Tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli ilə söhbətimiz skiflər haqqında oldu.
– Əvvəlcə adın etimologiyasına nəzər salaq. Skif sözünün mənası nədir?
– Skif sözünün yunanca adı “skut” gedir və yunanların köçərilərə verdiyi ümumi addır. Əslində, “skut” oxunur, yunan dilindən çevirəndə öz danışıq tərzimizə uyğun olaraq “skif” deyirik.
– Skif padşahlığı, yaxud çarlığı tarixdə nə zaman və hansı ərazilərdə mövcud olub?
– Skiflərin tarixinə nəzər salsaq, birinci növbədə sual verməliyik: skiflər ilk dəfə harada peyda oldular, haradan dünyaya səpələndilər, tarixə necə məlum oldular, yəni ümumiyyətlə, skiflər kim idilər, Ön Asiyaya necə gəldilər, yunanlar onları necə tanıdı, Herodot onlar haqqında nədən o qədər yazdı. Skiflər haqqında Tamara Raysın “Скифы. Строители степных пирамид” adlı kitabı var. Azərbaycandakı skiflər haqqında isə, əsasən İqor Mixayloviç Dyakonov və İqrar Əliyev geniş yazıb, Solmaz Qaşqay bu mövzuyla məşğul olub. Skiflərin arxeologiyası ilə Azərbaycanda sırf məşğul olan yoxdur. Doğrudur, Hicran Mahmudovanın skif arxeologiyası ilə bağlı yazıları var, amma o, əsasən Altaydakı, Minusinskidəki skiflərdən yazıb.
Skiflər nə vaxt meydana çıxıb. Bildiyiniz kimi, onlar e.ə. VII əsrin sonlarından Azərbaycana gəlməyə başlayıblar. Skiflər bizim ərazilərə gələnə qədər Qara dəniz sahillərində artıq çarlıq yaratmışdılar. E.ə. IX əsrdə Çin ərazisində Çou sülaləsi var idi, uzun müddət hakimiyyətdə olmuşdular. Çou sülaləsinin Suan-van (hakimiyyət illəri – e.ə. 827 – e.ə. 782) adlı hökmdarı uzun müddət hakimiyyətdə olmuşdur. Onun dövründə Çinin şimalında Hiunq-nu adlı tayfalar yaşayırdılar. Bu tayfalar hunların əcdadları hesab olunur. Şimalda Çini narahat etdiyinə görə Çin hökmdarı onlara qarşı yürüş təşkil edir və onları oradan qovmağa müvəffəq olur. Onları qərb istiqamətində qovmağa başlayırlar. Hiunq-nular da qərbə getdikcə oradan massagetləri sıxışdırıb çıxarırlar, massagetlər də skifləri (iskitləri) qovurlar, iskitlər də öz növbəsində kimmerləri sıxışdırırlar. Kimmerlər, bildiyiniz kimi əvvəlcə vuruşmaq istəyirlər, sonra vuruşa bilmirlər…
– Yəni xalq vuruşmaq istəmir, amma hakimiyyət vuruşur.
– Deməli, bu tayfalar bir-birini Çinin şımalından sıxışdıra-sıxışdıra gəlirlər. Eyni vəziyyət tarixdə bir neçə dəfə təkrar olunub.
– Bu hadisələr nə zaman baş verib?
– Hadisələr e.ə. IX əsrin sonları e.ə. VIII əsrin əvvəlləri baş verib. Bu yerdəyişmələr bir əsr ərzində cərəyan edib. Yəni çinlilər hiunq-nuları, onlarsa 50-60 il sonra massagetləri, massagetlər iskitləri, sonuncular da kimmerləri sıxışdırıb öz ərazilərindən çıxarıb. Kimmerlər e.ə. VIII əsrin sonları – VII əsrin əvvəlləri II Sarqonun (e.ə. 722 – e.ə. 705) dövründə gəlib artıq Ön Asiyaya çatmışdılar. Sarqonun dövründə onlar haqqında məlumat verilir. Kimmerlər buraya bir dəfəyə gəlməmişdilər. Birinci dəfə gələn qəbilələrdən sonra digərləri də tədricən mərhələlərlə qəbilə-qəbilə gəliblər.
Deməli, skiflər Qara dəniz sahillərindən kimmerləri çıxartdıqdan sonra burada məskunlaşdılar. Kimmerlərdən az sayda Kerç boğazı, Azov dənizi kənarlarında qalanlar da oldu. Skiflər Mərkəzi Asiyadan, Xəzər dənizindən Qara dənizə, Şərqi Avropaya qədər ən yaxşı ərazilərə səpələnmişdilər. Bu tayfalar Yunanıstanı taxılla, metalla təmin edirdilər. I Dara da ( e.ə. 522 – e.ə. 485 illər) Yunanıstanı məğlub etmək üçün qərara gəlmişdi ki, onları ərzaqla təmin edən skifləri, onların taxıl yerlərini məhv etsin. E.ə. 512-ci ildə o, skiflərə qarşı yürüşə çıxdı. Ancaq heç nə əldə edə bilmədi. Çünki skiflər at üstündə bir yerdən başqa yerə qaçırdılar. I Dara deyir ki, niyə qaçırsınız, gəlin kişi kimi vuruşaq. Cavab verirlər ki, biz qaçmırıq, sən hələ babalarımızın qəbrinə toxun, gör başına nə oyun gətiririk. Bir də ki, skiflər döyüşərkən I Dara görür ki, bunların heç vecinə deyil. Bir də görür ki, bunlar dağılışdılar. Soruşur ki, nə oldu, deyirlər ki, dovşan qaçırdı, onu tuturlar. Dara, bu xalqla vuruşmaq olmaz, deyib geri qayıdır. Skiflər bu ərazilərə gələnə qədər də vuruşların hamısında qalib gəliblər. Çünki döyüşkən xalq idilər. Assurlar da qorxuya düşmüşdülər. Assuriyanın bütün ölkələrdə xəfiyyələri var idi. Tarixdə assur mixi yazıları ən yaxşı tarixi mənbə kimi qəbul edilir. Hətta yunan qaynaqlarından da dəqiq idi. Çünki assur xəfiyyələr yerlərdən hər şeyi olduğu kimi təsvir edib göndərirdilər. Və onlar da skiflərin necə gəlməsini, nə dərəcədə güclü olmasını qeyd edirdilər. Həmin dövrdə Assuriya Urartu ilə vuruşurdu, Manna məğlub vəziyyətdə idi. Assuriya hələ e.ə. XIII-XII əsrlərdə, əsasən də I Tiqlatpalasarın dövründə (e.ə. 1115—e.ə. 1077 ) Yaxın Şərqdə ən əzazil, işğalçı, güclü bir dövlət idi, digər dövlətlər Assuriyadan qorxub çəkinirdilər. Nineviya ən böyük paytaxt şəhəri idi. Skiflər gəldikdən sonra regionda vəziyyət dəyişdi. Onlar Misirə qədər dövlətlərə bac qoymuşdular. 40 il hakimiyyətdə olmuş Midiya çarı Kiaksarın dövründə (e.ə. 625 – e.ə. 585-ci illər) skiflər burada 28 il davam edən çarlıq qururlar. Çarlığın da nüvəsini Kür-Araz ovalığı və Urmiyə ətrafı ərazilər təşkil edirdi. Onlar bura gələndə əsasən Urmiyə ətrafında məskən salmış, buradan ətrafa yayılmışdılar. Maraqlıdır ki, İqor Mixayloviç Dyakonov da, İqrar Əliyev də Midiya tarixi haqqında yazdıqları əsərlərində hesab edirdilər ki, skif çarlığının nüvəsi Kür və Araz çayları arasında olub.
