Azərbaycan torpaqlarına göz dikmiş erməni millətçiləri “Türksüz Ermənistan”uğrunda gizli və açıq mübarizə aparmış, Azərbaycan türklərinə qarşı soyqırım siyasəti yeritmiş, özlərinin məkrli və avantürist niyyətlərini həyata keçirmək məqsədilə tarixdə görünməmiş cinayətlər, vəhşiliklər, kütləvi qırğınlar, və vandalizm əməlləri törətmişlər.
Erməni millətçiləri tərəfindən yeridilən bu siyasət tarixin bütün zamanlarında Azərbaycan türklərinə qarşı didərgin həyatı, torpaq və yurd həsrəti gətirmişdir. Qeyri-insani mübarizə formalarından istifadə edən erməni millətçiləri mənfur niyyətlərini reallaşdırmağa ciddi cəhdlər etmiş, öz məqsədlərinə nail olmaq üçün müxtəlif taktiki üsullardan istifadə etmişlər. Xüsusilə, XX yüzillikdə Qərbi Azərbaycan türklərinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində xalqımız ağır mərhumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Antiazərbaycan dairələr tərəfindən dəstəklənən bu məkrli siyasət gah açıq təxribatlar, gah da milli qırğın vasitəsilə müstəsna qəddarlıqla həyata keçirilmişdir. Ümumilli lider H.Ə.Əliyevin qeyd etdiyi kimi mərhələ-mərhələ gerçəkləşdirilən bu qeyri-insani siyasət nəticəsində azərbaycanlılar öz doğma tarixietnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış məskəni dağıdılmışdır.
Azərbaycanlıların tarixən yaşadıqları ərazilərdən deportasiyası siyasəti bütün XX əsr boyu sistemli surətdə davam etdirilmiş, soyqırımı səviyyəsinə çatdırılmasına görə dünya tarixində analoqu olmayan aksiya olmuşdur. Sovetlər Birliyi daxilində azərbaycanlıların deportasiyası yeni metodlarla davam etdirilmiş, ikinci dünya müharibəsindən sonrakı illərdə isə bu siyasət amansızlıqla həyata keçirilmişdir.
Tarixi faktlar göstərir ki, Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən həyata keçirilmiş deportasiya və soyqırımı cinayətləri daha geniş vüsət almış, deportasiya siyasəti daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıqla həyata keçirilmişdir. Odur ki, Vətən tariximizin faciəli dövrü tarixi tədqiqata cəlb edilmiş, bu sahənin öyrənilməsində buraxılmış səhvlərin, təhriflərin aradan qaldırılması başlıca məqsəd olmuşdur. Tədqiqat nəticəsində aşağıdakı ümumiləşdirilmiş nəticələr çıxarılmışdır:
1.Uzun illər Azərbaycanda xalqımızın tarixi elmi kommunist ideologiyası əsasında “işıqlandırıldığından”, yazıldığından tarixi tədqiqatlarda birtərəflilik hökm sürmüş, tarixi faktlar bilərəkdən saxtalaşdırılmış, azərbaycanlıların deportasiyası problemi öyrənilməmişdir. Sovetlər dövründə Azərbaycan türklərinə qarşı yeridilən mənfur sıxışdırma siyasəti və ermənilərin törətdikləri deportasiya və soyqırımı cinayətləri ört-basdır edilmişdir.
2.Tarix elmi və bu sahədə aparılmış elmi tədqiqatların təcrübəsi göstərir ki, tarixi hadisə və prosesləri baş verdiyi konkret tarixi şəraitdə, daxili və xarici tərəflərini nəzərə almaqla kompleks tədqiq etdikdə obyektiv nəticələrə gəlmək olar. Tədqiqat prosesində bütün bunlara əməl edilmiş, hadisə və proseslərin öyrənilməsində tarixi yanaşma və obyektivlik əsas götürülmüşdür.
