AVCİYA bu məqsədlə yeni layihə həyata keçirir
2014-cü ildə erməni millətçilərinin XX əsrdə Qafqazda türk- müsəlmanlara qarşı başladıqları soyqırımı və deportasiyalar silsiləsinin başlanmasının 110 illiyi tamam olur. Onlar bu qanlı əməllərini insanlıq qarşısında etiraf etmək əvəzinə, cinayətkar xislətlərinə uyğun olaraq, həyasızlıqla, guya, özlərinə qarşı soyqırımı törədilməsi yalanının 100 illiyinə hazırlaşırlar.
Belə olan halda, hələlik gəlin, biz özümüz etiraf edək ki, qan yaddaşımızdakı 1905-1906-cı il erməni vəhşilklərini bu vaxta qədər qədərincə yada salmadığımıza görə ermənilər belə bədnam “yubiley” keçirməkdən utanmırlar. XX əsrin əvvələrində – 110 il əvvəl ermənilərin törətdikləri müsibətlər xalqımıza uzun illər unutdurulmasaydı, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı faciəsi və digər qırğınlar baş verməzdi. Bu gün 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün problemləri ilə üz-üzə qalmazdıq. Düz deyiblər ki, tarixini unudan xalqın bəlaları həmişə təkrar olunur. Ən bəlalısı isə odur ki, düşmən həyasızlıqla öz adını sənə qoyur, öz cinayətlərini sənin adına yazır. Nahayət, dünya həqiqəti bilməli, yalanları bir kənara atmalıdır.
Çar Rusiyasının müstəmləkə siyasətinə uyğun olaraq, ermənilərin Şimali Azərbaycana köçürülməsi və onların əli ilə 1905—1906, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə yerli əhaliyə qarşı soyqırımı və deportasiya əməllərinə rəvac verilməsi düşmənlərimizin uzun illər çirkin ürəklərində, zəhərli beyinlərində gizlətdikləri niyyətləri gerçəkləşdirmişdir. Heç vaxt ata-babalarımızın ağlına gəlməzdi ki, torpaqlarımızda sığınacaq tapmış ermənilər bir gün naxələflik göstərib bizlərə silah qaldıracaq. Kim düşünərdi ki, bu qansızlar qocalarımızı, cavanlarımızı, körpələrimizi güllələyəcək, qarşılarına çıxan hər kəsi doğrayacaq, başlarını kəsəcək, diri-diri gözlərini çıxaracaq. Nə biləydilər ki, daşnak törəmələri zaman- zaman şəhər və kəndlərimizə basqınlar edib yandıracaq, ucdantutma soyqırımı siyasətini həyata keçirməkdən çəkinməyəcəklər.
Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin öz mövqelərini möhkəmlətmək üçün yerli əhaliyə qarşı başladıqları silahlı basqınlar əvvəllər xaotik, təsadüfi xarakter daşıyırdı. Lakin 1905-ci ildən ermənilərin azərbaycanlılara qarşı silahlı hücumları planlı şəkildə, kütləvi sürətdə həyata keçirilmişdir. Təkcə 1905-1907-ci illərdə ermənilər onlarla genişmiqyaslı əməliyyat həyata keçirmiş, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə- yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməklə soyqırımı siyasətini daha da genişləndirmişlər.
1905-1906-cı illərdə ermənilər təkcə İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində azərbaycanlıların 200-dən artıq yaşayış məntəqəsini viran etmiş, əhalisini etnik təmizləməyə və soyqırıma məruz qoymuşlar. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı sonrakı dövrlərdə ağlagəlməz qəddarlıqla davam etdirilmişdir. Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra isə bu siyasət dövlət səviyyəsində həyata keçirilmişdir. Ermənilərin dövləti törətdikləri qanlı cinayətlər Cənubi Qafqazda azərbaycanlılara məxsus bütün yaşayış məntəqələrini əhatə etmişdir.
