
Katolikos VI Gevork və Ermənistan K(b)P MK-nın katibi Qr.Arutyunov “Böyük Ermənistan” xülyasında
1918-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhəri paytaxt olmaqla Azərbaycanın qərb torpaqlarının 9 min kv km hissəsində tarixdə ilk erməni dövləti yaratmaq fürsəti əldə edən hayların ilk işləri bu ərazilərdə etnik təmizləmə aparmaq, bu əraziləri tamamilə erməniləşdirmək oldu. Ona görə də 1918-1920-ci illərdə bütün Cənubi Qafqazda yerli xalqlara, ilk növbədə türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımı həyata keçirdilər.
Sovet hakimiyyətinin ilk illərinndə Stalin, Mikoyan və Orconikidze üçlüyünün əli ilə ərazilərini 29,8 min kv. km-ə qədər genişləndirən ermənilər bununla da kifayətlənmədilər və Azərbaycanın digər torpaqlarını, xüsusilə Dağlıq Qarabağı və Naxçıvanı “Ermənistan”a birləşdirib “Böyük Ermənistan” yaratmaq üçün bütün çirkin vasitələrə əl atdılar. İlk növbədə 1920-ci illərdə “müsavatçı”, “xalq düşməni” adı ilə çoxlu sayda dəyərli Azərbaycan oğulları məhv edildi. Eyni proses 1930-cu iilərin “kolxoz quruculuğu” dövründə də həyata keçirildi. 1937-ci il repressiyasında da Qərbi Azərbaycandakı xeyli sayda azərbaycanlı ziyalılar erməniləşdirmə siyasətinin qurbanı oldu.
Nəhayət, 1941-1945-ci illər müharibəsində Ermənistandakı əli silah tutan bütün azərbaycanlılar müharibəyə səfərbər olundu, onların xeyli hissəsi geri qayıtmadı.
1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatması fürsətindən istifadə edən ermənilər təzədən hərəkətə keçdilər, həmin vaxt dünya böyük dövlətlər tərəfindən yenidən bölüşdürülürdü və həmişə olduğu kimi, bu dəfə də ermənilər fürsətdən öz xeyirlərinə bəhrələnmək istəyirdilər. Həmin ilin noyabrında ermənilər iki istiqamətdə fəaliyyətə başladılar: bütün ermənilərin ali patriarxı, katolikos VI Gevork müharibədən qalib çıxmış üç böyük dövlətin başçısına – SSRİ XKS sədri İ.V.Stalinə, ABŞ Prezidenti N.S.Trumenə, Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə, Ermənistan K(b)P-nin katibi, Qriqori Arutyunov isə RK(b)P MK-ya və şəxsən İ.V.Stalinə məktubla müraciət etdi.
Katolikos VI Gevork öz məktubunda göz yaşları axıdaraq, yenə də «qədim erməni xalqından», «qədim erməni mədəniyyətindən» danışır, bu xalqın «yazıq», «məzlum», «əzilmiş», «hüquqları pozulmuş» portretini cızır, İkinci Dünya müharibəsindən qalib çıxmış üç böyük xristian dövlətin dini təəssübkeşlik hisslərini oyadıb, onları «xristian erməni xalqına» köməyə çağırır, onların qarşısında diz çökür, ilan dili çıxarır, mələyir, imdad diləyir, guya bu dəqiqə kömək etməsələr, tarixin bu «nadir», «dinc», «əməksevər», «yaradıcı», «Qırmızı kitaba düşən» xalqı – ermənilər ölüb-qurtaracaq, kökləri kəsiləcək. Köklərinin kəsilməməsi üçün isə onlara bir udum hava lazımdır. Bu bir udum hava isə nə olsa yaxşıdır – «Ermənistanın həyati əhəmiyyətli hissələri olan Qars, Ərdəhan, Sürməli». Yəni, nə az nə çox, Türkiyənin bütün şərq torpaqları.
Qriqori Arutyunov isə SSRİ rəhbərliyindən, şəxsən İ.V.Stalindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. O, məktubunda Dağlıq Qarabağda guya 137 min nəfər erməni yaşadığını iddia edir və Dağlıq Qarabağın Ermənistana “verilməsini” həmin ermənilərin milli dildə öz ədəbiyyatını inkişaf etdirmək, kadrlarını yetişdirmək və s. “bu kimi milli tələblərini ödəmək üçün” əsaslandırmağa çalışır.
Hər iki məktubun tərcüməsini olduğu kimi, ixtisarsız oxuculara təqdim edirik:
“BÜTÜN ERMƏNİLƏRİN ALİ PATRİARXI, KATOLİKOS VI GEVORQUN ÜÇ BÖYÜK DÖVLƏTİN BAŞÇISINA MÜRACİƏTİ
SSRİ Xalq Komissarları Sovetinin sədri İ.V.Stalinə,
ABŞ Prezidenti H.S.Trumenə,
Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə
Yüzillər boyu erməni kilsəsinin başçıları, katolikos və patriarxları erməni xalqının ümid və əzablarının, xahiş və tələblərinin ifadəçisi olmuş, dövlətlər qarşısında erməni xalqını təmsil etmişlər.
