(əsrin əvvəlləri)
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa olan ərazi iddialarına Rusiyanın Cənubi Qafqazda fəal işğalçılıq siyasəti prizmasından kənarda baxılması qeyri-mümkündür. Əslində, XVII əsrin sonlarından başlayaraq dövrün sənədlərini məharətlə saxtalaşdırmağı bacaran ermənilər tərəfindən uydurularaq Rusiya və digər Avropa dövlətlərinə yol tapan, tarixi gerçəkliyi əks etdirməyən qondarma ideyalar şəklində meydana çıxan bu ərazi iddiaları XIX əsrin başlanğıcından etibarən yeni – real addımlala həyata keçirilən mərhələyə qədəm qoydu.
XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalına başlayan Rusiya imperiyasının əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o cümlədən də Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirməklə Rusiyanın regionda gələcək hegemonluğu üçün zəmin hazırlamaq, Türkiyə və İran sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün Rusiya dini amildən istifadə edərək, ermənilərin dəstəyi ilə özünə türk-müsəlman dövlətləri olan Osmanlı imperiyası və Qacarlar İranına qarşı dayaq kimi «erməni dövləti» yaratmaq planını həyata keçirməyə çalışırdı. Təsadüfi deyildi ki, rus tarixçisi P. İ. Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P. D. Sisianova öz hərbi planlarının həyata keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq, onları müdafiə etmək və onlardan istifadə etmək tapşırılmışdı [7,79-82].
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının işğalçılıq planlarının tərkib hissəsi idi [bax:1]. İran və Türkiyə sərhədlərində bufer xristian dövləti yaratmaq niyyətində olan Rusiya Şimali Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra bu niyyəti reallaşdırmağa başladı.
1805-ci il Kürəkçay müqaviləsindən – yəni Qarabağ xanlığının Rusiya himayəsinə keçməsindən dərhal sonra P. D. Sisianov Qarabağda çarizmin mövqeyini möhkəmlətmək məqsədilə Cənubi Qafqazın digər əyalətlərindən erməniləri dərhal buraya köçürməyə başladı (13,338).
Məhz bu səbəbdəndir ki, Qarabağ xanlığı əhalisinin olduqca az qismini təşkil edən xristianlar – qriqoryanlaşdırılmış albanlar, digər ərazilərdən köçürülən ermənilərin təsiri ilə ərazisində yaşadıqları dövlətə xəyanət edərək, işğalçı rus qoşunlarına hər vasitə ilə kömək edir, ərzaq və pulla yardım göstərir, onların xeyrinə təxribat və casusluqla məşğul olurdular. Məsələn, 1805-ci ilin iyununda Şuşada qacar qoşunlarının mühasirəsinə düşən Lisaneviçin köməyinə gələn polkovnik Karyaginin 400 nəfərlik dəstəsi də mühasirəyə alındı. Onların ərzağı tükəndiyindən 4 gün ot yeməli oldular. Qacar sərkərdəsi Abbas Mirzə erməni mənşəli rus polkovniki Karyaginin şirin dilinə aldanıb onlara 4 günlük ərzaq ehtiyatı verib təslim olmalarını gözlədi. Rusların cavabı ləngiyirdi. Guya Karyagin təslim olmaq üçün baş komandandan əmr gözləyirdi. Lakin erməni yüzbaşı Vanya gecə vaxtı rus qoşunlarını gizli yolla qaladan çıxarmağa nail oldu. Bu xidmətinə görə erməni Vanya Rusiya hakim dairələri tərəfindən mükafatlandıldı [bax:11,12-36]. Bundan əlavə, 1806-cı ilin yazında Abbas Mirzənin Qarabağa yeni hücumu zamanı məlik Cümşüdün Qarabağ xanı İbrahimxəlil xana xəyanət etməsi onun Qacarlar İranına meyl etməsi haqda donosları rus zabiti Lisaneviç tərəfindən xanın qətlə yetirilməsinə şərait yaratmışdı.
1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə olan əhalinin ümumi sayı artıb 4366 ailəyə çatmışdı [6,10]. Lakin, bütün bunlar Rusiya imperiyasını qane etmədiyndən ermənilərin kütləvi şəkildə Azərbaycan toraqlarına, o cümlədən Qarabağ bölgəsinə köçürülməsinə başlanıldı.
Rusiya imperiyası bu niyyətini reallaşdırmaqdan ötrü Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsaslanaraq erməniləri dərhal İran ərazisindən kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına – başlıca olaraq keçmiş Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinə köçürməyə başladı [bax:10,125-130].
Rusiya imperiyasının həyata keçirdiyi bu qanlı siyasət Azərbaycanın qədim tarixi torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı. Bu mənfur siyasəti rus müəlliflərinin özləri də etiraf edirlər. Ermənilərin köçürüldüyü torpaqlar haqda S. Qlinka yazırdı ki, bu ərazilər . . yer üzünə səpələnmiş erməni tayfalarını başına toplayacaq və I Nikolayın xoşbəxt dövləti himayəsində erməni çarlığı öz şöhrəti və bütün xatirələri ilə dirçələcək [5,92].
Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən erməni mənşəli rus polkovniki Lazaryev (Qazaros Lazaryan*) İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: «…orada (yəni Şimali Azərbaycanda – red. ) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin – red. ) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəjək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik» [5,107-111].
