Texnika elmləri doktoru Eldar Şahbazov və iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu ilə akademik Azad Mirzəcanzadə barədə söhbət etdik.
Fuad Babayev: Elm sahəsində çalışmayan insanlarımız 95 illiyi qeyd olunan Azad Mirzəcanzadə haqqında nələri bilməlidirlər?
Eldar Şahbazov: Pafossuz deyirəm ki, Azad müəllim Azərbaycan xalqına yüz ildən bir hədiyyə edilən alimlərdəndir. Azad Mirzəcanzadə 102 elmlər doktoru yetişdirib, onun yetişdirdiyi 103-cü elmlər doktoru mənəm. Onun külli miqdarda elmi əsərləri var. Azad müəllimin elmi əsərləri, saysız-hesabsız patentləri (ixtiraçının müəlliflik hüququnu təsdiq edən vəsiqə, sənəd – red.) barədə öz kitabımda (Eldar Şahbazov, Elçin Kazımov “Akademik Azad Mirzəcanzadə – Neft elminin fenomeni” – red.) ətraflı məlumat vermişəm. Azad Mirzəcanzadə dünyada karbohidrogen mühitində olan yeraltı dinamikanın nəzəri əsaslarını tədqiq edən yeganə alimdir. Onun yetişdirdiyi çoxsaylı alimlər, elmlər doktorları hazırda Moskvada, Tümendə, Başqırdıstanda, Tatarıstanda fəaliyyət göstərirlər. O, çox mürəkkəb daxili aləmə malik unikal bir şəxsiyyət idi. Ulu öndərimiz Heydər Əliyev Azad Mirzəcanzadəni Ali Attestasiya Komissiyasının sədri (Azad Mizəcanzadə 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub – red.) təyin etmişdi.
Əhməd Qəşəmoğlu: Eldar müəllimin dediyi sözlərə mən də şərikəm. Azad Mirzəcanzadə Azərbaycan xalqının potensialının bir göstəricisi idi. Mən hələ Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxuyanda Azad müəllim haqqında eşitmişdim. Azad Mirzəcanzadə bütün tələbələr və gənclər üçün nümunə, örnək idi. Azərbaycanın belə bir böyük aliminin olması bizə stimul verirdi. Hər bir xalqın həmişə ona enerji, impuls verən nadir insanları olur. Həmin şəxsiyyətlərin sayəsində xalq öz bütövlüyünü, qüdrətini dərk edir. Onların arasında elm adamlarına, şairlərə, siyasətçilərə də rast gəlmək mümkündür. Azad Mirzəcanzadə belə insanlardan biri idi. Azad müəllim istənilən mövzuda ünsiyyət qurmağı bacarırdı. O, elm, təhsil, ədəbiyyat, fəlsəfə, musiqi ilə bağlı maraqlı həmsöhbət idi. İlk dəfə Azad müəllimlə tanışlığım onun kafedrasında olub. Şeirə, ədəbiyyata marağım olduğu üçün mənə dedi ki, səninlə söhbətimiz tutur, arabir gəl söhbət edək. Azad Mirzəcanzadə nəhəng bir insan idi. Azad Mirzəcanzadə xalqının fəxri olan bir şəxsiyyət idi.
Fuad Babayev: Bu il artıq başa çatır. Ümumiyyətlə, cari təqvim ilində elmi dairələrdə Azad Mirzəcanzadənin 95 illiyi necə qeyd olundu?
Eldar Şahbazov: Bu yaxınlarda rəhmətlik akademik Xoşbəxt Yusifzadənin aparıcılığı ilə Azad Mirzəcanzadəyə həsr edilmiş konfrans keçirildi. Bu konfransda Azad müəllimin Başqırdıstandan, Tatarıstandan olan tələbələri də iştirak edirdi. Konfransda Azad Mirzəcanzadəyə həsr edilmiş sənədli film nümayiş olundu.
Fuad Babayev: Konfrans harada keçirildi?
Eldar Şahbazov: Bakıda, “Marriott” otelində (söhbət sentyabrın 29-da Akademik Azad Mirzəcanzadənin 95 illiyinə həsr olunmuş “Neft-qaz çıxarmada innovasiya texnologiyaları” adlı Beynəlxalq Elmi-Təcrübi Konfransdan gedir – red.) çox möhtəşəm konfrans keçdi. Azad Mirzəcanzadə ilə işləmiş alimlərin demək olar ki, hamısı bu konfransda iştirak edirdi.
Fuad Babayev: 2006-cı ildə Azad Mirzəcanzadə dünyasını dəyişib. 2019-cu ildə Eldar müəllimin həmmüəllif olduğu “Akademik Azad Mirzəcanzadə – Neft elminin fenomeni” kitabı çap olunub.