– Belə bir versiya var ki, e.ə. IX – VIII əsrlərdə dediyiniz həmin o qovhaqovda skiflərin bir hissəsi yolunu azmış və gəlib Azərbaycana çıxmış, burada məskunlaşmışlar, daha sonra Midiyaya qarşı üsyan qaldırmışlar.
– Skiflər şimaldan iki yol ilə gəliblər. Bir hissəsi kimmerləri qovaraq Dəryal keçidi tərəfdən gəlib, digər hissəsi isə, mənbədə də var ki, dağlıq ərazi ilə gələrkən azıb sola – Xəzər dənizinə tərəf dönüblər, Dərbənd ərazisindən keçib Midiyaya çatıblar. Onlar hansı əraziyə düşürdülərsə, oranı da işğal edirdilər. Midiyanın özü də skiflərin təsiri altında idi.
– Skiflərin əsasını kim təşkil edirdi? Hansı dildə danışırdılar: irandilli, yoxsa türkdilli idilər? Çünki skiflər haqqında xarici mənbələrdə irandilli yazıldığını görürük. Skiflər deyəndə kimmerlər, massagetlər, sarmatlar və digər xalqlar nəzərdə tutulur?
– “Skif” yunanların bu xalqlara verdiyi ümumiləşdirici addır. Herodot və digər antik tarixçilər bunlardan ən çox skif kimi bəhs edirdilər. Tarixə nəzər salaq. O dövrdə cənubda Hindistanın tarixi məlumdur, Uzaq Şərqə yaxın Çinin tarixindən bir balaca bəhs etdik, o da kifayət qədər yazılıb, Afrikada elə bir güclü dövlət yox idi, bir Misir var idi, onun tarixi də çox gözəl təsvir olunub. Het dövləti, Assuriya, Manna, Urartunun da tarixi bilinir. Yəni bu dövlətlərdən şimala gedib qayıdanlar yox idi. Şimaldan bəs kimlər gəlmişdi? Orada o zaman irandilli xalqlar haradan peyda oldu? Altaylarda, Uralda, yaxud Sırdərya çayından şimalda, Aral dənizi sahillərində irandilli xalqlar haradan ola bilərdi? Soqdianadan şimalda irandillilər yox idi. Şimaldan sıxışdırılan skiflərin heç biri irandilli hesab olunmur. Bunların trandilli olduğunu iddia edən bir neçə versiya var. Birini də Vasili İvanoviç Abayev 1950-60-cı illərdəki tədqiqatlarından sonra irəli sürüb. O, bir neçə onomastik (mövcud olan xüsusi adları öyrənən dilçilikdə bölmə– red.) materiallara əsaslanıb skiflərin bir neçə adını fars, osetin dillərinə tərcümə edib, izahını verib. Hal-hazırda Abayevin nəzəriyyəsi köhnəlib və çoxları bundan imtina edir. Bu yaxınlarda Anatoliy Alekseyeviç Klyosovun bir məqaləsi çıxmışdı. Ruslar ona qarşı çıxdılar ki, niyə sakları türkmənşəli hesab edirsən. Skif dediyimiz elə saklar idi, ərazimizə gələnlər də saklar olub. Bu, bilirsiniz nəyə oxşayır? 1975-ci ildə Oljas Süleymanov “Az i ya” adlı bir kitab yazmışdı. Orada türklər haqqında, şumer dilində türk sözləri barədə və sair yazmışdı. O zaman Boris Aleksandroviç Rıbakovun başçılığı ilə iyirmi nəfərə yaxın alim ona qarşı “yürüş” təşkil etdilər. Klyosova qarşı yazılanlar da eyni hadisəni xatırladır. Skiflərin türk olması haqqında, məsələn, türklər də, biz də yazırıq, yaxud irandilli olması haqqında da yüzlərlə kitab yazılır. Nəyə görə bir nəfərə qarşı bu dərəcədə kampaniya təşkil edilir? Skiflərin içərisində türdilli xalqlar ola bilməzdi? Içərisində irandillilər də var idi, amma onları hərəkətə keçirən sakların özü elə türkdilli taryfalar olub. Firdovsi (935–1020; İran şairi; tam adı: Əbülqasim Həsən bin Əli Tusi – red.)”Şahnamə”də saklara saksaran (itbaşlılar), qorqsaran (qurdbaşlılar) deyir. Bunlar ayrı-ayrı türk tayfalarının adlarıdır. Avropalılar Firdovsinin yazdıqlarını əfsanə, mif kimi yox, tarixi mənbə kimi qəbul edirlər. Çünki şair özü X-XI əsrdə yaşamasına baxmayaraq tarixi mənbələri gözəl bilirdi və “Şahnamə” bu mənbələr əsasında, həm də türklərin əleyhinə yazılmışdı ki, Mahmud Qəznəvi (970-1030; 998-ci ildən Qəznəvilər dövlətinin padşahı – red) onu bəyənmədi və qəbul etmədi.
Çar dövründə, ondan sonra sovet dövründə türk tarixinə böyük qısqanclıq var idi. Rusların belə bir misalı var: “hansı rusu qaşısan, dərisinin altından tatar qanı çıxar”. Ruslarda böyük sülalələr var ki, tatardan dönmədilər. Amma maraqlıdır, türklərə qarşı ən çox canfəşanlıq edənlər də türk familyası olanlardır. Qumilyovu (Lev Nikolayeviç Qumilyov – 1912-1992; tarixçi alim, etnoqraf) yəqin ki, çox adam oxuyub. O, ikitərəfli yazırdı. “Qədim türklər”də axırda yazır ki, türklərin linqvistik cəhətdən köklərini axtarsaq, hun dövründə formalaşmış, III-V əsrlərdə anabioz dövrü keçirmiş və Göytürk imperiyası zamanından sonra özlərini planlı şəkildə göstərmiş xalq idilər. Yəni Qumilyov deyir ki, bunlar elə hunlar idi. Amma ondan bir səhifə qabaqda başqa şey yazır. Ya qorxudan, ya da bilə-bilə bunu belə edirdi. Onun bir kitabı da var: “Тысячелетие вокруг Каспия”, yəni “min il Xəzər ətrafında”. Əslində min il deyil. Qumilyov türk tarixini çox gözəl bilirdi. Bahəddin Ögəl (1923 – 1989; Türkiyə tarixçisi, professor – red), Faruk Sümer (1924 – 1995; professor, türkoloq – red.) kimi türk tarixini yazan tarixçilər var idi, amma Qumilyov kimi Göytürk ( 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti) tarixini bilən yox idi. Qumilyov bu kitabında Xəzər ətrafında min il yox, minilliklər yazmalı idi.
