C.Hacıbəyli 1891-ci ildə fevral ayının 2-də məşhur Hacıbəyli qardaşları – Üzeyir, Zülfüqarın ailəsində anadan olmuşdur. Müəllif “fevralın 2-si” tarixini hansı məxəzdən aldığını göstərməsə də, fakt özlüyündə maraq doğurur. Bundan xeyli əvvəl – 1987-ci ildə arxivşünas Mövsüm Əliyev “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi (№ 41 (2280)) “Ceyhun Hacıbəyli” adlı məqaləsində də Ceyhun bəyin 1891-ci il fevralın 2-də anadan olduğunu yazmışdı. Jozef Kastani adlı müəllif Parisin aylıq illüstrasiyalı “Frans-islam” adlı jurnalın 29-cu nömrəsində (1925-ci il) dərc etdirdiyi “Azərbaycanın teatrı Parisdə” adlı məqaləsində C.Hacıbəylinin 1891-ci ildə anadan olduğunu yazır. Ay və gün göstərilmir. Məsələ burasındadır ki, doğum günü barədə dolaşıqlığı Ceyhun bəy elə özü yaratmışdır. Parisdə öz xətti ilə doldurduğu anketlərdən birində təvəllüd tarixini “1891-ci il 3 fevral” göstərmişdir. 60-cı illərin əvvəllərində – ömrünün sonuna yaxın qələmə aldığı “İlk Azərbaycan operası necə yaranmışdır” əsərini C.Hacıbəyli belə başlayır: “Musiqi lap kiçik yaşlarımızdan qardaşım Üzeyirlə (o məndən üç yaş böyük idi) məni cəlb etmişdir”. Təvəllüdlə bağlı məsələ maraqlı olsa da, onu şişirtməyə ehtiyac görmürük. Oğlu Timuçin Hacıbəyli, Azərbaycan Xalq Cümhuriyyəti nazirlərindən Mustafa Vəkiloğlu (Parisdə daha bir məzar. “Mücahid” jurnalı,
№ 53-54, 1962), eləcə də silahdaşları Mehmet Altunbay, Məcid Musazadə, Əbdürrəhman Fətəlibəyli Düdənginski, həmçinin tədqiqatçıların əksəriyyəti Ceyhun Hacıbəylinin 1891-ci il 3 fevralda anadan olduğunu yazmışlar. Belə hesab edirik ki, bu fakta diqqəti çəkməklə həm məsələyə bir aydınlıq gətirildi, yanlış rəqəmlərin dövriyyədən çıxarılması üçün əsas oldu, həm də C.Hacıbəyli şəxsiyyətinə maraq dairəsinin nə qədər geniş olduğuna diqqəti çəkdik.
Ceyhun Hacıbəyli Şuşada realnı məktəbdə – Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-müsəlman məktəbində, Bakıda ilk, Peterburq və Parisdə ali təhsilə yiyələndikdən sonra hələ 15-16 yaşlarından başladığı mətbu fəaliyyətini daha da genişləndirmişdir. “İttihad” (1917), eləcə də “Kaspi”nin əlavəsi kimi çıxan “İzvestiya” qəzetlərinə redaktorluq edən C.Hacıbəyli “İrşad”, “Proqres”, “Tərəqqi”, “Kaspi”, “Baku” kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazırdı. C.Hacıbəyli 1907-ci ilin sonlarında “İslamiyyə” mehmanxanasında “Leyli və Məcnun” operasının tamaşasına səylə hazırlaşır, bu işdə qardaşı Üzeyir bəyə yaxından kömək göstərir, 1908-ci il yanvar ayının 12-də, Tağıyev teatrında operanın ilk tamaşasında İbn Səlam rolunu ifa edir. Bu vaxt o, Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərirdi. Elə həmin il – 1908-ci ildə ali təhsil üçün Peterburq Universitetinə, bir il sonra – 1909-cu ildə Sorbonna Universitetinə daxil olur. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy Parisdən Bakı qəzetləri üçün məqalələr göndərirdi. Onun XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox mühərrirlik, maarifçilik və müəllimliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması məqsədilə yaradılan komissiyada o, fəal iş aparmışdır. C.Hacıbəyli Birinci Dünya müharibəsi ərəfəsində Bakıya pənah gətirən Qars qaçqınlarına yardım etmək məqsədilə keçirilən xeyriyyəçilik tədbirlərində də fəal iştirak etmişdir. 