Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edir.
Növbəti diskussiya “Azərbaycanın İslam həmrəyliyindəki rolu” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, AMEA Fəlsəfə İnstitutunun Davamlı İnkişafın Fəlsəfəsi şöbəsinin müdiri professor Sakit Hüseynov, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir, “Report” İnformasiya Agentliyinin müxbiri Şamo Quliyev iştirak edirdi.
Fuad Babayev: Mövzumuz Azərbaycanın islam həmrəyliyindəki roludur. Ənənəmizə sadiq qalaraq bu tədbirə də deviz seçmişik. Heydər Əliyev: “Müsəlman alimləri və din xadimlərinin dinimizin mühüm aktual problemlərini müzakirə etməsi sırf elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, islam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir”. Bu artıq bizim İlahiyyat İnstitutu ilə birgə keçirdiyimiz diskussiyalar silsiləsindən beşinci söhbətimizdir. Məncə, söhbətimizə Sakit müəllimin çıxışı ilə başlamağımız daha düzgün olardı. Sakit müəllim, söz Sizindir.
Sakit Hüseynov: Çox sağ olun. İlk növbədə dəvətə görə minnətdarlığımı bildirirəm. Bu gün müzakirəyə çıxardığınız mövzu da çox aktual və vacib bir mövzudur. Çünki İslam həmrəyliyi məsələsi bir ölkə çərçivəsindən çıxmış və qlobal səviyyəyə yüksəlmiş məsələdir. Hələ cənab Prezident 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməmişdən öncə də Azərbaycan Respublikası İslam həmrəyliyini hər zaman dəstəkləyib. Cənab Prezidentin bu istiqamətdə atdığı addımlar Ulu Öndər Heydər Əliyevin uğurla başladığı siyasətin davamıdır. Belə ki, Ümummilli Liderimiz müsəlman ölkələrinin dini liderlərinin və ictimai xadimlərinin beynəlxalq tədbirlərdə birgə iştirakına böyük önəm verib. Heydər Əliyev 1993-cü il xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi vaxtdan müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə xüsusi diqqət yetirib. Xüsusən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı – red.) üzvü olan ölkələrin Dövlət və Hökümət başçılarının 1994-cü il 13 dekabr tarixində Kasablanka Zirvə Toplantısında Heydər Əliyevin geniş məzmunlu çıxışı İslam dünyasında həmrəyliyin genişləndirilməsinin zəruri olduğunu bir daha təsdiq etdi. Toplantıdakı çıxışında Heydər Əliyev müsəlman ölkələrinin başçılarına müraciət edərək İslam ölkələri arasında birliyin, həmrəyliyin mühüm əhəmiyyət daşıdığını və Azərbaycanın İslam dünyası ilə əməkdaşlığının genişlənməsinin əhəmiyyətini vurğulayaraq deyirdi: “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla-müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir”. Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən İslam Konfransı Təşkilatının bir müsəlman ölkəsi kimi Azərbaycana siyasi dəstək göstərdiyini xüsusi qeyd edən Heydər Əliyev bu təşkilatın fəaliyyətini yüksək qiymətləndirib və bu təcrübənin davam etdirilməsini zəruri hesab edib. Kasablanka Zirvə görüşündə Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində ölkəmizin düşdüyü ağır vəziyyəti görüş iştirakçılarına çatdırmaqla yanaşı, dünyanın başqa bölgələrində baş verən qırğın və dağıntılara da diqqəti cəlb edib və müxtəlif bölgələrdə yaşayan müsəlman və qeyri-müsəlmanların taleyinə biganə qalmamağı tövsiyə edib. Heydər Əliyev bu görüşdə bir müsəlman ölkəsinin başçısı kimi təkcə Azərbaycanın problemlərini yox, eyni zamanda digər bölgələrdə yaşayan müsəlman və qeyri-müsəlmanların da problemlərinin həll edilməsinin vacibliyini İslam Konfransı Təşkilatına üzv olan ölkələrin başçılarına müraciətində səsləndirib. Yeri gəlmişkən, bizim bugünkü görüşümüzün devizi kimi seçdiyiniz fikri də Heydər Əliyev məhz Kasablanka Zirvə Toplantısında bildirib: “Müsəlman alimləri və din xadimlərinin dinimizin mühüm aktual problemlərini müzakirə etməsi sırf elmi dini əhəmiyyəti ilə yanaşı müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.” Dünyanın bir çox yerlərində islam dininin əsaslarına müsəlman ölkələrinə qarşı qərəzli həmlələrin aparıldığı müasir dövrdə bu fikirlər xüsusilə böyük əhəmiyyət kəsb edir. Halbuki o vaxt hələ nə İraq məsələsi, nə də Suriya məsələsi var idi.
