Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi.
Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türkləri idi. Lakin tarixin amansız axarlarında, 1918-ci ildə İrəvan şəhəri ermənilərə pay verildi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq erməni dövləti yaradıldı. Məqalədə əsasən İrəvan şəhərinin qaynar bir dövründən – İrəvan xanlığının paytaxtı olduğu dövrdən bəhs olunacaqdır.
İrəvan xanlığı XVIII əsrin ortalarında Azərbaycan ərazisində uzun sürən azadlıq hərəkatından sonra müstəqillik qazanmış 20-dən çox dövlət qurumlarından – xanlıqlardan biri idi. Xanlığın paytaxtı olan İrəvan şəhəri quruluşuna görə digər Azərbaycan şəhərlərindən fərqlənmirdi. Erməni müəllifləri İrəvan toponiminin mənşəyini erməniləşdirməyə çalışırlar. Erməni tarixçisi Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap etdirdiyi «Qədim İrəvan» kitabında İrəvan toponimi ilə bağlı yazır: «Məlum olmuşdur ki, İrəvanın adının ermənicə «yereval» (görünmək- red.) və ya «yerevan qall» (aşkar olmaq, irəli gəlmək- red.) sözləri ilə heç bir əlaqəsi… və heç bir elmi əsası yoxdur. Eyniliklə də türklərin söylədikləri əfsanə də elmi baxımdan dəqiq deyil. Əfsanəyə görə İrəvanın adı şah İsmayılın (1501-1524) sərkərdələrindən birinin – Rəvanqulu xanın adı ilə bağlıdır. Belə ki, şahın əmri ilə guya onun adamları burada qala tikmişlər. Lakin tarixi həqiqət, ondan ibarətdir ki, İrəvan bu adla artıq 11-ci və hətta 7-ci əsrdən məlum olmuşdur» [4, 7]. Sonra müəllif fikrini belə davam edir: «Şəhərin adı ilə elmi baxımdan qəbul ediləcək, həqiqətə uyğun yeganə şərh bəlkə də Moskva Arxeoloji Cəmiyyətinin üzvü M.Nikolskinin verdiyi şərhdir. Belə ki, 1893-cü ildə o, cəmiyyətin tapşırığı ilə burada səyahətdə olmuş, o vaxta qədər tapılmış mixi xətli yazıları tədqiq etmişdir. M.Nikolskinin izahına görə, İrəvan adı Yeriaini (Eriaini) ölkəsinin adından irəli gəlir. Onun da mərkəzi və ya baş şəhəri İrəvan olmuşdur. Bu Yeriaini ölkəsinin adı isə Urartu kralı I Rusa tərəfindən Göyçə (Sevan) gölü ətrafında zəbt etdiyi 23 ölkələr sırasında olan, gölün sahilində yerləşən «Kolan-qıran» (Otsaberd) adlanan kəndin yanında tapılmış yazıda həkk olunmuşdur. Lakin Nikolskinin fikrincə, Urartunun qədim İrəvanı özünün indiki yerindən bir verst (1,0668 km) aralı olan türkcə «Qanlı təpə» (Aryunod blur) adlanan təpənin yerində olmuşdur [4, 8].
Yervand Şahəziz sonra yazır ki, 1894-cü ildə M.Nikolskini müşayiət edən A.İvanovski adı çəkilən təpəyə gəlmiş və onun üzərində Urartu formalı qala qalıqları aşkar etmişdir. Həmin təpənin (Qanlı təpə) yaxınlığında, bir kəndlinin əkin zamanı tapdığı, dörd misralı mixi xətli yazılı daşı A.İvanovski Moskva Arxeoloji Cəmiyyətinə aparmışdır. Ölçüləri 15×43,85 sm olan bu daşın üzərində həkk olunan yazı kral Arqiştiyə aiddir və bu şəkildə oxunur: 1.Arqişti; 2.Menuanın oğlu; 3.Bu qalanı tikdi; 4.10.100 daşdan ibarət [4, 9].
