MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi
Açar sözlər: azərbaycanlılar, partizan hərəkatı, Böyük Vətən müharibəsi, döyüşçü, tarixşünaslıq
Ключевые слова: азербайджанцы, партизанская движения, Великая Отечественная война, воин, историография,
Key words: azerbaijanis, partisan movement, Second World War, historiography
Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri 1418 gün davam etmiş və 20 milyondan artıq sovet vətəndaşının tələfatı ilə nəticələnmiş Böyük Vətən müharibəsi dövrüdür.
Böyük Vətən müharibəsinin tarixinə aid SSRİ – də 1975 – ci ilə kimi 15,5 min kitab və məqalə nəşr olunub. (1, № 11 1975,s.113)
Müharibədə qələbənin 20, 25, 30, 35, 40, 50 illiyinə həsr olunan ümumittifaq konfrans- larının materialları tarixşünaslıq baxımından mühüm əhəmiyyətə malikdir. Qələbənin 20 və 25 illiyinə aid konfransların materialları “İkinci dünya müharibəsi” adı ilə üç kitabda və “Sovet xalqının qələbəsinin ümumdünya – tarixi əhəmiyyəti” kitabında verilib. Bu mövzuya aid digər kitablar da nəşr olunub.(2, 3, 4)
Mövzunun ayrı – ayrı problemlərinə aid yazılmış biblioqrafiq göstəricilər və Böyük Vətən müharibəsinin ensiklopediyası da problemin tarixşünaslıq baxımından tədqiqində mü- hüm rol oynayır. (5, 6, 7, 8)
Tarixşünaslığa aid yazılmış əsərlər içərisində akademik M.P.Kimin redaktorluğu ilə 1980-ci ildə nəşr olunmuş “Böyük Vətən müharibəsinin tarixşünaslığı” məqalələr toplusunu xüsusi əhəmiyyət kəsb edir.(9) Kitabın əvvəlində P.A.Jilinin Böyük Vətən müharibəsinin təd- qiqinin aktual problemlərinə həsr olunmuş məqaləsi verilib. Kitabda problemə aid müxtəlif alimlərin “Sov. İKP – Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin ilhamvericisi və təşkilatçısıdır”, “Alman – faşist işğalçılarına qarşı sovet xalqının silahlı mübarizəsi”, “Böyük Vətən müharibəsində sovet arxa cəbhəsi” ümumi başlıqlar altında 28 elmi məqalə nəşr olunub. Düşmən arxasında xalq mübarizəsi probleminə də tədqiqatçılar böyük maraq göstəriblər. Məsələn, 1945 – 1975 – ci illərdə Böyük Vətən müharibəsinə həsr olunmuş 120 namizədlik dissertasiyasının 70 – i bu mövzuya həsr edilib. (9, s.146). Azərbaycan tarixçiləri Böyük Vətən müharibəsinə və Azərbaycan SSR – in müharibədə iştirakına aid çoxlu sayda kitab və məqalə- lər yazmışlar. Lakin digər respublikaların tarixçilərinə nisbətən Azərbaycan tarixçiləri düşmən arxasında xalq mübarizəsi, partizan hərəkatı probleminə az diqqət veriblər.
M.Alıcanovun tədqiqatları nisbətən az tədqiq olunmuş sahəyə, Azərbaycan döyüş- çülərinin partizan hərəkatında iştirakına həsr olunub.(10) Onun 1975-ci ildə nəşr olunan “Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı (1941 – 1944-cü illər)” kitabı giriş və 4 fəsildən ibarətdir.
