XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı “könüllülük” pərdəsi altında acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.
Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və “türksüz Ermənistan” uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmişlər.
Yerli olmayan bu hiyləgər insanlar çox böyük bir məkrlə Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək qondarma Ermənistan dövləti yaratmışlar. Sonra isə “böyük Ermənistan” imperiyası yaratmaq üçün məkrli planlarını həyata keçirməyə çalışmışlar. XX yüzilliyin əvvəllərində Türkiyədə və İranda türk-müsəlman xalqlarını kütləvi şəkildə qıran və azərbaycanlıların soyqırımını təşkil edən erməni cəlladları həmin yerlərdə ciddi müqavimətə rast gəlmiş və istədiklərinə nail ola bilmədikləri üçün zərbənin ağırlıq istiqamətini Qafqaza yönəltmişdilər. Havadarlarının köməyindən bəhrələnən ermənilər 1918-ci il mayın 28-də “Ermənistan respublikası” elan etdikləri zaman bu dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilən iclasında səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün saymış və İrəvanı ermənilərə “bağışlamışdı”. Qeyd etmək lazımdır ki, erməni millətçilərinin təbiətinə və xarakterlərinə yaxşı bələd olan bəzi Milli Şura üzvləri həmin iclasda bu qərara qəti etiraz etmişdilər. Məsələn, Bağır bəy Rzayev Milli Şurada təmsil olunmuş irəvanlılar adından demişdi: “Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik bizi, erməni respublikası ərazisində qalanları da unutmayasınız”. Tarix uzaqgörənliklə deyilənləri təsdiqlədi.
Beləliklə, daşnaklar “paytaxtsız” erməni respublikası yarandığı gündən şirnikərək Azərbaycan torpaqlarını çox böyük bir iştahla ələ keçirməyi qarşılarına məqsəd qoymuşdular. Əhalinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Lori-Pəmpək, Şörəyal, Zəngəzur qəzalarında və Göyçə mahalında kütləvi qırğınlar törədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişdilər. Erməni silahlı birləşmələri ərazidə yaşayan azərbaycanlıları ucdantutma qırmışdılar. Törətdikləri vəhşiliklər nəticəsində 1918-1920-ci illərdə Ermənistanda yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya öz yerlərindən qovulmuşdu.
Erməni millətçiləri Moskvadakı və xaricdəki havadarlarına arxalanaraq vaxtaşırı öz məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Ötən əsrin 40-cı illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda “Qarabağ hərəkatı” və “Qarabağ komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov Dağlıq Qarabağ bölgəsinin onlara verilməsi haqqında məsələni qaldırmış və bu barədə Stalinə məktubla müraciət etmişdi. Stalinin dərkənarı ilə məktub Malenkova göndərilmişdi. Erməni şovinistinin həyasızlığı o yerə çatmışdı ki, əgər məsələ müsbət həll olunardısa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflər də hökumətə təqdim olunacaqdı. ÜİK(b)P MK-nın o vaxtkı katibi G.M.Malenkov məsələyə dərhal reaksiya verir və məktubu 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.Bağırova rəy üçün göndərir. M.Bağırov dekabrın 10-da (tam məxfi qrifi ilə) ona kəsərli cavab məktubu yazır. Burada Ermənistanın Dağlıq Qarabağla bağlı bütün iddialarının heç bir elmi əsası olmadığı bildirilir, eyni zamanda göstərilir ki, Şuşa istisna olmaqla, Azərbaycan həmin təklifə etiraz etmir, ancaq bir şərtlə – Ermənistan SSP-də, Gürcüstan SSR-də və Dağıstan MSSR-də əhalinin əksəriyyəti azərbaycanlılar olan, Azərbaycanla həmsərhəd, tarixən Azərbaycan torpağı olan ərazilər geri qaytarılsın. Belə tutarlı faktlar qarşısında qalan Kreml rəhbəri məsələyə nöqtə qoyub məktubları arxivdə “dəfn” etməyə qərar verir.
Lakin erməni fitnəkarları yenə də dinc dayanmır, müxtəlif avantürist planlar hazırlayırlar. Növbəti dəfə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi siyasəti ortaya atılır. Bu, azərbaycanlı əhalinin ucdantutma deportasiya edilməsi siyasəti idi. Onu 1948-1953-cü illərdə reallaşdıra bildilər.