Fuad Babayev: Heç Liviya məsələsi də yox idi.
Sakit Hüseynov: Bəli, bunların heç biri yox idi. Söhbət 1994-cü ildən gedir. Belə görüşlər həmçinin müştərək tarixi-mədəni, mənəvi ənənələrə malik olan oxşar tale və inkişaf yolu keçmiş ölkələrimizin qarşısına çıxan problemlərin həllində bir-birimizin təcrübəsindən səmərəli istifadə etmək imkanlarını genişləndirdi. Yəni uzaqgörənlik budur, 20 il bundan əvvəl sərrastlıqla deyilən sözdür. Təkrar edirəm, Ulu Öndərin İslam həmrəyliyi sahəsindəki siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. İslama qarşı ədalətsiz mövqe tutan siyasətçilərin əsassız bəyanatlarını tənqid edən cənab Prezident bu dini gözdən salmağa çalışanlara qarşı İslam həmrəyliyi ideyasını irəli sürüb. O, “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bu sözləri söyləyib: “İslam sülh dinidir. Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni sürətdə ləkələmək, İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sülhün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir”.
2017-ci ili “İslam həmrəyliyi ili” elan edən və hər zaman İslam birliyinin tərəfdarı olan Azərbaycanın bu həmrəyliyə verdiyi töhfələrlə bağlı bir neçə fakt sadalamaq istəyirəm. Birincisi, Azərbaycan 2013-cü ildə Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransına ev sahibliyi edib və bu məqsədlə ciddi məbləğdə maliyyə yardımı ayırıb. İkincisi, Azərbaycan Fələstin dövlətinin dəstəklənməsi üçün İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması adlı konfransa ev sahibliyi edib və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırıb. Üçüncüsü, hazırda dünyada multikulturalizm və tolerantlığın mərkəzlərindən biri kimi tanınan ölkəmiz multikulturalizmin yeni və mütərəqqi nümunəsi olan Azərbaycan modelini irəli sürüb. Dördüncüsü, Azərbaycan islamofobiyaya qarşı açıq şəkildə çıxış edib və dünyada İslam həmrəyliyini təbliğ etmək üçün ardıcıl iş aparıb. Beşincisi, Azərbaycan Fransada məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak edib və Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olub. Altıncısı, İSESKO-nun dəstəyi ilə Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülüb. Bütün bunlar Azərbaycanın islam dünyasında həmrəyliyinin nəzəri və əməli cəhətdən genişləndiyini göstərən maraqlı faktlardır.
Fuad Babayev: Çox minnətdaram Sakit müəllim. İstərdim Elşad müəllim bir siyasi elmlər üzrə mütəxəssis kimi müzakirə mövzumuzla bağlı fikrini bildirsin.
Elşad Mirbəşir: Problem ətrafında hörmətli professor Sakit müəllimdən sonra danışmaq mənə çətindir. O bizimlə fikirlərini elə əhatəli şəkildə bölüşdü ki, mənim elə özümdə də kifayət qədər təsəvvür genişlənməsi baş verdi. Ona görə də Sakit müəllimə xüsusi təşəkkürümü bildirirəm. Sözün həqiqi mənasında düşünürəm ki, bu gün İslam həmrəyliyi məsələsi artıq ağrılı bir məsələ kimi nəzərdən keçirilməlidir.