Demokratik və azadlıqsevər Böyük Dövlətlərin – Sovet İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Ştatların şər və zorakılıq – faşizm və nasizm üzərində qələbə çaldığı, xalqların mövcudluq məsələsinin həll olunduğu bu tarixi məqamda Türkiyədən qovulmuş və bütün dünyanı sərgərdan dolaşanerməni xalqı öz coşmuş qanı ilə və tam haqla Böyük Dövlətlərin ədalət məhkəməsi qarşısında məsələ qaldırır.
Biz, bütün ermənilərin katolikosu VI Gevorq, xalqın müdafiəçisi olmaq ənənəmizə sadiq qalaraqbütün dünyaya səpələnmiş bədbəxt erməni xalqı barədə məsələni Sizə təqdim etməyi və onun ədalətli həllini xahiş eləməyi özümüzə müqəddəs borc bilirik. Xüsusən ona görə ki, bu məsələ ilə bağlı Biz dünyanın hər tərəfində yaşayan ermənilərdən çoxsaylı müraciətlər almışıq.
Qədim erməni xalqı yüzillər boyu Osmanlı dövlətinin zülmü altında heç bir hüququ olmayan qul kimi yaşamış, əzabkeş dözümlülüyü ilə hər cür məhrumiyyət, istismar və əziyyətlərə qatlaşmış, bununla belə, fanatik islam mühitində öz xristian dinini qorumuş, bu dinin sülhsevər ruhunda tərbiyə olunmuş, öz dilini saxlamış və xristian dövlətlərinin, sivilizasiyalarının ona gətirməli olduğu azadlığa inanmışdır. Lakin nə vaxt ki, bu ümid ermənilərlə eyni taleyi bölüşən balkan xalqları üçün tədricən gerçəkləşdi və onlar türk əsarətindən qurtardılar, bu, erməni xalqına dəhşətli, hətta ölümcül fəlakət gətirdi. Məlum olduğu kimi, erməni islahatları məsələsi ilk dəfə 1878-ci ildə San-Stefano bağlaşmasında siyasi səhnəyə qədəm basdı. Erməni vilayətlərinin ağır vəziyyəti, bitib-tükənməyən talanlar, quldur basqınları, ermənilərin həyatının və əmlakının təhlükə altında olması Konstantinopol patriarxını qalib ruslara müraciət etmək məcburiyyətində qoydu ki, Türkiyə ilə sülh müqaviləsi bağlayarkən ermənilərin çox ağır vəziyyətini nəzərə alsınlar. Ruslar səsimizə səs verdilər, lakin San-Stefano bağlaşmasının əlverişli 16-ci maddəsi Berlin traktatının 61-ci maddəsi ilə puça çıxarıldı.
Avropanın böyük dövlətlərinin tamahkarlığından və onlar arasındakı ziddiyyətlərdən istifadə edən Sultan Əbdül Həmid islahat aparmaq barədə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, erməni məsələsinin ən yaxşı həlli üsulu kimi ermənilərin məhv edilməsini nəzərdə tutan öz iblis proqramını sistemli şəkildə həyata keçirməyə başladı. Həqiqətən də, mütəşəkkil quldur dəstələri, ayrı-ayrı qırğınlar, talanlar, yanğınlar və kütləvi qətllər yolu ilə o,1894-1896-cı illərdə 300.000 nəfərdən artıq ermənini ölkədən qovmağa nail oldu.
Sultanı əvəz edən rejimlər: Tələt-İttihat, Ənvər paşa və yeni Kamal Türkiyəsi Əbdülhəmidin bu «siyasi müdrikliyini» ən yüksək zirvəsinə çatdırdılar.
Birinci imperialist müharibəsi ərəfəsində Türkiyədə 2.500.000 erməni yaşayırdı ki, hazırda orada onların sayı 100.000 nəfərə yaxındır və onlar da yeni «demokratik» Türkiyədə miskin həyat sürməkdədirlər.
Bir milyondan çox erməni dəhşətli qırğında həlak oldu. Türklər azadlığa çıxan balkan xalqlarına bəslədikləri qəzəbi arxasız ermənilərin üstünə tökdülər.
Biz bu hüdudsuz faciə üzərində dayanmaq istəmirik, bu dəhşətlər barədə bütün dillərdə çoxlu kitablar yazılıb. Dövlətlərin arxivləri öz konsullarının bu barədəki məruzələri ilə doludur. Bəşəriyyətin qabaqcıl hissəsi, xeyirxah qəlbi və ürək sahibi olan insanlar bu müdhiş, insan ləyaqətini təhqir edən cinayətlərə etiraz və üsyan etdilər.
Lakin erməni xalqı köməksiz qalmaqda davam etdi, müqəddəs vətənindən qovulub, bütün dünyaya səpələndi. Erməni xalqının başına gətirilən bədbəxtliklərin sonucunda 1920-ci ildə türklər namərdcəsinə hücum etdilər və Ermənistanın həyati əhəmiyyətli hissələri olan Qars, Ərdəhan və Sürməlini zəbt elədilər.
Yeni yaranmış Sovet İttifaqı erməni torpaqlarının kiçik hissəsini azad etməklə orada yaşayan erməniləri məhv olmaq təhlükəsindən qurtardı.