Hind-Avropalıların Hindistana qədər getməsi hansı dövrdən hesablanır? Əslində, getmələri də şübhəlidir. Belə versiya var ki, eramızdan əvvəl ikinci minilliyin sonlarında Qafqazlardan, Yaxın Şərqdən, yaxud Mərkəzi Asiyadan keçib gediblər. Əsas versiyaları da Mərkəzi Asiyadan keçmələri ilə bağlıdır. Yerdə bəs hind-avropalılardan kim qalır? Mərkəzi Asiyada Soqdianadan yuxarıda Şimali Qafqaza qədər irandilli tayfa tapa bilməzsiniz. Iki cür Hind-Avropa – İran dilli: həm Hindistana gedən, həm də qayıdan tayfalar var. Yəni onlar eramızdan əvvəl ikinci minilliyin ortalarında Hindistanda Qanq çayı sahillərinə çatıblar. Eramızdan əvvəl IX əsrdə isə Hindistandan qayıtmağa başlayırlar. İranşünaslar da yazır ki, ilk dəfə fars dilində sözlərə, onomastik materiallara bu zaman rast gəlinir. Ondan qabaq nə onomastik, nə də arxeoloji materiallar yoxdur. Amma e.ə. 550-ci ildə onlar Əhəmənilər imperiyasını qura bildilər. E.ə. 331-cu ildə makedonoyalı İsgəndər onu dağıtdıqdan sonra 224-cü ildə Sasanilər imperiyasını yaratdılar. Bu imperiyanın varlığına da ərəblər 651-ci ildə son qoydular. Yəni onlar iki böyük imperiya qurublar. Bu zaman ərzində irandilli xalqlarla türklər Cənubi Qafqazdan tutmuş Xəzər dənizinin cənubu ilə Mərkəzi Asiyaya, Hindistana qədər ərazidə birgə yaşayıbılar. Ona görə də cənubdan gələn saklar Hind mədəniyyətini götürmüşdülər. Cənubdan gələn irandillilər də Hind mədəniyyətinin təsiri altında idilər, adları da əsasən sanksritdə idi. Niyə Əhəməni dövlətinə qədər farslar, irandillilər dövlət qurmamışdılar? Bu tarixdə məlum deyil, elə müasir fars tarixçiləri də öz dövlətçilik tarixlərini əhəmənilərdən götürürlər. Hind-Avropalılar Hindistana gedəndə oradakı kasta, cəmiyyətdəki təbəqələşmə sistemini götürmüşdülər. Hindistanda 4 kasta var idi: brahmanlar, döyüşçülər, kəndlilər, şudralar (nökərlər). Hindistandan gələndə Hind-İranlılar kasta sistemini də özləri ilə gətirdilər. Bu sistemə görə farslar hakim təbəqə idilər. Oxşar təbəqələşmə türk tayfalarında da var. 24 türk tayfası arasında yalnız 4-ü padşah verirdi. “Oğuznamə”də də var ki, digər tayfalar onların xidmətçisi, köməkçisi təyin olunmuşdu və padşah vermirdilər. Eyni zamanda Hindistandan gələnlərin də içində farslar rac kimi, hakim təbəqə kimi, kürdlər heyvandar kimi, talışlar həm əkinçi, həm ticarətçi kimi gəlmişdilər. Ermənilərin də bir qismi Hindistandan sənətkar kimi gələn tayfalarla birgə gəlmişdilər. Tatlar hərbçi kimi gəlmişdilər. Daha doğrusu, sasanilər onları müxtəlif ərazilərdə, məsələn Azərbaycanın şimalında yerləşdirirdilər ki, farslara qarşı Dərbənd keçidindən gələn hücumların qarşısını alsınlar, onları qorusunlar. Kasta sistemini görməmək mümkün deyil. Buna oxşar sistem sistem türk tayfalarında olub, amma Avropadan, yaxud Yaxın Şərqdən gələnlərdə yox idi.
– Deyə bilərikmi ki, Hindistandan iranlıların gəlməsi skiflərin bu ərazilərə gəlməsindən daha sonra baş verib?
– Xeyr, yalnız dövlət qurmaları sonra olub. Yəni, e.ə. I minilliyin birinci yarısında farsların və oğuzların Xəzər dənizinin qərb sahillərinə keçməsi prosesi müxtəlif idi. Farslar tədricən, sızma yolu ilə gəliblər, amma, türklər sürətlə, axınlarla. Ona görə də farslar uzun zaman müddətində çox az ərazilər tuta bilmişdilər, amma türklər qısa zaman ərzində Aralıq dənizinin sahillərinə, Misirə qədər gedib çıxa bilmişdilər.
– Amma əhəməniləri sırf fars kimi qəbul etmək necə doğrudur? Bizim üçün əski türk dilini başa düşmək elə də çətin olmaz, amma indiki fars dili ilə pəhləvi arasında nə qədər fərq var.
– Dillərin başa düşülüb-düşülməməsinin bir səbəbi var. Türk dilləri aqqlütinativ dillərdir, yəni kök üzərində qurulan dillərdir, ön ya orta şəkilçilər qəbul etmir. Amma Hind-Avropa dilləri əksinə, ön və orta şəkilçi qəbul edir. Ona görə linqvistikada (dilləri öyrənən elm – red.) belə bir qanun var: aqqlütinativ, yəni kök üzərində qurulan dillər min il ərzində 20 faiz dəyişir, amma digər dillər 80 faiz. Yəni əgər farslarda qədim, orta və yeni fars dili, yaxud ermənilərdə qədim (qrabar), orta və yeni (aşxarabar) erməni dili varsa, türklərdə ancaq qədim və müasir türk dili var, orta yoxdur. Çünki uzun zaman ərzində dəyişilməyib. Bu dillərə elamlıların da, skiflərin də dili aiddir. Ikincisi, farslar dövlət quran kimi tarixlərini də yazırdılar. Onların yazıları da qalıb: Bisütun yazıları, Avesta və sair.
– Demək, hazırki dövrdə rus dilində olan mənbələr, yaxud müasir rus tarixçiləri, araşdırmaçıları sarmatları, kimmerləri və digərlərini ya ruslaşdırır, ya da iran mənşəli olduğunu qeyd edirlər. O cümlədən, xarici mənbələr də bu köçəri xalqların irandilli olduğunu iddia edirlər. Bəziləri də deyirlər ki, Türk dili sonradan yaranma dildir, bir növ “esperanto” kimi yaradılıb, ona görə də bütün türklər digər xalqlara nisbətən bir-birini daha asan anlaya bilir. Məsələn, germanlarda ingilis ilə alman bir-birini o qədər də anlaya bilmir. Slavyanlarda rus dili ilə ona ən yaxın Ukrayna dili arasında fərq kifayət qədərdir.
– Hind-Avropa dillərində qısa zaman ərzində Türk dillərinə nisbətən dəyişiklik daha çox baş verib. Mən, Özbəkistan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Əfrasiyab ekspedisiyasında 2 il dəstə rəhbəri olaraq Səmərqənddə qazıntılar aparmışam. Birinci il gedəndə çətinlik çəkirdim, ikinci il artıq onların dilində danışırdım. Orada taciklər də çox idi və fars dilini bildiyimdən, taciklərlə də danışırdım. Söhbət ondan gedir ki, digər dillərdə qısa zamanda dəyişikliklər çox olub, amma türk dilləri kök üzərində qurulub və min illər keçsə də sözün kökü dəyişmir. Demək, skiflərin də dili kök üzərində qurulmuş dil idi. Eyni zamanda türklər o vaxt da, indi də öz tarixlərini yazmırlar. Biz hələ də öz tariximizi yaza bilmirik. Çünki türklər tarix yaradıblar, amma yazmayıblar. Məsələn, orta əsrlərdə Səlcuqların tarixini kim yazıb? Fars olan Nizamülmülk (1018-1092 – Səlcuq Dövlətinin vəziri və “Siyasətnamə” adlı kitabın müəllifi – red.). Vasili Vladimiroviç Bartoldun (1869–1930 — akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri – red. ) bir sözü var, deyir ki, rusların bir neçə tarixçisi elə düşünür ki, Azərbaycan türkləri türkləşmiç farslardır, yəni farsdilli olub sonradan türkləşiblər. Sual olunur: Azərbaycan türkləri necə türkləşmiş fars ola bilər ki, bizim ədiblər Oktyabr inqilabına qədər farsca yazıb yaradıbdır. Sasanilər dövründə biz türkləşə bilməzdik. Sonrakı dövrlərdə isə yazdıqlarımız əsasən farsca olub.