Fuad Babayev: İslam həmrəyliyi məsələsi sanki insanda bir qədər ironiya yaradır.
Elşad Mirbəşir: Tamamilə razıyam və Sizinlə eyni fikri bölüşürəm. Elə tezislərimi də onun üzərində qurmaq istəyirəm. Adama elə gəlir ki, İslam həmrəyliyinin təmin olunması yükü bir neçə İslam dövlətinin məsuliyyətinə aiddir. Yəni başqa İslam dövlətlərindən biz bunu görmürük. Bu gün İslam dünyasının ümumi görüntüsünü gözümüzün qabağına gətirsək, xaotik bir mənzərənin şahidi olarıq. Bu ondan xəbər verir ki, bu gün İslam həmrəyliyindən danışmaq çox çətindir. İslam dövlətlərinin tutduqları mövqe, onların həyata keçirdikləri siyasət hesab edirəm ki, İslam dünyasını uçuruma aparmaqdadır. Bu gün diqqət yetirin, İslam dünyası xaosun içərisindədir. Həmin xaosun yaradılmasında əsas alət rolunda İslamdan istifadə edirlər. Dünyanı terror ağuşuna alan İŞİD əlində İslamı bayraq edib.
Fuad Babayev: Eləcə də Taliban, Əl-Qaidə, Hizbullah və s…
Elşad Mirbəşir: Bəli, tamamilə doğru deyirsiniz. Artıq bu gün “İslam terrorizmi” anlayışı çox təəssüf ki, elmi, siyasi leksikonda məqsədli şəkildə istifadə olunur. Halbuki terrorizm daha çox xristian dünyasının məhsuludur.
Fuad Babayev: Elədir, İrlandiya Respublika Ordusu, Bask terrorçuları, vaxtilə İtaliyada “Qırmızı briqada”…
Elşad Mirbəşir: Elədir. Teroru İslamla o qədər birlikdə işlədiblər ki, sanki bunlar bir yerdə yaranmış ifadələrdir. Təəssüf ki, bu fikir bu tezisdə, praktikada elə müsəlmanların öz əli ilə möhkəmləndirilir. Biz İslam həmrəyliyinin təmin olunmasında Azərbaycanın rolundan danışırıqsa, istər-istəməz digər İslam ölkələrinin də fəaliyyətinə, roluna diqqət yetirməliyik. Bu gün ərəb ölkələrinin fəaliyyətinə diqqət yetirsək, görərik ki, ərəb ölkələri İslam dünyasında xaosa rəvac verən əsas ölkələrdir. Həmin ölkələrin demək olar ki, bütün maliyyəsi ABŞ, Avropa banklarındadır və o maliyyəni, resursları qorumaq üçün Amerika Birləşmiş Ştatları, Avropa ölkələri hansı havanı çalırlarsa, o havanı da oynayırlar. Məsələn, D.Tramp prezident seçildi, 2-3 həftədən sonra Səudiyyə Ərəbistanına səfər etdi və 368 milyard dollar dəyərində silah alqı-satqısıyla bağlı müqavilə imzalandı. Mən bir balaca araşdırma apardım və gördüm ki, həmin dövrdə ərəb ölkələrinin, Səudiyyə Ərəbistanının silah arsenalının yeniləndirilməsinə heç bir ehtiyac olmayıb. Deməli, bu silahlar regionda münaqişə ocaqlarını silahla təmin etmək üçün lazımdır.
Fuad Babayev: Bu silahlar həm də Amerika Birləşmiş Ştatlarının hərbi-sənaye kompleksini sifarişlərlə təmin etmək və yeni yerləri yaratmaq üçün lazımdır.