Eldar Şahbazov: Bu kitab Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.
Fuad Babayev: Ötən illər ərzində Azad Mirzəcanzadə ilə bağlı hansı işlər görülüb?
Eldar Şahbazov: Azad Mirzəcanzadə ilk dəfə olaraq karbohidrogen mühitində nanotexnologiyanın tətbiqi ideyasını mənə verdi. Bundan sonra mən 10 il ərzində bu mövzuda 15 məqalə yazdım. Həmin məqalələr İsraildə çap olunub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, neft və qaz yataqlarında neft qalığı olur.
Fuad Babayev: İstismardan sonra yataqda qalan neft qalığı.
Eldar Şahbazov: Bəli. Yataqda gizlənib qalan nefti çıxarmaq lazımdır.
Fuad Babayev: Həmin neft niyə çıxarılmırdı?
Eldar Şahbazov: Texnologiya yox idi. Amma nanotexnolgiya buna imkan verdi.
Təmkin Məmmədli: Sizin qeyd etdiyiniz texnologiya həm quruda, həm də dənizdə tətbiq edilir?
Eldar Şahbazov: Bəli.
Fuad Babayev: Mühüm olan odur ki, Azad müəllim dünyasını dəyişəndən sonra da onun verdiyi ideya yaşayır, inkişaf edir və dividend gətirir.
Eldar Şahbazov: Bəli. Elə bu yaxınlarda da məni sözügedən mövzuda seminar keçirmək üçün Çinə dəvət ediblər.
Fuad Babayev: Azad Mirzəcanzadə dünyasını dəyişəndən sonrakı 17 il ərzində onun xatirəsini əbədiləşdirmək üçün hansı işlər görülüb?
Eldar Şahbazov: Azad Mirzəcanzadənin adını əbədiləşdirməklə bağlı mən dəfələrlə müraciət etsəm də nəticəsiz qalıb. Böyük alimin adını daşıyan nə küçə, nə gəmi, nə təhsil müəssisəsi yoxdur.
Fuad Babayev: Azad müəllim özü harada yaşayırdı?
Eldar Şahbazov: Kirxa ilə üzbəüzdəki (28 may küçəsində yerləşən lüteran kilsəsi – red.) binada yaşayırdı.
Əhməd Qəşəmoğlu: Mən dəfələrlə onun evində olmuşam. Orada Azad Mirzəcanzadənin xatirə lövhəsi də var. Amma qeyd edim ki, Azad müəllimin xatirəsini əbədiləşdirmək sahəsində görülən işləri hələ ki, qənaətbəxş hesab etmirəm. Azad Mirzəcanzadənin təbliği yeni nəslə, Azərbaycan xalqına lazımdır. 44 günlük Vətən müharibəsi göstərdi ki, gənclərimiz vətənpərvər ruhda tərbiyə alıb. Amma bizim mübarizəmiz elm sahəsində, informasiya məkanında davam edir. Gənclərimiz Nizami, Tusi, Sührəverdi (Şihabəddin Yəhya Sührəvərdi – XII əsrdə yaşamış Azərbaycan filosofu – red.), Lütfi Zadə, Azad Mirzəcanzadə kimi nəhəng tarixi şəxsiyyətlərimizi tanımalıdır. Bu şəxsiyyətlər tarixin inkişafına istiqamət veriblər. Biz Azad müəllimi məktəblərdə, universitetlərdə şagird və tələbələrə tanıtmalıyıq. Mən özüm daim tələbələrimə Azad Mirzəcanzadə kimi tarixi şəxsiyyətlərimiz haqqında ətraflı məlumat verirəm, onlara aşılayıram ki, siz belə dahilər yetirən xalqın övladısınız.
Təmkin Məmmədli: Azad Mirzəcanzadə ömrünün sonuna kimi indiki Neft və Sənaye Universitetində dərs deyib, kafedra müdiri olub. Amma bu universitetin indiki tələbələri arasında da Azad müəllimi tanımayan kifayət qədər tələbəyə rast gəlmək mümkündür. Bu təhsil müəssisəsində Azad müəllim yetərincə təbliğ edilir?
Eldar Şahbazov: Mən Azad Mirzəcanzadəyə həsr olunmuşkitabımdan 50 nüsxə Neft və Sənaye Universitetinin kitabxanasına təqdim etmişəm. Bu universitetdə Azad müəllimin işlədiyi kabinet muzeyə çevrilib, orada onun xatirə löhvəsi var.
Əhməd Qəşəmoğlu: Amma belə münasibət təkcə Azad müəllimin işlədiyi universitetdə olmamalıdır. Əgər tələbələr arasında Azad Mirzəcanzadəni yetərincə tanımırlarsa, demək hələ görüləsi işlər çoxdur.
