Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akt zalında AMEA rəyasət heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış azərbaycanlılara qarşı soyqırımılarının tədqiqi komissiyasının növbəti iclası keçirilib.
Akademiyadan AzərTAc-a bildiriblər ki, iclası açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyasının işini müasir tələblər səviyyəsində təşkil etmək üçün bu qurumun nəzdində ayrı-ayrı istiqamətlər üzrə elmi bölmələrin yaradılmasının zəruriliyindən söz açıb.
Müzakirələrdən sonra “Azərbaycanlılara qarşı soyqırımıların tarixi” (rəhbəri AMEA-nın müxbir üzv Yaqub Mahmudov), “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” (rəhbəri professor Musa Qasımlı), “Azərbaycanlıların deportasiyası tarixi” (rəhbəri tarix elmləri doktoru Kərim Şükürov), “Azərbaycanlılara qarşı soyqırımıları tarixi sənədlərdə” (rəhbəri professor Ataxan Paşayev), “Azərbaycanlılara qarşı soyqırımıları ədəbiyyatda və incəsənətdə” (rəhbəri akademik İsa Həbibbəyli), “Azərbaycanlılara qarşı soyqırımıları internetdə” (rəhbəri akademik Rasim Əliquliyev) bölmələrinin yaradılması qərara alınıb.
Bundan əlavə, iclasda azərbaycanlılara qarşı soyqırımılarının tədqiqi komissiyasının 2015-ci il üçün fəaliyyət planının müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Müzakirələr əsasında 2015-ci ildə AMEA-da “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb. Eyni zamanda, AMEA-nın elmi-tədqiqat institutlarında azərbaycanlılara qarşı soyqırımılarına, Dağlıq Qarabağ, Xocalı soyqırımı, Naxçıvanda və Qubada soyqırımılarının tarixinə dair nəşr olunmuş kitabların müzakirələrinin keçirilməsi təklif edilib. Həmçinin “Azərbaycanlılara qarşı soyqırımıları sənədlərdə” adlı arxiv sənədlərini, fotoşəkilləri və dövri mətbuat materiallarını əks etdirəcək çoxcildlik nəşrin hazırlanması məsələsi də nəzərdən keçirilib.
Komissiya Azərbaycanın qaçqınların məskunlaşdığı rayonlarında, döyüş bölgələrində elmi konfranslar və görüşlər keçirməyi də qərara alıb.