Elşad Mirbəşir: Bəli. Belə olan halda hansı İslam həmrəyliyindən danışmaq olar? Amma sevindirici haldır ki, Azərbaycan, Türkiyə kimi dövlətlər var və onlar İslam həmrəyliyinə öz töhfələrini verirlər. Sakit müəllim ətraflı danışdı, həqiqətən də Ulu Öndər Heydər Əliyev qədər İslam həmrəyliyinə xidmət edən ikinci bir şəxs olmayıb. O vaxt Heydər Əliyevin əsas missiyası ondan ibarət idi ki, xristian dünyası ilə İslam dünyasını yaxınlaşdırsın. O dəfələrlə təşəbbüslə çıxış edirdi ki, Avropa Şurasının, ATƏT-in toplantılarına mütləq İslam dünyasının, İslam dövlətlərinin rəhbərləri, xarici işlər nazirləri cəlb olunsun. Beləcə Qərb ölkələri ilə İslam ölkələri arasında körpü yaratmaq və dinlərarası ziddiyyətləri aradan qaldırmaq istəyirdi. Ulu Öndər çalışırdı ki, zidiyyətlər kökündən həll olunsun. Amma görün, neçə ildən sonra həmin ziddiyyətlər sayəsində inqilablar baş verdi, müsəlman dünyası xaosa büründü. Ulu Öndərun bu strategiyasını davam etdirən Prezident İlham Əliyev 2008-ci ildə Avropa Şurası xarici işlər nazirlərinin Bakıda keçirilən toplantısına bütün islam dünyasını dəvət etdi.
Sakit Hüseynov: Bəli, məşhur Bakı prosesində bütün İslam ölkələrinin rəhbərləri dəvət olunmuşdu.
Elşad Mirbəşir: Bakı prosesində o qədər gözəl konstruktiv bir dialoq alındı ki, həm Avropa ölkələrinin liderləri, həm də İslam dövlətlərinin liderləri etiraf etdilər ki, bu müddətə kimi çalışsalar da belə bir yaxınlaşma, belə bir dialoq təşkil edə bilməzdilər. İnamla deyə bilərik ki, indi İslam dünyasının aparıcı ölkələrindən biri məhz Azərbaycandır. İslam mədəniyyətinin təbliğində Azərbaycan nə qədər tədqimat xarakterli işlər görməkdədir. Azərbaycan öz mədəniyyətinin tanıdılması fonunda İslam mədəniyyətini təqdim edir, Avropa ölkələrində Azərbaycan mədəniyyətini hətta elementar səviyyədə artıq tanımağa başlayıblar. İslam həmrəyliyinin təmin olunmasının bu gün ağırlığı sözün həqiqi mənasında Azərbaycanın və Türkiyənin üzərindədir. Bu bir yandan sevindirici haldır, bir yandan da çox təhlükəli haldır. Sevindirici haldır ki, Azərbaycan bizim dövlətimiz, Türkiyə qardaş dövlətdir və İslam dünyasının belə deyək, təəssübünü bu səviyyədə çəkirlər. Təhlükəli haldır ki, tək əldən səs çıxmaz. Digər İslam ölkələrinin də təşəbbüsü lazımdır, lakin biz bunu görmürük.
Fuad Babayev: Şübhəsiz. Elşad müəllim çox sağ olun. Hörmətli Aqil müəllimə bu sualı ünvanlamaq istəyirəm. Şiəlik və sünnilik arasında bu qədər ziddiyyətlər olduğu və bu ziddiyyətlər məqsədyönlü şəkildə müəyyən planetar qüvvələr tərəfindən körükləndiyi halda İslam həmrəyliyindən danışmaq nə dərəcədə yerinə düşür? Bu daha çox şiələrin həmrəyliyi və sünnülərin həmrəyliyi deyilmi?
