– Artıq bir neçə ildir ki, solo ifaçı kimi çıxış etsəniz də bir çox tamaşaçılar sizi hələ də “Bəri bax” qrupunun solisti kimi xatırlayır.
– «Bəri Bax» ansamblı yarandığı və populyar olduğu dövrdə həqiqətən möhürünü qoya bildi və musiqi tariximizə Cənubi Qafqazda ilk uşaq caz ansamblı kimi yaddaşlarda qaldı. Mən də təbii ki, bu gözəl qrupun solisti olduğum üçün və artıq 21 ildir rəhbərimiz, “Qaya” Dövlət ansamblının ilk solisti, xalq artisti Rauf Babayevlə bu günədək çiyin-çiyinə çalışdığım üçün, bizi “Bəri Bax” adlandırırlar.
“Bəri Bax” 2007-ci ildən fəaliyyətini dayandırıb və rəsmən indiki “Qaya” ansamblı yaranıb. “Bəri Bax”dan isə “Qaya”ya keçən və bu günə qədər orada oxuyan yeganə solist mənəm. Bəlkə də elə haradasa mənim simamı görüb, uşaqlıqdan tanıyıb elə “Bəri Bax”ı görmək arzusu ilə elə deyirlər.
İFAÇILARA GƏLİNCƏ BİZDƏ GÜCLÜ VƏ STANDARTLARA UYĞUN OXUYANLAR VAR, SADƏCƏ ONLARA DƏSTƏK LAZIMDIR.
– Vaxtilə korifey sənətkarların ifasında dinlədiyimiz xalq və estrada mahnılarını son vaxtlar Sizin ifanızda yeni aranjımanda eşidirik. Necə oldu ki, belə bir ideya yarandı?
– Düşünürəm ki, retro mahnıları bu gün də yaşatmaq və yeni nəslə yeni, müasir ruhda tanıtmaq üçün onları yenidən işləyib ifa etmək şərtdir. Odur ki, mən də çalışıram bacardıqca belə ifalarımı artırım,amma hər mahnını da yenidən aranjeman etmişəm deyib ifa etmək də olmur. Bu məqamda çox həssas, zövqlü və ehtiyatlı olmaq lazımdır, çünki dinləyici ilk versiyanı eşitməyə alışıb və yeni variant qıcıqlandırıcı gəlməməlidir.
– Yaxın gələcəkdə Sizin ifa etdiyiniz jazz, rnb janrlarında Azərbaycan dünya çapına çıxa biləcək müğənni yetişdirə biləcəkmi? Bunun üçün nə lazımdır?
– Düşünürəm dünya çapına çıxmaq üçün ilk olaraq güclü komanda olmalıdır. Yəni xaricə, o bazarı bilib işləyən prodüser, köməkçi, səs yazısında iştirak edən insanlar. İfaçılara gəlincə bizdə güclü və standartlara uyğun oxuyanlar var, sadəcə onlara dəstək lazımdır. Lap elə mənim özümü götürək, eyni durum yaşanır.
DÜŞÜNÜRƏM Kİ, PAFOSUN ÇOX OLDUĞU MAHNILAR VAR.
– Torpaqları işğal edilən, hər an müharibəyə hazır olmalı olan bir ölkənin vətəndaşı kimi bu gün vətənpərvərlik ruhunda yazılan mahnıların keyfiyyət və kəmiyyəti sizi qane edir?
– Qarabağ müharibəsi veteranının qızı kimi uşaqlıqdan vətənpərvərlik ruhunda tərbiyə almışam və öz repertuarımda da patriotik müəllif mahnıları var. “Qaya” ansamblının ifa etdiyi bir neçə Vətəndən bəhs edən mahnılarının sözləri mənə aiddir. Düşünürəm ki, pafosun çox olduğu mahnılar var. Odur ki, belə mətnlər ruhu oxşamır, süni gəlir. Belə isə Faiq Sücəddinovun vətənpərvərlik haqda yazdığı, Mübariz Tağıyevin oxuduğu patriotik mahnılar öz möhürünü vurub. Çətin ki, o səviyyəli başqa mahnılar ola. Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısı da çox gözəldir. Yəni bu mahnılar sadə dildə yazılıb, musiqisi də melodikdir. Bir sözlə, bu günki durumumuzu nəzərə alsaq yeni-yeni vətənpərvərlik marşları, əsgərləri ruhlandıracaq mahnılara çox ehtiyacımız var.
– Yeri gəlmişkən komediya janrında yeni bir filmə də çəkilirsiniz. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, bu yaxınlarda “Məlikməmməd və Ziba” adlı kino-komediyaya dəvət aldım. Hələ yəqin dublyajında da iştirak edəcəm. Rolum fransız xanım idi. “Alma almaya bənzər” tele- layihəsində italyan əsilli fransız ifaçı İngridi canlandırmışdım. İfa da fransızca idi. Layihə ərzində ilk ifaçı idim ki, müğənni özü də şəxsən baxıb bəyəndiyini bildirirdi və bir çox yerli sayt və TV bunu işıqlandırdı. Xülasə, orada ifam zamanı fransızcamı və zahiri görkəmimi artıq bəyənmişdilər və illər sonra film çəkilişləri zamanı məhz məni xatırlayıb bu rola ən çox uyğun gələn ifaçı olduğumu bildirdilər. Ümid edirəm çəkiliş meydanında rejissor istədiyini ala bildi.
– Və son olaraq qarşıdan yeni televiziya mövsümü başlayır. Televiziya ilə bağlı hansı planlarınız var?
– Yay ərəfəsində yerli kanallarımızdan birinə yeni təklif almışdım, sadəcə tətil, yay və efirin yeni mövsümə hazırlıq işləri ilə əlaqədar veriliş hələlik təxirə salınıb. Bilirsiniz ki, 2 il KATV Chatbox kanalında Vj star adı ilə fəaliyyət göstərmişəm, musiqili proqramların, həmçinin “Psixoloq” verilişinin aparıcısı olmuşam. Efirlə bağlı xüsusi bir planım yoxdur hələlik. Çünki əsas iş yerim “Qaya” Dövlət ansamblıdır. Təklifləri isə vaxt uyğun gələrsə dəyərləndirməyə hər zaman hazıram.
Dadaş Musayev, 1905.az