Erməni tarixçilərinin əksəriyyətinin öz əsərlərində uydurduqlari “qədim erməni tarixi”nin Urartu dövləti ilə əlaqələndirilməsi səciyyəvi hal almışdır. Halbuki bu ərazilərdə yaşamadıqları üçün, ermənilərin bu dövlətlə də heç bir əlaqələri ola bilməzdi. İrəvanın adının I Rusa ilə əlaqələndirilməsi əslində ənənəvi erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni müəllifinin İrəvan toponimi ilə bağlı fikirlərinin heç biri elmi əsasa söykənməyir. Ən əsası isə, M.Nikolskinin gəldiyi nəticələrin nəşr olunduğu mənbə haqqında Y.Şahəziz heç bir məlumat vermir. AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun son dövr tədqiqatlarından sayılan «İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» kitabı İrəvan toponimi ilə bağlı daha dolğun şərh vermişdir. Kitabda yazılır: «Qədim Urartu tarixinə şərik çıxmağa çalışan erməni müəllifləri İrəvan toponiminin əsassız olaraq Urartu mənbələrində adı çəkilən Erebuni qalasının adından götürülməsi fikrini irəli sürürlər. XIX əsr rus müəllifi İ.Zelinski isə İrəvan toponimini həm ermənilərin qondarma «Nuh əfsanəsi» ilə bağlı yerevum «görünən», həm də tatarların (Azərbaycan türkləri – red.) «teçet» axan, rəvan mənasında işlətdiyini qeyd edir [16, 1]. Lakin, bu fikirlər elmi əsasa söykənmir. İr toponiminin erməni dilində izahı yoxdur. İr (Yer) qədim türk sözü olub «yerin günəşə baxan üzü»nə deyilir[bax: 9, 218]. Bəzi tədqiqatçıların fikrincə İrəvan toponimi türk dillərində İr «dağın gündüşən tərəfi», «dalğavari dağ zirvəsi» və farsca van «yer» sözlərindən ibarətdir. İrəvan toponiminin qədim türk teonimlərdən törənən etnik adlar sırasına daxil edilməsi və onun qədim türklərin İr (Yer) Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür [7, 37].
Hələ XVI əsrdə osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini «Azərbaycan mülkünün gözü» adlandırmışdı [14,169].
Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda general P.S.Potyomkinə bildirirdi ki, onun məlumatlarına görə Osmanlı sultanı Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır. Bundan əlavə, sultan Ərzrum paşasına və digər həmsərhəd paşalara, nəyin bahasına olursa-olsun, rus qoşunlarının qarşısına çıxmağı əmr etmişdir. Regionda siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək üçün birləşmişlər [15, оп.1/194, док.416, ч.I, л.354].
İrəvan şəhərinin quruluşu: İrəvan şəhəri şimaldan Qırxbulaq, qərbdən və cənubdan Zəngibasar mahalları ilə, şərqdən isə onu Qarni (Görpübasar) mahalından ayıran Oxçuberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri onu əhatə edən bağlarla birgə geniş ərazini əhatə edirdi. Onun sahəsi 28 verstə bərabər idi [18, 464].
İrəvan xanlığının paytaxtı, müstəqil inzibati mərkəz olan İrəvan şəhəri iki hissəyə – içəri şəhər(qala) və bayır şəhər hissəsinə bölünmüşdü.
İçəri şəhər əsasən İrəvan qalasından ibarət idi. İrəvan qalası 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən tikilmiş, sonralar dəfələrlə dağıdılmış, yenidən bərpa edilmiş, XVIII əsrin sonunda isə kifayət qədər möhkəmləndirilmiş və dəfələrlə ağır mühasirələrə tab gətirmişdi. İrəvan qalası Zəngi çayının sol sahilində yerləşirdi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda tikilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şimalda məşhur Şirvan qapısı, cənubda isə Təbriz qapısı. Mühasirə zamanı sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi [13, 290; 2, 41; 7, 144 ]. 1813-cü ildə burada olan Qaspar Druvil yazırdı: «İrəvan qalası iki divarla əhatə olunub, şəhərdən yarım top atəşi məsafəsində yerləşir. Qala uzun müddət Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfəvilərin – red.) hakimiyyəti altında qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç nizami tabor, qalanı qoruyan 60 top və süvari artilleriya bölüyünün yarısını saxlayır» [3, 8; 7, 144].
İrəvan qalasının içərisində Sərdarın sarayı, hərbçilərin evləri, dükanlar və iki məscid – Məhəmməd xan və Abbas Mirzə məscidləri yerləşirdi. Qalanın içərisinə 2 yerdən – Zəngi çayından və cənub-şərq tərəfdən – Qırxbulaq çayından yeraltı yolla su çəkilmişdi. Rusiya işğalına qədər İrəvan qalasında 800 ev vardı. Lakin işğaldan sonra bu evlərin çoxu dağıdılmışdı [13, 290].
Bayır şəhər daha geniş ərazini əhatə edirdi. Göy məscid adı ilə tanınan məşhur Hacı Hüseynəli xan məscidi burada yerləşirdi. Göy məscid adı ilə məşhur olması onun kərpicinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlıdır. 1760-1768-ci illədə İrəvan xanı Hacı Hüseynəli xan Qacar (1759-1783) tərəfindən inşa edilən bu məscid həyətində fontanlı daş çarhovuzun və ətrafında sıx kölgəli ağacların olması ilə seçilirdi [8, 214; 7, 226]. Dövrün mənbələrində İrəvan şəhərində məscidlərin daha çox olmasının və Rusiya işğalından sonra dağılması haqda məlumat vardır [Bax: 7, 158].
