Bu hekayə Qarabağ müharibəsinə və silah səslərini xatırlayan bütün uşaqlara həsr olunur. Həmişə sülh olması arzusu ilə…
Azadlıq pərisi
Azadlıq pərisi olmasaydı indi bu hekayəni sizə nağıl edə bilməzdim.
Bum-bum, bam-bam, baf-baf!!!
Elə bilirdim yuxu görürəm. Gözlərimi açdım ki, gördüyüm qorxunc yuxudan xilas olum.
Yağış yağırdı, amma qəribə burasındadır ki, yağış yağsa da hər tərəf odun-alovun içində idi. İstidən tər-su məni aparırdı. Səmada isə fişənglər sayrışırdı.
Anamın və qonşu qadınların göz yaşları yağış damcılarına qarışmışdı. Bum-bum, bam-bam, baf-baf!!! Səslər kəsilmirdi. Qışqırmaq istədim, səsim gəlmədi, qaçmaq istədim, ayaqlarım yer tutmadı. Gözlərimi açdım.
Qəribədir atam evimizi təzəcə təmir etmişdi, amma tavan uçuq idi. Anam hər gün sübh tezdən oyanıb ev-eşiyi səliqəyə salar, təmizləyərdi, amma otağımdakı paltar dolabı dağılmışdı. Sanki, kimsə onu irəli itələmişdi. Lampam yerə düşüb sınmışdı. Çarpayımdan qalxıb ehtiyatla pəncərəyə yaxınlaşdım. Gözlərim qamaşdı, elə bil günəş yerə düşmüşdü. Bu günəş deyildi. Bağımızdakı tut ağacları alışıb yanırdı. Çox qorxdum.
Atama xəbər etməliydim: Ata, ata!
Anam da, atam da evdə deyildilər. Bəs anam hara gedib?!
Bilirdim icazəsiz çölə çıxmaq olmaz. Uzağa getmək fikirim də yox idi. Düşündüm: bəlkə anam həyət-bacanı təmizləyir.
Hər şey yuxuda olduğu kimi görünürdü. Bircə yağış yağmır, səmada fişənglər sayrışmırdı. Qonşularımız evlərində yox, küçədə yatmış, hələ də oyanmamışdılar.
Bum-bum, bam-bam, baf-baf səsləri toyuqlarımızın səsinə qarışmışdı: qak-qak-qak, qak-qak-qak.
Evimizin arxasına, hinə sarı getdim. Bəlkə anam toyuqlara dən verir? Hə, anam hində idi. Sevindim: Ana, ana. O, yerə uzanmışdı. Hin toyuq-cücələrin evidi, axı o niyə burada yatıb?!
Səbətdə qırmızı xallı yumurtalar var idi. Möcüzədi hə? Toyuqlar həmişə bizə ağ yumurtalar pay verir. Bircə Novruz bayramında anam onları soğan qabığı ilə qaynadanda qırmızı olurlar. Bu dəfə isə toyuqlar məni sevindirmək üçün yumurtaları özləri boyamışdılar. Anamın da sinəsində qırmızı ləkə var idi. Bu ləkə məni çox qorxutdu. Gəlinciyimi sinəmə basdım. Yenə anamı çağırdım: Ana, ana! Əlinə toxundum, buz kimi idi. Oyanmadı. Adətən bir dəfə səsləmək kifayət edirdi. Gecə qorxulu yuxular görəndə, ya da ildırım çaxanda həmişə anamı yanıma çağırıram. Ana-bala birlikdə mənim çarpayıma uzanırdıq və mən heç nədən qorxmayıb rahat yatırdım. Anam yanımda olanda çarpayımın altındakı canavar da qorxudan qaçıb gedirdi. Bilirdi ki, anama gücü çatmaz.
Hamı dünən çox işləyib, ona görə də yorulub. Yəqin, günortaya kimi dincəlib yuxudan oyanarlar.
Gəlinciyimlə oynamağa başladım. Bərk acımışdım. Anam isə hələ yuxudan ayılmamışdı.
Bum-bum, bam-bam, baf-baf!!!!!!