– Deyirlər ki, türkləşmə Səlcuqlardan başlayıb.
– Necə ola bilər ki, Səlcuqların özləri türk dilində heç nə yazmayıblar, bütün yazdıqları farsca olub.
– Yəqin yalnız saray ədəbiyyatı farsca olub.
– Bütün ədəbiyyat, tarix və sair hamısı farsca yazılıbdır. XVI əsrdən qabaq tariximizə aid dastan və bir neçə şeirdən başqa türkcə heç nə yoxdur.
– Assimilyasiya həmişə müharibələrlə, zorakılıq yolu ilə həyata keçirilib. Amma savadsız xalqın, kəndlinin, ən çox da yüksək dağlıq ərazilərdə yaşayan xalqların assimilyasiyaya uğraması çətin olur.
– Orta əsrlərdə kəndlərdə yaşayan insanları assimilyasiya etmək mümkün deyildi. Bu tayfalar burada minillərdir yaşayır. 3 min il bundan əvvəl bu tayfalar burada necə yaşayırdısa, elə indi də o cür yaşayırlar, yəni elə bir dəyişiklik olmayıb. Qeyd etdim ki, Qumilyov “Min il Xəzər ətrafında” adlı kitab yazıb, amma orada, mənim fikrimcə, “min” deyil “minilliklər” olmalıdır. Çünki, Xəzər elə göldür ki, onun ətrafında çoxlu yerdəyişmələr, tayfaların daim köçü olub. Urmiyə ətrafı, Xorasan, Hindistanın şimalı, Sırdərya çayının sahilləri, Şərqi Avropada Hunqariya (Macarıstan), Qara dəniz sahillərində də bəzi ərazilər köçərilərin hərdən axın edib qaldıqları ərazilərdir. E.ə. IX-VIII əsrdəki axınları qeyd etdik. Sonra e.ə. III-II əsrlərdə yeni axınlar baş verir. Yenə Çin səddi tərəfdən türkləri sıxışdırırlar, Mete xan (Hun imperiyasının banisi və başçısı (e.ə. 234-e.ə. 174) – red.) da yuecjilərin (antik Orta Asiya xalqı – red.) üzərinə hücum edir. Hunların təzyiqi ilə Yuecjilər də qərbə tərəf irəliləyir, oradan qonşu tayfaları qovub Kuşan imperiyasını (Quy Şan – Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət – red.) qurur. Onların qovduğu xalqlar da gəlib Parfiyanı yaradır. Eramızın III-IV əsrlərində eyni ssenari yenə təkrar olunur: xalqların yeni böyük köçü baş verir. Bu xalqlar Qərbi Avropaya qədər gedib çıxırlar.
Kür-Araz mədəniyyəti İskit çarlığının nüvəsinin yarandığı yerdə – Kür-Araz vadiləri arasında yaranmışdı. Skif dövlətindən təqribən 2500-2800 il qabaq bu mədəniyyət yaranmışdı. Kür-Araz mədəniyyətinin əhatə etdiyi ərazilər Xəzər dənizinin qərb sahilləri, Şərqi Anadolu və Aralıq dənizinin şərq sahilləri və sair idi. Həmin elə o axınlar bu mədəniyyəti yayırdılar.
– Kür-Araz mədəniyyəti nə vaxt və hansı ərazilərdə mövcud olub?
– Qəbul edilmiş bölgüyə görə Kür-Araz mədəniyyəti e.ə. IV minilliyin ortalarından e.ə. XXIII-XXII əsrlərə qədər mövcud olub. II minilliyin sonlarından Boyalı Qablar mədəniyyəti, II minilliyin ortalarından Xocalı-Gədəbəy mədəniyyəti başlayıb. Sonuncu I minilliyin ortalarına qədər davam edib. Boyalı qablar mədəniyyəti isə bir az tez başlayıb, tez də qurtarıb. Tədqiqatçıların çoxu bu mədəniyyətin I minilliyin əvvəllərində yoxa çıxdığını deyir. Amma arxeoloji tədqiqatlar göstərir ki, elə deyil. Antik dövrlərdə də qablar elə həmin boyalarla boyanırdı və bu mədəniyyət özünü zəif göstərsə də, tam aradan çıxmamışdı. Əksinə e.ə. V-IV əsrlərdə boyamaq üçün 3-4 deyil, 8 cür rəngdən istifadə edirdilər.
– Bizim ərazidə mövcud olmuş skiflər hansı mədəniyyətə yaxın idilər?
– Dəfn adətlərində Xocalı-Gədəbəy mədəniyyətinə yaxın idilər. Qəbirlərdə qurbangahların olması, ölülərin yanına qoyulmuş avadanlıqlar bunu deməyə əsas verir.
– Kurqanları nəzərdə tutursunuzsa, bizdə onların sayı çox azdır.
– Xocalı-Gədəbəy mədəniyyətinə aid kurqanlar çoxdur. Elə, Araz çayı sahilində Xudafərin yaxınlığında Rza bəy nə qədər kurqan qazıb. Bu kurqanda tapılan qablar Şəmkirdə, Mingəçevirdə və digər bölgələrdə tapılan qablarla eynidir. Amma, sırf Xocalı-Gədəbəy mədəniyyətinə aid böyük Skif kurqanları cənuba getdikcə azalır. Məsələn, Naxçıvanda II Plovdağ nekropolunda qazıntı aparmışam. Buradakı kurqanlardan ən böyüyünün diametri 10-12 metrdir. Yəni kurqan qrupudur, amma, Azərbaycanın şimal rayonlarında, Qarabağda olduğu kimi hündürlüyü 10-12 metr, diametri 80, yaxud 200 metr olan böyük kurqanlar yoxdur. Qarabağda, Mil düzündə və sair yerlərdə bu mədəniyyətə aid zəngin kurqanlar var ki, hələ qazılmayıb. Eneolit kurqanları Şərqi Gürcüstanda, Şimali Qafqazda və qədər ərazilərə yayılıb. Bu tip kurqanlar cənuba getdikcə yavaş-yavaş yoxa çıxır. Şimaldan gələn Xocalı-Gədəbəy mədəniyyəti ilə cənubdan gələn Boyalı Qablar mədəniyyəti qarşılaşır.
Ölkəmizin ərazisində həm kurqanlar, həm də daş qutu qəbirlər vardır. Dəfn adətləri də fərqlənir. Əgər kurqanlarda giriş yolları Şərqə, günçıxana tərəfdirsə, daş qutu qəbirlərdə cəsədin başının hansı istiqamətə qoyulmasının və giriş yolunun hansı istiqamətə olmasının o qədər də əhəmiyyəti yoxdur. Yanlarına qoyulan qabların da əksəriyyəti boyalı qablardır. Amma o biri kurqanlarda üstü çətmə naxışlı, Xocalı-Gədəbəy mədəniyyətinə aid boz qablar var. Eyni zamanda Kür-Araz mədəniyyəti dövründən qalan sırf qara qablar, qəhvəyi qablar da tapılıb. Çəhrayı sadə qablara düzdür, başqa formada II minillikdə də rast gəlinir, amma Kür-Araz mədəniyyətinə aiddir. Yəni bu mədəniyyət uzun müddət öz təsirini saxlayıb. Amma cənubdan, Yaxın Şərqdən gələn Boyalı Qablar ilə şimaldan gələn Kurqan mədəniyyəti Azərbaycanda rastlaşır və sinkretik bir mədəniyyət yaradır.