Aqil Şirinov: Fuad müəllim, çox maraqlı sualdır. Əslində kökünə getsəniz, teoloji mənada sünnilik və şiəlik arasında güclü, ciddi bir ziddiyyət yoxdur. Yəni xristianlıqdakı katoliklər və protestantlar arasındakı, monofizit və diafizitlər arasındakı fərq bizim şiəlik və sünnülük arasında yoxdur. Ən azı İslamın əqidə əsaslarında onlar birdirlər, yalnız imamət məsələsi və s.-də bir-birilərindən ayrılırlar. Amma bu ayrılıq təməl ayrılıq deyil, əsas ayrılıq deyil. Bu ayrılığı ictimai zəmində yaymağa çalışan müəyyən qüvvələr olub. Onun da bir çox səbəbi var. İşin dar çərçivədə düşünən din xadimləri ilə də əlaqəsi var, kənar qüvvələrlə də əlaqəsi var, iqtisadi tərəfi də var, dövlət-cəmiyyət münasibətləri, dövlətlərarası münasibətlərlə də əlaqəsi var, yəni çoxtərəflidir. Mənə elə gəlir ki, buna sırf teoloji baxımdan yanaşmaq doğru deyil. Mən məsələni Azərbaycana gətirmək istəyirəm. Şiə-sünni həmrəyliyində biz tarixən öndə olmuşuq. İlk dəfə şiə-sünni ayrılığını ortadan qaldırmağa çalışan Nadir şah Əfşar olub və hətta şiə üləmasını, alimlərini toplayaraq sünni müqəddəsləri haqqında mənfi rəydə olmamaları ilə bağlı fətva çıxarıb. Bunu Osmanlıya da göndərib və onlardan da bunu istəyib, çox çalışıb, təəssüf ki, alınmayıb. Alınmamasının da müxtəlif səbəbləri, o cümlədən də siyasi səbəbləri var. Alınmamasının teoloji səbəblərinə gəlincə isə Nadir şah Əfşarın bir niyyəti vardı və müsbət niyyət idi, sadəcə bunun arxasında çox ciddi bir ideoloji əsaslar yox idi. Yəni nəzəri cəhətdən əsaslandırılmış bir layihə deyildi, Nadir şah Əfşarın xoş niyyətinin nəticəsi idi və təəssüf ki, bu niyyət də reallaşmadı. Amma buna baxmayaraq Azərbaycan ziyalıları həmişə bu mövzuda İslam dünyasında öndə olublar. XIX əsri götürək. XIX əsrdə Azərbaycanda çox böyük bir ənənə var – Şeyx İsmayıl Şirvani ənənəsi. Bu sufi mərkəzli bir ənənədir – nəqşibəndiliyin bir Azərbaycan yozumudur. Burdan Qafqaza da siraət edib, İsmayıl Şirvani hətta Şeyx Şamilin müəlliminin də müəllimidir. Yəni Qafqazdakı müridizm hərəkatı buradan yayılıb, yəni bizim Kürdəmirli Şeyx İsmayılın ənənəsidir bu. Şeyx İsmayıl Şirvani Mövlanə Xalid Bağdadinin tələbəsidir. Amma müəllimi məzhəb məsələsində çox sərt bir insan olub. Yəni məzhəbçilik tərəfi olan bir insan olub. Amma o müəllimindən fərli olaraq Qafqaza qayıdanda şiə-sünni münasibətlərini düzəltməyə, məzhəblərarası intriqanı ortadan qaldırmağa çalışıb və onun yetişdirdiyi böyük bir tələbə ordusu var. Tələbələrindən biri də Həmzə Nigaridir. Həmzə Nigari əslən qarabağlıdır, amma Qazax və Qaraçöp mahallarında çox böyük mürid kütləsi olub, elə Qarabağın müxtəlif yerlərində də. Onun şüar olmuş məşhur sözləri var:
Allahı, Məhəmmədi ali sevən dostlarız,
Nə sünnüyüz nə şiə, biz xalis müsəlmanız.