1918-ci ilin avqustunda Ceyhun Hacıbəyli Gəncəyə gəlir və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə sıx təmasa girir. Hökumətin başçısı Nəsib bəy Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə rəsmi “Azərbaycan” qəzetini nəşrə başlamağı təklif edir. C.Hacıbəyli bu işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra – sentyabrın 15-də onun redaktorluğu ilə “Azərbaycan”ın ilk nömrəsi işıq üzü görür və o, ümumilikdə 443 nömrəsi çıxan qəzetin 88 nömrəsinə redaktorluq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəsmi gündəlik türk və rus dillərində buraxılan ictimai, siyasi və iqtisadi qəzetinə müxtəlif vaxtlarda Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim də redaktorluq etmişlər. “Azərbaycan “ qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə düşünən beyni, döyünən qəlbi, vuran nəbzi, görən gözü idi və qəzetin ən fəal əməkdaşlarından birinin – Yusif Vəzirin bütün zamanlar üçün məqbul sayılacaq “ …Bu gün basılan kitablar kəsilən pullardan qiymətlidir” kəlamı digər nəşrlərin, o cümlədən “Azərbaycan” qəzetinin də tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə edir. “Azərbaycan” qəzeti Azərbaycan tarixinin ən parlaq dövrünü yaşadan salnamədir, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən etibarlı, ən obyektiv, ən mötəbər mənbəyi, məxəzidir. Bu salnaməyə, bu tarixə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Adil Xan Ziyadxanov, Fərhad Ağazadə, Əhməd Cavad, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Cəfər Cabbarlı, Əlabbas Müznib, Hacı İbrahim Qasımov… kimi qüdrətli kəlam və qələm sahibləri ilə yanaşı C.Hacıbəyli də imza atmışdır. Qəzetdə dərc etdirdiyi yazılar Ceyhun bəyin nə qədər mahir, istedadlı və uzaqgörən publisist olduğuna dəlalət edir. Qırmızı imperiya təhlükəsinin real olduğunu dərk etsə də, Bakının erməni-bolşevik quldurlarından azad olunması münasibətilə “Tarixi gün” adlı məqaləsində Ceyhun bəy yazırdı: “15 Sentyabr bütün türk və islam aləminin ən səadətli və şövkətli günlərində nədd olunacağı (sayılacağı – T.A.) şübhəsizdir. Haman gün türk və islam tarixinə zərin (qızılı, zərli – T.A.) bir səhifə işğal edəcəkdir” (“Azərbaycan” qəzeti, №5, 3 oktyabr 1918). Tarix C.Hacıbəyli qələminin qüdrətini təsdiq etdi…
1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin tərkibində C.Hacıbəyli də var idi. Nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində “Möhtərəm oxucularımıza” adlı müraciətində yazırdı: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan Sülh Konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim”.
Bu məsul və şərəfli vəzifə ona 1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin son tapşırığı idi. Ceyhun bəy bir daha vətənə qayıda bilməsə də, Azərbaycana vəfat edənədək xidmət etdi: son nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ etdi, onun mötəbər, xoşməramlı və fədakar təmsilçisi oldu.
Görkəmli xadim, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (1862-1934) rəhbərlik etdiyi nümayəndə heyətinə Məmmədhəsən Hacınski (1875-1931), Əkbərağa Şeyxülislamov, Mir Yaqub Mirmehdiyev (1891-1952), Məmməd Məhərrəmov (1909-1982), Əhməd bəy Ağaoğlu (1868-1939) ilə yanaşı C.Hacıbəyli də daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən nümayəndə heyəti 1920-ci ilin mayınadək “Azərbaycan” adlı bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, üç kitab (“Qafqaz Azərbaycan Respublikası”, “Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti”, “Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi”) nəşr etmişlər. C.Hacıbəylinin 1919-cu ilin sonunda “Revyudömond musulman” jurnalında irihəcmli “İlk müsəlman respublikası” adlı əsəri, “Letemps” qəzetinə müsahibəsi (20 noyabr 1920) böyük maraq doğurur. 1925-ci ildə C.Hacıbəylinin təşəbbüsü və tərcüməsi ilə “Arşın mal alan” operettası səhnədə oynanılmışdır. Bir il sonra “Revyudömond musulman” jurnalının 3-cü nömrəsində dərc etdirdiyi “Azərbaycan teatrı” adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs edilmişdir. Yeri gəlmişkən, bu jurnalla sıx əməkdaşlıq edən C.Hacıbəyli həmin nəşrdə 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmirdə, Xaçmazda törətdikləri vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirmişdir. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində “Azərbaycan” jurnalı nəşrə başlamışdır.