– Ola bilməz ki, Kurqan mədəniyyətinin nümayəndələri ilə Boyalı Qabların nümayəndələri ayrı-ayrı xalqlar olsun? Tutaq ki, elə bizim tədqiqatçılar da yazır: skiflər sakları, kimmerlər massagetləri qovdu. Burada qarışıqlıq yaranır.
– Skif elə sakdır, sak da elə oğuzdur. Sak oğuzlara irandillilərin verdiyi addır, skif oğuzlara yunanların verdiyi addır.
– Aydındır, Herodot da deyir ki, bu tayfalar bir-birini asanlıqla başa düşür.
– Mərkəzi Asiyada, yəni Çinin şimalından Xəzər dənizinə qədər ərazidə o köçərilərin hamısı bir dildə danışırdı. Qumilyov deyir ki, maraqlıdır, Göytürk imperiyası və ondan sonrakı dövrlərdə də, yəni min il keçəndən sonra da bu ərazidə yaşayan xalqların hamısı eyni dildə – türkcə danışırdılar. Indinin özündə də o ərazidəki xalqların əksəriyyəti türkdilli xalqlardır. Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitalogiya və Genetika İnstitutu var. Onlar ABŞ, Almaniya və Fransa genetikləri ilə birlikdə uzun müddət birgə tədqiqat aparıblar, skiflərin genetikasını öyrəniblər. Tədqiqatın nəticələri “Nature Communacations” beynəlxalq jurnalında 2017-ci ildə dərc olunub. Onlar qeyd edirdilər ki, skiflər genetik tərəfdən qazaxlarla, başqırdlarla, tatarlarla bağlıdırlar. Ona görə “skiflərin içində türkdilli xalqlar yox idi” demək mümkün deyil.
– R1a genlərini daşıyan xalqlar hal-hazırda daha çox Mərkəzi və Cənubi Asiyada, Şərqi Avropada yaşayır. Bu haploqrup ruslarda, beloruslarda, polyaklarda, taciklərdə, tuvalılarda və s. xalqlarda daha çoxdur. Yəni bu xalqlar eyni kökdəndir, eyni atanın övladlarıdır və əvvəllər bir dildə danışıblar. Sonra şimalda slavyanların təsiri ilə slavyan dillərində, cənubda türkcə, farsca və s. dildə danışmağa başlayıblar. Amma bunu bir çox rus “dırnaqarası” alimləri elə təsvir edirlər ki, guya skif xalqları əvvəlcə iran və rus dillərində danışırmış, sonradan bir çox xalqlar türk dilini qəbul ediblər. Həmin bu alimlər Çinin Təklə-Məkan səhrasında tapılan qadın mumiyasını da rus kimi görürlər, Misirdəki fironu da R1b haploqrupuna aid olduğu üçün rus edilər. Onlarda dəhşətli dərəcədə şovinizm baş alıb gedir. Bizim onlara cavabımız demək olar ki, yoxdur. Və əgər bu xalqlarla maraqlansaq, azərbaycan dilində çox az sayda materiallara rast gələcəyik, o da bəsit formada.
– Bilirsiniz, bizdə konsepsiya yoxdur. Ölkəmizin ərazisində Skif çarlığı mövcud olub və bunların burada mədəniyyətləri də olub. 28 il mövcud olandan sonra Midiya hökmdarı Kiaksar onların başçılarını bir yerə yığıb hiylə ilə öldürür. Skiflər buradan Qara dəniz sahillərinə gedirlər, amma sonradan yenə qayıdırlar. Bizim ərazidə qrifonlar (insan, quş və heyvana bənzədilən qanadlı əjdaha – red.) tapılır. Bu fiqurları o zaman buradan gedib yenidən qayıdanlar yaradıb. Bu varlıq, skif üçlüyünün özəyidir. Onu skiflər Yaxın Şərq mədəniyyətindən götürmüşlər. Məsələ ondadır ki, bu qədər çarlıq yaranıb bizdə, daha sonra Strabonun yazdığı Sakasena böyük dövlət kimi özünü saxlaya bilmişdi,. Bizdə nəyə görə skifologiya, skifşünaslıq yoxdur? Niyə biz onu öyrənmirik? Çünki konsepsiyamız yoxdur. Azərbaycanda yaşayan bütün xalqların tarixi öyrənilib. Amma yalnız ərazinin tarixini öyrənmək azdır. Burada yaşayan xalqların tarixi öyrənilməlidir. Kim haradan gəlib oradan öyrənməyə başlamaq lazımdır. Kökünü öyrənmək gərəkdir. Heç nə birdən-birə öz-özünə yaranmır.
– Vikipediyanın azərbaycan dilindəki “Skif padşahlığı” səhifəsində İran şahı II Kir üzərində massagetlərin qələbəsi qeyd olunur. Massagetlər və skiflər eyni xalqdırsa, niyə burada fərqli götürürlər?
– İrandillilərin hamısı fars deyil ki. Farsların özünün də içərisində müxtəlif tayfalar vardır. Türk adı göytürklərdən sonra türklərə verilən ümumiləşdirmiş ad olub. Türkdilli tayfalar türk adlanmayıb. Hər tayfanın öz adı var idi. Ağqoyunlular, ya Qaraqoyunlular məgər türk adlanıb? Yaxud Səlcuqlar, Səfəvilər, Qacarlar və s. özlərini türk kimi qeyd ediblər? Türk adını ilk dəfə biz 1920-ci ildə, Osmanlı türkləri isə 1923-cü ildə qəbul edib. Osmanlılara türk deyəndə acıqları gəlirmiş. Hətta, bir Osmanlı sultanı əmr də vermişdi ki, kim bir türk öldürsə, ona mükafat veriləcək. Türk tayfaları bir-birilə ədavət də edirdi, bir-birini qırırdılar da. Bu, bütün dünyada belə olub. Hər bir tayfanın öz mənafeyi var idi. Türklərin 24 tayfasının içərisində yalnız 4-5 tayfası hökmdar verirdi. “Oğuznamə”də 3 hakim tayfa Oğuzun oğlanlarıdır, yanındakılar isə onların xidmətçiləri, yəni oxçular, əkinçilər, sənətkarlar və sair idi.