XIX əsrdə İslam dünyasında bu kimi şüarlara çox az rast gələrsiniz. İnsanlar bu cür açıq şüarlar səsləndirməyə çox qorxurdular. Daha bir ziyalımız – Əli bəy Hüseynzadənin “Füyüzat”da məzhəbçilik əleyhinə nə qədər məqaləsi var. Mirzə Ələkbər Sabir və onun müəllimi Seyid Əzim Şirvaninin işlərindən biri də Şirvanda məzhəb ayrı-seçkiliyinə son qoymaq məsələsi olub. Demək istəyirəm ki, Azərbaycan bu mövzuda irəlidə olub, tarixi ənənəmiz var. Ondan sonrakı dövrə, XX əsrin əvvəllərinə baxıram, Ümumrusiya müsəlmanlarının birinci qurultayının təşkilində bizim azərbaycanlıların nə qədər böyük rolu olub. Və çalışıblar ki, müsəlmanlar içərisində həmrəylik olsun. Hətta səhv etmirəmsə, qurultay Şəmsi Əsadullayevin Rusiya müsəlmanlarına bağışladığı binada keçirilib. Yəni birbaşa maddi dəstək də vermişik. İslam dünyasında, xüsuilə Qafqaz müsəlmanları içərisində həmrəyliyə nail olmaq üçün Azərbaycan bir lokomativ rolunu oynayıb.
Fuad Babayev: Amma dünyada indi tamamilə başqa qüvvələr var. İŞİD, Əl-Qaidə kimi təşkilatlar, daimi əsaslarla fəaliyyət göstərən Hezbollah var, Pakistanın özündə taliblər hələ də nə qədər böyük qüvvəyə malikdir.
Aqil Şirinov: Bir onlar deyil, Taliban, Boko Haram var…
Elşad Mirbəşir: Əl-Nüsra, bunları saymaqla qurtaran deyil. Hətta elə məhəlli silahlı qruplaşmalar var ki, onlar haqqında heç bizim təsəvvürümüz də yoxdur.
Sakit Hüseynov: Onların yaradılmasında Qərb ölkələrinin rolu var.
Aqil Şirinov: Bəli, hər dövlətin öz siyasəti var, onu həyata keçirmək istəyir. Amma məsələ bundadır ki, bunların yaradılmasında müsəlman cəmiyyətlərindən istifadə olunur. Məsələn, İŞİD-in sosial bazasının bir hissəsi düzdür, Qərbdən gəlib, amma böyük bir hissəsi müsəlmanlardan ibarətdir.
Fuad Babayev: Zabit heyəti bütövlüklə keçmiş Səddam Hüseyn ordusunun zabitləri idi.
Aqil Şirinov: Bəli. İraqdakı hadisələri götürək. İraqdakı hadisələr niyə birdən-birə məzhəbi zəminə keçdi. Demək ki, həssas bir nöqtə, münbit bir zəmin var. Məsələn, biz müsəlman dövləti hansısa Qərb ölkəsində tutaq ki, protestantla katoliki bir-birinə qırdıra bilərmi, mümkün deyil. Bir protestantın zehnindən keçərmi getsin, katolik kilsəsini dağıtsın? Buna inkişaf etmiş ölkələrdə rast gələ bilmədik, geri qalmış ölkələrdə isə var. Təhsil səviyyəsi aşağı olan cəmiyyətləri idarə etmək də asandır. Dünyada böyük qüvvələr var. Dünyanın taleyini də böyük ölçüdə onlar həll edir. Amma bu o demək deyil ki, biz yerimizdə oturmalıyıq.
Fuad Babayev: Asəf müəllim, buyurun, Sizi də dinləyək, müzakirələrə qoşulun.