Bayır şəhər əsasən üç böyük məhəllədən ibarət idi. Həmin məhəllələr bunlar idi:
Şəhri (Əski şəhər) məhəlləsi – şəhərin şimal-şərq hissəsini əhatə edərək Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları bu hissədə yerləşirdi [18, 464; 2, 46].
Təpəbaşı məhəlləsi – Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xanbağı da burada yerləşirdi [18, 464-465; 2, 46].
Dəmirbulaq məhəlləsi – Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Hacı Cəfər bəy məscidi və hamamı, Hacı Nəsrulla bəy məscidi, həmçinin Həsənəli hamamı və Susuz karvansarası burada yerləşirdi [18, 464; 6, 40; 2,47]. Yuxarıda göstərilən məhəllələrin sakinlərinin Azərbaycan türkləri olduğunu erməni mənşəli ABŞ tarixçisi C.Bornoutyan da gizlədə bilmir [2, 47; 7, 145].
1836-cı ildə Leqkobıtov tərəfindən tərtib olunan mənbənin məlumatına görə, İrəvan qalasının ətrafında – bayır şəhərdə 1736 ev, 5 meydan, 8 məscid, 5 kilsə, 6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470 üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı [13, 291]. Leqkobıtovdan fərqli olaraq İ.Şopen İrəvan şəhərində 1730 ev olduğunu yazır. Bu evlərdən 792-i Şəhri (Əski şəhər), 622-i Təpəbaşı, 322-i isə Dəmirbulaq məhəlləsində yerləşirdi [18, 468; 7, 146].
XIX əsrin I qərinəsində Rusiya tərəfindən işğal olunmasına baxmayaraq sonrakı dövrlərdə də İrəvan şəhəri öz gözəlliyini və Azərbaycan türklərinə məxsusluğunu saxlayırdı. B.Jelixovskaya bu haqda yazır: «İrəvan görünüşünə görə bütünlüklə tatar (Azərbaycan – red.) şəhəridir, uzaqdan çox gözəldir. Şəhərin yerləşdiyi düzənlik nəhəng çiçək səbətinə bənzəyir. Ağ evlər, qüllələr, qalanın xarabalıqları, rəngbərəng kaşılarla üzlənmiş məscid və təmtəraqlı minarələr: bunların hamısı bağların içərisində itir, piramidaşəkilli sərvlərin xiyabanı ilə dövrələnir, hər şey üzüm tənəkləri, sarmaşıq xalçaları ilə əhatə olunmuş, hamısı qızılgül və nar kolları ilə bəzədilmişdi. Zənqi çayı yüksək dağdan şəlalə kimi düzənliyə tökülür və qayalarda dərin yataq açaraq şəhərə doğru yönəlir və hər cür yaşıllığın keçilməz cəngəlliyində itir [5, 40-42]».
İrəvan şəhərinin əhalisi:
XVI əsrin əvvəllərindən başlayaraq davam edən Səfəvi – Osmanlı müharibələri nəticəsində Azərbaycanın Çuxursəd bölgəsinin şiə məzhəbli əhalisinin xeyli hissəsi öz doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Əlverişli şəraitdən yararlanan erməni kilsəsi boşalmış Azərbaycan kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirərək burada erməniləri yerləşdirmişdir [bax: 11, 219].
İrəvan bölgəsindən fərqli olaraq qeyd olunan demoqrafik proseslər İrəvan şəhəri əhalisinin etnik tərkibində ciddi dəyişiklik yaratmadı. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn XVII əsr fransız səyyahı Şarden İrəvanda olarkən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir [17, 23]. Səyyahın məlumatına görə «….İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar» [17, 21]. «Qədim İrəvan» kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda olan fıransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada (İrəvan şəhərində – red.) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdi [4, 34].
Ermənilər tərəfindən Rusiyaya və Avropanın digər xristian dövlətlərinə çatdırılan məlumatların təhrif olunmasını, ermənilərin sayının həmişə süni şəkildə şişirdilməsini nəzərə alsaq, demək olar ki, İrəvan şəhərinin özündə oturaq erməni əhalisi yaşamamışdır.