Azərbaycan xalqına qarşı yönəlmiş bu xəyanətin tarixçəsi belə olmuşdur: İkinci dünya müharibəsinin qızğın çağında – 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin – Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı Molotov elə oradaca Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdi. Arutyunov bu fürsətdən istifadə edib köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olur. Belə bir qərar SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 oktyabr 1946-cı il tarixli fərmanı idi. Bu fərman qərəzli və fərqli idi. Yalnız “repatriasiya” (vətənə qaytarılma) terminindən istifadə olunurdu. Başqa sözlə, SSRİ-yə qayıdan hər hansı bir millətin nümayəndəsi sadəcə “emiqrant”, daha dəqiq söyləsək, “demiqrant” (mühacirətdən qayıdan adam) olduğu halda, erməni “repatriant”, yəni “vətənə qaytarılan” adlanırdı. Ermənilərin repatriasiyası haqqında “Daşnaksütyun” partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresində qərar qəbul edilmişdi. Hər iki qərarda repatriasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi” şəraitində baş verəcəyi iddia edilirdi. Buna erməni Qriqorian kilsəsi də xeyir-dua vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara “kolxozçu” sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı.
Azərbaycanlı əhalisinin Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi ilə əlaqədar tədqiqatçı-alim Lətifə xanım Həsənova maraqlı bir fikir söyləyir və onu tutarlı arqumentlərlə sübut etməyə çalışır. Arqument yeni sənədin əldə edilməsidir. Həmin sənədə əsasən o, belə mülahizə yürüdür ki, azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsindən əvvəl geniş antiazərbaycan təbliğatı aparılıb və müxtəlif şayiələr yayılıb, azərbaycanlılara qarşı 43 səciyyəvi fakt qeydə alınıb. Bu mənfur millət Azərbaycan torpaqlarını ələ keçirmək və bu yerlərdən azərbaycanlı əhalini evakuasiya etmək üçün müxtəlif hiylələrdən və güclü təbliğat kampaniyasından istifadə etmişdi. Tarixi faktlardan məlumdur ki, Rusiya imperatoru I Pyotrun Azərbaycana yürüşləri ərəfəsində ölkəmizin şimal bölgələrində onun imzaladığı manifest yayılmışdı. Rus qoşunlarının, qaniçən Sisianovun Gəncəyə hücumu ərəfəsində Gəncə əhalisi arasında təbliğat aparılmışdı. Təbliğat tədbirlərində ermənilər “fəallıq” göstərmiş, rusları öz himayədarları kimi dəfələrlə dəvət etmişlər.
Hətta ermənilər azərbaycanlıların kütləvi şəkildə köçürülməsi və xaricdəki ermənilərin boşalmış azərbaycanlı evlərində yerləşdirilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları və gələcəkdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdülər.
1990-cı il noyabrın 11-də “Qolos Armeniya” qəzetində həmin məsələ ilə bağlı dərc edilən məqalədə bildirilirdi ki, M.Bağırov Q.Arutyunovla əvvəlcədən razılaşdıqdan sonra xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək məqsədilə hər ikisi 10 dekabr 1947-ci il tarixli məktubla Stalinə müraciət etmişdir. Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar vermişdir.
M.C.Bağırovun məktuba imza atıb-atmaması tədqiqatçılar tərəfindən müxtəlif versiyalarda izah edilir. Azərbaycan K(b)P MK-nın ikinci katibi olmuş M.H.Seyidov xatirələrində yazır ki, 1947-ci ilin oktyabrından MK-nın Siyasi Bürosunun qərarı ilə Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova Yessentukidə müalicə olunmaq üçün 4-5 aylıq məzuniyyət verilmişdi. Ona görə də səlahiyyətlər ikinci katibə keçmişdi. Tarix elmləri doktoru, professor E.İsmayılov belə hesab edir ki, bu işə razılıq vermədiyi üçün M.C.Bağırov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmışdı. Digər tərəfdən isə, Azərbaycan rəhbərlərindən kiminsə həmin məktuba imza atıb-atmaması İ.V.Stalin üçün həlledici olmaya da bilərdi.
Tarixi sənədlərdən məlumdur ki, 1947-ci il noyabrın 28-də Ermənistan KP MK-da geniş büro iclası keçirilmişdi. Həmin iclasda azərbaycanlılar yaşayan rayon partiya komitələrinin nümayəndələri və respublikanın yüksək vəzifəli şəxsləri iştirak edirdi. Büroda Arutyunov demişdi ki, Moskvada olarkən M.C.Bağırovla azərbaycanlıların Ermənistandan köçürülməsi və 450-500 min erməninin bura qaytarılması, onların buradan köçürülənlərin boş qalan mülklərində yerləşdirilməsi məsələsi razılaşdırılmışdır. Hətta Arutyunov bildirmişdi ki, bu razılaşma Mikoyanın, Beriyanın və Deqonazovun (SSRİ xarici işlər nazirinin müavini) qəbullarında olarkən əldə edilmiş və bütün qəbullarda M.C.Bağırov iştirak etmişdir.
