Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə xalqımızın Zəfər Günü təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səfir Leyla Abdullayeva Zəfər Gününün əhəmiyyətindən söz açaraq noyabrda xalqımızın Qarabağın 30 illik işğaldan azad olunmasını bayram etdiyini vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bütün azərbaycanlıların ədalət və qürur hissi yaşadığını diqqətə çatdırıb.
“Qonşu ölkənin hərbi işğalına məruz qaldığı və 2 qanlı müharibə yaşadığı üçün Azərbaycan sülhün qiymətini yaxşı bilir. Sülh təkcə bizim region üçün deyil, bütün dünya üçün mütləq zərurətdir. Azərbaycanın qarşısına qoyduğu missiya davamlı və ədalətli sülhdür. Buna nail olmaq üçün son maneələr, o cümlədən Ermənistan konstitusiyasında hələ də təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır”, – deyə L.Abdullayeva vurğulayıb.
Qeyd edib ki, Zəfər Gününə həsr edilmiş konsertdə Azərbaycan cazı və muğamı təqdim ediləcək və bu, caz-muğam sintezi ilə dinləyicilər Azərbaycan mədəniyyətinin dərinliklərinə nüfuz edəcəklər.
Səfir bildirib ki, multikultural ölkə olan Azərbaycanda 50 müxtəlif etnik qrup sülh və harmoniya şəraitində birgə yaşayır. Məhz buna görə də Azərbaycanın mədəni irsi bu qədər zəngin və rəngarəngdir. Bu müxtəliflik özünü musiqimizdə də əks etdirir.
L.Abdullayeva deyib ki, XX əsrin əvvəllərində Azərbaycanın müsəlman dünyasında ilk Operanın doğulduğu məkandır, həmçinin keçmiş sovet məkanında, eləcə də bu gün Bakı cazın paytaxtı hesab olunur. Bu axşam ənənəvi Azərbaycan musiqisi muğamın klassik Amerikan caz musiqisi ilə sintezindən ibarət olan bu konsert bir daha sülhə çağırışdır. Azərbaycan yalnız sülh istəyir.
Caz-muğam sintezindən ibarət əzəmətli musiqini təqdim etmək üçün gənc pianoçu Etibar Əsədov və onun triosu ilə birlikdə Azərbaycanı “Eurovision-2024” mahnı müsabiqəsində təmsil etmiş müğənni İlkin Dövlətov səhnəyə dəvət olunublar.
Konsert proqramında “Sarı gəlin”, “Getmə-getmə”, “Qara qaşın vəsməsi” kimi Azərbaycan xalq mahnıları ilə bərabər Səid Rüstəmov, Tələt Əyyubov, Üzeyir Hacıbəyli kimi məşhur bəstəkarlarımızın musiqiləri ifa olunub.
Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin siyasətçiləri, mədəniyyət və incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri, jurnalistlər Azərbaycanın Zəfər Gününü birgə təntənə ilə qeyd ediblər.