Xarabagilanda ( Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı – red.) XII əsrə aid türbədən 5-6 parça növü və atın belinə yəhərin altından salınan xalça, yəni çaprak çıxmışdı. Milli Azərbaycan tarixi muzeyində şüşənin altında o parçalar ayrıca nümayiş etdirilir. Maraqlıdır ki, Xarabagilandakı xalça ilə, Altayda Pazırıkdakı 5 nömrəli kurqandan çıxan xalça naxışlarına, ölçülərinə qədər eynidir. 1700 il vaxt keçməsinə baxmayaraq necə olur ki, bu qədər bənzəyirlər. Bəs köçərilərin mədəniyyəti niyə məhv oldu? Onlar mobil həyat sürdüklərindən istifadə etdikləri əşyalar keçə, taxta, parça və s. əsasən üzvi materiallardan idi, zaman-zaman çürüyüb xarab olurdu. Ona görə də bu xalqların böyük tikililəri, memarlıq abidələri, daşdan yonulmuş heykələri və s. yox idi, balbalları da sonradan qoymağa başlayıblar. Demək istəyirəm ki, aradan bu qədər zaman keçib, amma bu qədər oxşarlıq necə ola bilər. Xarabagilandakı türbə Səlcuqlar dövrünə aiddir, o xalça orada olan bir qəbirdən çıxıb. Onu dəfinə axtaranlar qəbri dağıdanda tapmışdılar. Bundan başqa, şaiyələrə görə sərdabədən xəncər, üstü dəri və dərininin üstündə də qızılla yazı olan kitab çıxmışdı. Orada parçaların üstündə qadın da, kişi də dəfn olunmuşdu. Həm də şəhidlər kimi paltar ilə dəfn olunmuşdular. Qadının paltarı qan işində idi, paltarda isə kəmərin yeri bilinirdi. Ağ toxuma ipək parçanın üzərində qızıl kəmər olmuşdu, amma kəmərin özü yox idi, götürüb aparmışdılar, sərdabəni də dağıtmışdılar. Həmin il – 1979-cu ildə Özbəkistanda Əfrasiyabda beynəlxalq ekspedisiyada dəstə rəhbəri idim, Qalina Vasilyevna Şişkina dəvət etmişdi, 2 il orada qazıntı apardıq. Oradan qayıtdıqdan sonra dedilər ki, sərdabəni açıb talayıblar. Oradan XII əsrə aid nə qədər materiallar yoxa çıxıb, ən azından əlimizdə XII əsrdə yaşamış Azərbaycanlının geyimi haqqında tam və dəqiq faktiki materiallarımız olacaqdı.
Naxçıvanın iqlimi qurudur, mən orada 3500 il əvvələ, tunc dövrünə aid ox qabı tapmışdım və o xarab olmamışdı, yalnız dəri və ağac hissəsi çürümüşdü onların da izləri aydın görünürdü. O zonada gil nəyin üstünü örtdürsə, xarab olmur. Quru iqlim və torpağın tərkibinin təmiz gil olması arxeoloji materialların yaxşı qalmasına şərait yradır. Həmin sərdabənin üstündə deşik olub, onu 40 gün ərzində gecələr açıq qoyurdular, ölülər qaxac olub quruyurdu, ya da ki, ölən insanın içalatını çıxarırdılar, yəni bir növ mumiyalayırdılar. Yəni, onlar olduğu kimi qalırdılar, hətta dərisi də üstündə olurdu.
Altaylarda kurqanlarda tapılan materiallar buzlaşdığına görə, donduğuna görə salamat qalıb. Həm də o kurqanların üstünə daş örtüyünü elə qoyublar ki, onlar bir dəfə donandan sonra heç yayda da açılmır, beləcə min illərlə qalmışdı.
– Ərazimizdə yaranan Skif çarlığına ilk vahid Azərbaycan dövləti demək olar? Skif çarlığı tarixdə ilk dəfə Azərbaycanın hər iki hissəsini birləşdirib. Dövlətin mərkəzi də Dyakonova görə Gəncə idi.
– Bu dövlət, Azərbaycan ərazisində qısa müddət də olsa yaranan, bütün Yaxın Şərqdən bac alan dövlət olub. Skiflər ilk dəfə bura gələndə onların bazası Urmiya ətrafı idi. Amma dövlətin nüvəsi Araz ilə Kür arasında mövcud vilayətlər idi.
Mən son illər Naxçıvanda Gilançayın ərazisində tədqiqat aparıram. Bu çay iki adla tanınır: Gilançay və Aza çayı. Gilançayın Arazdan yuxarı 5-6 km hissəsi Aza çayı, ondan yuxarı 35-40 km hissəsi Gilançay adlanır, ondan yuxarıda isə bu çaya axan iki qol var: Sakkarsu (Sağarsu) və Əyriçay. Sakkarsu çayının adı saklardan götürülüb. Bizdə dağın o biri tərəfində yerləşən Zəngəzur Sakasena adlanırdı. Ələngəz dağının arxasında Sak bulağı və Sak gölü var. Ordubaddakı Göygöldən gələn çay Sakkarsu çayıdır. Yəni saklarla bağlı tək bizim ərazidə neçə toponim var. Eyni zamanda sakların tərkibində müxtəlif tayfalar olub. Onlardan biri də kanklar olub. Sonradan onlara gəngərli, gəng tayfaları deyiblər. Onların əsas mərkəzlərindən biri də Naxçıvan olub. İndiyə qədər Naxçıvanda Gəngərli soyadları qalıb. O zamandan saklarla bu əraziyə gələn 3 tayfa: gəngərlilər, yuecjilər və az (as) tayfaları ərazimizdə qalıbdır. Bizdə Aza çayından başqa, Aşağı və Yuxarı Aza kəndləri, Maraza kəndi var. Bartold deyir ki, assinlər Altayda İlisu çayının yanında yaşayan tayfalardır. Onları mənbələrdə azlar da adlandırırlar. Asiya adı az tayfalarının adından götürülüb. Yunanların da Şərqdə ilk dəfə gördüyü, eşitdiyi geniş ərazidə yayılmış az tayfaları olub. Adı as, ya da az gedir. Azərbaycan adının mənasına müxtəlif versiyalar deyirlər. Az-ər-bay-can – bu hecaların hamısının mənası var. Biz nəyə görə bu adı başqa dildə axtarmalıyıq, yozmalıyıq?
– Azərbaycanda skiflərlə bağlı abidələr daha çox harada aşkar olunub?
– Mingəçevirdə qazıntılar aparılanda çoxlu sayda skif qəbirləri çıxmışdı. Maraqlıdır ki, skiflər bura gələndə özlərinə, adətlərinə, mədəniyyətlərinə uyğun tayfalarla qarşılaşıb. Onlar nəyə görə bu ərazidə çarlıq qurdular. Burada başqa tayfalar da yaşayırdı. Mümkün deyil ki, saklar gələndə onlar yoxa çıxsın. Bəs necə oldu saklar burada dövlət qura bildilər. Demək, bu ərazidə onlardan da əvvəl gəlmiş qohum tayfalar mövcud olub. Vaxtilə min il, beş yüz il qabaq Xəzər dənizinin arxasından gəliblər.
Skiflər Midiya çarı Kiaksarın dövründə böyük əraziləri tutmuşdular, hətta Midiyanı da tabe etmişdilər. Sonra bu çarlıq parçalanmağa və zəifləməyə başlayır. Kiçik Midiyanın bir hissəsi, nüvəsi bizim ərazidə qalır. Gəncə mərkəz olmaqla Sisiandakı Şəki ilə bizim Şəki arasında Sakasena (sakların ölkəsi) Skif çarlığı dağıldıqdan sonra da mövcud olmuşdur və tarixi mənbələrdə də adı çəkilir.
Bizim eranın IX əsrində fars əsilli coğrafiyaşünas Ərəb xilafətinin poçt rəisi olmuş ibn Xordadbeh yazır ki, dünya dörd yerə bölünüb və birini də Skutiya, yəni skiflərin ölkəsi adlandırır: Xəzər dənizinin cənubundan Şimali Qafqaza qədər ərazilər də buraya daxil edilir. Mənbələrdə də bu ərazi skiflərin ölkəsi adlanırdı. Bizans mənbələrinin hamısı skifləri hun, hunları da türk hesab edirdi. Sakların adı orta əsrlərdə də burada saxlanmışdı.