Stalinin imzası ilə hər iki qərarda Azərbaycan millətindən olan kolxozçuların və başqa əhalinin Ermənistan SSR ərazisindən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdur. Bu qərarların birincisində (23 dekabr 1947) göstərilirdi ki, Ermənistan SSR-dən 1948-ci ildə 10 min,1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı (cəmi 100 min) Azərbaycan SSR ərazisinə köçürülməlidir. Bu qərar 1953-cü ilə qədər qüvvədə qaldı. Başqa sözlə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindən Azərbaycana 150 min azərbaycanlı köçürüldü.
Hər iki sənədi nəzərdən keçirdikdə məlum olur ki, onlar tələsik hazırlanmışdır və heç bir şərait nəzərə alınmamışdır. Qərarın belə təcili hazırlanmasının mahiyyəti onun 11-ci maddəsində daha aydın görünür. Burada deyilir: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililər və yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə edilsin”.
SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qəbul etdiyi 754 saylı qərarda göstərilirdi ki, bu sənəd SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. 1948-ci il 10 mart tarixli qərarda artıq köçürmə ilə əlaqədar konkret tədbirlərdən bəhs olunurdu. Qeyd edilirdi ki, Ermənistan SSR-dən Kür-Araz ovalığına köçürülən kolxozçular özləri ilə əsas istehsal vasitələrini – kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu qüvvələrini, bütün növdən olan ev heyvanlarını və quşları, nəqliyyat vasitələrini və başqa əşyaları da apara bilərlər.
Qərarda Ermənistan SSR və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılırdı ki, bir ay müddətində əhalinin əmlakının dəyərinin ödənilməsi qaydaları müəyyənləşdirilsin. Köçürüləcək əhalinin yerləşdirilməsi, qoşqu vasitələrini və ev heyvanlarını apara bilmələri və digər məsələlər üzrə əlavə tədbirlər barədə Azərbaycan rəhbərliyi 1948-ci il fevralın 2-də və aprelin 14-də qərarlar qəbul etdi.
Azərbaycan hökuməti İrəvanda xüsusi nümayəndəliyini açdı və Mürsəl Məmmədov adlı şəxsi ora rəhbər təyin etdi.
SSRİ rəhbərliyi köçürülmə ilə bağlı həlledici qərarları Azərbaycan SSR hökumətinin üzərinə qoymaqla özünün tarix qarşısındakı məsuliyyətini “sığortalayırdı”. Kommunist rəhbərlər bu incə siyasəti ilə əslində deportasiyanın əsl mahiyyətini ört-basdır etmək istəyirdilər.
Tezliklə müəyyən oldu ki, Kreml rəhbərlərinin tələm-tələsik verdikləri qərarlar çox ağır sosial və siyasi bəlalar törətdi, köçürülənlərin ciddi narazılıqlarına səbəb oldu və böyük mübahisələr yaratdı. Bununla bağlı Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistandakı nümayəndəsi Mürsəl Məmmədovun M.C.Bağırova ünvanladığı 12 aprel 1948-ci il tarixli məktubunda deyilirdi ki, köçürülən azərbaycanlılar ilk növbədə öz daşınmaz əmlaklarını (evlərini) satmaq istəyirlər. Ancaq bu məsələdə böyük çətinliklərlə üzləşirlər. Hər gün kolxozçular müraciətlər edir, ancaq müsbət cavablar almırlar. Erməni rəhbərləri qəsdən və süni şəkildə əngəllər törədirlər ki, azərbaycanlılar mülklərini sata bilməsinlər. Hətta bəzilərinə evlərini satmağı qadağan edirlər. Məktubun sonunda deyilirdi: “…Məndə bu barədə kollektiv ərizələr vardır…”
Bundan başqa, Kür-Araz ovalığı suvarılan torpaqların istifadə idarəsinə tapşırıldı ki, köçürülən kolxozçulara texniki yardım göstərilməsi, yaşayış evlərinin tikilməsi və yardımçı təsərrüfatların yaradılması üçün onlara kömək etsin.
Həmin il köçürülənlər üçün 2500 yaşayış evi tikmək nəzərdə tutulurdu. 1952-ci ildə Ermənistan SSR-dən köçürmə planı 24,6 faiz yerinə yetirildi. Köçürülənlər üçün evlər tikilməsi planına 80,6 faiz əməl olundu.