1925-ci ildə “Sosiete Asiatique” cəmiyyətinin “Journal Asiatque” məcmuəsində C.Hacıbəylinin “XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbas Qulu Ağa Bakıxanov”, 1933-cü ildə həmin nəşrdə “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (əsər 1934-cü ildə Parisdə kitab halında da nəşr edilmişdir), 1930-cu ildə Londonda “Asiatic Revie” məcmuəsində “Azərbaycan mətbuat tarixi” məqalələri dərc edilmişdir. C.Hacıbəylinin mühacirət dövrünün araşdırıcısı Mirzəbala Əmrahovun fikrincə, C.Hacıbəyli “Kavkaz” jurnalının fransız nəşrinin redaktoru olmuş, mühacir Qafqaz mətbuatı ilə fəal əməkdaşlıq etmiş, “La Revue dömonde musulman”, “Lebülletin dölomote France-Orient”, “La Revue Contemporaine”, “La Revue Politique et Parlamentarie”, “La Revuedes Jeunes”, “Le Fiqaro” və bu kimi mətbu orqanlarla birgə işləmiş, bir neçə il məşhur “La Revue de deux Mondes” fransız jurnalının əməkdaşı olmuşdur. Həmin jurnalın 1934-cü ilin ilk nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı “SSRİ-də ziyalılar” məqaləsi dərc edilmişdir.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar mühacirlərin fəaliyyətinə bir durğunluq hakim kəsilir. Müharibə bitdikdən bir müddət sonra onların fəaliyyəti yenidən canlanır – dərnəklər fəaliyyətə başlayır, jurnallar nəşr edilir. Ankaradakı Azərbaycan Kültür və Dayanışma Dərnəyi, onun orqanı, “Azərbaycan” jurnalı və Münhendəki Azərbaycan Milli Birlik Məclisi, onun iki dildə (Azərbaycan, rus) nəşr olunan “Azərbaycan” jurnalı xüsusi fəallıq göstərir. Bu dərnəklər, ümumiyyətlə, mühacirətin Türkiyə və Avropa qanadları arasında bir sıra ciddi ixtilaflar olsa da (admiral Kerkin rəhbərlik etdiyi “Amerika Komitəsi” və rus mühacirləri ilə əməkdaşlıq məsələləri və s. kimi problemlərə görə), onların əsas ideyası, məqsədi Azərbaycanın istiqlalı məsələsi olmuşdur və hər iki düşərgə bu müqəddəs amal uğrunda mücadilə etmişdir.
Ceyhun Hacıbəyli “Azərbaycan Milli Birlik Məclisi” idarə heyətinin üzvü və məclisin orqanı olan “Azərbaycan” jurnalının (1952-1954) redaktoru olmuşdur. Azərbaycan legionerlərinin lideri Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin sədrlik etdiyi “Azərbaycan Milli Birlik Məclisi” mühacirət tarixində qısa, lakin silinməz iz buraxmışdır. C.Hacıbəyli “Azadlıq” radiosunun yaradıcılarından, Münhendə fəaliyyət göstərən SSRİ-ni öyrənən institutun fəal üzvü olmuşdur. O, həmin institutun Parisdə fransızca nəşr etdiyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində gedən yazıları redaktə etmişdir. 1959-cu ildə institutun xətti ilə Ceyhun Hacıbəylinin məşhur “Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları” əsəri çap olunmuşdur.