Fuad Babayev: Biz Azad Mirzəcanzadənin adını yaşatmaq üçün nə edə bilərik?
Eldar Şahbazov: Təxminən 10 il bundan əvvəl mən akademik Azad Mirzəcanzadə Fondu yaratmaq fikrinə düşdüm. Bu Fondun sənədlərini hazırladıq. Gəncləri bu Fondun işinə cəlb etməklə onu yenidən dirçəltmək olar.
Fuad Babayev: Bu Fondun ofisi, işçi heyəti var, yoxsa o, sadəcə kağız üzərində mövcuddur?
Eldar Şahbazov: Fond yalnız kağız üzərində mövcuddur. Azad Mirzəcanzadənin adını küçəyə, gəmiyə, liseyə verməklə onu əbədiləşdirmək olar.
Təmkin Məmmədli: Bir vaxtlar Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabı tələbələrin stolüstü kitabı idi. Həmin kitabı kütləvi tirajla yenidən çap etmək olar.
Fuad Babayev: Azad Mirzəcanzadə haqqında xatirələr toplusunu nəşr etmək olar.
Eldar Şahbazov: Bəli. Bundan başqa mən “JZL” (Жизнь замечательных людей (ЖЗЛ) – Görkəmli insanların həyatı – red.) seriyasında Azad Mirzəcanzadə haqqında kitab nəşr olunması üçün tələb olunan məlumatları da Moskvadakı nəşriyyata göndərmişəm.
Əhməd Qəşəmoğlu: Bizdə dəyərli şəxsiyyətlərimizin təbliğatı sahəsində böyük boşluqlar var. Azad Mirzəcanzadə kimi fenomenal şəxsiyyəti orta məktəb dərsliklərinə salmaq lazımdır.
Fuad Babayev: Biz hamımız qəbul edirik ki, Azad müəllim dünyasını dəyişəndən keçən 17 il ərzində onun xatirəsinin əbədiləşdirməsi ilə bağlı görülən işlər və irsinin öyrənilməsi arzuolunan səviyyədə deyil.
Eldar Şahbazov: Bəli.
Fuad Babayev: Amma bu heç də iş görülməməsinin nəticəsi deyil. Eldar müəllim müvafiq dövlət strukturlarına Azad Mirzəcanzadənin adının əbədiləşdirilməsi ilə bağlı təkliflər verib, kitab nəşri ilı bağlı “JZL”ə də müraciət edib. Onun həmmüəllif olduğu “Akademik Azad Mirzəcanzadə – Neft elminin fenomeni” kitabı Azad müəllimin xatirəsinə bir töhfədir. Yəni iş görülüb, laqeydlik yoxdur. Amma aparılan işin sistematikliyi qənaətbəxş deyil.
Eldar Şahbazov: Bu məsələ ilə bağlı siz nə təklif edərdiniz?
Fuad Babayev: Mən çox təəssüf hissi ilə deyirəm ki, zaman Azad Mirzəcanzadənin xatirəsinin əbədiləşdiriləməsini istəyənlərin əleyhinə işləyir. Vaxt gedir. Azad müəllim artıq 17 ildir ki, dünyasını dəyişib və onun müasirləri də əbədi deyil. Mən Azad Mirzəcanzadəni tanıyan, onunla işləyən müasirlərinin xatirlər kitabının nəşrini tövsiyə edərdim.
Eldar Şahbazov: Təxminən 1 ay əvvəl Azad Mirzəcanzadə haqqında film çəkilişi ilə bağlı Nadejda İsmayılova və Nailə İslamzadə ilə söhbət etdik. Yəni mən Azad müəllim haqqında yüksək səviyyəli bədii film çəkilməsini təklif edərdim.
Əhməd Qəşəmoğlu: Qarabağ müharibəsindəki qələbəmiz əleyhdarlarımızda bizə qarşı qıcıq yaradıb. Azad Mirzəcanzadə kimi şəxsiyyətlər haqqında çəkilən bədii film bizi dünyada da məşhurlaşdıra bilər. Sosiloq olaraq mən deyirəm ki, Tusi, Bəhmənyar (Əbülhəsən Bəhmənyar Azərbaycani (993 – 1067) — Azərbaycan fəlsəfi məktəbinin banisi – red.), Sührəverdi, Lütfi Zadə kimi tarixi şəxsiyyətlərmiz haqqında səviyyəli bədii filmlər çəkmək bizim qarşımızda duran vacib işlərdəndir. Tariximizi dünyada tanıtdıqca bizə olan münasibət dəyişəcək.
Fuad Babayev: Azad Mirzəcanzadə ilə bağlı yadda qalan xatirələrinizi bizimlə bölüşməyinizi istərdim.