Sonra Kerber gəldi: hav-hav. Bu adı ona mən qoymuşam: Qoy sənin adın Kerber olsun. Birlikdə top oynayarıq. Sənə balaca ev tikərəm. Atamdan xahiş etsəm, mənə kömək edər. Qoy hələ bir işdən qayıtsın. Görürsən hamı çox işləyib yorulub mənim atamdan başqa. O güclüdür! Hamı yatır, o isə o başdan qalxıb, işləməyə gedib. Yəqin o da bum-bum, bam-bam, baf-baf səsləri gələn yerdə işləyir.
O da acımışdı. Evə girdim. Mətbəxə keçib soyuducunu açdım. Yağ-çörək düzəltdim. Birini mən, birini də Kerber yedi. Dostlaşdıq.
Niyə heç kim yuxudan oyanmır?! Artıq günortadan xeyli keçib! Nə qəribə gündür. Lap qorxulu nağıl kimidi…
Gecə düşdü. Heç kim yuxudan oyanmadı. Biz Kerberlə birgə çarpayımda gecələdik.
***
Evdə kim var? Ay ev yiyəsi? Səsə Kerber oyandı. Hürməyə başladı: Hav-hav, hav-hav! Yuxudan oyandım: Nə olub Kerber?! Acmısan? Yenə səs gəldi: Kimsə var?
Çox qorxdum. Kerberlə birgə barmaqlarımın ucunda otaqdan çıxıb, mətbəxə keçdim. Gizlicə pəncərədən baxıb gördüm ki, qoca, axsaq bir kişi qapıda dayanıb. Onun da ayağında anamın sinəsindəki qırmızı ləkədən var idi. (Yadıma düşmüşkən deyim ki, atam hələ qayıtmayıb)
Kömək edin! Xahiş edirəm! Qorxmayın, düşmən deyiləm.
Kerber hürə-hürə qapıya tərəf qaçdı. Mən onu tək qoya bilməzdim, ona görə də düşünmədən ardınca qaçdım. Qapıya çatar-çatmaz Kerber dayandı. Sonra qocaya yaxınlaşıb onun ayağını yalamağa başladı. Anladım ki, baba pis adam deyil, qorxmağa ehtiyac yoxdur.
Hindəki qırmızı yumurtaları gətirdim. Baba qayğanaq bişirdi. Bir az söhbət etdik: Baba, anam niyə yuxudan oyanmır? Atam niyə işdən qayıtmır? Anamın sinəsindəki qırmızı ləkə nədir? Bum-bum səsləri hardan gəlir?
Bir nəfəsə o qədər sual verirdim ki, baba cavab verməyə belə macal tapmırdı.
Adım Qalibdir. Düşmən məni yaralayıb.
Adım Qərənfildir. Qalib baba, düşmən nə deməkdir?
Pis adamlar.
Onlar kimdi?
Ermənilər.
Bəs onlar haradadırlar?
Lap yaxında bum-bum, bam-bam, baf-baf səsləri gələn yerdə.
Sənin ayağında da anamın sinəsindəki qırmızı ləkədən var. Bəs sən niyə yatmırsan?
Məni o qədər də bərk vurmayıblar ona görə.
Bəs anam nə zaman yuxudan duracaq?
Heç vaxt…
Atam, bəs atam qayıdacaq?
Bəlkə də…
Anladım ki, heç də yaxşı şeylər baş vermir. Mən tək qalmışam. Qonşularımız da yuxudan ayılmayacaq. Qalib baba, Kerber, mən və gəlinciyim; bizim bir-birimizdən başqa heç kimimiz yoxdur!
Baba, bəlkə biz yuxu görürük, ya da ki, qorxulu nağılın içinə düşmüşük? Bilirsən, mən nağılları sevirəm. Atam hər gecə mənə nağıl danışır, amma bu gecə mən özüm nağılsız yatmışdım.
Yox, yox yuxu deyil, qorxulu nağıldı.
Bəs bu nağılın adı nədi?
Müharibə…
Qalib baba istəyirdi ki, düşmənlər bizi tapmamış meşənin içi ilə gizlicə qaçıb gedək. Ona görə də biz azuqə və isti paltar götürüb, yola düzəldik. Kerber isə evimizi qorumaq üçün orada qaldı.