Lakin bir mühüm məsələni qeyd etmək lazımdır ki, əhalinin kütləvi şəkildə köçürülməsinə etiraz bildirənlər və müqavimət göstərənlər getdikcə artır, bəziləri hətta geri qayıdırdılar.Araşdırmalar göstərir ki, deportasiya edilən azərbaycanlılar dövrün və zamanın sərt üzünə baxmayaraq, hətta Stalinin imzaladığı qərarlara da məhəl qoymurdular. 1948-1950-ci illərdə 376 təsərrüfatın geri qayıtması xəbərini Ermənistan Nazirlər Sovetinin sədri S.Karapetyan (29 may 1950-ci il tarixli teleqramında) Ermənistan üçün faciə hesab etmiş və dərhal ciddi tədbirlər görülməsini zəruri bilmişdi.
Geri qayıdanların sayı Stalinin ölümündən sonra daha da sürətləndi.
Azərbaycana köçürülənlərin sayı ilə əlaqədar bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Sənədlərdən aydın olur ki, həmin illərdə rəsmi köçürmə ilə yanaşı, Ermənistanda yaradılmış dözülməz şəraitdən, təhqirdən canını qurtarıb Azərbaycana pənah gətirənlər də az olmamışdır. Hətta yerli rəhbərlər qərarda göstəriləndən daha çox azərbaycanlını müxtəlif yollarla torpaqlarından qovmağa çalışırdılar. Əksər hallarda erməni daşnakları və silahlı dəstələri azərbaycanlı ailələrin evlərinə soxulub onları təhqir edir, incidir və köçməyəcəkləri təqdirdə öldürməklə, mal-mülklərini dağıtmaqla hədələyirdilər. Həmin vaxtlarda kilsənin və erməni təbliğatının fəallaşması və mərkəzdən yararlanması azərbaycanlı əhalini ağır vəziyyətə salırdı. Ona görə ki, həm yerli partiya və hakimiyyət orqanlarından, həm Ermənistan, həm də SSRİ rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar özlərinin daşınmaz əmlakını ya ucuz qiymətə satır (əgər sata bilərdisə), ya da ki, vahimədən tez qurtarmaq üçün mal-mülklərini orada qoyub qaçırdılar.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1948-ci ildə 429 ailə (2384 nəfər), 1948-1950-ci illərdə isə 1000 təsərrüfatdan çox (7 min nəfər) azərbaycanlı ailəsi müxtəlif təzyiqlərə məruz qalaraq pərakəndə halda əmlaklarını qoyub Azərbaycana pənah gətirmişlər. Bu isə dözülməz maddi çətinliklər törədirdi. Erməni millətçiləri azərbaycanlılar arasında müxtəlif şayiələr yayır, vahimələr yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın müxtəlif rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına da qaçmağa məcbur olmuşdu. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144.654 nəfər doğma ev-eşiyindən zorla köçürülmüşdü.
Ermənistan ərazisində elə indinin özündə əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabazarlığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərilmişdi ki, 476-dan çox kənd istifadəsiz qalmışdır.
Deportasiya ilə yanaşı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi sürətlə aparılırdı. Nəticədə yüzlərlə, minlərlə kənd və rayon adları erməniləşdirilmişdi.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətinin həyata keçirdikləri planın məntiqi yekunu idi. Bu siyasət totalitar rejimin bütün zamanlarında özünü büruzə vermiş və həmişə də erməni-daşnak siyasətini ən incə metodlarla həyata keçirmişdir. Xüsusilə M.Qorbaçov hakimiyyətə gəldikdən sonra (1985-ci ildə) ermənipərəst siyasət rəsmi dövlət səviyyəsinə çatdırıldı. Türk və müsəlman dünyasının qatı düşməni olan M.Qorbaçov bütün məsələlərdə antiazərbaycan mövqedə dayanır və bu siyasəti yeridirdi. Həmin mövqe 1948-1953-cü illərdə azərbaycanlıların deportasiya siyasətində də özünü göstərmişdi.
Sovet rəsmi sənədlərində bir çox köçürülmələrə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların deportasiyasının heç adı belə çəkilmirdi. Təəccüblüdür ki, SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında (41 il sonra) məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri-qanuniliyi, cinayətkarlığın etiraf olunduğu və onların hüquqlarının müdafiəsi haqqında bəyannamədə azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsinə toxunulmur, bu hadisə deportasiya hesab edilmir.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi.
Ulu öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.
Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə XX yüzillikdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi, 150 mindən çox dinc əhalinin zorakılıqla dədə-baba torpaqlarından qovulması, on minlərlə insanın ağır məşəqqətlərlə üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması, bir sözlə, xalqımızın başına gətirilən dözülməz faciələr hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir.
Nuru Məmmədov,
Azərbaycan.-2009.-3 aprel.
27.08.2018