Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında yanvarın 5-də verilmiş xəbərdə “Azadlıq Radiosu”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barədə xəbərlə bağlı açıqlama verib.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında Qanunun pozulmasıdır. “Azadlıq Radiosu”nun bu cür qərəzli davranışı Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımızla əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə toxunur.
Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra yuxarıda adı qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.
AzərTAc