Bəzən qələm sahibləri bir nəfərin öz əqidəsinə və məsləyinə sədaqətini izhar etmək üçün “son nəfəsinədək” ifadəsindən istifadə edirlər. Bu sözlər Ceyhun Hacıbəylinin ünvanına çox yaraşır. O, həqiqətən mənalı həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr etmişdir. Vəfatından üç gün əvvəl – 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktub fikrimizi bir daha təsdiqləyir. Bu gün də aktual səslənən həmin sənədlə bağlı H.Xəzərin “Mücahid” jurnalında “Ceyhun bəyin vəziyyəti” adlı məqaləsi dərc olunmuşdur (№ 53-54, fevral 1963). Müəllif Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzuladığını, hər cür qruplaşmaya qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir ki, onun M.Vəkiloğluna yazdığı “mühacirəti bir yerə toplamağa səy ediniz, bu, çox mühümdür” vəsiyyəti də bu istəkdən irəli gəlirdi. Ceyhun bəy bu arzu, ideal və məramla yaşadı, bu istəklə də həyatdan köçdü (1962-ci il). Qəbri qürbətdə – Parisin Sen-klu qəbiristanlığında olan istiqlal aşiqinin ruhu istiqlalını qazanmış ulu Azərbaycandadır, erməni tapdağı altında inləyən doğma Şuşaya həsrətlə, ümidlə baxır.
İmzaları
Ədəbi-mədəni-mənəvi irsimizə sinfi və partiyalı münasibət bəsləyən sovet rejimi və kommunist ideologiyası milli maraqlara xidmət edən sərvətə daim qərəzli və saxtakarcasına yanaşmışdır. Təsadüfi deyil ki, mətbuat tariximizin nəhəng simalarından olan Ceyhun Hacıbəylinin adına, təxəllüsünə, imzalarına sovet dönəmində nə elmi-tədqiqat əsərlərində, nə müvafiq dərsliklərdə, nə də hansısa nəşrdə rast gəlinmişdir.
Ötən əsrin 80-ci illərinin ortalarında “Vətən” Cəmiyyətinin ünvanına Parisdən C.Hacıbəylinin oğlu Timuçin Hacıbəylidən daxil olan məktubda deyilirdi ki, onun atası inqilabdan əvvəl Azərbaycan mətbuatında “Dj.Dağıstani” imzası ilə çox sayda məqalə dərc etdirmişdir. Məhz bu informasiyadan sonra biz uzun müddət arxivdə qəzet səhifələrini, xüsusilə “Kaspi”ni vərəqləməyə başladıq…
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi illər ərəfəsində ədəbi-mədəni, ictimai-siyasi fikir tariximizdə müstəsna rol oynamış C.Hacıbəylinin (1891-ci il, Şuşa – 1962-ci il, Paris) həyat və fəaliyyətinə dair bir neçə sanballı məqalə yazılmışdır. Bu mənada professor Şamil Qurbanovun “Üzeyir bəyin qardaşı” və “Ceyhun bəy Hacıbəyov (1891-1962)”, professor Vilayət Quliyevin “Dünyanı dolaşan dünya ömürlü “Azərbaycan”, Mövlud Yarəhmədovun “C.Hacıbəyli həm də şair idi”, Nailə Muradəliyevanın “Naməlum tərcümə” məqalələri qeyd olunmalıdır.
Heç şübhəsiz, C.Hacıbəylinin mənən vətənə qayıtmasında, xaricdəki ədəbi-mədəni irsimizin toplanmasında Ramiz Abutalıbovun misilsiz xidmətləri olmuşdur. Təmənnasız, şəxsi təşəbbüsü ilə mühacirətdəki mədəni-mənəvi sərvətlərimizi toplayan R.Abutalıbov C.Hacıbəyliyə məxsus yüzlərlə sənədi Parisdən gətirməklə böyük qələm sahibinin, alovlu vətənpərvərin həyat və fəaliyyətini dərindən öyrənməyə imkan yaratmış oldu. “Ceyhun Hacıbəyli” (tərtibçilər: M.Teymurov, A.Aslanov) adı ilə buraxılmış kitab bu mənada çox faydalıdır. Topluya C.Hacıbəylinin mühacirətdə yazdığı əsərlərin bir qismi daxil edilmişdir. Ceyhun bəyin mühacirətəqədərki fəaliyyəti də son dərəcə zəngin və maraqlı olmuşdur.
C.Hacıbəylinin 1919-cu ilədək yaradıcılığını araşdırmaq, bu barədə qəti söz demək üçün hər şeydən əvvəl müəllifin həmin dövrdəki imzalarını müəyyənləşdirmək lazımdır. Məhz bundan sonra C.Hacıbəylinin Parisə getməsinədək olan dövrdə mətbuat və ədəbiyyatımızdakı yeri və rolu barədə danışmaq olar.