May ayı olsa da gecələr soyuq olurdu. Biz çox səssiz gedirdik. Baba hər tərəfi yoxlayırdı. Diqqət kəsilirdi ki, görsün səs gəlir, ya yox.
Yolumuz uzun idi. Azuqəmiz bitirdi. Artıq taqətim qalmamışdı. Qorxurdum, lap çox qorxurdum.
Azuqə də, su da bitdi. Tərslikdən elə bir yerə gəlib çıxmışdıq ki, oradan çay belə axmırdı. Qalib babanın ayağı yaralı olduğundan daha yol gedə bilmirdi. Həm də axı o çox qocadır.
Gecə düşdü. Biz sıx ağacların arasında gecələdik. Qalib baba ətrafımıza xeyli ağac budağı, yarpaqlar da tökmüşdü ki, düşmənlər bizi tapa bilməsin.
Səhərə yaxın oyandım: Qalib baba, dur səhər açıldı getməliyik! Qalib baba da anam kimi oyanmadı. Tək getməyə məcbur oldum. Bəs hara? Necə?
Gecə düşəndə ağacda yatırdım ki, pis adamlar – ermənilər məni tapmasın. Yatırdım deyəndə ki, səhəri gözüaçıq qarşılayırdım. Heç belə səs-küydə də yatmaq olar? Bum-bum, bam-bam, baf-baf!!!
Bu səsləri eşidəndə bilirdim ki, kimsə həmişəlik yatdı. Daha oyanmayacaq. Həm də anam yadıma düşdüyü üçün hönkür-hönkür ağlayırdım.
Hərdən mürgüləyəndə atam, anam, Qalib baba və Kerber yuxuma gəlirdilər. Atamın qayıdacağına əmindim. Axı onu yatan yerdə görməmişdim.
Qorxsam da yoluma davam etməliydim. Buna məcburdum. Başqa çarəmmi vardı? Ən çox qırmızı ləkədən qorxurdum. Deyəsən o bərk incidir. Elə olmasaydı Qalib baba axsamazdı, anam həmişəlik yatmazdı.
Gecə yenə də ağaca çıxmışdım. Gəlinciyimi özümlə qaldıra bilmədim. Yaxşı ki, çıxmışdım. Dan yeri söküləndə düşməyə hazırlaşırdım ki, boğuq səslər gəlməyə başladı. Yarpaqlar xışıldayırdı. Kimsə mən olan tərəfə gəlirdi. Söhbət edirdilər. Yaxınlaşanda üç silahlı adam gördüm. Geyimlərindən əsgər olduqlarını anladım. Televizorda görmüşəm belələrini. Nə danışdıqlarını anlamadım. Bizim kimi danışmırdılar. Başa düşdüm ki, onlar Qalib babanın dediyi düşmənlərdir.
Düşmənlərin gəlinciyimə də yazıqları gəlmədi. Onun qollarını, ayaqlarını, başını çıxardılar. Saçlarını alışqanla yandırdılar. Nə səsimi çıxara, nə də ki, yerimdən tərpənə bildim. Gözlərim dolmuşdu. Qəh-qəhə çəkib gülüşdülər. Gəlinciyimin qorxunc vəziyyəti onları əyləndirirdi.
Nəhayət ki, çıxıb getdilər. Onlar gedəndən xeyli sonra ağacdan düşdüm. Qorxdum ki, birdən geri qayıdarlar. Axı hələ balacayam, 6 yaşım var. Əgər böyük olsaydım, qorxmazdım. Bilmirəm, bəlkə də qorxardım…
Gəlinciyimi torpağa basdırdım.
Tək olmaq uşaqlar üçün təhlükəlidir. Qışqırmaq, bərkdən ağlamaq istəyirdim, amma olmazdı. Səsimin izi ilə gəlib məni tapardılar.
Bum-bum, bam-bam, baf-baf!!! Hər səhər bu səslər məni yuxudan oyadırdı. Zəifləmişdim. Yemək tapa bilmirdim. Xoşbəxtlikdən alma ağacına rast gəldim. Üstündə bapbalaca almalar var idi. Ağaca çıxdım. (kənd uşaqları üçün ağaca çıxmaq su içmək kimi bir şeydi. O da ola meyvə ağacı) Aşağı budaqlarda meyvə qalmamışdı. Məcbur lap yuxarı dırmandım. Zəiflədiyimidən gözüm qaraldı, aşağıya doğru getdim, kürəyi üstdə yerə dəydim. Səsim batdı, gözlərim qaraldı.