– Skiflər köçəri həyat sürüblər. Amma rusları köçəri təsəvvür etmək bir qədər çətindir.
– Rusların köçəriliyi türklərin köçəriliyindən fərqlənir.
– Saklar, massagetlər, kimmerlər və sair xalqlar at üstündə köçəri həyat tərzi keçiriblər. Rus şairi Aleksandr Blok yazır ki, bəli, skiflərik biz, asiyalıyıq biz. Bəs rusları nə dərəcədə skiflərə aid etmək olar?
– Rusların böyük tarixçisi Qrekov Boris Dmitriyeviç (1882-1953) yazır ki, rusların, slavyanların əcdadı e.ə. II əsrdən məlum olan venedlərdir. Onlar coğrafi şəraitdən asılı olaraq uzaq yerlərə köç etmirdilər. Məsələn, Ukrayna ərazisində arxeoloqlar yanmış şəhərlər tapıb. Yəni onlar bir müddət yaşayırdılar, sonra bir şey olan kimi o yaşadıqları yeri yandırıb gedib başqa yerdə şəhər salıb orada yaşayırdılar. Onların köçəriliyi ilə türklərin köçəriliyi tamam fərlənir. Türklərin yaşadığı Mərkəzi Asiya çöllük idi, orada yalnız maldarlıqla məşğul olmaq mümkün idi. Amma Qara dəniz sahilləri, Cənubi Rusiya çölləri taxılçılıq üçün çox əlverişli yerlərdir. Həmin skiflər Mərkəzi Asiyadan gəlib Şərqi Avropa çöllərində yerləşəndə Yunanıstanı taxılla təmin etməyə başlayırlar, oturaq həyat tərzinə keçirlər. Eyni zamanda skiflərın kurqanlarında, qəbirlərində qızıl əşyalar tapılıb. Onlar bu metal və qızıl əşyaları Yunanıstana da satırdılar. Qızıl isə onlara Altaylardan gəlirdi. Baxmayaraq ki, skiflər bir neçə əsr əvvəl Altaydan qərbə köçmüşdülər, lakin, əlaqələri saxlamışdılar.
– Bəs işquzlar kim olub?
– Assur mənbələrində Skif çarlığı Aşquz, ya İşquz adlanır. Yəhudi mənbələrində aşkenaz da adlanır. İşquzlar burada qanqlar, azlar və digər tayfalarla birgə yaşayıb. Saklar özlərinə sak demirdilər, farslar onlara sak deyirdilər. Yuxarıda qeyd etdiyimiz kimi, Firdovsinin “Şahnamə”sində onlar iki cür adlanır: “saksaran” və “qorqsaran”, yəni “itbaşlılar” və “qurdbaşlılar”. Bəziləri deyir ki, dəbilqələrinə görə belə adlanırdılar, bəziləri isə bu ifadələrin söyüş mənasında işləndiyini iddia edir. Bu tayfa özünü necə “aşquz” “işquz” kimi adlandırıbsa, Assur mənbələri də onu olduğu kimi verib. Amma irandillilər onları sak adlandırırdı, yunanlarsa skif. Həmin bu adlar kənardan verilən adlar idi.
– Necə oldu ki, skiflər tarix səhnəsindən yoxa çıxdı?
– Skiflər daim müharibə edirdilər. Amma onlar ölüb getmədilər. Saklar elə Azərbaycan türklərinin kökündə də qalıb. Məsələn, dilimizdə “sak” sözü var, deyirlər ki, “necə sakkat adamdır”, yəni möhkəm, süzündən dönməyən.
– Türkiyə türkcəsində də “sakat” sözü var.
– Türkiyədə “sakat” şikəst adama deyilir, yəni sağlamlığı (saq, sağ) az olan mənasında. Amma bizdə “sakkat” möhkəm, sərt, bərk adam, sirr verməyən insan mənasında işlədilir. Bunlar tamamilə fərqli sözlərdir. Naxçıvanda qapının cəftəsinə “isgil” deyirlər. Bu söz də skiflərdən qalıb.
Naxçıvanda tapılan qrifonlar Skif mədəniyyətinin inkişaf etdiyi dövrə – e.ə. V-IV əsrlərə aiddir. E.ə. VII-VI əsrdə o qrifonlar yox idi. O qrifonlardan biri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində saxlanır.
Bəs skiflər sonralar hara getdi. Azərbaycan türkləri həmin o saklardır, işquzlardır və VI-VII əsrlərdən sonra türk adlanıb. Işquzlar oğuz tayfalarıdır. Herodot da yazır ki, skiflərdə düşmənin başını kəsmək bir adət idi. Onlar adam öldürməyəni, baş kəsməyəni döyüşçü hesab etmirdilər, qorxaq və zəif sayırdılar. Skiflər düşmənlərinin başının dərisini soyub qurudaraq əl-üz dəsmalı kimi istifadə edirdilər. Bu adət hunlarda da var idi. Onlar düşmənin kəlləsindən piyalə düzəldib onda şərab içirdilər. Bu adətin ən axırıncı nümunəsinə Şah İsmayıl Səfəvidə rast gəlirik. O, 1510-cu ildə özbək xanı Məhəmməd Şeybaniyə (hakimiyyət illəri-1500-1510 – red.) qalib gəldikdən sonra onun kəlləsini qızıla tutdurub onda şərab içib şeir yazırdı. İsgəndər bəy Münşi (Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi, şair və xəttat – red.) bu hadisəni belə təsvir edib. Yazır ki, şah İsmayıl məğlub etdiyi Şeybani xanın vəzirini öz yanında əsir saxlayırdı. Bir gün şərab içəndə ondan soruşur ki, bilirsən bu kimin kəlləsidir? Vəzir də cavab verir ki, bilirəm, o kəllə bir vaxtlar nələrə sahib idi, indi haradadır. Beləliklə, bu qədim skif adətini ən axırıncı hifz edən xalq Azərbaycan türkləri olub.
Xəzər dənizinin cənubundan osetinlərə qədər irandilli tayfaların hansında at kultunun skiflərdə və indiki turkdilli tayfalarda olduğu kimi inkişaf etdiyini görmək olar. Amma, bizdə və Cənubda yaşayan türklərdə bu var. Qəbir abidələrimizdə, adətlərimizdə at kultu qalıb, dastanlarımızda atların xüsusi yeri var. İrandilli xalqların hansı birində ölü yerində at kəsilib? Qırğızlarda hal-hazırda da ölü öləndə at kəsirlər. Onlar qoyun, ya mal əti yeməklərinə baxmayaraq, ehsanı yalnız at ətindən verirlər. Yəni bu adətlər türk tayfalarında olub və indi də yaşayır. Amerika arxeologiyasında ən çox etnoqrafik materiallara istinad edirlər. Çünki amerika hinduları öz əcdadlarının həyat tərzini indiyə qədər qoruyub saxlayıblar. O zaman nəyə görə türklərin əcdadlardan qalma adətlərini, tarixi-etnoqrafiyanı nəzərə almırıq? Hansı irandilli xalqlarda bu adətlər qalıb? Ksenefont (e.ə. 434-359 – yunan tarixçisi, Sokratın tələbəsi – red.) “Kiropaedia”da yazır ki, yunanlara qarşı müharibədə farslar at üstündə otura bilmirdilər, yıxılırdılar, midiyalılar da bunlara baxıb gülürdülər. Farslar deyirdilər ki, gülün, biz ata minməyi hələ təzə öyrənirik. Bu hadisədən artıq 2-3 əsr sonra farsların ən güclü süvari dəstələri var idi. Amma e.ə. VI-V əsrlərdə farslar ata hələ təzə minirdilər. Ksenefont farsların içində yaşamışdı. Düzdür, onun bəzi hadisələri şişirtdiyini deyirlər, amma eşitdiklərini yazmış Herodotdan fərqli olaraq Ksenefont farsların içində olub. Bu da daxil olmaqla bir neçə səbəbdən skiflərin irandilli olması şübhəlidir.
