
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” uşaq və gənclər qəzetinin təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması yekunlaşıb.
Martın 18-dən mayın 22-dək keçirilən müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, milli adət-ənənələri geniş təbliğ etmək, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.
8-12 yaşlı uşaqlar arasında keçirilən müsabiqəyə hər iki ölkədən ümumilikdə 100-dən çox rəsm işi təqdim olunub. Müraciət mayın 22-də yekunlaşıb və seçim mərhələsi başlayıb. Təqdim edilən rəsm işləri münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilərək qaliblər müəyyən olunub.
Azərbaycan üzrə I yerin qalibi Nigar Ömərova, II yerin qalibi Afşin Sadıxzadə, III yerin qalibi isə Nuray Məmmədli olub. Özbəkistan üzrə isə I yerə Şahriza Sadriddinova, II yerə Mahiçohra Rustamova, III yerə isə Xurşida Kamolova seçilib.