Kitabın giriş hissəsində Q. Ə. Mədətovun, Q. Mehdiyevin, Ə. Bağırzadənin, M. Abba- sovun, T. Novruzovun, V. A. Belyayevanın, Ə. Kərimovun, C. F. Hüseynovun, A. Sərkisovun Böyük Vətən müharibəsinə həsr etdikləri kitabların tarixşünaslıq baxımdan təhlil edilməsi təqdirəlayiqdir. Müəllif həmin əsərlərdə azərbaycanlı döyüşçülərin partizan hərəkatında iştirakı məsələsinin tədqiq edilməməsinə və bəzi əsərlərdə isə zəif işıqlandırılmasına tənqidi münasibət bəsləyib. O, tədqiq etdiyi mövzuya aid yazılmış K.Tskitişvilinin, M.Seyidovun, C.Həkimovun, V.Seyidovun, C.Rəfiyevin, Q.Jilyayevin, S.Məmmədovun, İ.Qasımovun, Q.Ə. Mədətovun kitablarını da tarixşünaslıq baxımından təhlil edib. Müəllif K. Tskitişvilinin kita- bını prblemin tədqiqi sahəsində ilk təşəbbüs olduğunu göstərməklə yanaşı, kitabda azərbay- canlı döyüşçülərin partizan hərəkatında iştirakının səthi işıqlandırıldığını qeyd edir. O, K.Tskitişvilinin kitabında Belorusiya partizan hərəkatında iştirak etmiş azərbaycanlı döyüşçü- lərdən yalnız polkovnik Ə.Əliyevin fəaliyyəti haqqında qısa məlumat verilməsini düzgün hesab etməyib.(11) Müəllifin fikrincə digər kitablarda da azərbaycanlı döyüşçülərinin partizan və antifaşist hərəkatında iştirakı müəyyən dərəcədə işıqlandırılsa da, onların SSRİ – nin mü- vəqqəti işğal edilmiş rayonlarında fəaliyyət göstərmiş partizan dəstələrinin tərkibində müba- rizəsindən çox az bəhs olunur.
Kitabın giriş hissəsində müəllif həm də mövzuya dair burjua tarixçilərinin əsərlərinə öz münasibətini bildirib. O, ABŞ ordusunun keçmiş polkovniki Çarl V. Hostlerin 1957 – ci ildə Nyu-Yorkda nəşr etdirdiyi “Türkizm və Sovetlər” adlı kitabında SSRİ – nin şərq respublika- larının əhalisinin sosialist vətəninin müdafiəsi ideyasına yad olması haqqında fikirlərini tənqid edərək, bu cür fikirlərin M.Ə.Rəsulzadənin 1951-ci ildə Türkiyədə nəşr etdirdiyi “Müasir Azərbaycan tarixi” kitabında da öz əksini tapmasına mənfi münasibət bəsləyib. Müəllif AFR tarixçiləri Ç.O.Diksonun, O.Gelbrunnun, Middeldorfun, L.Renduliçin, D.Karovun öz kitabla- rında irəli sürdükləri “müvəqqəti işğal olunmuş ərazilərdə qalan sovet adamları faşist qoşun- larına rəğbət bəsləyirdilər. Məhz buna görə də müharibənin ilk 4 – 5 ayında partizan hərəkatı mövcud olmamışdır. Partizan hərəkatına səbəb alman hərbçilərinin qəddarlığı olmuşdur” kimi fikirlərini tənqid edərək bunu sovet xalqının vətənpərvərlik hərəkatının, düşmənə qarşı aman- sız mübarizəsinin saxtalaşdırılması kimi qiymətləndirir.
Kitabın giriş hissəsində müəllif fransız Mişel Leqrana istinadən 1944 – cü ildə kapitan Hüseynrza Məmmədov başda olmaqla azərbaycanlı döyüşçülərinin Rodez şəhərini faşistlərdən azad etməsi və Polşada çıxan “Za volnoşu Lyüd” jurnalının 1973 – cü il 49 – cu sayına istina- dən Kelt meşələrindəki partizan dəstələri içərisində öz cəsarəti və qəhramanlığı ilə şöhrət qazanmış Əli Qarabala adlı azərbaycanlı döyüşçü haqqında məlumatlar verir.