XVIII yüzilliyn əvvəlində missionerlik məqsədilə İrəvana gəlmiş yezuitlər ordeninin üzvü, missioner Monye yazır: «Evlərdən daha çox bağçalar və üzüm bağlarına qərq olmuş şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur. Əhalinin ¼-i ermənilərdir» [10, 154]. XVIII yüzillikdə İrəvanda olmuş Mami-Klerak Monyenin faktlarından təkcə faydalanmamış, hətta onu redaktə də etmişdir. Erməni tədqiqatçısı A.Q.İoannisyan da bu faktla razılaşaraq fransız tarixçisi, mühəndis Mami-Kleraka istinad edərək yazır ki, «qaynaqların məlumatına görə, ermənilər İrəvan şəhəri əhalisinin ¼-ni, azərbaycanlılar isə böyük əksəriyyətini təşkil edirdilər» [10, 153; 1, LXXVII; 12, 33-34]. Beləliklə, bəhs olunan dövrdə də Azərbaycanın qədim Çuxursəd (İrəvan) bölgəsində və İrəvan şəhərində yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi. Bunu yuxarıda göstərilən erməni mənbələrinin məlumatları, həm də İrəvanda olmuş Avropa səyyahları və missionerlərinin verdiyi konkret faktlar da təsdiq edir.
Bununla yanaşı digər avropalı səyyah – 1700-ci ilin yazında İrəvanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirlər. O, yazır: «İrəvan şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində-red.) yalnız iranlılar (Azərbaycan türkləri-red.), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə-red.) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayırlar. Onlar iranlılara (Azərbaycan türklərinə-red.) vergi verirlər» [7, 78].
Hələ, XVIII əsrin əvvəllərində İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığını həmin dövrdə tərtib olunmuş arxiv sənədləri də təsdiq edir. Erməni-rus əlaqələrinə həsr olunmuş sənədlər toplusunun II cildinin I hissəsinə daxil edilmiş sənədlər içərisində maraqlı bir məlumat verilir. 1701-ci il 25 iyul tarixli «Yaddaş qeydləri» adlanan həmin sənəddə erməni avantüristi İsrail Ori rus qoşunlarını Cənubi Qafqaza yürüşə həvəsləndirmək üçün I Pyotra 18 bənddən ibarət layihə təklif edir. Layihənin 7-ci bəndində Rusiya imperatoruna İrəvan şəhəri haqda kəşfiyyat xarakterli məlumatlar çatdırılır və göstərilir ki, İrəvan şəhərində cəmi 300 nəfərdən bir az artıq erməni yaşayır və onlar da ticarətlə məşğul olurlar [1, 213; 11, 31].
Nəzərə almaq lazımdır ki, İrəvanda olan avropalılar, o cümlədən missionerlər şəhərin xristian əhalisi barədə məlumatı Üçkilsə katolikosundan alırdılar. Buna görə də həmin məlumatlar çox zaman bilərəkdən şişirdilir və həqiqəti əks etdirmirdi. Bununla belə, Avropa səyyahları Şarden, Şilinger, XVIII əsr arxiv sənədləri və hətta erməni müəllifi Şahəziz də İrəvan şəhərinin əhalisinin ancaq azərbaycanlılardan ibarət olduğunu yazır.
Yuxarıda göstərilən səbəblər üzündən artıq XVIII əsrin əvvəllərində mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin Üçkilsə və ona yaxın kəndlərində ermənilərin sayı artmışdı. Bununla belə, göstərilən dövrdə də İrəvan şəhəri və ona yaxın bölgələrdə ermənilər elliklə məskən sala bilməmiş, yalnız müvəqqəti olaraq ticarətlə, habelə missionerlik fəaliyyəti ilə məşğul olmuşlar.
İdarəetmə: XVIII əsrin ikinci yarısında İrəvan şəhəri Azərbaycanın ən iri şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xan öz ailəsi və xidmətçiləri ilə birlikdə burada yaşayırdı. İrəvan şəhərini xan tərəfindən təyin olunan kələntər və qalabəyi idarə edirdi. Yasovullar, onbaşılar, fərraşlar onlara tabe idi. İrəvan xanlığının idarə olunmasında saray məmurları mühüm rol oynayırdılar. Vəzir böyük səlahiyyətlərə malik idi. Xan sarayında vəzirdən başqa sərkərəli (maliyyə işlərinə baxan), eşikağası (xanın şəxsi təsərrüfatını idarə edən), sandıq ağası (xəzinədar), anbar ağası, qalabəyi, mühasib bəy və digər vəzifələr də var idi. Hərbi işə isə xanın özü rəhbərlik edirdi [6, 38]. Maraqlıdır ki, erməni müəllifi A.R.Qriqorian İrəvan xanlığının idarəçilik sistemindəki bütün bu vəzifələrin adlarını erməni dilinə tərcümə etməmiş, Azərbaycan dilində olduğu kimi vermişdir.
İrəvan xanlığında və onun paytaxtı İrəvan şəhərində əhalinin əksəriyyətini yerli Azərbaycan türkləri təşkil edirdilər. Onlar siyasi hakimiyyətə tam sahib olmaqla xanlığı idarə edirdilər.
Güntəkin Nəcəfli
Tarix üzrə fəlsəfə doktoru
Strategiya.az
03.08.2013