Ermənilərin Azərbaycan torpaqlarında zaman-zaman törətdikləri cinayətlərin, qəddarlıqların xronologiyası belədir:
Çar Xəfiyyə idarəsinin təhriki ilə 1905-1906-cı illərdə Bakıda və digər bölgələrdə ermənilər tərəfindən başlanmış müsəlman qırğınları erməni millətçi daşnaksütyun partiyasının əli ilə həyata keçirilir, ermənilərlə müsəlmanlar arasında nifaq salmaq siyasətinə xidmət edirdi. O vaxt Şamaxıda baş verən cinayətlərdə 18 nəfər qətlə yetirilmiş, 30-dan çox adam yaralanmışdır.
S.Lalayevin və T.Əmirovun rəhbərliyi ilə Şamaxıdakı vəhşiliklərin, dəhşətli cinayətlərin, qətllərin o vaxt hüdudu olmamışdır. Qınçaq və daşnaqsütun rəhbərliyi və erməni milyonçuları Balabəy Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun himayəsi ilə terror qrupu 1905-ci il fevralın 6-da Bakıda 18 nəfəri qətlə yetirmiş, 30-dan çox adamı yaralamışdır. Azğınlaşmış terrorçular 1 gün sonra fevralın 7-də Bakıda 100-ə qədər adamı qəddarlıqla öldürmüşlər.
Bütün bu faktlar Bakıdakı Mixaylovsk Şəhər Xəstəxanasının arxiv sənədlərində qalmaqdadır. Erməni terrorçular 3 gün sonra – fevralın 9-da Bakıda dağıntılar törətmiş, neçə-neçə dinc sakini qətlə yetirmişlər. Bu hadisələr zamanı ermənilərin cinayətlərinə qoşulmayan onlarla rus da vəhşicəsinə öldürülmüşdür. Beləliklə, Şamaxıda və Bakıda 1905-ci il fevralın 6-9-da törədilən qətliamlar qanlı cinayətlər kimi tarixin yaddaşına həkk olunmuşdur.
1905-ci il mayın 11-də Bakıda, mayın 24-də Azərbaycanın İrəvan Quberniyasında, Naxçıvanda, Zəngəzurda, avqustun 8-də Şuşada, avqustun 20-də Bakıda, sentyabrda Qazaxda, oktyabrın 3-də Sırxavənddə, noyabrın 15-18-də Gəncədə, 1906-cı ilin yanvarın 1-də Papravənddə, həmin il iyulun 12-də Şuşada ağır cinayətlər, terror əməlləri törətmiş, insanları güllələmiş, başlarını kəsmiş, qılıncdan keçirmiş, xüsusi qəddarlıqla hamilə qadınların qarnını yırtıb bətnlərindəki körpələri doğramış, südəmər uşaqları diri-diri oda atmış, quyularda boğmuşlar.
1906-cı il iyulun 12-də erməni cəlladlar ətraf kəndlərdən topladıqları 10 minə qədər adamla Şuşaya hücum etmişlər. 5 gün davam edən ağır döyüşlər zamanı müsəlmanlar yaşayan evlərin hamısına bomba atılmış, beşikdəki südəmər uşaqları analarının əllərindən alaraq başlarını daşla əzmişlər. Bütün bu vəhşiliklər ermənilərin insanlığa yaraşmayan qəddarlığının, rəhmsizliyinin miqyasına sübutdur.
Rəhmsiz cəlladlar daşnaksütyunun onlara verdiyi proqramı yerinə yetirməklə ideoloqlarının tapşırıqlarına ermənilərə xas qəddarlıqla əməl etmişlər. Şahidlərin dediklərinə görə, avqustdakı hadisələr özünün qəddarlığına və kütləviliyinə görə həmin ilin fevralındakı qətliamlardan da şiddətli olmuşdur. Papravənddəki əməliyyatlara bandit Andronik rəhbərlik etmişdir.
1905-1906-cı illərdə təkcə Qarabağda azərbaycanlılar yaşayan yüzlərlə kənd yandırılıb yerlə-yeksan edilmiş, neçə-neçə məscid, ibadət yerləri, ziyarətgahlar dağıdılmışdır.