3.Tədqiqat göstərir ki,erməni millətçi dairələri bütün tarixi şəraitlərdə öz məkrli və avantürist niyyətlərini gerçəkləşdirməyə çalışmışlar. Erməni millətçiləri əlverişli tarixi şəraitdən istifadə edərək “etnik təmizləmə” planlarını reallaşdırmaq üçün totalitar rejimin yaratdığı imkanlardan yararlana bildilər. Nəticədə SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli “Ermənistan SSRdən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” və 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qərarlarının verilməsinə nail ola bildilər. Azərbaycan türklərinə qarşı yönəldilmiş bu xəyanətkar qərarlar İ.V.Stalinin və erməni millətçi dairələrinin sövdələşməsinin məntiqi yekunu idi. İ.V.Stalinin imzası ilə verilən qərarlarda Mərkəz erməni maraqlarına uyğun mövqe tutdu ki, bu da azərbaycanlıların sürgün və məhv edilməsinə səbəb oldu. Həmin fitnəkar qərarların verilməsi tarixinin, on minlərlə azərbaycanlı əhalinin zorakılıqla deportasiya edilməsinin acı nəticələrinin və bütövlükdə 1947-1953-cü illərdə tarixi hadisələrin mahiyyətinin obyektiv tədqiq edilməsi müstəsna elmi, siyasi və təcrübi əhəmiyyətə malikdir.
4.Azərbaycan tarixçiləri problemlə bağlı olan bəzi məsələlərə bu və ya digər dərəcədə toxunulmış, bir çox faktları üzə çıxarmış və qiymətli fikirlər söylənmişlər. Bütün bunlarında tədqiqat prosesində çox böyük elmi və elmi-metodiki köməyi olmuşdur. Bununla belə 1947-1953-cü illəri əhatə edən deportasiya tarixi bu vaxta qədər həmin dövrün tarixi hadisələr kontekstində kompleks halda tədqiq edilməmişdir. Ona görə də 1947-1953-cü illər tarixinin tədqiqi qarşımızda duran başlıca vəzifə olmuşdur.
5.Tədqiqat nəticəsində aydın oldu ki, Azərbaycan türklərinin Ermənistandan 1947-1953-cü illərdəki deportasiyası ikinci dünya müharibəsindən sonrakı illərdə SSRİ-Türkiyə münasibətləri kontekstində siyasi gündəmə çıxarılmış “erməni məsələsi” ilə bağlı olmuşdur. SSRİ-nin Türkiyəyə qarşı ərazi tələbləri, ermənilərin Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından deportasiyası bir-birilə sıx bağlı olan məsələlər olduğundan bunlar kompleks şəkildə tədqiq edilmişdir. Bu yanaşma 1947-1953-cü illər deportasiyasının ideya rəhbərləri, təşkilatçıları və həyata keçirənlərin bütün məsuliyyətini aydınlaşdırır.
6.Xarici ölkələrdən ermənilərin Ermənistana köçürülüb gətirilməsini şirnikləndirən və həyata keçirən də Sovet hökuməti və onun xüsusi xidmət orqanları idi. Onların köməyi ilə müxtəlif erməni təşkilatları Türkiyəyə qarşı geniş ərazi davası açmış, bu istiqamətdə fəaliyyət göstərirdilər. Erməniləri xaricdən köçürüb gətirməkdə məqsəd “itirilmiş torpaqların” geri qaytarılacağına erməniləri inandırmaq, ermənilər vasitəsilə sovet ərazi tələblərini sığortalamaq idi. Ermənilərin xaricdən köçürülməsi son nəticədə azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinə səbəb oldu. İ.V.Stalin başda olmaqla Sovet rəhbərliyi xaricdən köçürülüb gətirilmiş ermənilərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırmaq adı altında azərbaycanlıların köçürülməsinə qərar verdi. Əslində bunun üçün heç bir sosial-iqtisadi səbəb yox idi. Belə ki, Ermənistan rəhbəri Q.Harutyunov “respublikada 400- 500 erməninin yerləşdiriləməsinin mümkün olduğunu” bildirirdi. Bütün bunlar monoqrafiyada geniş işıqlandırılmışdır.
7. Köçürülmənin rəsmi səbəb olaraq Mingəçevir Su Elektrik Stansiyasının istifadəyə verilməsindən sonra, pambıqçılığı geniş inkişaf etdirilməsi planlaşdırılmış və Kür-Araz ovalığı rayonlarının işçi qüvvəsi ilə təmin edilməsi nəzərdə tutulsa da, SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarı siyasi səciyyə daşıyırdı. Azərbaycan türklərinin deportasiyasına aid bütün qərar, sərəncam, göstəriş və təlimatlar “məxfiləşdirilmişdir” və “məxfidir” qrifi ilə aparılırdı. Bu Azərbaycan türklərinin məruz qaldığı məcburi köçürülməni, zorakılığı gizlətmək məqsədini daşıyır, deportasiyanın əsl mahiyyətini ört-basdır etmək üçün idi.
8.SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in KürAraz ovalığına köçürülməsi haqqındakı” 23 dekabr 1947-ci il tarixli qərarı SSRİ və Ermənistan SSR rəhbərlərinin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri cinayətkar siyasi akt idi.
