Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabrın 5-də ADA Universitetinin müəllim və tələbə heyəti qarşısında etdiyi məruzədə əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Nazir deyib ki, Azərbaycanın suverenliyinə hörmət olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil.
AzərTAc xəbər verir ki, D.Lidinqton münaqişənin sülh yolu ilə həllinə ümidvar olduğunu bildirib.
Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən nazir münaqişənin həllinin insanların doğma torpaqlarına geri qayıtmaları üçün imkan yaradacağını diqqətə çatdırıb. O, əlavə edib ki, problemin həlli Avropa ilə Asiya arasında körpü rolunu oynayan Cənubi Qafqazın iqtisadi inkişafını da sürətləndirəcək.
D.Lidinqton Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib.
“Gündən-günə inkişaf edən Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsi Böyük Britaniya və Avropa İttifaqı üçün vacibdir”, – deyən nazir vurğulayıb ki, Azərbaycanda ən iri sərmayə yatıran ölkələrdən biri olmaq Birləşmiş Krallıq üçün çox xoşdur. D.Lidinqton, həmçinin Azərbaycandan Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin sayının artdığını söyləyib.
Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən D.Lidinqton Bakıda sürətli inkişaf proseslərinin şahidi olduğunu qeyd edib.
Sonda nazir tələbələrin suallarını cavablandırıb.