Gözlərimi açanda başımın üstündə rəngbərəng kəpənəyin uçduğunu gördüm. İnanmayacaqsan, amma mənə baxıb gülümsəyirdi. Qanadlarını bir-birinə vurdu, ətrafa qızılı damlalar səpələndi. Ayağa qalxdım. Heç bir yerim ağrımırdı. Aclıq da hiss etmirdim. Daha tək deyildim, kəpənəyim var idi. Ona ad da qoydum: Əlvan.
Yenə inanmayacaqsan, amma Əlvan danışa da bilir. Düzdü, çox asta danışır, səsini güclə eşidirəm: Qorxma. Birlikdə evə qayıdacağıq. Müharibə bitdi. Mən ona inandım. Geri qayıtmaq üçün yola düzəldik.
Sən demə, düşmənlər təkcə insanları incitməyiblərmiş. Onlar binaları, evləri dağıtmış, bizim tut ağacımız kimi bütün ağacları yandırmışdılar. Hər tərəf tüstü-duman içində idi. Duman dağıldıqca uçulmuş binalar görünürdü. Hamı öz həyətində yuxuya getmişdi. Hər tərəf qırmızı ləkəyə boyanmışdı. Çox məyus oldum. Ağlamağa başladım. Əlvan, bəs deyirdin, müharibə bitib?! Hə, bitib…
Şimşək çaxdı. Şırhaşırla yağan yağış alovları sondürdü, qırmızı ləkələri yuyub apardı. Daha bum-bum, bam-bam, baf-baf səsləri gəlmirdi. Əvəzində kimsə asta səslə, həzin-həzin lay-lay oxuyurdu. Sonra günəş çıxdı. Elə bil, saçaqları yerə sallanırdı. Əgər istəsəydim saçaqların birinin ucundan tutub səmaya dırmanardım.
Yenidən yola düzəldik. Əlvan məndən irəlidə uçur, qanadlarını bir-birinə sürtür, qızılı damlalarını ətrafa səpələyirdi. Hər tərəf yenidən yaşıllaşdı, may çiçəkləri baş qaldırdı, may böcəkləri çiçəklərə qondu, səmada göyərçinlər uçuşmağa başladı.
Əlvan ikinci dəfə qanadlarını bir-birinə sürtəndə uçuq binalar əvvəlki görkəminə qayıtdı.
Evə çatmağımıza hələ çox qalmışdı. Əlvan sonuncu dəfə qanadlarını bir-birinə sürtdü, ətrafa daha çox damlalar səpələnməyə başladı. Damlalar səpələndikcə yatan adamlar yuxudan oyanırdılar. Əmin idim ki, anam da yuxudan oyanacaq. Ona görə də evə çatmağa tələsirdim.
Kəndimiz əvvəlki kimi idi. Elə bil heç nə olmamışdı. Demək ki, atam da işdən qayıdacaq. O qayıdana kimi mən evdə olmalıyam, yoxsa o narahat olar. Anam da yuxudan oyanan kimi məni axtaracaq. Evdə olmasam, qayıdanda icazəsiz çölə çıxdığım üçün məni danlayar.
Əlvan fikrimdən keçənləri oxuyurdu. Bu dəfə qanadlarını mənim üçün çırpdı. Bir göz qırpımında evə çatdım. Qərənfil, ay Qərənfil, sən hələ oyanmamısan?! Anamın səsi hindən gəlirdi. Ora sarı qaçdım: Burdayam, anacan. Qızım, al bu səbəti mətbəxə apar, mən də indi gəlirəm. Səbəti alıb evə qaçdım.
Anam ləkdən pomidor dərmişdi. Mənə səhər yeməyi üçün pomidor-yumurta bişirdi. Ana, bəs atam hanı? Əlbətdə ki, işdə! Bəs nə zaman gələcək? Sabah səhər.
Mən o axşam tez yatdım ki, səhər tez açılsın atamı görüm.
