Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır.
Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.
Mənbə: X.Əsədova. “Bəhruz Kəngərli”. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013