Ermənistan Sovet Respublikası belə yarandı və sülh və azadlıq şəraitində yaşadığı 25 il ərzində yaralarına məlhəm qoyaraq, inkişaf edir, çiçəklənir.
İndi xalqların taleyi Birləşmiş Demokratik Dövlətlərin əlindədir. Ədalətin və humanizmin qələbəsi naminə milyonlarla insanın özünü qurban verdiyi bu qanlı müharibədən sonra, şübhəsiz ki, böyük və qüdrətli dövlətlər xalqların qırğınının təkrar olunmaması üçün bütün şər və zorakılıq ocaqlarını söndürməyə borcludurlar. Böyük Dövlətlər keçmişin ədalətsizliklərini düzəltməli, dostları və düşmənləri düzgün ayırd etməli, kim ki incidilib, zərər çəkib, kim ki, özünü borc naminə qurban verib ona haqq qazandırmalıdırlar.
Keçmişdə və yaxın vaxtlarda Türkiyədən qovulmuş və bütün dünyanı sərgərdan dolaşan erməni qaçqınları, onlarla birlikdə bütün ermənilərin qədim Patriarxlığı ədalətin varlığına bu inamla Sizə müraciət edir və ermənilərin qanları ilə suvardıqları və sonra dəyərli mədəniyyət abidələri ilə bürüdükləri öz tarixi vətənlərinə haqqlarını tanımağınızı xahiş edir.
Biz Türkiyə tərəfindən zorla zəbt edilmiş və indi boş qalmış torpaqları ondan almağınızı, bu torpaqları öz həqiqi sahiblərinə qaytarmağınızı və bu torpaqları Sovet Ermənistanına birləşdirmənizi xahiş edirik. Bu, qaçqın ermənilərə öz qan qardaşları ilə çiyin-çiyinə yaşamağa, çalışmağa və milli mədəniyyətlərini inkişaf etdirməyə imkan verər.
Bu, demokratiyanın qələbəsi və Birləşmiş Demokratik Dövlətlərin işi naminə erməni xalqının verdiyi böyük qurbanlar və fədakarlıq müqabilində ədalətli mükafat olardı. Erməni xalqı qələbə naminə bütün cəbhələrdə igidliklə vuruşmuşdur və onun öz gözlədiklərinə qarşılıq bu dəfə də aldadılması ədalətsizlik olardı.
Ermənilərin müqəddəs hüquqlarının bu dəfə də gerçəkləşməməsini bütün dünya ədalətsizlik hesab edərdi.
Yunanıstan və Serbiya, Rumıniya və Bolqarıstan, Livan və Albaniya, Krit adaları və Fələstin Türkiyənin işğalından azad edilib. Nə üçün, hansı ağlabatan səbəbə görə bəşəriyyət əzabkeş Ermənistanın ədalətli haqqını tanımaqdan imtina etməlidir? Böyük dövlətlər özlərinin təntənəli vədlərinin və elan etdikləri prinsiplərin həyata keçirilməsi naminə sivilizasiyanın böyük aktını, müqəddəs insansevərlik işini gerçəkləşdirməli, daha dəqiq desək, öz klassik dilini və ədəbiyyatını yaratmış, monumental incəsənət abidələri ucaltmış və ümumbəşər mədəniyyətinə qiymətli töhfələr vermiş qədim mədəni xalqlardan birinin qalıqlarını tamamilə məhv olmaqdan qurtarmalıdırlar.
Erməni məsələsini iflasa uğratmaq üçün türklər və onların dostları bəyanat verirlər ki, guya müasir demokratik Türkiyə əvvəlki Türkiyəyə oxşamır və ermənilər başqa ölkələrdən özlərinin Türkiyədəki əvvəlki yaşayış yerlərinə qayıda bilərlər. Lakin erməni xalqı keçmişin acı təcrübəsindən bilir ki, köhnə və yeni Türkiyə yoxdur, bu həmin Türkiyədir ki, vədlərinin əhəmiyyəti Avropa diplomatiyasına və erməni xalqına yaxşı məlumdur.
Yeganə çıxış yolu Türkiyə Ermənistanının azad edilməsi və Sovet Ermənistanına birləşdirilməsidir.
Biz yenidən xahiş edirik ki, bütün ermənilərin doğma ölkələrində birləşməsinə nail olunması üçün Türkiyədəki erməni vilayətləri Sovet Ermənistanına birləşdirilsin və onlara sülh və təhlükəsizlik şəraitində öz durdurulmuş mədəni fəaliyyətlərini davam etdirməyə, danılmaz yaradıcılıq potensialını üzə çıxarmağa imkan verilsin.
Bu böyük və ədalətli işin müvəffəqiyyəti naminə mən dua edərək Qadir Allahı köməyə çağırıram. Qoy Həqq-Təala Sizə kömək olsun, Sizin düşüncə və iradənizi xeyirin qələbəsinə yönəltsin və qoy O, müasir Türkiyə rəhbərlərinin vicdanını oyatsın ki, onlar həm özlərinin, həm də sələflərinin günahlarını yusunlar, maarif və sivilizasiya əsrində həqiqi mənada dinc, əməksevər və yaradıcı bir xalqa münasibətdə edilən böyük ədalətsizliyə son qoyulsun.