9.Qərarda köçürülmənin “könüllülük” prinsipləri əsasında aparılması qeyd olunsa da köçürülmə məcburiyyət prinsipləri ilə həyata keçirilmişdir. Sənədlər göstərir ki, azərbaycanlı əhali Ermənistanın dövlət və hüquq mühafizə orqanlarının təzyiqi altında köçürməyə məcbur edilirdi. Belə bir vəziyyətdə Mərkəzi hökumətdən və Azərbaycan rəhbərliyindən umduqları köməyi görə bilməyən azərbaycanlı əhali məcburi bir vəziyyətdə Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürdülər. Kimsəsiz qalmış on minlərlə azərbaycanlı əhalinin beləcə ağır vəziyyətdə köç etməsi zavallı insanların başına faciələr gətirdi. “Könüllü” köçürülmə pərdəsi altında köçürülən azərbaycanlı əhali Kür-Araz ovalığında ağır mərhumiyyətlərə və məşəqqətlərə məruz qaldılar, köçürdükləri yerin iqlim şəraitinə uyğunlaşa bilmədilər. Köçkünlərə göstərilən tibbi xidmət aşağı olduğundan onlar arasında xəstəliklər artdı, hətta ölüm hadisələri baş verdi. Nəticədə köçkün azərbaycanlı əhali əsl soyqırıma məruz qaldı.
10.Azərbaycan türklərinin deportasiyası ermənilərin azərbaycanlılara qarşı tarixi-etnik düşmənçiliyi zəminində həyata keçirilir, məcburi köçkünlərin köçürülmə siyasətinə qarşı bəzən açıq, bəzən gizli müqaviməti və etiraz formaları ilə müşaiyət olunurdu. Bu faktı Ermənistan Daxili İşlər Naziri X.Qriqoryanın 3 may 1948-ci il tarixdə M.C.Bağırova ünvanladığı “Köçürməyə dair əhval-ruhiyyə haqqında” məxfi arayışı də təsdiq edir. Azərbaycanlı əhalinin gizli və açıq müqaviməti aşağıdakı formalarda təzahür etmişdir; 1)Köçürülmənin könüllü olduğuna isnad etməklə, öz tarixi-etnik torpaqlarını tərk etməkdən boyun qaçırması; 2)İctimai təsərrüfatlarda çalışmaqdan imtina edilməsi; 3)Şəxsi əmlakların dağıdılması və məhv edilməsi; 4)Köçürməyə qarşı açıq müqavimət göstərilməsi; (Ləmbəlinin timsalında) 5)Köçkünlərin qızmar iqlimi olan Kür-Araz ovalığında deyil, Azərbaycanın onlar üçün əlverişli olan dağətəyi rayonlarda məskunlaşmaq cəhdləri; 6)On minlərlə azərbaycanlının köçürmə qanunları ilə deyil, kütləvi, kortəbii şəkildə köçməsi; 7)Azərbaycanlı rəhbər işçilərin köçürülməyə müqaviməti; 8)Azərbaycanlı köçkünlərin yenidən öz yaşayış yerlərinə dönməsi; Bütün bunlar monoqrafiyada faktlar və sənədlərlə açılıb göstərilmişdir.
11.Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından deportasiya olunmasında erməni lobbisi, “Hnçak”, “Ramkavar”, “Daşnaksütyun”, Ermənistan Kommunist Partiyası, Eçmiazzin kilsəsi və başqa təşkilatlar fəal iştirak etdilər. Bu təşkilatların Sovet rəhbərləri və Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx əməkdaşlığı Azərbaycan türklərinə qarşı cinayətkar siyasi tədbirin həyata keçməsində həlledici rol oynadı.
12. Azərbaycan türklərinə qarşı həyata keçirilmiş deportasiya dövlət səviyyəsində həyata keçirildi. Deportasiya ermənilərin antitürk xarakterli siyasətini üzə çıxardı. Bu siyasət sonrakı illərdə Azərbaycan türklərinin ermənilər tərəfindən bütün sahələrdə diskriminasiyasında özünü göstərdi, onların Azərbaycan SSR-ə axınının yeni əsasını qoydu.
ƏSƏD QURBANLI,
tarix üzrə fəlsəfə doktoru
«Azərbaycanlilarin Ermənistan SSR-dən deportasiyasi tarixindən (1947-1953-cü illər)», Bakı, 2018, 119-124 s. kitabından