Səhər açıldı. Ehtiyatla gözlərimi açdım. Bir filimdə görmüşdüm, oğlanın gözləri görmürdü, onu əməliyyat etdilər. Əməliyyatdan bir müddət sonra sarıqlarını açdılar. Gözlərini açmalı idi. O isə qorxurdu çünki, əvvəlki kimi görməyə bilərdi. Şübhəsiz ki, kinolar həmişə xoşbəxt sonluqla bitir. (nağıllar kimi) Ona görə də onun gözləri artıq sağalmışdı. Mən də gözlərimi o həyəcanla açdım. Qorxurdum ki, birdən gözlərimi açanda atamı yanımda görməyəm. Bütün olanlar gerçək olmuş ola. Başqa yolum yox idi. Gözlərimi açdım. Atam çarpayımın yanında dayanıb mənə baxırdı. Gözlərindən nigarançılq yağırdı. Həm ağlayır, həm də gülürdü. Başqa adamlar da var idi. Əsgərlər. Anam isə yox idi. Otaq da mənim otağım deyildi. Ata, bura haradı? Qorxma hər şey yaxşı olacaq. Biz artıq birlikdəyik… Ata, sən harada idin? Niyə evə gəlmirdin? Gör necə vaxtdır ki, gecələr mənə nağıl danışmırsan. Heç bilirsən sən işdə olanda nələr oldu?! Mən ki, hər gecə sənə nağıl oxuyuram, qızım. Yəqin uzunmüddət huşsuz qaldığından yadında deyil. Nə nağılı oxudun ki? Adı necədi? Azadlıq pərisi. Azadlıq pərisi kimdi? Kəpənəkdi. Adı Əlvandı. O Qalib babanı, Kerberi xilas edir. Ona görə də ona azadlıq pərisi deyirlər. Kerber itdi? Hə itdi. (gülür) Görürsən, sən yuxuda olsan da nağılı xatırlayırsan. Azadlıq pərisi onları kimdən xilas etdi? Düşməndən… Onlar Qalib baba ilə Kerberi dar bir qəfəsə salmışdılar. Əlvan isə bir sehrlə onları azadlığa buraxır və düşmənlərin olmadığı çox-çox uzaq ölkəyə aparır. Bapbalaca bir kəpənək qəfəsi necə aça bilər? O, qanadlarını bir-birinə sürtəndə ətrafa qızılı damlalar səpələnir. Bu damlalar vasitəsi ilə kəpənək darda olanlara kömək edə bilir. O sehirlidi. (pıçıldayır) Ata, bilirsən məni də sənin yanına o gətirdi…
***
Qərənfilin atası hərbçidir. O, müharibə başlayan kimi döyüşə getmişdi. Ermənilər onların kəndinə hücum edəndə geri qayıtdı ki, ailəsini odun-alovun içindən xilas etsin. Amma evə qayıdarkən həyat yoldaşını hində ölmüş tapdı. Qızını isə nə qədər axtarsa da tapa bilmədi. Ona görə də onun yaşadığına ümid edirdi. Elə bu ümidlə də əsgər yoldaşları ilə birgə hər yerdə onu axtarmağa başladı. Qərənfili tapmamış buralardan getməyəcəyinə and içdi.
Qərənfil alma ağacına çıxanda sən demə onlar da meşədə axtarış aparırmış. O, ağacdan düşüb yıxılanda səsi eşitdilər. Səs gələn tərəfə yaxınlaşanda kədərli ata gözlərinə inanmadı Qərənfil huşunu itirmişdi. Bilmirdi sevinsin, yoxsa kədərlənsin. Onu özü ilə birgə hərbi hosbitala apardı. Bu müddət ərzində hər gecə onun keşiyini çəkir, həmişə olduğu kimi nağıl oxuyurdu. Axı Qərənfil gecələr nağıl dinləməyi çox sevir. Bir neçə gün huşsuz qaldıqdan sonra qızcığaz gözlərini açdı. İndi mən sağalmışam. Atamla birgə hərbi şəhərcikdə yaşayır, məktəbə gedirəm.
Bu nağıl hələ bitməyib. O zaman bitəcək ki, həqiqətən də Azadlıq pərisi gəlib bizi kəndimizə aparacaq.
Əliyeva Əfsanə