VI GEVORK
Bütün ermənilərin katolikosu.
27 noyabr 1945-ci il. Eçmiədzin”.
***
“RK(b)P MK-ya Yoldaş Stalinə
İosif Vissarianoviç!
Ermənistan ərazisinə bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. 153 min nəfər əhalidən 137 mini ermənidir.
Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinin təsərrüfatı ilə eyniyyət təşkil edır. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına xeyli köməklik göstərər, təsərrüfata rəhbərlik işini yaxşılaşdırardı. Ermənistanın respublika orqanları tərəfindən rəhbərlik şəraitində əhaliyə ana dilində mədəni-kütləvi və siyasi xidmət işi daha da güclənərdi.
Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə qatılması yerli kadrlara Ermənistanın ali məktəblərində öz təhsillərini davam etdirməyə imkan verərdi. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağdan öz işgüzarlığı ilə seçilən milli kadrlar əldə edə bilərdi. Halbuki hazırda onlardan Azərbaycanda, təbii ki, tam istifadə olunması mümkün deyil.
Dağlıq Qarabağ əhalisinin bu istəyindən çıxış edərək, Ermənistan MK-sı və Xalq Komissarları Soveti Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti şəklində Ermənistan SSR-nin tərkibinə qatılması təklifini ÜİK(b)P MK-nın və İttifaq Hökumətinin müzakirəsinə təqdim edir.
Bu məsələnin müsbət həlli halında Ermənistan MK-sı və Xalq Komissarları Soveti Qarabağın keçmiş mərkəzi olan və Sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin bərpası təklifi ilə Hökumətə müraciət edəcəkdir.
Ermənistan K(b)P MK-nın katibi Qr.Arutyunov
Noyabr 1945-ci il“.
Həmin vaxt SSRİ rəhbərliyi VI Gevorkun istəyini həyata keçirməkdən üçün Türkiyəyə qarşı müharibə etmək istiqamətində bir sıra ciddi təşəbbüslər edir, lakin Türkiyə məlum tarixi diplomatik gedişlərlə SSRİ rəhbərliyinə bu fürsəti vermir və erməni baş keşişinin arzusu gözündə qalır.
Moskvanın ermənipərəst oyunları və Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırovun cəsarətli addımı
Qr.Arutyunovun məktubu isə baxılmaq üçün İ.Stalin tərəfindən o vaxtkı ÜİK(b)P MK katibi G.Malenkova ünvanlanır. G.Malenkov da öz növbəsində həmin məktuba münasibət bildirmək üçün 28 noyabr 1945-ci il tarixində onu Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova ünvanlayır.
Malenkovun məktubunun mətni:
“Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa
Ermənistan K(b)P MK-nın katibi Arutyunov yoldaş hazırda Azərbaycan SSR-nin tərkibində olan Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında təklifi ÜİK(b)P MK-nın müzakirəsinə təqdim edib.
Arutyunov yoldaş öz məktubunda bu barədə aşağıdakıları yazır:
“Ermənistan ərazisinə bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. 153 min nəfər əhalidən 137 mini ermənidir.
Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinin təsərrüfatı ilə eyniyyət təşkil edır. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına xeyli köməklik göstərər, təsərrüfata rəhbərlik işini yaxşılaşdırardı. Ermənistanın respublika orqanları tərəfindən rəhbərlik şəraitində əhaliyə ana dilində mədəni-kütləvi və siyasi xidmət işi daha da güclənərdi.
Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə qatılması yerli kadrlara Ermənistanın ali məktəblərində öz təhsillərini davam etdirməyə imkan verərdi. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağdan öz işgüzarlığı ilə seçilən milli kadrlar əldə edə bilərdi. Halbuki hazırda onlardan Azərbaycanda, təbii ki, tam istifadə olunması mümkün deyil.
Dağlıq Qarabağ əhalisinin bu istəyindən çıxış edərək, Ermənistan MK-sı və Xalq Komissarları Soveti Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti şəklində Ermənistan SSR-nin tərkibinə qatılması təklifini ÜİK(b)P MK-nın və İttifaq Hökumətinin müzakirəsinə təqdim edir.
Bu məsələnin müsbət həlli halında Ermənistan MK-sı və Xalq Komissarları Soveti Qarabağın keçmiş mərkəzi olan və Sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin bərpası təklifi ilə Hökumətə müraciət edəcəkdir.”
Ermənistan K(b)P MK-nın təklifi ilə əlaqədar Sizin rəyinizi bilmək istərdik.
ÜİK(b)P MK katibi MALENKOV
NR 17, Moskva, 28.XI.1945-ci ii.“
Rəy üçün Azərbaycana göndərilən həmin məktuba G.Malenkova 10 dekabr 1945-ci il tarixli cavabında M.C.Bağırov o vaxt üçün çox risqli addım ataraq, “tam məxfi” qrifi ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladır və Dağlıq Qarabağın Ermənistana veriləcəyi təqdirdə Ermənistanda qalan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının da Azərabycan SSR-in tərkibinə verilməsi məsələsinə baxılmalı olduğunu bildirir, üstəlik, Dərbənd, Borçalı bölgələrinin də Rusiya və Gürcüstandan alınıb Azərbaycana verilməli olduğuna işarə vurur.