Kitabın “SSRİ-nin müvəqqəti işğal edilmiş rayonlarında partizan hərəkatının başlanma- sı” adlanan 1-ci fəslinin yalnız 42-ci səhifəsində Sovet Hökümətinin notasında adı çəkilmiş və işgəncələrə məruz qalmış azərbaycanlı döyüşçülər haqqında məlumat var.(12, 28 aprel 1942)
“Azərbaycan döyüşçülərinin Ukrayna ərazisindəki partizan hərəkatında iştirakı” adla- nan 2-ci fəsildə müəllif Ukrayna SSR – in müxtəlif arxiv sənədləri əsasında hesablayıb ki, Uk- rayna ərazisində fəaliyyət göstərən gizli antifaşist təşkilatlarında, müxtəlif partizan birləşmə- ləri və dəstələrində 5000 nəfər azərbaycanlı döyüşçü faşistlərə qarşı mərdliklə vuruşub və onlardan 1000 nəfəri müxtəlif orden və medallarla təltif olunub. Bizim hesablamamıza görə müəllif bu 5000 nəfərdən cəmi 119 nəfər azərbaycanlı döyüşçünün qəhrəmanlığı haqqında məlumat verib ki, onlardan da 2 – si erməni, 1 – rusdur. Kitabda bunlardan ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş, qəhrəmanlığı V.Milyuxa və Q.Qalkinanın “Komen- dant saatı” pyesində öz əksini tapmış Vəli Hüseyn oğlu Axundov, qəhrəmanlığına S.Vurğunun “Partizan Babaş” şeri həsr etdiyi Babaş Dadaşov, “Gənc qvardiya” gizli təşkilatının üzvü, şair
- Kirsanovun “Qeroy – azerbaydjanes” şerini həsr etdiyi Əli Dadaşov (rəsmi siyahıda Leonid Dadışev yazılıb), 12 nəfər azərbaycanlılardan ibarət dəstəyə rəhbərlik etmiş, qəhrəmanlığına görə yazıçı Fyodr Zalata tərəfindən Krivoy – Roq şəhərində heykəlinin qoyulması təklif olunmuş, A.Tutıkin tərəfindən haqqında “Oni ne moqli inaçe” adlı sənədli povest yazılmış Xanlar Babanlı, 8 saatlıq döyüşdən sonra qəhrəmanlıqla həlak olmuş Alfa Əli qızı Şirazi, Sara İbrahimova və başqaları haqqında məlumatlar verilib.
“Azərbaycan döyüşçüləri Belorusiya xalq intiqamçıları arasında” adlanan 3 – ci fəsildə müəllif Belorusiyanın müxtəlif arxivlərində tədqiq etdiyi sənədlərə əsasən hesablayıb ki, 1000 nəfər azərbaycanlı döyüşçü bu ərazidə işğalçılara qarşı mübarizə aparıb, bunlardan da 300 nəfəridən çoxu müxtəlif hökümət mükafatlarına təqdim olunub. Bizim hesablamalarımıza görə müəllif kitabda cəmi 60 nəfərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında məlumat verir ki, bunlardan da 2 – si milliyətcə ermənidir. Kitabda mayor Ələkbər Seyidməmməd oğlu Əliyev, Qəhrəman Nəcəf oğlu Məmmədov, İsa Nurəhməd oğlu Hüseynov, Məzahir Baxış oğ- lu Hənifiyev, Uqus Allahyar oğlu Allahyarov, Mahmud Mahmudov, Musa Orucov və başqala- rının qəhrəmanlıqları haqqında məlumat verilib.
“Azərbaycan döyüşçülərinin RSFSR – in müvəqqəti işğal edilmiş ərazilərinin faşist zülmündən azad edilməsi uğrunda döyüşlərdə iştirakı” adlanan 4 – cü fəsildə müəllif əvvəlki iki fəsildən fərqli olaraq azarbaycanlı döyüşçülərinin ümumi sayını göstərməyib və bunun səbəblərini də açıqlamayıb. Bu fəsildə bir sıra azərbaycanlılar, o cümlədən İ.Ə.Əliyevin, A.F.Rüstəmbəyovanın, A.A.Əliyevin, N.C.Allahverdiyevin, M.K.Əliyevin, S.C.Hacıyevin və başqalarının döyüş rəşadətləri haqqında məlumat verilib.
Kitabın nəticə hissəsində müəllif düşmən tərəfindən işğal edilmiş ərazilərdə 1milyon 300 min insanı əhatə edən 6200 partizan dəstəsi və qrupunun fəaliyyət göstərdiyini qeyd edir. Bundan başqa müəllif göstərir ki, sovet Azərbaycanından yüz minlərlə döyüşçü Böyük Vətən müharibəsində düşmənə qarşı vuruşub və onların da 30 mini qadın olub. Azərbaycandan olan 170 minə qədər döyüşçü göstərdikləri igidliklərə görə SSRİ – nin orden və medalları ilə təltif edilib, 115 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
M.Alıcanovun kitabının təhlili sübut edir ki, müəllif böyük zəhmət bahasına faşistlər tərəfindən işğal olunmuş ərazilərdə fəaliyyət göstərən partisan dəstələrinin tərkibində qəhrə- manlıqla vuruşan azərbaycanlı döyüşçülərin sayı və fəaliyyətləri haqqında müxtəlif mənbələrə istinadən məlumat verir. Onun bu tədqiqatlarının müasir dövrdə tarixçilər tərəfindən davam etdirilməsi mühüm aktuallıq kəsb edir.
