1948-50-ci illərdə Stalinin sərəncamı ilə Ermənistandan 100 mindən artıq azərbaycanlı köçürüldü. 1968-ci ilədək Azərbaycan toponimlərinin əksəriyyəti erməni toponimləri ilə əvəzləndi. 1950-ci illərdə İrəvan Pedaqoji Universitetinin dörd əyani və qiyabi Azərbaycan fakültəsi bağlandı.
Bu fakültələrin məzunları Ermənistanda iş tapa bilmədiklərindən Azərbaycana getməyə məcbur oldular. 1960-cı illərin sonlarına kimi İrəvanda və iri şəhərlərdə Azərbaycan məktəbləri demək olar ki, qalmadı. Elə həmin dövrdə azərbaycanlıların kompakt yaşadıqları rayonlarda partiya komitələrinin birinci, ikinci və üçüncü katibi olan azərbaycanlılar vəzifələrindən götürüldü, onların yerlərinə ermənilər təyin olundu.
1965-ci ildə azərbaycanlılar 1915-ci il hadisələrinin ildönümü ilə bağlı mitinqlər təşkil edən ermənilər tərəfindən mənəvi terrora məruz qaldılar. Ermənistan Sovet Ensiklopediyasının yeni nəşrində “Ermənilərin soyqırımı” məqaləsinə bir neçə səhifə həsr olunmuşdu, “Dağlıq Qarabağ Muxtar Vilayəti” məqaləsində isə Azərbaycanın adı bir dəfə də çəkilmirdi. 1966-cı ildə İrəvandakı C.Cabbarlı adına Azərbaycan Dram Teatrı bağlandı (1926-cı ildən teatr dövlət statusuna malik idi, 1940-cı ildə isə SSRİ-də Şekspir faciəsinin ən yaxşı quruluşuna görə, Ümumittifaq Teatr Müsabiqəsinin laureatı olmuşdu). 1980-ci illərdə İrəvandakı M.F.Axundov adına Azərbaycan məktəbi bağlandı. Elə həmin vaxt Azərbaycan dilində bədii ədəbiyyatın nəşri və Sisyan, Qafan, Mehri, Vedi, Kalinono, İcevan və Masisdə qəzet informasiyalarının verilməsi dayandırıldı. Hətta azərbaycanlıların kompakt yaşadıqları rayonlarda da onları ixtisasları üzrə rəhbər vəzifələrdə işləməyə qoymurdular. Hər hansı bir azərbaycanlı təcrübəli və bilikli mütəxəssis kimi formalaşırdısa, onu hansısa bəhanə ilə və ya böhtan atmaqla rəhbər işdən uzaqlaşdırır, yerinə səriştəsiz adamlar təyin edirdilər.
Bütün bunlar yüksək təhsilli azərbaycanlı əhalinin Ermənistandan, xüsusilə də şəhərlərdən axınına səbəb olurdu. Azaərbaycanlıların Ermənistan SSR-dən bütünlüklə deportasiyası isə Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədardır. 1987-1989-cu illərdə Ermənistan SSR-dən təqribən 200 min azərbaycanlı deportasiya olundu. 1988-1989-cu ilin qışı azərbaycanlıların Ermənistan ərazisindən kütləvi surətdə qovulması dövrü oldu. Həmin dövrdə onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan yaralandı, azərbaycanlı kəndlərində ermənilərin törətdikləri kütləvi talanlar qeydə alındı. On minlərlə insan evlərini və əmlaklarını qoyaraq, qış vaxtı qarlı aşırımlarla Azərbaycana qaçmağa məcbur oldu.
Ən heyrətdoğuran məqam isə azərbaycanlıların Ermənistan SSR ərazisindən qovulması prosesinin SSRİ DİN Daxili Qoşunlarının, Sovet Ordusunun, Dövlət Təhlükəsizliyi Komitəsinin gözləri qarşısında getməsi idi. Yeganə həyata keçirilən tədbir azərbaycanlıların hərbi qulluqçuların konvoyu altında Ermənistan SSR ərazisindən çıxarılması idi.
2 iyun 1989-cu ildə Ermənistan KP MK-nın birinci katibi S.Arutyunyan SSRİ xalq deputatları qurultayındakı çıxışında fəxrlə bildirdi: “1 iyun 1989-cu il tarixindəki vəziyyətə görə Ermənistanda bir azərbaycanlı ailəsi də yoxdur…”
http://istorya.ru saytının materialı əsasında Gündüz Nəsibov hazırladı