M.C.Bağırovun həmin məktubunun tam mətnini təqdim edirik:
“Tam məxfidir
Malenkov yoldaşa
Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil etmişdir.
Müsavatçılar və daşnaklar tərəfidən təşkil olunmuş millətlərarası qırğının nəticəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir.
1920-ci ildə Azərabycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbacan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri – DQMV-nin hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.
Azərbaycan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri – Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-nin Azərbaycan respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərabycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcə geri qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b) MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar.
Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda Gürcüstan SSR-nin demək olar yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-nin keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərabycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərabycan K(b)P MK katibi (M.C.Bağırov)
10 dekabr 1945-ci il N330, Bakı şəhəri.“
Beləliklə, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq kimi murdar niyyətləri o vaxt boşa çıxan ermənilər, nəhayət, xaricdən ermənilərin gətirilib “Ermənistan”da yerləşdirilməsinə SSRİ rəhbərliyinin rəsmi razılığını alırlar. İ.Stalin 1945-ci il noyabr ayının 21-də “Xaricdən ermənilərin Sovet Ermənistanına qaytarılması tədbirləri haqqında” SSRİ Xalq Komissarları Sovetinin 2947 N-li qərarı idi. İ.Stalinin imzaladığı həmin sənədin iyrəncliyi öncə onda idi ki, burada xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə məhz qaytarılmalarından söz açılırdı. Nə özləri, nə də ulu babaları Qafqazın üzünü görməyən bu ermənilər guya ki, nə vaxtsa onların olan bir əraziyə qayıdırmışlar.
Bu sənədin ermənilər üçün nə demək olduğunu o vaxtkı Ermənistan rəhbəri Qr.Arutyunovun 1946-cı il fevralın 2-də İrəvan seçiciləri ilə görüşündəki çıxışından da aydın görmək olar. Həmin çıxışında o bu fərmanı “ermənilərin birləşmək arzusunun gerçəkləşməsinə imkan verən sənəd“ kimi dəyərləndirir və onu “böyük Stalinin bütün erməni xalqına mehriban atalıq qayğısının təzahürü“ hesab edir.
Qr.Arutyunovun məlumatına görə, qısa vaxtda Cənubi Amerikadan 32 min, Suriya və Livandan 50 min, Yunanıstandan 8 min, Tehrandan 17 min, Təbriz ermənilərinin 98 faizi, o cümlədən Fransa, Rumıniya, Bolqarıstan, Türkiyə və b. dövlətlərdən çoxlu sayda ermənilər Sovet Ermənistanı ərazisinə köçmək üçün müraciət etmişlər. Ümumiyyətlə isə, köçüb gəlmək istəyənlərin sayı 1 milyona yaxındır. Heç şübhəsiz, bunu SSRİ rəhbərliyindəki ermənilər və ermənipərəst qüvvələr və xaricdəki daşnaklar təşkil edirdilər. Lakin Qr.Arutyunovun yuxarıdakı çıxışında bir məkrli məqam da var ki, o da köçüb gəlmək istəyənlərlə (1 milyon) Ermənistanın onları qəbul edə bilmək imkanı (350-400 min) arasındakı fərqdir. Ona görə də Q.Arutyunyan sual qoyur: “Bəs biz yerdə qalan 500-600 min nəfərlə nə etməliyik?“ Özü də cavab verir: “Biz Türkiyə tərəfindən işğal olunmuş erməni vilayətlərinin Sovet Ermənistanına qaytarılması məsələsini qoyuruq”.
M.C.Bağırov deportasiya ilə bağlı məktuba necə oldu qol çəkdi?
Bundan sonra ermənilər növbəti məkrli plana əl atırlar, xaricdən “köçüb gələn” ermənilərin məskunlaşdırılmasındakı çətinlikləri guya aradan qaldırmaq məqsədilə Ermənistanda yaşayan azərbaycanlı əhalinin bir hissəsinin Azərbaycanın Kür-Araz ovalağına köçürülməsi ideyasını ortaya atırlar. Bu işdə onlara Moskvada nüfuz sahibi olan A.Mikoyan, L.Beriya və Deqanazov (Deqanazyan) böyük köməklik göstərirlər. Azərbaycanda Mingəçevir SES-in tikilməsi ilə əlaqədar 600 min hektar suvarılacaq yeni torpaq sahəsinin istismarı zərurətini bəhanə gətirərək M.C.Bağırovu da bu işə razılıq verməyə sövq edirlər. Beləliklə, Ermənistan KP MK-nın birinci katibi Q.Arutunyov və Azərbaycan rəhbəri M.C.Bağırov 10 dekabr 1947-ci il tarixli aşağıdakı məktubla İ.V.Stalinə müraciət edirlər:
“İ.V.Stalin yoldaşa
Son illər Azərbaycan və Ermənistan Respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri nəticəsində meydana çıxmış bir sıra məsələlələr üzrə fikir mübadiləsi etdikdən sonra aşağıdakı təkliflərlə Sizə müraciət edirik.