Naxçıvanda Plovdağın yanındakı Muncuqlu təpə nekropolu e.ə. VII-VI əsrlərə skiflərə aiddir. Plovdağda yaşayan skiflər Gəmiqaya rəsmlərini də yaradıblar. Skiflər yarımköçəri yaşayırdılar, yəni yayda dağa köçür, qışda arana qayıdırdılar. Yayda bütün sürünü özləri ilə yaylağa götürürdülər, kənddə az adam qalırdı, qalanlar da əkinçiliklə məşğul olanlar idi. Və orada skiflərə aid tapılan qabların divarları yumru deyil, düz idi, yanlarında deşikləri var idi. Onların dağda gil qablar düzəltmək üçün imkanları yox idi, buna heç ehtiyac da yox idi, ona görə də qabları özləri ilə aparırdılar. Yumru qabları daşımaq çətin idi, düz divarlı qabları isə asanlıqla üst-üstə yığır, qabın ağzının kənarındakı deşiklərdən ip keçirib bağlayırdılar. Sınma ehtimalı da az idi, çünki aralarına ot yığırdılar.
Xalça naxışları etnik mənsubiyyəti bildirən ən yaxşı materialdır. Qabların üzərindəki naxışlara görə də etnik mənsubiyyəti bilmək olur. Hər xalqın özünəməxsus naxışları var. O naxışlar xalqın biologiyasıdır, düşüncəsidir. Dəfn adətlərində oxşarlıqlar ola bilər. Çünki dəfn din ilə bağlıdır. Müasir dövrdə görürük ki, qaqauzlar, çuvaşlar xristiandırlar, tatarlar müsəlmandırlar, yaxud yakutlar şamanistdirlər, amma dəfn adətləri nə qədər fərqlidir, halbuki eyni dilli xalqlardır. Din xalqın mədəniyyətini dəyişə bilir, amma naxışları yox. Naxışlarda irsilik qorunub saxlanır. Min il, iki min bundan qabaqkı naxışlar dəyişməz qalır. E.ə. V-III əsrə aid Pazırıkda 5 nömrəli kurqandan çıxan xalça ilə eramızın XII əsrinə aid Xarabagilandakı sərdabədən çıxan xalçanın naxışları kimi. Bu qədər oxşarlıq təsadüfi ola bilməz. Doğrudur İslam dininin gəlməsi ilə bağlı bir müddət adam və ya heyvan şəkilləri xalçalardan yığışdırıldı, amma bu qısa müddət davam etdi.
– İ.Dyakonov və İ.Əliyevdən sonra çoxlu sayda mənbələr aşkar olunub. Hal-hazırda skifləri öyrənmək üçün hansı mənbələri oxumaq lazımdır?
Azərbaycan alimlərindən Zaur Həsənovun “Çar skifləri”monoqrafiyası, məqalələri, Hicran Mahmudovanın bu yaxınlarda Bakı Dövlət Universitetində Altaylardan Azərbaycana gələn bütün skiflərin tarixi haqqında monoqrafiyası çıxdı, “Solmaz Qaşqayın skiflərin gəlişi barədə, onların dəqiq marşurutları barədə 3-4 məqaləsi var. Bundan başqa bir az faktlara əsaslanmayan məqalələr də var. Ümumiyyətlə, skifşünaslıqda biz geri qalırıq.
– Bəs xarici tədqiqatçılardan Azərbaycandakı skiflər barədə yazan var?
– Yelena Yefimovna Kuzmina, Mariya Nikalayevna Poqrebova, Medvedskaya İrina Nikolayevna və başqaları. Yazanlar çoxdur. Son vaxtlar antropoloji tədqiqatlar artıb. Bizdə, doğrudur, demək olar ki, antropoloji tədqiqatlar aparılmır, amma Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutu Sibirdən, Qazaxıstandan tutmuş Tatarıstana qədər geniş tədqiqat aparıbdır.
– Bizim adını çəkdiyiniz institutut və ya başqaları ilə əlaqəmiz var? Birgə qazıntılar və ya layihələr var?
– Əlaqələrimiz hələ kifayət qədər deyil. Azərbaycan ərazisində skif dövrü abidələri çox az öyrənilib.
– Amma skiflərə aid xeyli sayda abidələr var.
– Abidələr çoxdur. Amma bizimkilər əsasən skiflərin V əsrdən sonrakı mədəniyyətini öyrənirlər. Bizdə qrifonlar tapılıb, demək bizdəki skiflərin digər skiflərlə get-gəlləri, əlaqələri olub. Naxçıvanda deyirlər ki, qapının iskilini vur. “İskil” Skif çarının adı ilə bağlıdır. Skif çarı Skili (yunanca belə səslənir, türk dilində adın əvvəlində iki samit yanaşı olduqda sözün əvvəlinə uyğun sait artırılır. Məsələn: Rza – İrza sözündə olduğu kimi) qardaşı öldürüb. Çünki atası yunan qızı ilə evlənmişdi, atasının ölümündən sonra oğlu dul qalan ögey anası ilə evlənir. Çar yunan mədəniyyətinə çox meylli idi. Xəlvətcə yunanların olduğu yerə gedirdi. O şəhərə girəndən sonra arxasınca qapını bağlayırdılar. Sonra skiflərdən bir-iki nəfər bundan şübhələnir. Görürlər ki, çar içəri girən kimi qapını bağlayır, iskili vururlar, sonra çar paltarını dəyişib yunan paltarı geyinir və yunanların məbədinə ibadətə gedir. Gələn kimi qardaşı, – sən bizi, dinimizi, inamımızı satmısan, deyib onu öldürür. Mübariz Xəlilovun “Azərbaycan dilində skif sözləri” məqaləsi vardır. O, dilimizdəki “arvad” sözünün, skiflərin amazonlara verdikləri “aorpat” – “əröldürən” sözündən törəndiyini qeyd edir.
– “Arvad” sözünü deyəsən ərəblərdən götürmüşük. Hətta bu sözü işlətmək də kobud çıxır.
– “Arvad” sözü həmişə yaxşı mənada işlənmir ki, bilirsiniz ki, dilimizdə bu söz həm də söyüş mənasında işlədilir. Yunanlar da “arpad”, yəni “ər öldürən” mənasını götürüblər.
– Skiflər haqqında danışmaqla, yazmaqla qurtarmaz. Bəs bizim alimlər bu mövzuda, ən azından Azərbaycan ərazisindəki skifləri öyrənməkdə niyə fəal deyillər?
– Tarix İnstitutunda, Arxeologiya və Etnoqrafiya İnstitutunda skifşünaslıq bölməsi olmalıdır. Bizim Skif çarlığı ilə ruslar, qazaxlar, avropalılar məşğul olur, biz isə maraqlanmırıq.
Mehman İbrahimov, 1905.az