“Ədəbiyyat qəzeti” 1993-cü il 5 mart tarixli 9-cu nömrəsində C.Hacıbəylinin Əhməd Cavadla bağlı “Azərbaycan” (Münhen, 1952, № 4) jurnalında dərc edilmiş iki məqaləsini vermişdir. Məqalələrin təqdim olunması münasibətilə yazılmış ön sözdə oxuyuruq: “Ceyhun Hacıbəyli yeddiyə qədər imza ilə məqalələr yazıb. “C.H.” da həmin imzaların biridir. Yazılanlar böyük maraq doğursa da, C.Hacıbəylinin imzaları barədə ətraflı təsəvvür yaratmır.
Professor Ş.Qurbanov Ceyhun bəyin imzası haqqında aşağıdakıları deməklə kifayətlənmişdir: “Ceyhun Hacıbəyov bütün məqalələrini “Dağıstani” ləqəbi ilə imzalamışdır. Bu da təsadüfi deyildir: o, əslən Dərbənddən idi”.
Əlbəttə, deyilənlərlə razılaşmamaq mümkün deyil. Lakin fikrimizcə, C.Hacıbəylinin imzası haqqındakı bu qeydləri qənaətbəxş hesab etmək olmaz. Yeri gəlmişkən onu da əlavə edək ki, Ceyhun bəy yalnız yaradıcılığının ilk dövründə yazılarına “Dağıstani” imzasını qoyardı (Bax: “Proqres”, 1907, № 5).
Tanınmış jurnalist-tədqiqatçı Qulam Məmmədli 1977-ci ildə “İmzalar” adı ilə nəşr etdirdiyi kitabda yazırdı: “…Göstərilən çətinliklər üzündən bunların bəziləri tam dəqiqləşdirilməmiş, bir çox gizli imzalar kitaba daxil edilməmişdir”. “Dağıstani” – Cəmaləddin Məmmədzadə, “Kaspi”, “Səda” (səh.32). “Dj.Dağıstani” – Cəmaləddin Məmmədzadə, “Kaspi”, 1910-1911 (səh.37). “C.Dağıstani” – Cəmaləddin Məmmədov, jurnalist” (səh.105).
Bir çox tutarlı, təkzibolunmaz faktlar imkan verir ki, göstərildiyi kimi, “Kaspi” qəzetində “Dağıstani”, “Dj.Dağıstani”, “C.Dağıstani” imzalarının Cəmaləddin Məmmədzadəyə aid olmadığını söyləyək. Bunun üçün C.Məmmədzadə barədə qısaca da olsa bəhs etmək lazımdır. C.Məmmədzadə 1864-cü ildə Dərbənddə anadan olmuş, ilk təhsilini aldıqdan sonra İstanbula getmiş, bir müddət orada qalıb, sonra Tiflisə dönmüş, Şahtaxtinskinin buraxdığı “Şərqi-Rus” (1904) qəzetində çalışmışdır. Bolşevik ideyalarının alovlu təbliğatçısı kimi çıxış edən C.Məmmədzadə az sonra Bakıya gəlir.
“Yeni İrşad”ın 1911-ci il 45-ci nömrəsindən məlum olur ki, C.Məmmədzadənin gizli imzası “Dani” olmuşdur. Beləliklə, C.Məmmədzadə bolşevik əqidəli jurnalist olmuş, əsasən “Şərqi-Rus”, “Qoç-Dəvət”, “Səda” qəzetlərində çalışmış, məqalələrini daha çox “Dani” gizli imzası ilə dərc etdirmişdir. Bütün bunlardan fərqli olaraq, C.Hacıbəyli, əsasən, adları çəkilən qəzetlərdən məramına, məqsədinə, məzmununa görə tamamilə seçilən “Kaspi” qəzeti ilə əməkdaşlıq etmişdir. C.Hacıbəylinin dəst-xətti, toxunduğu mövzular, məsələlərə münasibəti də özünəməxsusluğu ilə seçilir. C.Hacıbəyli “Kaspi”də, demək olar ki, bütün yazılarını “Müsəlmanın qeydləri” rubrikası ilə çap etdirmişdir. Bu rubrika isə qəzetin səhifəsindən 1917-ci ilədək (C.Məmmədzadə 1911-ci ildə vəfat etmişdir) düşməmişdir. C.Hacıbəyli bu müddət ərzində “Kaspi”də “D.”, “Dj.”, “D.”, “D.ni”, “D.Dağıstani”, “Ceyhun Dağıstani” imzaları ilə yazılar vermişdir.