Asəf Qəmbərov: Təşəkkür edirəm. Burada məndən öncə siyasi yöndən Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr barəsində ətraflı danışıldı. Biz İslam həmrəyliyi məsələsi ilə başladıq və gəldik bir faktla, təzadla qarşılaşdıq. Yəni İslam həmrəyliyindən danışırıq, amma eyni zamanda bəzən İslam dini altında cəmiyyətlər, dövlətlər arasında, dünyada münaqişələr və müharibələr də baş verir. Məncə burda biz sosiologiyaya aydın olan bir faktla, dinin cəmiyyətdə rolu, funksiyası ilə bağlı bir məsələ ilə qarşılaşırıq. Bu sosialoji bir məsələdir. Hələ XIX əsrdən bəri klassik sosiologiyanın baniləri cəmiyyətdə həmrəyliyi təmin etməyin əsas amillərindən danışanda əsasən dinin üzərində dururdular. Amma onlar öncə bunu təbliğ edirdilər ki, cəmiyyətin davamiyyəti üçün həmrəylik vacibdir. Lakin bunu sadəcə dinlə təmin etmək mümkün deyil. Çünki dinin funksiyası ikitərəflidir, yəni həm həmrəylik yaradar, eyni zamanda münaqişəyə də səbəb ola bilər . Düzdür, o münaqişəyaradıcı yönü təbii ki, bu dinin özünə bağlı bir məsələ deyil, fərqli yanaşmalar və başqa səbəblər var. Yəni istənilən bir şəkildə manipulyasiya edilərək, münaqişə törədə bilən bir funksiya, bir rol da dinə biçilə bilir. Məncə biz bu gün dünyamızda bu məsələ ilə qarşılaşırıq. İslam nə qədər sülhə dəvət etsə də, İslam filosofları, ilahiyyatçıları dinin bu yönünü irəli çıxarmağa çalışsa da, yenə biz görürürk ki, bundan əks istiqamətdə məharətlə istifadə edilir. Və tarix boyu da istifadə olunub. Həmrəylik məsələsi sadəcə dünya üçün deyil, bu bizim Azərbaycan üçün də əhəmiyyətli, önəmli bir məsələdir. Eyni zamanda bunun tolerantlıqla da qarşılıqlı əlaqəsi var. Məncə, biz dinin həm interqrasiyaedici, həm də münaqişəyə, ixtilafa götürən funksiyalarının təzahürlərini cəmiyyətdə görürük.
Fuad Babayev: İslam həmrəyliyi dedikdə adamın yadına həm də İslam Oyunları düşür. oyunlar düşür mənə elə gəlir o asosiasiya doğurur. Şamo müəllim, o oyunlar yadınızda necə qaldı? Yəqin ki həmrəyliyə də xidmət etdi.
Şamo Quliyev: İslam Həmrəyliyi Oyunlarından danışarkən qeyd etməliyəm ki, İslam ölkələri arasındakı ziddiyyətlər, problemlər bu yarışlardan da yan keçmir. Hətta adında həmrəylik sözü olsa da. İkinci İslam Həmrəyliyi Oyunları 2009-cu ildə Tehranda, İranda keçirilməli idi. Lakin Fars körfəzinin adı ilə bağlı İran və ərəb ölkələri arasındakı fikir ayrılığı səbəbindən həmin yarış təxirə salındı, sonra isə ümumiyyətlə, ləğv olundu. Bu yarışıda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançıları iştirak edir. İlk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib, ikinci oyunlar dediyim kimi baş tutmadı, üçüncü dəfə İndoneziya bu oyunlara ev sahibliyi edib. Əvvəlki yarışlar yüksək səviyyəsi ilə seçilməyib. Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları isə bu yarışların tarixində yeni bir mərhələ oldu. İştirakçılar da təsdiqlədilər ki, IV İslam Həmrəyliyi Oyunları yay Olimpiya oyunları səviyyəsində keçirilib. Bu da onunla əlaqədar idi ki, Azərbaycanda beynəlxalq tələblərə cavab verən 16 möhtəşəm idman qurğusu var idi. Bu idman qurğularında yarışlar keçirildi və İslam ölkələrindən Sudan, Liviya və Küveyt istisna olmaqla 54 ölkə qatıldı. Yekunda Azərbaycan birinci yer, Türkiyə ikinci yerə, İran üçüncü yerə çıxdı.
Fuad Babayev: Küveyt hansı səbəbdən iştirak etmirdi?