Əhməd Qəşəmoğlu: Mən Milli Məclisdə böyük bir elmi Mərkəzin rəhbəri idim.
Təmkin Məmmədli: Söhbət hansı illərdən gedir?
Əhməd Qəşəmoğlu: Söhbət 90-cı illərin ortalarından (Azərbaycan Respublikası Parlamenti yanında “Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi” 1992-1997-ci illərdə fəaliyyət göstərib – red.) gedir. Azad müəllim də həmin dövrdə Elm və Texnika komitəsinin (Azad Mirzəcanzadə 1993–2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib – red.) sədri olduğu üçün onunla tez-tez görüşə bilirdim. Mərkəzin ləğvi ideyası ortaya atlılanda Azad müəllim əlindən gələni etdi ki, bizim təsisat fəaliyyatini davam etdirsin. Bizim mübarizəmizə baxmayaraq sonda Mərkəzi ləğv etdilər. Bunu eşidən Azad müəllim mənə evə zəng vurub dedi: “Birdən bilməzsən fikir eləyirsən. Dur gəl yanıma, Komitədə istədiyin işdə fəaliyyətini davam etdir, bekar qalma”. Bu telefon zəngindən sonra Azad Mirzəcanzadə ilə görüşdüm. Görüşdən çıxan kimi ortaq tanışlarımız olan bəzi adamlar məni qorxutdular. Azad müəllimin təklifini qəbul etmədim. Deyirdilər ki, Azad Mirzəcanzadə sərt adam olduğundan onunla işləyə bilməyəcəyəm. Mən də onların sözü ilə iş təklifini qəbul etmədim. Amma mən işdən çxandan sonra Azad müəllimin mənə münasibəti onun böyüklüyünün daha bir sübutudur. Azad Mirzəcanzadə mənim üçün zirvə insanlardan biridir.
Fuad Babayev: Eldar müəllim, Sizin də xatirənizi dinləyək.
Eldar Şahbazov: Bilirsiniz, xatirələr o qədər çoxdur ki, adam bilmir hansını danışsın. Bir dəfə Azad müəllimin yanına gəlib dedim ki, mən tez-tez konfrans və simpoziumlarla bağlı xaricə gedirəm. İcazə verin, Sizi Nobel mükafatına təqdim edək. Azad müəllimin isə cavabı belə oldu: “Eldar, boş şeydir, əmələ gəlməyəcək”. Amma mən Azad Mirzəcanzadənin bütün kitablarını, 100-ə yaxın patentlərini götürüb Nobel Komitəsinə getdim. Bir həftə İsveçdə qaldıq. Nobel Komitəsində bizə dedilər ki, Azad müəllimin bütün əsərləri rus dilindədir, onların hamısını ingilis dilinə tərcümə etmək lazımdır. İkinci bəhanələri isə o oldu ki, siz müharibə edən dövləti təmsil edirsiniz. Ona görə də sizin aliminizin sənədlərini qəbul edə bilmərik.
Fuad Babayev: Bu hansı ildə olub?
Eldar Şahbazov: 1994-cü ildə.
Əhməd Qəşəmoğlu: Bir xatirə də mən danışım.
Fuad Babayev: Buyurun.
Əhməd Qəşəmoğlu: Bir dəfə seminarda yeni bir elm sahəsi kimi “Ahəngyol” elmi-fəlsəfi konsepsiyası haqqında ilkin məlumat verən zaman qorxa-qorxa Azad müəllimə baxırdım ki, onun reaksiyası necə olacaq. Çünki, seminardan əvvəl mənə demişdilər ki, belə çıxış etməyim. Guya Azad müəllim başıma elə oyun açacaq ki, bura gəlməyimə də peşman olacağam. Amma Azad müəllim seminardan sonra məni qucaqlayaraq təbrik elədi. Bu sözdən sonra məndə özümə inam yarandı.
Yei gəlmişkən, mən Azad Mirzəcanzadəirsinin təbliği ilə bağlı fəaliyyət proqramını Eldar müəllimlə məsləhətləşərək işləyib hazırlamağı, onun haqqında olan xatirələri toplamağı öz üzərimə götürürəm.
Eldar Şahbazov: Azad müəllim haqqında xatirləri toplayarkən mənim yazdığım “Akademik Azad Mirzəcanzadə – Neft elminin fenomeni” kitabından istifadə etmək olar.
Əhməd Qəşəmoğlu: Məmnuniyyətlə, istifadə edərəm. Qoy bugünkü tədbir də Azad Mirzəcanzadə irsinin təbliği sahəsində ilk addım olsun.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 25 oktyabr 2023-cü ildə baş tutub.
Materialda “azkatalog.org” saytının şəklindən istifadə edilib.