Dil, üslub, mövzu, xüsusilə başqa digər təkzibolunmaz faktlar da sübut edir ki, həmin imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Başqa fakt da dediklərimizi bir daha təsdiq edir. “Kaspi” qəzetinin 1915-ci ilin 13 fevral tarixli 34-cü sayındakı “Biz nə etməliyik” adlı məqaləsinin sonunda “D.Dağıstani” imzası yazılmışdır.
C.Hacıbəylinin imzası haqqında bir qədər ətraflı bəhs etməyimiz bu mövzuda geniş diskussiya açmaq niyyətindən yox, yüzlərlə məqaləsi, onlarca bədii əsəri, xeyli tərcüməsi olan böyük qələm sahibinin mətbuat və ədəbiyyat tariximizdə layiq olduğu qiyməti vermək istəyindən irəli gəlir.
Yaradıcılığı
Ceyhun Hacıbəylinin zəngin bədii və publisistik yaradıcılığından bəhs edərkən bu irsin məzmununun, məziyyətlərinin, məram və məqsədinin daha qabarıq şəkildə diqqətə çatdırılması, dəyərləndirilməsi üçün onun ədəbiyyat və jurnalistika sahəsindəki fəaliyyətinə iki dövrün kontekstində nəzər salmaq vacibdir: mühacirətəqədərki və mühacirətdənsonrakı dövrlər.
Birinci dövr fəaliyyəti daha çox maarifçi xarakter daşıyırsa, ikinci dövrdə ideoloji-təbliğati səciyyə üstünlük təşkil edir. Bu fikri C.Hacıbəylinin həm bədii əsərlərinə, həm də publisistikasına şamil etmək olar. Beləliklə, mühacirətəqədərki dövrlə bağlı qısaca aşağıdakıları söyləməklə kifayətlənirik. Ceyhun bəyin mühacirətəqədərki dövr yaradıcılığında bədii əsərlərindən “Hacı Kərim”, yaxud “Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər” povesti, “Doğru cavab”, “Tamamilə qənaətbəxşdir”, “Pristav ağa”, “Bu elə özüdür”, “Zaqafqaziya kəndlisinin həyatından”, “Barışmaz ata”, “Nümunəvi ata” kimi hekayə və felyetonları diqqəti çəkir. “Hacı Kərim” povestini müəllif 1909-1910-cu illərdə qələmə almış, əvvəlcə hissə-hissə “Kaspi”də dərc etdirmiş, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, C.Hacıbəyli sonralar da bu mövzuya qayıtmış, həmin silsilədən olan daha bir neçə hekayə yazmışdır. “Əziz müəllimim Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanımın xatirəsinə” cümləsi ilə başlayan kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılmışdır. Bu sətirlərin müəllifi 1995-ci ildə kitabı təkrar nəşr etdirmişdir. Əsər kompozisiya baxımından maraqlıdır. Hər biri 6 hekayədən ibarət povest eyni zamanda vahid süjet xəttinə, ideya və məzmuna malikdir. “Hacı Kərimin səhəri”, “Zəruri şər”, “Hacı Kərim işdə”, “Hacı Kərim qonaqlıqda”, “Hacı Kərimin romanı”, “Hacı Kərimin səfərə hazırlığı” adlı hekayələrdən ibarət əsərin ideyası cəhalətin, qadın hüquqsuzluğunun, təhsilə laqeyd münasibətin, yalançı möminliyin, xəsisliyin… amansız tənqidi, eyni zamanda maarifə, mədəniyyətə yiyələnməyin vacibliyinin təbliğidir. Əsərin baş qəhrəmanı Hacı Kərim xəsislikdə M.F.Axundovun Hacı Qarasından, nadanlıqda C.Məmmədquluzadənin Novruzəlisindən, qadına münasibətində Xudayar bəydən heç də geri qalmır.
C.Hacıbəylinin digər əsərlərinin – hekayə və felyetonlarının da başlıca mövzusu müsəlman məişətindən götürülmüş və mövcud cəmiyyət həyatının naqis cəhətlərinin tənqidinə xidmət etmişdir. Maarifçi-yazıçının əsas ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Bu əsərlərin bir yerə toplanılması, nəşri C.Hacıbəyli irsinin tədqiqinə yeni təkan verərdi.
(ardı var)
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
“Azərbaycan” qəzeti, 11 iyul 2015-ci il