Şimali Azərbaycana köçürülən kasıb erməni ailələrinə kömək üçün xəzinədən 25 min rubl gümüş pul ayrılmışdı. Lazaryevin və ona təhkim edilən erməni zabitlərin vəzifəsi köçürülənlərin sərhədə çatdırılması ilə bitirdi. Bundan sonrakı işlər rəhbərlik İrəvan «müvəqqəti idarə»si yanında xüsusi olaraq köçürülən ermənilərin yerləşdirilməsi üçün yaradılan Komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini sərhəddə qarşılamaq üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət etməli idi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi-dairəsinin rəisi, knyaz Abxazova həvalə edildi [Qlinka,105-106]. 1828-ci ilin əvvəllərində köçürülən 750 erməni ailəsinin əksəriyyətini Knyaz Abxazov Bərdə şəhərində yerləşdirdi [8,204].
Ermənilərin İran ərazisindən Şimali Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsi haqqında məlumatı Lazaryevin 1829-cu il dekabrın 24-də qraf Paskeviçə yazdığı «Yekun hesabatı»nda izləmək mümkündür. Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlanılmış və iyunun 11-də başa çatdırılmışdır. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə çox canfəşanlıq göstərən erməni polkovniki Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdir. Türkmənçaya yaxın olan müxtəlif kəndlərin erməniləri Lazaryev tərəfindən keçmiş Qarabağ xanlığının ərazisinə yola salındı [5,46,48]. Digər erməni zabitləri- 41-ci yeger polkunun podpolkovniki knyaz Melikov Üzümçü və onun ətrafındakı kəndlərin, gürcü qrenadyor polkunun podpokovniki knyaz Arqutinski-Dolqoruki Təbriz, onun ətrafındakı kəndlərin və Səlmas əyalətinin, kollec asessoru Qamazov Marağa və Urmiya xanlıqlarının kəndlərinin, knyaz Şalikov isə Xoy xanlığında yaşayan ermənilərin köçrülməsində ona yaxından kömək etmişlər [bax:5,48,55,63,69,115-116]. Minlərlə erməni ailəsi Araz çayına yaxınlaşan zaman, 1828-ci il aprelin 24-də general Paskeviç Lazaryevə tapşırıq verdi ki, «köçürülənlərin böyük hissəsini, xüsusən ən kasıblarını Qarabağa getməyə təhrik etsin» [5,91-90; 2,237]
Lazaryevin özünün hesabatından isə məlum olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xristian – erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü, bu da ən azı 40 min nəfər demək idi; köçürmə işlərinə xəzinədən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi; köçmək istəyən 1500 erməni ailəsi İranda qaldı. Çünki, Lazaryev köçürmə üçün ayrılan vaxt başa çatdığından onları köçürməyə imkan tapmamışdı [bax:5,131]. Lakin, nəzərə almaq lazımdır ki, Lazaryevin hesabatında İrandan Şimali Azərbaycan torpaqlarına köçürülən erməni ailələrinin miqdarı tam dolğunluğu ilə əks olunmamışdır. Məsələn, rus tədqiqatçısı N. A. Smirnov İrandan 90 min nəfər erməninin köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırıldığını yazır [bax:12,180].
Beləliklə, Rusiya imperiyasının erməniləri İrandan Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa köçürməsi siyasəti azərbaycanlıların öz ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdürdü və «erməni dövləti»nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə- onlara burada «yeni vətən» yaratmaq məqsədilə köçürülmüşdü.
Qarabağ torpaqlarında məskunlaşdırılan ermənilərə çar Rusiyasının bölgədəki məmurları daha çox diqqət və qayğı göstərir, yerli əhaliyə – Azərbaycanlılara isə zülm siyasəti yeridilir, əhali bü bölgədən didərgin salınırdı. Bu siyasət nəinki sadə əhaliyə, hətta ali müsəlman silkinə olan münasibətdə özünü qabarıq şəkildə göstərirdi. Erməni generalı Mədətovun Qarabağ bölgəsində törətdiyi cinayətlər öz əksini dövrün sənədlərində tapmışdır [bax: 8,41-43].
Lakin, bir xalq kimi Türkmənçay müqaviləsinin övladları olan [bax:3,93] ermənilər tarixi həqiqətləri öz niyyətləri xeyrinə həmişə məharətlə saxtalaşdırmağı bacarmış və Azərbaycanın Qarabağ bölgəsinə olan ərazi iddalarından heç zaman əl çəkməmişlər. Məsələn, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında Kürəkçay sazişi adlanan saziş bağlanmışdı. Sazişin adı belədir: «Traktat mejdu Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlastğ Rossii ot 14 maə 1805 qoda» [bax: 4,702-705]. Həmin sazişə görə Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını təsdiq edirdi [bax: 9]. Erməni tarixçiləri isə real tarixi və Kürəkçay müqaviləsini saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinin guya ermənilərə məxsus olduğunu və Kürəkçay müqaviləsinin də guya ermənilərlə Rusiya arasında bağlandığını iddia edirlər. Halbuki, ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ xanlığının ərazisinə köçürülməsinə Kürəkçay sazişinin imzalandığı 1805-ci ildən çox sonra – 1828-ci ildə başlanmışdı. Qarabağ erməniləri 1978-ci ildə, özlərinin İrandan bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Dağlıq Qarabağda – Ağdərə rayonunun Marquşevan kəndində bir xatirə abidəsi də inşa etmişdilər. 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri «tarixi həqiqətin izini itirmək» məqsədilə, ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar.
Lakin, tarixi həqiqətlər təsdiq edir ki, bütün tarix boyu, həmişə Azərbaycan torpağı olan Qarabağın aborigen əhalisi də Azərbaycanlılardır. Ermənilər isə bu torpağa gəlmə, daha doğrusu gətirilmə etnosdur. Azərbaycan xalqı yaşadıqca bu həqiqət də yaşayacaqdır.
Güntəkin Nəcəfli
karabakh-doc.azerall.info