Şamo Quliyev: Beynəlxalq Olimpiya Komitəsi Küveytin üzvlüyünü dayandırmışdı. Liviya və Sudan isə səbəb göstərmədi. Hətta maddi ehtiyacın ödənilməsi təklifi verilsə də idmançılarını göndərmədilər. İslam Həmrəyliyi Oyunları təşkilatçılıq baxımından da çox yüksək səviyyədə idi. İnanmıram ki, bundan sonra hansısa ölkə İslam Oyunlarını bu səviyyədə keçirə bilsin. Yarış həmrəylik baxımından çox önəmlidir, ancaq rəqabət mühiti yoxdur. Bu da xüsusilə ərəb ölkələrində idmanın inkişafının zəif olması ilə bağlıdır.
Fuad Babayev: Bəs belə aşağı rəqabət səviyyəsi olan oyunları keçirməyə dəyərmi?
Şamo Quliyev: Həmrəylik baxımından və digər ölkələrdəki idmanın inkişafına dəstək baxımından dəyər.
Fuad Babayev: Bayaqdan islam dünyasında həmrəylikdən danışırıq. Bunun idmana proyeksiyası əvvəlcədən köməksiz nəticə əldə olunmağa hesablanmayıbmı?
Elşad Mirbəşir: Şamo müəllim doğru qeyd etdi ki, bu kimi addımlar sadəcə olaraq atılması vacib olan addımlardan biridir. Yəni bu islam həmrəyliyinin az da olsa koloritinin artırılması istiqamətində cılız da olsa, bir addımdır. Bu baxımdan biz onu qiymətləndiririk. Bayaq da mən qeyd etdim, İslam dünyasına düşünülmüş, ciddi təşkil olunmuş böyük təpki və hücumlar var. Bir neçə gün əvvəl Moskvada bir konfransda iştirak edirdim. Orada Moskva Dövlət Universitetinin professoru çıxış edirdi. O dedi ki, Rusiyanın üzərinə olan hücumların səbəblərindən biri də müsəlmanlardır.
Fuad Babayev: Yəni Rusiya müsəlmanları? Rusiyada on milyona yaxın müsəlman var, bəlkə də çox.
Elşad Mirbəşir: Mən çox təəccübləndim. Dedi ki, Rusiya bu gün dünyada yeganə ölkədir ki, müsəlmanlar özlərini rahat hiss edirlər. Bütün ölkələrdə müsəlmanların dayaqlarını məhv etməyə yaxındırlar, bircə Rusiyadan başqa. Ona görə də Rusiyaya olan hücumların bir istiqaməti də ona hesablanıb ki, müsəlmanların dayaqlarını məhv etsinlər. Mən sözü sualınızın üstünə gətirirəm ki, burada İslam dövlətlərində idmanın vəziyyəti müzakirə məsələsi deyil. Əsas bu müsəlmanları bir araya gətirmək, bir masa arxasına çəkmək, bir çevrə daxilinə salmaq üçün bəhnədir.
Fuad Babayev:Və ola bilsin həm də dünyaya müəyyən mesajlar ötürmək üçün.
Elşad Mirbəşir: Bəli, haqlısınız. Yəni bizi heç də məhv etməmisiniz. Biz hələ də bir aradayıq. Bu baxımından mən hesab edirəm ki, bu yarışlar vacibdir.
Sakit Hüseynov: Fəlsəfi baxımdan insanları bir-birinə yaxınlaşdıran iki amil var: idman və turizm. İdman insanları yaxınlaşdırır, sülh yaradır. Sülhün yaranmasında da elə bu iki amil, idman və turizm böyük rol oynayır.
Şamo Quliyev: Sizin sözünüzə qüvvət, ərəb ölkələrindən Azərbaycana turist axınında da İslam Həmrəyliyi Oyunlarının da rolu var. İslamiadadan sonra bir çox ərəb ölkələri, məsələn, Oman, İraq, Səudiyyə Ərəbistanı kimi ölkələrin idmançıları artıq Azərbaycanda təlim-məşq toplanışlarına gəlməyə başlayıblar. Gəlirlər, bizim idmançılarla birgə təlim-məşq toplantısı keçirlər. Burada həm şərait var, həm də bizim idmançılara baxıb öyrənirlər.
Hazırladı: Gündüz Nəsibov, 1905.az