Azərbaycan tarixinin Böyük Vətən müharibəsi dövrünün müxtəlif problemlərini, o cümlədən azərbaycanlıların partizan hərəkatında iştirakını tədqiq etmiş tarixçilərin əsərlərinin tarixşünaslıq baxımından təhlili göstərir ki, bu əsərlər müxtəlif problemlərin, hadisələrin faktlar əsasında öyrənilməsi baxımından əhəmiyyətlidir. Lakin sovet dövrü tarixinin digər dövrləri kimi bu illər də hakim kommunist partiyasının yuxarıdan göstərişlərinə, müəyyən etdiyi kriteriyalara uyğun olaraq birtərəfli tədqiq edildiyi üçün bu dövrün yenidən, obyektiv faktlar əsasında tərəfsiz mövqedən öyrənilməsinə ciddi ehtiyac var.
ƏDƏBİYYAT
1“Военно – истрический журнал” Москва ( на рус. языке)
2.Вторая мировая война. В 3 – х кн. Москва, Наука, 1966, 439 с.
3.Вторая мировая война. Краткая история. Москва, Наука, 1984, 590 с.
4.История второй мировой войны 1939 – 1945.т. 1- 12. Москва, Воениздат, 1973 -1982, т. 1 – 360 с., т. 2- 479 с., т. 3 – 493с., т. 4 – 527 с., т. 5 – 509 с., т. 6 – 511 с., т. 7 – 543 с., т. 8 -527 с., т. 9 – 567 с., т 10 = 535 с., т. 11 – 488 с., т. 12 – 490 с.
5.Великая Отечественная война 1941 – 1945. Энциклопедия. Москва, Советская энциклопедия, 1985, 832 с.
6.Великая победа. 1941 – 1945. Рек. библогр. указ. Москва, Книга,1979,285 с.
7.Великий подвиг.( рек. указ. литературы о годы Великой Отечественный войне Советского Союза) Москва, Книга, 1970, 216 с.
8.Комсомол и молодежь в годы Великой Отечественной войны 1941 -1945 гг.:Материалы к указателью литературы.В 4-х вып.Москва, 1973.
9.Историографии Великой Отечественной войны. Сборник статей. Москва, 1980.
10. Alıcanov M. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. (1941 – 1944-cü illər.) Bakı, Elm,1975, 250 s.
11.Цкитишвили К. Закавказье в партизанской войне 1941 – 1945 гг. Тбилиси, Изд. ЦК КП Грузии, 1973, 302 с.
12.“ Правда ” газ., Москва ( на рус. языке)
МАГЕРРАМ ЗУЛЬФУГАРЛЫ
Доцент Азербайджанского Института Туризма,
кандидат исторических наук
ИСТОРИОГРАФИЯ УЧАСТИЯ АЗЕРБАЙДЖАНЦЕВ В ПАРТИЗАНСКОМ ДВИЖЕНИИ (1941 – 1945 гг.)
Статья посвещена историографии участия азербайджанцев в партизанском дви- жении в период Великой Отечественной войне. Азербайджанские историки мало уделяли внимания на этой теме. В статьи в основном анализируется статьи и книги посвященные азербайджанцам, которые войвали в партизханских отрядах России, Украины и Белоруссии.
MAHARRAM ZULFUQARLI
Azerbaijan Tourism Institute, Associate Professor,
candidate of historical sciences
HISTORIOGRAPHY OF THE AZERBAIJANIS’ PARTICIPATION IN THE PARTISAN MOVEMENT (1941-1945)
Article is dedicated to the historiography of the azerbaijanis’ participation in the partisan movement during the second World War. Azerbaijanian historians did not write many articles on this topic. Mainly, the articles and books dedicated to the azerbaijanis participated in Russian, Ukranian and Belorusian partisan movements are researched.
Rəyçi: t.e.n. İ.Əliyev, t.e.d.A.C.İsgəndərov
Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının 15.02.2013- cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. № 01).
Tarix və onun problemləri , №1, 2013.