Mingəçevir sisteminin həyata keçirilməsi zamanı suvarılma nəticəsində yeni torpaq sahələrinin meydana gəlməsi və pambıqçılıq rayonlarının mövcud kolxozlarında işçi qüvvəsinin çatışmaması, habelə pambıq məhsuldarlığının yüksəldilməsi vəzifəsi Azərbaycan SSR- nin bu rayonlardakı əhalisinin artırılması məsələsini ortaya çıxarır.
Ermənistanda yaşayan azərbaycanlı əhalinin 130 min nəfər miqdarında həmin rayonlara köçürülməsi bu məsələnin real həlli ola bilərdi.
Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi xarici ölkələrdən öz vətənlərinə qayıdan ermənilərin qəbul edilməsi və yerləşdirilməsi vəzifəsini xeyli asanlaşdırmış olardı.
Azərbaycanlı əhilinin köçürülməsi nəticəsində boşalan torpaqlar və mənzillər Ermənistana qayıdan xarici ermənilər sırasından olan kəndlilərin məskunlaşdırılması üçün istifadə oluna bilərdi.
Bu mülahizələrə əsaslanmaqla Sizin sanksiyanızı xahiş edirik:
Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-nin əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsinə və boşalmış torpaqları və mənzilləri xarici ölkələrdən Ermənistan SSR-ə qayıdan ermənilərin qəbul edilməsi və yerləşdirilməsi üçün istifadə olunmasına;
Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetinə köçürülmə qaydalarının işlənib hazırlanmasına, habelə köçürülmənin həyata keçirilməsinə rəhbərlik edilməsi üçün birgə komissiyanın yaradılmasına icazə verilməsinə;
Bu tədbirlərlə əlaqədar xərclərin İttifaq büdcəsinə götürülməsinə.
Azərbaycan K(b)P MK ka tibi (M. C.Bağırov)
Ermənistan K(b)P MK katibi (Q.A.Arutyunov)
10 dekabr 1947-ci il“
Bir neçə gün sonra isə – 23 dekabr 1947-ci il tarixdə İ.V.Stalin həmin məktub əsasında “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında“ aşağıdakı qərarı imzalayır:
“SSRİ NAZİRLƏR SOVETİ
QƏRAR №4083
23 dekabr 1947-ci il, Moskva, Kreml.
Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında
SSRİ Nazirlər Soveti QƏRARA ALIR:
1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min kolxozçu və başqa azərbaycanlı əhali könüllülük əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün; onlardan: 10 min nəfər – 1948-ci ildə, 40 min nəfər – 1949-cu ildə və 50 min nəfər – 1950-ci ildə.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın:
a) kolxozçular və digər azərbaycanlı əhali arasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərə dövlətin yaratdığı şərait və verdiyi güzəştlər barədə izahetmə işləri təşkil edilsin;
b) kolxozların köçkün-kolxozçulara, onların yola düşməsinə 10 gün qalmasından gec olmayaraq, qazandıqları əmək günlərinin kolxozların istehsalat planları ilə nəzərdə tutulmuş ölçülərdə haqq-hesabı təmin edilsin;
v) köçkünlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal- qaranın və quşların daşınması təmin edilsin.
Nazirliklərin və baş idarələrin, idarə və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçən şəxsləri işdən azad etsinlər.
Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürüləcək azərbaycanlı əhali üçün aşağıdakı güzəştlər müəyyən edilsin:
a) köçürülən hər ailəyə 2 ton ev əşyası və kənd təsərrüfatı heyvanlarını aparması üçün dövlət hesabına pulsuz gediş təmin edilsin;
b) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürüləcək kolxozçulara, məcburi süd tədarükü üzrə güzəşt istisna olmaqla, «Kənd təsərrüfatında köçürmə işləri üzrə güzəştlər haqqında» SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin 1937-ci il 17 noyabr tarixli 115/2043 nömrəli qərarı şamil edilsin;
v) köçmə zamanı köçkünlərin ailələrinə qaytarılmamaq şərti ilə ailə başçısına 1000 manat və ailənin hər bir üzvünə 300 manat məbləğində müavinət verilsin;
q) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülmüş ailələrin məskunlaşdığı yerlərdə ailə başçısına 1,5 sentner və hər bir ailə üzvünə 0,5 sentner nəğd hesabla ərzaq taxılı satılsın.
Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə, məskunlaşacağı yerlərdə mübadilə qəbzi əsasında həmin miqdarda məhsul və mal-qara almaq hüququnu saxlaması ilə, tərk etdikləri yerlərdə tədarük təşkilatlarına kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə daşınması qadağan edilmiş mal-qaranı təhvil verməsinə icazə verilsin.
Kənd təsərrüfatbanka tapşırılsın;
a) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərdən ehtiyacı olanlara ev tikmək və həyətyanı tikinti üçün 20 min rubl məbləğində, kreditin alındığından 3 il sonra başlayaraq 10 il müddətində ödəməklə kredit verilsin;
b) ehtiyacı olan köçkünlərə hər ailəyə, ssuda alındıqdan sonra, üçüncü ilindən başlayaraq ödənilməklə mal-qara almaq üçün 3 min rubl məbləğində uzunmüddətli ssuda verilsin.