Bütün bu cinayətlərinə, dünyaya bəlli qəddarlıqlarına baxmayaraq 1 əsrə yaxındır ki, ermənilər beynəlxalq ictimaiyyətə yanlış, qəsdən şişirdilmiş, saxta mənbələrə əsaslanaraq məlumatlar verirlər. Onlar 1915-ci il Anadolu hadisələrini “soyqırım” adı ilə təbliğ etməklə bu olayları həqiqət kimi qəbul etdirməyə çalışırlar. İndi isə aprelin 24-ü ərəfəsində Osmanlı imperiyasında yaşanmış hadisələri erməni soyqırımı adı ilə ABŞ senatına layihə təqdim edərək, yalanlarla dolu sənədi konqresdən keçirmək üçün uydurma soyqırımın 100 illiyinə hazırlaşırlar. Ancaq erməni siyasətçiləri, qınçaq, daşnak tör-töküntüləri unudurlar ki, onların azərbaycanlılara, türklərə və digər xalqlara qarşı törətdikləri soyqırımlar, qətliamlar iddia etdiklərindən 10 il əvvəl – 110 il bundan qabaq başlamışdır.
1905-ci ildən ara verməyən soyqırımı siyasətinin ermənilər tərəfindən həyata keçirilməsi sənədlərlə, faktlarla tarixə yazılmışdır. Arxivlərdəki bu sənədlər , neçə-neçə kitablardakı faktlar daşnaqlara məxsus yalan və iftiraları ifşa edən təkzibedilməz tarixi sübutlardır. Bütün bu faktları – ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı cinayətlərini, erməni qəddarlığının əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 1905.az saytı fəaliyyətə başlamışdır.
Ölkəmizin taleyüklü məsələlərinə aid neçə-neçə layihə həyata keçirmiş, Xocalı soyqırımı və ermənilərin tarixən başımıza gətirdikləri bəlalardan bəhs edən kitablar nəşr etdirmişdir. Avropa ictimaiyyətinə yaymış və bu il yaranmasının 10 illiyini qeyd edəcək AVCİYA-nın prezidenti, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVRONEST-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov www.1905.az saytının məqsədlərini açıqlayaraq bildirdi ki, xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımın tarixi, ağlasığmaz faciələrin ictimai-siyasi kökləri, Qarabağ problemilə bu günümüzə və gələcəyimizə hesablanmış insanlığa zidd siyasət, azərbaycanlıların illərlə məruz qaldığı faciələlər barədə Azərbaycan dili ilə yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının işçi dillərində də ətraflı məlumat veriləcək.
Saytda “ermənilərin gəlişi”, “azərbaycanlıların soyqırımı”, “erməni soyqırımı”, “Erməni dövləti”, “ azərbaycanlıların deportasiyası”, “Ermənistanın Azərbaycana hərbi təcavüzü”, “Atəşkəs davam edir” bölmələrində sənədlərin, xəritə və tarixi faktların dili ilə məlumatlar verilir. “Qarabağ ensiklopediyası”nın da 1905.az saytında öz bölməsi olacaq. Bunlardan başqa, layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşri, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yer alması planlaşdırılmışdır.
“Ermənilərin soyqırımı” harayını qaldıran bədnam qonşularımızın uydurmalarını, yalanlarını ifşa etmək bu gün tarixçilərimizin, siyasətçilərimizin, media nümayəndələrinin bu layihənin həyata keçirilməsində fəallıq göstərməsi, AVCİYA ilə əməkdaşlıq etməsi olduqca vacibdir.
Biz daşnak tör-töküntülərinin 110 il əvvəl azərbaycanlılara qarşı başladıqları soyqırımı siyasəti barədə məlumatları bu gün dünya ictimaiyyətinə, öz vətəndaşlarımıza çatdırmaq üçün bütün imkanlardan, tarixi sənədlərdən, canlı şahid ifadələrindən yetərincə istifadə etməliyik.
Ənvər QAFARLI, AVCİYA-nın eksperti, əməkdar jurnalist
“Xalq” qəzeti, 14 aprel 2014-cü il.