Dəmir Yolları Nazirliyinə bir vəzifə olaraq tapşırılsın:
a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri əsasında azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə daşınması xüsusi düzəldilmiş eşalonla dezinfeksiya edilmiş və avadanlıqla təchiz olunmuş vaqonlarda təmin edilsin;
b) köçkünlərin köçdükləri yerlərdə vaqonlara görə ödəniş tutulmadan Dəmir Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafik üzrə Yollar İdarəsi vaqonların göndərilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesabı Dəmir Yol İdarəsi tərəfindən təqdim edilmiş, hesabdan mərkəzləşdirilmiş şəkildə həyata keçirilsin.
SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, çıxış yerlərində bütün köçkünlərin tibbi müayinədən keçirilməsini və onlara yol boyunca tibbi-sanitar xidməti göstərilməsini təmin etsin.
Eşalonu müşayiət etmək üçün tibbi personal və lazımi dərman ayrılsın.
SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan SSR-nin 1948-ci il büdcəsində Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-ə köçürülməsini təmin etmək üçün lazımi xərcləri nəzərdə tutsun.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən köçürülən əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsini və yerləşdirilməsini təmin etmək üçün bu qərarın icrası ilə əlaqədar olaraq bir ay müddətində birgə konkret tədbirlər planı işləyib hazırlasınlar və onlar haqqında SSRİ Nazirlər Sovetinə məlumat versinlər.
Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.
SSRİ Nazirlər Sovetinin sədri: İ.Staiin.
SSRİ Nazirlər Soveti İşlər İdarəsinin rəisi: Y.Çadayev.“
1948-ci il martın 10-da isə həmin qərarın yerinə yetirilməsinə dair tədbirlər planı barədə ikinci qərara imza atılır.
Həmin qərarın da tam mətnini oxuculara təqdim edirik:
“SSRİ NAZİRLƏR SOVETİ
QƏRAR № 7754
10 mart 1948-ci il , Moskva, Kreml.
Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında
SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il 4083 N:-li Qərarına əlavə olaraq QƏRARA ALIR:
Azərbaycan SSR-nin Kür-Araz ovalığına tam heyətdə köçürülən kolxozlara köməkçi müəssisələrdən (dəyirmanlar, yarma maşınları, elektrik stansiyaları) və başqa mədəni-məişət tikililəri istisna olmaqla, istifadələrində olan bütün istehsal vasitələrini (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşquları, bütün növdən olan mal-qaranı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və digər əmlakı, habelə, natural və digər fondları) özləri ilə aparmalarına icazə verilsin.
Müəyyən edilsin ki, kolxozçuları Azərbaycan SSR-nin Kür- Araz ovalığına köçürülən Ermənistan SSR kolxozları, köçmə anına qədər onların payına düşən daşınar əmlakı (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşquları, bütün növdən olan mal-qaranı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini, natural və digər fondları) köçkünlərin daxil olduğu kolxozlara verir, onların payına düşən əmlak (çoxillik ağaclar, dəyirmanlar, elektrostansiyalar və digər təsərrüfat və məişət tikililəri) payının dəyərini Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təyin etdiyi vaxtda onların yerləşdikləri kolxozların hesablarına köçürürlər.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR- dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçən kolxozlar, kolxozçular və digər azərbaycanlı əhali ilə onların Ermənistan SSR-də qoyduqları daşınmaz əmlaka görə bir ay müddətində haqq-hesab qaydalarını müəyyən etsinlər.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR- dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən köçkün- kolxozçulara, eyni zamanda fəhlə və xidmətçilərə çıxdıqları yerdə onlara məxsus evləri satmaqda kömək etsinlər.
Azərbaycan SSR Nazirlər Soveti yanındakı Kolxoz təsərrüfatlarının köçürülməsi və əhalinin təxliyəsinin təsərrüfat quruluşu üzrə şöbəsinin Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinə çevrilməsi məqsədəuyğun hesab edilsin.
Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsinə köçürülən kolxozlara və köçürülən kolxozçulara tikinti materiallarının təminatında kömək, eyni zamanda göstərilən köçkünlərin yaxşı yerləşdirilməsi üçün lazım olan köməkçi müəssisələrin tikintisində texniki kömək göstərməsi tapşırılsın.
Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Kənd Təsərrüfatı Nazirliyinə «Azərköçürmətinki» kontoru əsasında Kür-Araz ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsi tabeliyində «Azər köçürmətikinti» tresti yaratmasına və eyni zamanda həmin trestin nəzdində Salyan, Əli-Bayramlı, Sabirabad və Puşkin məntəqələrində tikinti-quraşdıma kontorları təşkil etməsinə icazə verilsin.
Azərbaycan SSR Nazirlər Sovetinə icazə verilsin:
a) Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürüləcəyi müddətdə Ermənistan SSR-də (Yerevan ş.) nümayəndəliyini təşkil etsin;
b) 1948-ci ildə Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür- Araz ovalığına azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqadar olaraq hazırlıq işlərinin (layihələşdirmə, köməkçi müəssisələrin tikintisi, meşəsənayetəsərrüfatının təşkil edilməsi, nəqliyyat vasitələri, tikinti avadanlıqları və materiallar alınması) həyata keçirmək üçün 1948-ci ildə respublika üzrə mərkəzləşdirilməmiş (limitdənkənar) kapital işləri üçün nəzərdə tutulmuş vəsaitdən 11 mln. rubl xərclənilsin;
v) 1948-ci ildə Molotov vilayətində ağac tədarükü işlərinə və Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsinin apardığı işlərə respublikanın kənd əhalisindən 700 nəfərdən ibarət mütəşəkkil yığım həyata keçirilsin.
Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsinə icazə verilsin:
a) 1948-ci ildə qurğular, binalar və yardımçı müəssisələrin tikintisi işləri, eyni zamanda köçürülən tikintisinin, Kənd təsərrüfatı bankı ilə razılaşdırılmış smeta-maliyyə haqq-hesabı üzrə daha da genişləndirilməsi üçün hazırlıq tədbirləri həyata keçirilsin;
b) 1948-1950-ci illərdə Molotov vilayətindəki meşə sənayesi təsərrüfatının istehsalat gücü ildə 100 min kubmetr işlək taxta həcmində artırılsın.
SSRİ Meşə Təsərrüfatı Nazirliyi Molotov vilayətinin üçüncü qrup meşələrindəki meşə-xammal bazasını müvafiq olaraq Azərbaycan SSR-nin Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsinə müvafiq olaraq təhkim edilsin.
SSRİ Dövlət Təchizat Komitəsinə, Avtomobil və Traktor Sənayesi Nazirliyinə, Maşınqayırma və Cihazqayırma Nazirliyinə, Elektrosənaye Nazirliyinə, SSRİ Ət və Süd Sənayesi Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsi üçün Əlavəyə müvafiq olaraq avadanlıqlar və materiallar göndərsinlər.
Azərbaycan SSR Nazirlər Soveti ilə razılaşdırmaqla Mərkəz ittifaqa bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən kolxoz və kolxozçulara satmaq üçün Azərbaycan SSR-ə tikinti materialları və avtomaşınlar gətirsinlər.
Nəqliyyat Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR-nin Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsi üçün Azərbaycan SSR-nin Lənkəran, Salyan, Sara calar, Saatlı, Qırmızıkənd, Daykənd, Papanin, Yeni Osmanlı, Daş- burun, Ucar və Masallı dəmiryol stansiyalarında, dəmir yolunun ixtiyarında olan sahələr hüdudlarında yükboşaltma və rels anbarları üçün yükləmə-boşaltma meydançalarına dalanların çəkilməsi ilə hər biri 600 metr uzunluğunda sahə ayrılmasını təmin etsin.
Göstərilən işlərin həyata keçirilməsi Azərbaycan SSR Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsinə həvalə edilsin.
SSRİ Kənd Təsərrüfatı Nazirliyinə 1948-ci ildə Azərbaycan SSR-nin Nazirlər Soveti üçün Azərbaycan SSR ağac tədarükü təşkilatlarına satmaq üçün at zavodlarında çıxdaş edilmiş 50 at ayırmağa icazə verilsin.
SSRİ Nazirlər Soveti yanında Dövlət ştat komissiyasına tapşırılsın ki, bir ay müddətində Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinin, «Azköçürmətikinti» trestinin və onun tikinti-quraşdırma kontorlarının, eyni zamanda Ermənistan SSR Yerevan şəhərindəki Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəliyinin ştat cədvəlinə baxsın və təsdiq etsin.
SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin.
SSRİ Nazirlər Soveti İşlər İdarəsinin rəisi Y.Çadayev.”
Bu qərarlarda Ermənistanda yaşayan azərbaycanlıların könüllülük əsasında köçürülməsi xüsusi qeyd olunsa da, əslində, bu, gözdən pərdə asmaq üçün idi. Xüsusilə strateji məntəqələrdə adamlar köçürülməyə Stalin dövrünə xas qəddarlıqla məcbur edilirdilər. Belə məntəqələr sırasına şəhər və şəhərətrafı, dəmiryol stansiyalarına yaxın, magistral avtomobil yollarının üstündəki yaşayış məntəqələri daxil idilər. 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı mübarizliyi ilə fərqlənən azərbaycanlı bölgələri ilkin olaraq ermənilərin qara siyahılarına düşmüşdü. Təsadüfi deyil ki, bütün Ermənistanda ermənilər 1948-ci il köçürülməsinə məhz Vedibasar mahalından – mahalın dağlıq hissəsi olan Qarabağlar rayonundan başladılar və kəndlərində Abbasqulu bəyin silahdaşlarının böyük bir hissəsinin yaşadığı Qarabağlar rayonu bütünlüklə ləğv edildi, kəndlər yer üzündən silindi.
Bu faciəni 1948-1953-ci illərdə Qərbi Azərbaycandan köçürülmüş bütün bölgələrimiz və bütün soydaşlarımız yaşadı. Deportasiya 3 il – 1948-1950-ci illər üçün nəzərdə tutulmuşdu, lakin 5 il davam etdi, 100 min soydaşımızın köçürülməsi nəzərdə tutulmuşdu, lakin 150 min insanımız bu deportasiyanın qurbanı oldu.
Əziz Ələkbərli
22-24.12.2020, modern.az
20.11.2025, 1905.az
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








